Turgenev,Tolstoy,Dostoyevski

Rus romantizminin üç nəhəngi 
rus klassikləri Turgenevdə bir rəssam məharəti var. Onun yaradıcılığının qüdrəti, eyni zamanda, müəyyən qədər birtərəfəliliyi də bundan irəli gəlir. Gözəllikdən zövq almaq onu həyatla çox asanlıqla barışdırır. Turgenev, təbiəti insan ruhundan daha dərin və nüfuzedici nəzərlərlə müşahidə edir. O, Lev Tolstoy və Dostoyevski kimi psixoloq deyil. Amma o, insanın da kiçik bir zərrəsi olduğu bu dünyanı dərindən anlayır! Onun üslubu saf, səlis, yazı dili ahəngdar və musiqilidir! Bu həlim poeziya ilə uzun müddət təmasda olanda adama elə gəlir ki, həyat yalnız onun gözəlliklərindən zövq
almaq üçündür.

Dostoyevski bizə daha yaxın, daha doğmadır. O bizim aramızda - bu qüssəli, soyuq şimal şəhərində yaşayıb. Həyatın keşməkeşlərindən və həllolunmaz müşküllərindən, bizim də çəkdiyimiz əziyyətlərdən, əsrin bəlalarından çəkinməyib. Dostoyevski bizi, Turgenevə xas poetik ülviliklə, yaxud Lev Tolstoy tək ruhani təkəbbürü ilə yox, sadəcə, dost, tay-tuş kimi sevir. O, bütün düşüncələri və sarsıntıları ilə birgə bizimkidir. Bizimlə eyni qabdan su içsə də, lap bəlkə zəhərlənsə də, o, nəhəng və qüdrətlidir. Tolstoy "xəbis" ziyalı mühitinə həddindən artıq nifrət bəsləyir, günahkar insanların zəiflikləri onu iyrəndirir. Dostoyevski isə bəzi hallarda bizə birgə yaşadığımız, sevdiyimiz, doğma və dost saydığımız adamlardan daha yaxın olur. O, ağrını, xəstəliyi bizimlə paylaşır, təkcə xeyirdə yox, şər işdə də yanımızda dayanır. İnsanları da ki, öz zəiflikləri qədər heç nə birləşdirə bilməz. Dostoyevski ən məhrəm düşüncələrimizdən, qəlbimizin ən gizlin istəklərindən xəbərdardır. Dostoyevskini oxuyarkən onun "çoxbilmişliyi", özgənin qəlbinə nüfuzetmə bacarığı adamı hər an təəccübləndirir. Onda elə mübhəm düşüncələrə rast gəlirsən ki, həmin fikirləri nəinki ən yaxın dostuna, heç özün də özünə açıb deməzsən. Ürəyimizdəkiləri "oxuyan" belə bir insan, hər halda, yenə də bizi bağışlayır, "xeyirə üz tutun, Allaha, özünüzə inanın" - deyir. Bu isə gözəllik önündə yaranan heyranlıqdan, yabançı bir ruhaninin moizəsindən daha möhtəşəm və təsirlidir.
Lev Tolstoy, bütünlüklə, möhtəşəm, ölçüyəgəlməz fitri qüdrətdir. Burada ahəngdarlıq bəlkə bir qədər pozulur: səssizcə seyr edilən zövq mənbəyi əvəzinə, burada - bütün əzəməti, ilkin dolğunluğu, bir qədər qaba, ancaq möhtəşəm saflığı ilə bərabər, həyatın özü verilir. Bu iki yazıçı - Turgenev və Tolstoy həyata kənardan baxır. Biri səssizcə, rəssam baxışı ilə, digəri isə mənəviyyat zirvəsindən həyata nəzər salır. 

Dostoyevskidə tam ahəngdarlıq, antik dövrə məxsus ölçü mütənasibliyi, "Atalar və oğullar"ın müəllifində bolluca gözə dəyən "puşkinsayağı gözəllik" nişanələri yoxdur. Onda təbiətlə sıx bağlılıq, Tolstoyda aşkar görünən təbii qüdrət də diqqəti çəkmir. O - elə indicə həyatın içindən çıxmış, bu saatca əzablardan keçərək, göz yaşları axıtmış İnsandır. Onun gözlərinin yaşı hələ qurumayıb, əlləri hələ də həyəcandan titrəyir. Dostoyevskinin əsərlərini oxumaq düzgün deyil, onları yaşamaq, içərisindəki əzabları bölüşmək gərəkdir. Yalnız bundan sonra onlar yaddaşda əbədi yer tutar. 


