Adınız sizə nə deyir?

“Adını mən qoydum, yaşını Allah versin”. Yəqin ki, bu ifadəni eşitməyən az adam tapılar. “Dədə Qorqud” dastanından sitat gətirməkdə məqsədimiz var. Deyirlər, körpəyə qoyulan ad gələcəkdə onun xarakterinin, hətta taleyinin formalaşmasına təsir edir. Məlumdur ki, insan doğulandan sonra, hətta hələ ana bətnində ikən onun valideynləri və yaxınları arasında gələcək körpənin adı ətrafında mübahisələr başlayır. Qız olsa,… oğlan olsa… Nəhayət, “Adı ilə böyüsün” deyibən, doğulan körpəni öz adı ilə çağırırlar.
Azərbaycanda baba və nənənin adını yaşatmaq məqsədi ilə uşağa təkrar adın qoyulması ənənəsi də var. Eyni zamanda adın mənasına diqqət yetirib bunun üçün kitablara müraciət edən ailələrlə yanaşı, kor-koranə ad seçənlər az deyil. O üzdən öz adının mənasını bilməyən insanlar kifayət qədərdir.
Adətən ad insanın “ilk sənədi” adlandırılır. İnsanları bu barədə maraqlandıran suallar və məsələlər olsa da, elm çoxdan bu sahəni öz nəzarətinə götürüb. Təkcə XX əsrdə elm  nəhayət ki, adlara diqqət yetirməyə başladı. Yunan dilinə tərcümədə ad “onoma” kimi tərcümə olunur, buna görə bütün dünyada adlar haqqında elm onomastika adlanır. Bu sahə ilə məşğul olan mütəxəssisləri adlarla bağlı hər şey maraqlandırır: onların mənşəyi, dünyada məşhurlaşması, dinlə bağlı olub-olmaması və s. Hazırda onomastika elmi bu mövzuda sualları adların insanın psixikası və psixologiyasına, temperamenti və xarakterinə təsiri, həmçinin bu və ya digər ada onun beyninin reaksiyası ətrafında qoyur.
Lakin nə qədər təəccüblü olsa da, insanlar adlara az diqqət yetirirlər. Onlar adın mənşəyi bir tərəfə, heç mənası üzərində belə düşünmürlər. Tarixdə belə faktlar az deyil. Məsələn, Leninin arvadı N.K. Krupskaya həyat yoldaşı B. Ulyanovanın  niyə “Lenin” təxəllüsü götürdüyünü bilmirmiş. İndi nəinki yaxınları, hətta İosif Djuqaşvilinin uşaqları belə bilmir ki, nə üçün o, Stalin adını seçib. Alman mütəxəssisləri isə Adolf Şiklqruberin niyə Hitler adını götürməsi ilə bağlı bir neçə versiya irəli sürürlər.

Adların gizli, hələ tədqiq olunmamış fəaliyyətlə bağlı olması mistika deyil, reallıqdır. Araşdırmalar göstərir ki, insan yuxuda öz adını eşidəndə onun beynində dalğalar başqa zaman tələffüz edilməyə nisbətən iki dəfə sürətlənir. Müxtəlif adlar tamamilə müxtəlif anlayışlarla bağlı ola bilər. Amerikada zaman-zaman mütəxəssislər onomastik sorğular keçirirlər. Tapşırıq bu olub: respondentlərin beynində bu və ya digər ad necə assosiasiya edilir? Nəticələr göstərib ki, bəzi qadın adları “köklük”, bəziləri “cəlbedici” anlayış təəssüratı yaradır.

Amerikalı həkimlər və psixiatrlar isə iddia edirlər ki, insanın adı onun xarakterinə, hətta onun fiziki və psixi sağlamlığına təsir edən amillər sırasındadır. Belə ki, tədqiqatlar ABŞ-da  aşkar ediblər ki, bəzi kişi adları onların sırf humanitar sahə ilə məşğul olanlar, Rokki, Çak kimi adlar isə əsasən boksçu və futbolçular arasında yayılıb. Hətta kişilər arasında sorğuda daha zərif qadın adının Nyu-York və digər şəhərdə eyni olmadığı aşkarlanıb. Kaliforniya və Corciya ştatında məktəbdə ən aşağı qiymətlər alan insanların adlarının onlara təsiri ilə bağlı araşdırmalar doğru çıxıb
Azərbaycana gəlincə, daha çox bizim bölgələrimizdə qəribə adlarla qarşılaşmaq mümkündür. Məsələn, sovet-kommunist rejimi dövründə insanlar uşaqlarına “Kommunist”, “Konfrans”, “Komsomol”, “İttifaq”, “Kombayn” kimi adları qoyduqları çoxlarına məlumdur. Əlavə edək ki, ad həm də yaşadığın cəmiyyətin göstəricisidir. Bu gün bizdə Cek kimi adların qoyulmasına rast gəlmək çətindir, bəlkə də heç mümkün deyil.
Müxtəlif dillərdə adlar müxtəlif cür yazıla bilər. İnsan adları tərcümə olunmasa da, belə faktlara rast gəlinir. Məsələn, Azərbaycan türkcəsində İsgəndər adı müxtəlif dillərdə Aleksandr kimi səslənir.

Müəllif: Nailə RÖVŞƏNQIZI
Mənbə: Yeni Müsavat qəzeti
 
Maraqlı oğlan adlarına da diqqət edin.

2 şərh

doYwanka
“Kommunist”, “Konfrans”, “Komsomol”, “İttifaq”, “Kombayn” bu ne adlardi axi camaat evvel qoyurdu ???))
uwaqa ele ad qoymaq lazimdiki boyuyende adindan utanmasin. menim adim qeyri adidi ve coox beyenirem. ama menasini bilmirem.
adin cox boyuk onemi var heyatda.
Medikamentoz
Deyir ki,yaşa var ol!