Ölümdən əvvəl "qeyb" olan...

Əsərləri dünyanın bir çox dillərinə tərcümə olunan bu şöhrətli adam bəlkə də yeganə yazıçı idi ki, heç vaxt kimsə qəbrinə, yaxud son nəfəsini verdiyi məkana gəlib onu ziyarət etməyib. Yəni yerini bilən olmayıb...
Babək Yusifoğlu


ÖLÜMDƏN ƏVVƏL «QEYB» OLAN...
Bir çoxları belə düşünür ki, insanın peşəsi, məşğul olduğu iş, yaxud onu əhatə edən mühit, hətta qarşısına çıxan şans… şəxsin həyatdakı məramını müəyyənləşdirir.
Yəni fərdlərin amalının formalaşmasında əsas rol oynayır.
Əlbəttə, bu iddia bir sıra amillərə görə doğru görünsə də, insanların formalaşmasında müəyyən rol oynasa da, əslində həqiqət bir qədər fərqlidir.

Məncə, xarakterlər, tale, mühit, eləcə də fərdlərin həyat amalları… barəsində hər hansı bir fikri ehkam olaraq qəbul etmək doğru deyil. Sadaladığım nədənlərin yalnız müəyyən rolu ola bilər... 
Dünyada saysız faktlar mövcuddur ki, bir çox insanlar öz peşələrindən, olduqları mühitdən, daimi məşğuliyyətlərindən fərqli sahələrdə özlərinin əsl mənini tapmış, həyat amalları tamamilə başqa məqamlarda təzahür etmişdir.
Bir hərbçinin və ya bir cərrahın musiqi bəstələməsi, musiqi ilə nəfəs alması, məmurun səyyaha, hansı sahədəsə elm adamına çevrilməsi, romantik yaradıcı bir insanın qatil cildinə girməsi, ömrünün böyük qismini həbslərdə keçirən insanın xeyirxahlıq rəmzinə dönməsi, hər gününü Tanrıya ibadətdə keçirən keşişin təcavüzkar olması… möcüzə deyil axı...  
  
Əslində onun da həyata necə başladığını, məşğul olduğu işləri, maraqlarını görənlərin heç biri deyə bilməzdi ki, bir gün o qələmə sarılacaq çoxlarının sevimli yazıçısı olacaq.

Bəli, Ambros Birs həyatında ən müxtəlif işlərlə məşğul olmuşdu, ən fərqli sahələrdə illərini sərf etmişdi. Hətta hərbçi olmağı seçmişdi. Amma sən demə o, yazıçılıq üçün doğulubmuş… Hətta ölümü belə...  
  
Gəlin tələsməyək, bu maraqlı, hər kəsdən fərqli, çox istedadlı insanın kim olduğunu, necə həyat sürdüyünü öyrənək...
  
*** 

«1872-ci ilin iyununda sübh çağı mən öz atamı öldürdüm. Həmin vaxt bu hərəkətim məndə çox böyük təəssürat yaratdı».
 
Necə yəni öz atamı öldürdüm?.. İnsan da atasını öldürərmi?..
  
Amerika ədəbiyyatından məlumatı olan hər kəs belə qeyri-adi başlanğıcdanca təyin edə bilər ki, Ambroz Birsin hansısa əsərini oxumağa başlayır.
  
O, həqiqətən də fərqli düşünən, həyata, eləcə də yaradıcılığa fərqli ampluadan baxa bilən yazıçı idi. Amma onun haqqında fərqli düşənənlər də vardı.

Bəzi yazıçılar Birsə qısqanclıqla yanaşaraq onu «eynirəngli» yazıçı adlandırırdılar.

Əslində isə yazıçı Ambroz orijinal yazı üslubuna malik sənətkarlardan idi.

Nüfuzlu tənqidçilərdən biri belə yazmışdı: «Onun bütün əsərlərini oxuyun. Sizə elə gələcək ki, yalnız bir roman oxumusunuz. Amma bunlar yeknəsəqlik deyil. Sadəcə o, dəyişməz və eyni zamanda da çox cəzbedicidir».

Həqiqətən də Birsin əsərləri eyni dərəcədə maraqlıdır.
  
Bəlkə də bu marağın qaynağı elə onun xarakterindəki bənzərsizlikdəydi? Axı, taleyindəki ən dramatik anlarda belə o, yalnız özünəməxsus addımlar atmağı sevər,  

Ambrose Bierce

​​kənardan diqtələri eşitməzdi...