Dostoyevskinin bədii üsulları: İncə psixoloji keçidlər

Oxucunu əsərindəki hadisələrə cəlb etmək üçün Dostoyevski özünəməxsus bədii üsullara əl atır. O, qəhrəmanlarının əhval-ruhiyyəsində çox incə, az qala hissolunmaz psixoloji keçidlər yaradır. Məsələn, Raskolnikov cinayət törədəndən azacıq sonra, hələ heç kəs ondan şübhələnməmiş, polis məntəqəsinə gedir, sahə nəzarətçilərilə üz-üzə dayanır. Burada müəllif qəhrəmanının yaşadığı ruhi halları ardıcıllıqla sıralayır. Raskolnikov polis məntəqəsinə daxil olarkən əvvəlcə onu dəhşət bürüyür. Fikirləşir ki, yəqin, əməlinin üstü artıq açılıb, ondan şübhələnirlər. Biləndə ki, şübhə hədəfi deyil, ondakı əsəbi gərginliyini sevinc əvəzləyir, bir yüngüllük hiss edir. Elə buradaca onun sadəlövhlüyü ortaya çıxır, ürəyindəkiləri kiminləsə bölüşmək, hətta açıb sahə nəzarətçilərinə danışmaq istəyir. Bu coşqunluq da uzun çəkmir, Raskolnikov özünün adi ovqatına qayıdaraq, qatı qüssəyə qərq olur, onda yenidən əsəbilik və təlaş baş qaldırır. O, bir az əvvəlki hissiyyatını rəzil bir duyğu kimi xatırlayır. Bayaqkının əksinə, indi Raskolnikova elə gəlir ki, əgər otaqda nəzarətçilər yox, lap ən yaxın dostları da olsalar, qəlbindəki boşluğun ucbatından, onlara adam bilində bircə söz də tapıb deyə bilməz. Raskolnikov hiss edir, anlayır ki, daha bundan sonra heç vaxt heç kəslə səmimi ola bilməyəcək. Çünki indi o - cinayətkardır. Bu an "əzablı, sonsuz tənhalığın və özgələşmənin tutqun təəssüratı onun ruhuna hakim kəsilir". Kimliyindən asılı olmayaraq, istənilən oxucu bu saysız ruhi məqamlardan hansısa birini reallıqda yaşayıbsa, dərhal öz şəxsi həyatının məlum anlarına qayıdacaq, onları təkrar yaşayacaq. Müəllifə də elə bu lazımdır. Sonrakı məqamlar artıq yazıçının təxəyyülünün məhsulu yox, oxucunun öz yaşantılarınının ifadəsi olacaq. Çünki arada qırılmaz bağlılıq, psixoloji vəhdət yaranıb.
Dostoyevski oxucunun ürəyini ələ alır və qəhrəmanın əhval-ruhiyyəsinin ən dərin qatlarına enməyincə, onun hisslərini gerçək həyata bağlamayınca əl çəkmir. Tədricən oxucunun şəxsiyyəti qəhrəmanın obrazı ilə birləşir, təfəkkürü onun düşüncə tərzinə doğru meyllənir, istəkləri eyniləşir. Dostoyevskinin əsərini oxuyan zaman əsas obrazların taleyindən kənar yaşantılara qapılmaq müşkülə çevrilir. Elə bil ki, təxəyyüllə gerçəkliyi ayıran sərhəd ortadan götürülür. Bu, sadəcə, qəhrəmanın halına acımaq deyil, onunla birləşmək, bütövləşməkdir. Porfiri qatillə salamlaşarkən əl uzatmağa tərəddüd edəndə adamın müstəntiqə acığı tutur, şübhələnməyinin müqabilində sanki ona qarşı şəxsi ədavət hissi ortaya çıxır. Yaxud Raskolnikov, əlində qana bulaşmış balta, pilləkənlərlə yüyürüb, rəngsazların işlədiyi mənzildə gizlənəndə keçirdiyi bütün müdhiş hissləri biz də yaşayırıq. Onun xilas olmasını, haqlı cəzadan tezliklə qaçıb qurtulmasını, Koxun və yoldaşlarının Raskolnikovu görməməsini, cinayətin üstünün açılmamasını ağrılı bir duyğu ilə arzulayırıq. Oxucu bu məqamda qəhrəmanla birlikdə, cinayətkar məzmun daşıyan bir psixoloji təcrübə keçir və kitabı kənara qoyandan sonra həmin qorxulu təəssüratdan uzun müddət ayrıla bilmir. Harmoniyadan, gözəllik və poeziyadan alınan zövq keçib gedəndir, bunların təsirinin tədricən yaddaşdan silinməsi mümkündür. Amma ruhun keçdiyi cinayətkar mahiyyətli təcrübəni ömür boyu unutmaq olmaz. Dostoyevski ürəklərdə əzab və sarsıntı kimi silinməz izlər qoyur. 
Dostoyevskinin digər bir bədii üsulu məfhumları qarşılaşdırmaq, təsirli və müdhiş, mistik və real anlayışların sərt təzadlarını ortaya qoymaqdır. 

