Böyüklərə şanlı məktub

Bir jurnalda oxuduğum, olduqca maraqlı və üslubca fərqli bir yazını sizinlə bölüşmək istəyirəm... 
“Salam!.. Mən bu salamı sizinlə ürəkdən bölüşmək, əvəzində isə sizdən səmimi bir salam almaq istəyirəm. Amma nədənsə get-gedə bu da unudulur və mən ən çox “qonaqlarımızdan” bu sözləri eşidirəm: “Qardaş gəlir, sən gözdən düşdün”. Dünən bunu ən azı 10 nəfərdən eşitdim. Atam-anam da görürlər ki, mən bu sözlərdən pis oluram. Və başlayırlar mənə təsəlli verməyə: “Qızım, narahat olma, zarafat edirlər. Heç biz səni unudarıq?” Sonra da ayaqlarımı qıdıqlayır, yanaqlarımdan öpməyə başlayırlar. Və yavaşca qulağıma pıçıldayırlar: “Səni çox sevirik, bunu yaddan çıxartma”.
Yox, yox, yaddan çıxartmıram. Əlbəttə, bilirəm atamın, anamın məni nə qədər çox sevdiyini...  Qardaşım gələndə məni yenə sevəcəklərini də bilirəm. Amma yenə də bəzən narahat oluram, bəzən də kədərlənirəm. Çünki hələ bu sözləri həzm etməmiş təzələrini eşidirəm: “Bax, indi mənə üz vermirsən, amma qardaşın gələndə səni yaddan çıxaracaqlar. Onda çox yalvararsan. Hə, indi gəl öp görüm xalanı”… Nə isə!..  

Nəhayət qardaşım gəldi. Elə şirindir ki, al yanaqları, balaca, yumru əlləri. Anamgil deyir ki, mənim uşaqlığıma çox oxşayır. Mən də maraqla tamaşa edirəm ona. Bununla öz uşaqlığıma qayıtmaq istəyirəm. Sonra xəyallar qururam. O böyüyəndə nələr-nələr oynayarıq. Birlikdə parka gedərik, dondurma yeyərik, kitab oxuyarıq. Ehhh, daha nələr-nələr!..  Bunları düşündükcə özümü xoşbəxt hiss edirəm və qardaşımla oynamaq üçün darıxmağa başlayıram. Amma evə gəlib-gedən qonaqlar başqa sözlər deyirlər: “Gör necə qardaşını qısqanır? Gör necə gözünü zilləyib baxır”. “Amandır, tək qoymayın ha. Paxıllıqdan çimdikləyər, ya da, Allah qorusun, başqa bir şey edər”. “Yox, yox, qardaşını heç istəmir bu. Gör necə qəmgin-qəmgin baxır”. Bu sözlərdən sonra mən nə edəcəyimi bilmirəm. İki yolum var: 1. Qardaşıma baxmağa davam etmək (bu halda “paxıllığını gizlətmək üçün belə edir” deyirlər, yaxud daha betəri, ona zərər verəcəyimi düşünürlər). 2. Qardaşıma heç fikir verməmək (bu səfər də deyirlər ki, buna bax, paxıllıqdan qardaşı ilə heç maraqlanmır. Yox e, bu uşaq qardaşını istəmədi ki, istəmədi). Yəni nə edirəmsə, “paxıl”, “qısqanc” ünvanlarından xilas ola bilmirəm. Bunu o qədər çox deyirlər ki, özüm də təəccüblənirəm.Yoxsa, doğrudan da mən paxılam. Yoxsa, doğrudan da, mən qısqancam.

Belə düşünəndə də paxıllıq, ya da qısqanclıq etməyə başlayıram. Sonra da məyus olur, bir kənara çəkilirəm. Onda da başqa bir şey deyirlər: “Hə, necədir? Sən olanda da bacın belə idi”. İndi mən nə deyim? Otağıma keçdim. İçəridən qəhqəhə səsləri gəldi. Sonra da bir-birilərinə təzə uşaq doğulanda böyüklərin necə paxıllıq etdiklərini danışmağa başladılar… Onlara qulaq asdıqca fikirləşdim ki, görəsən, mən anadan olanda bacım mənə paxıllıq edib? Sonra özümü günahkar hiss etməyə başladım. Gedib bacımı öpdüm. Ondan soruşdum ki, mən olduğuma görə sevinir, ya yox? Bacım məni qucağına alıb, qıdıqlamağa başladı: “Sən olmasaydın, kimi qıdıqlayardım mən?” Dediyinə görə, əvvəlcə, bir az qısqanıb məni, amma sonra qardaşı olduğu üçün çox xoşbəxt olub.

   “Bilirsən?” — dedim, — “Deyəsən, mən də bir az qısqandım qardaşımızı. Amma o gəldiyi üçün çox xoşbəxtəm”. Sonra gedib qardaşımı öpdüm, öpdüm, qoxuladım. Bundan sonra heç kimin sözünə fikir verməyəcəyəm. Yenə də, əziz böyüklərim, sizə demək istəyirəm ki, nə olar, bizi o saat “paxıl”, “qısqanc” deyə damğalamayın. Bu sözlər bizi yaralayır və qardaş-bacıların arasını pozur. Məsələn, mən anadan olarkən bacımın məni qısqandığını eşidəndə özümü heç də yaxşı hiss etməmişdim. Mən də qardaşımı bir az qısqana bilərəm. Amma bu, müvəqqətidir. Çünki onu da, bacımı da çox sevirəm. Elə bilməyin ki, sizi sevmirəm. Sözümdən inciməyin. Sadəcə olaraq, demək istəyirəm ki, bir-birimizi incitməyək, sülh içində yaşayaq...

Qardaş-bacıları ilə oynamağı çox sevən ortancıl uşaq.

Mənbə: zaman.az
 

1 şərh

Nur2020
:) gözəl məqalədir