Beş aldın, yoxsa dörd?

   Məktəbə gedən uşağımızın həyatı bizim gözümüzlə başqa cür görünür, uşağımızın gözü ilə başqa. Biz: " Artıq böyüdü, mütləq yaxşı oxumalıdır " deyir, bunun üçün əlimizdən gələni edirik. Öz aləmimizdə fədakarlıq edir, yeməyib yedirir, içməyib içiririk. Yeganə istəyimiz isə övladımızın bu fədakarlıqların qiymətini bilməsi və canını dişinə tutaraq oxumasıdır. Ancaq nə fayda! Oğlumuz dəcəl, qızımız tənbəl... Beş gözlədiyimiz dərsdən dörd alırlar və üstəlik bunu heç özlərinə dərd də etmirlər! Biz yenidən " dövrəyə qoşulur ", xüsusi müəllimlər tutaraq övladımızın " bizə yaraşan " qiymətlər alması üçün qollarımızı çırmalayırıq.

   Dərslərinin yaxşı getdiyi dövrlər bizim ən xoşbəxt vaxtlarımızdır. Tez-tez gəzməyə gedir, orda-burda məktəbdən söz açaraq uşaqlarımızın uğurları ilə sevinirik. Deyəsən əsas istəyimiz də çox vaxt budur. Uşağın uğurlarını göstərərək, öz " gücümüzü " nümayiş etdirmək...

   Əslində bütün bunlar nə qədər də komikdir. Çünki uşağımız məktəbə bizim gözümüzlə baxmır. Məktəb onun üçün yeni-yeni dostlar qazandığı, öz yaşıdları ilə oynayıb güldüyü, sevimli müəlliminin dilindən tökülən hikmət damlaları ilə ruhunu və qəlbini doyurduğu, yeni biliklər öyrənib gözəl vərdişlər əldə etdiyi başqa bir dünyadır.

   Və məktəb də belə olmalıdır. Qiymət isə məqsəd deyil, sadəcə olaraq müvəffəqiyyətə aparan bir vasitədir. Uşağımız da dördlə beş arasındakı fərqi bizim ona münasibətimizə görə öyrənir. Bəs necə! Məktəbdən gələr-gəlməz " bu gün necə keçdi, yeni nə öyrəndin?" deyə soruşmamış ilk sualımız " bu gün neçə aldın?" olur. Uşaq " dörd " desə, vay halına! " Beş " desə, rahat oluruq. Uşaq da yavaş-yavaş bir şey öyrənmək əvəzinə, bütün gücünü beş almağa sərf edir. Buna görə də " şparqalkadan " istifadə etmək, yoldaşlarından köçürmək kimi saxtakarlıqlara belə əl atır. Çünki biz onu ancaq yaxşı qiymət alanda qəbul edir, sevgi göstəririk. Suallarımız davam edir:

   - Sən dörd aldın, bəs filan uşaq neçə aldı?

   Əgər o uşaq beş alıbsa, başlayırıq danlamağa...

   - Utanmırsan! O, beş alır, sən niyə dörd alırsan? Sənin nəyin əskikdir?

   Və beləcə, uşağımız həsəd hissini dadır. Onu təşviq etmək əvəzinə həsədə öyrədirik, necə deyərlər, qaş düzəldən yerdə göz çıxarırıq...

   Bundan sonra dörd almağına yox, yoldaşının beş almağına kədərlənir. Sevinəndə də yoldaşından yüksək qiymət almağına sevinir. Nə acıdır, deyilmi? Halbuki həsəd bir ürək xəstəliyidir və müalicəsi üçün uzun illər lazımdır. Ən pisi isə, onu bu vəziyyətə biz gətiririk.

   Gəlin, övladımızı yoldaşları ilə, qardaşları ilə, ya da öz məktəb illərimizlə müqayisə edərək narahat olmayaq. Onu ruhlandırmaq istəyiriksə, sevdiyi, maraq duyduğu dərsləri müəyyən edərək o sahədə dəstəkləyək. Bilin ki, bütün dərslərini yaxşı oxumasa da, maraq duyduğu sahələrdə mütləq uğur qazanacaq. Bir də uşağınız xarici görünüşü ilə başqa uşaqlardan fərqləndiyi kimi qabiliyyətləri, maraq dairəsi, sevdiyi dərslərlə də fərqlənməlidir. Elə isə, qiymətlərinin də fərqli olması kifayət qədər normal deyilmi?

   Əgər müəllimi ilə tez-tez əlaqə saxlayırıqsa, siniflərində hər hansı bir problemi yoxdursa və ya imtahanlardan çox da aşağı qiymətlər almırsa, dördlə beşin davasını aparmamalıyıq.

   Qoy uşağınız öz uğurunu özü müəyyən etsin! İnanın, bu, saatlarla davam edən nitqlərimizdən daha təsirli olar...

0 şərh