Marmeladov ölümqabağı, artıq yarımcan bir haldaykən miskin görünüşlü övladlarını gözdən keçirir. Nəzərlərini balaca Lidanın - təəccüb və uşaqlara xas inadkarlıq yağan gözlərini atasına zilləmiş sevimli qızcığazının üzərində saxlayır: "A...a...- o, təlaş içində kəkələyib, qızcığaza işarə elədi. Nəsə demək istəyirdi. - Hə, nədir, nə deyirsən? - Katerina İvanovna çımxırdı. 
- Ayağıyalın qalıb o... ayaqları yalındır! - ata ifadəsiz, key nəzərlərini qızcığazın ayaqlarına dikib, zarıdı. Saç-saqqalı çallaşmış keşiş, hər nə lazımdısa, gətirib gəldi. Hamı kənara durdu. Tövbə ayini çox çəkmədi". Katerina İvanovna ilə uşaqlar diz çöküb dua edirlər. Elə bu dəm adamların arasından, səssiz və ürkək hərəkətlə keçərək, bir qız qabağa çıxır. Onun səfalət, ölüm və dəhşət yağan bu otaqda qəfil peyda olması qəribə təsir bağışlayır. Qızın paltarı üç qəpiyə dəyməz. Üst-başına küçə həyatından xəbər verən bəzək-düzək taxıb. "Marmeladovun qızı Sonya əyninə ipək parçadan tikilmiş, biabırçı təəssürat oyadan, ətəyi uzun, əcaib görünüşlü paltar, ayağına işıldayan çəkmələr geyib, başına gülünc formalı, parıltılı lələk taxılmış həsir şlyapa qoyub". Bu təsvirlərdən dərhal sonra yazıçı ölüm yatağındakı adamdan, tövbə ayinindən söz açır.

Real və Mistik məvhumların qarşılaşdırılması

Dostoyevskinin romanlarında real və mistik məfhumların qarşılaşdırılması da eyni dərəcədə adi, sadə xarakterlidir. Sennaya ətrafındakı dar döngələr, tozlu və üfunət qoxuyan Peterburq, polis məntəqəsi və sahə nəzarətçiləri, yoxsulluq, əxlaqsızlıq, böyük şəhərin hər gün qarşılaşdığımız bozumtul və ürəkbulandıran mənzərəsi... Bütün bunlar qəflətən, yuxuyabənzər bir tərzdə kabusa, qarabasmaya çevrilir. Müəllif həyatın dərinliklərində sirli, qaranlıq və nəhs hər nə varsa, onları qabardıb üzə çıxarır. O, baş verənləri, xırda təsadüflərin üst-üstə düşməsini qəsdən faciəvi, nəhs amillərin təsirinə salır. 
Raskolnikov cinayət törətməyi qərarlaşdırmazdan əvvəl kafedə bilyard oynayan, tanımadığı iki nəfərin bir sələmçi qarı barədə - onun gələcək qurbanı haqda söhbətini eşidir. Qətlin planı, bütün mənəvi motivləri, tam təfərrüatına qədər, ona sanki taleyin özü tərəfindən çatdırılır. Baxırsan, əhəmiyyətsiz fakt kimi görünür, amma bu, Raskolnikovun qərarının qətiləşməsində mühüm rol oynayır. Bu - nəhs bir təsadüfdür. Təxminən həmin vaxtlarda yorğun-arğın halda xeyli müddət boş-boşuna gəzişərək Sennaya tərəfə gedib çıxan Raskolnikov orada bir meşşanın həmin qarıyla birgə yaşayan Lizaveta ilə söhbətini dinləyir. Meşşan hansısa işlə bağlı görüş təyin edir: "Sabah saat yeddidə..." Aha, deməli, qarı evdə tək qalacaq. Raskolnikov bütün varlığı ilə hiss edir ki, "artıq ağlına, iradəsinə hakim deyil" və qətl törətmək qərarı qətidir. Yenə də nəhs təsadüf! Öz mənzilində son hazırlıqları görən Raskolnikov baltanı paltosunun içərisinə tikilmiş ilgəyə keçirir. Elə bu dəmdə: "Küçədə kimsə qışqırdı: - Saat çoxdan yeddi olub!.. "Aman Allah! Çoxdan..." - Raskolnikov bu düşüncəylə küçəyə atılır. Müəllif açıq şəkildə qeyd edir: "Raskolnikov axır vaxtlar hər şeyə xüsusi məna verirdi. O, sonralar həmişə bu əhvalatda nəsə bir qəribəlik, sirlilik görür, hansısa təsadüflərin, kənar amillərin izlərini axtarırdı". Nəhs təsadüflər onu cinayətə sürükləyir, elə bil paltarının bir ucu maşının təkərinə ilişdiyindən, onu özüylə dartıb aparır...
 

1 şərh

Angelie
Dostoyevskinin iki əsərini oxumuşam — "İdiot" və «Alçaldılmış və təhqir olunuşlar»...bəlkə də daha gənc dövrlərimdə olduğu üçün İdiotu dərk edə bilməmişdim...amma əmin olduğum bir şey var əsərin qəhrəmanı həqiqətən də idiotdu(...O biri kitab isə daha maraqlı gəlmişdi