  
  

HƏYATI BELƏ BAŞLADI


  
  
Ambroz Qvinnett Birs 1842-ci il, 24 iyunda Birləşmiş Ştatların Ohayo ştatının kiçik bir yaşayış məntəqəsində, sonradan kasıblamış bir fermerin ailəsində dünyaya gəldi.

Əslində, bu körpənin gəlişi ailəsinə heç də övlad sevinci gətirmədi.

Bəlkə də bu, dolanışıqları son dərəcə çətin olan bir ailədə Ambrozun onuncu uşaq kimi dünyaya gəlməsi ilə bağlı idi...

Amma qeyd etmək məncə yerinə düşər ki, onlar Amerikaya köç edən Birslərin altıncı nəsli idilər. Və bu ailəni fanatik dərəcədə dindar hesab etmək olardı.

Lakin qəribəydi, valideynlər inanırdılar ki, insanlar yalnız əzab-əziyyət çəkmək üçün dünyaya göz açırlar.
  
Əslində, Ambrozun atası savadsız adam deyildi. Oxumaq həvəskarı olan ailə başçısı kitabların qədrini də bilərdi.

Bioqraflar qeyd edir ki, yumor hissinə malik ata Birsin hətta böyük olmayan bir kitabxanası da vardı.

Maraqlı məqamlardan biri də bu idi ki, o, övladlarının hamısına «A» hərfi ilə başlayan adlar seçib qoymuşdu. Abiqayl, Adisson, Aurelin… və sonbeşik Ambroz. Bir sıra mənbələrdə isə ailədə 10 deyil, 13 uşağın olduğu göstərilir.
     
Ailənin tez-tez yaşayış yerini dəyişdiyi bildirilir. Və məlum olduğu kimi belə yerdəyişmələr heç də xoşbəxtlikdən doğan səyahətlər deyildi.

Bu köchaköçlər — «bəlkə qonşu kənddə, yaxud digər ştatda çörək, mənzil, bir az ucuzdu, yaşamaq daha asandı» — ehtimalları ilə baş verirdi.   
  
Təbii, valideynlərə bu böyük ailəni dolandırmaq çox çətin idi. Onlar gecə-gündüz çalışır, hansısa möcüzənin baş verəcəyinə ümid edə-edə günlərini yola verirdilər.

Maddi çətinliklərsə bitmək bilmirdi. Elə bu üzdən Ambroz da çox erkən yaşlarından işləmək məcburiyyətində qaldı. İşin ağırlığına, çətinliyinə fərq qoymadan, 15 yaşlı Ambroz ən müxtəlif yerlərdə çalışdı.

Belə ki, «Norzern İndianien» qəzetində tipoqrafçı köməkçisi kimi işə başlayan Ambroz Birs sonralar haralara üz tutmadı ki? Ərzaq məhsullarının reklamıyla məşğul oldu. Restoranlarda ofisiant, kərpic zavodunda fəhlə, özəl şirkətlərdə daşıyıcı… işlədi.

Obrazlı ifadə etsəm, o, həyatın dibindəki sərt və amansız dərsləri sakitcə öyrənməkdəydi. Qəribəsi isə bu idi ki, o, bu qədər qarıışıqlığın içərisində həm də heyrətamiz enerji ilə oxuyur, mütaliə edirdi.

Amerikalıların dediyi kimi, Qvinnett Birs "özünü yaradan adam" idi.
  
  

MÜHARİBƏYƏ...


  
  
Ambros Birsin sonradan həyat yolunu seçməsi də qəribə oldu. Boş vaxtlarını əsasən kitablara həsr edən, özünün xəyal dünyası olan, içində yazmaq həvəsini böyüdən Ambroz Kentukki hərbi məktəbinə daxil oldu. Hərbçi olmaqçün. Bu yolda isə sən demə, Birsi başqa sınaqlar, başqa həyat dərsləri də gözləyirmiş.   
  
Əslində yeniyetməlikdən yenicə ayrılmış Ambroz ümumiyyətlə həyatını dəyişməyə cəhd etmişdi.

Təkcə maddi problemlərin deyil, mənəvi sarsıntılarının da ovunmasını istəmişdi. Bəlkə də çox nadir insanların taleyinə düşən bir ananın — onu bir ana sevgisi ilə sevməyən  

Ambrose Bierce, portret

​​anasının üzündən bütün bunları istəmişdi.

Axı, hərbçi olmaq o zaman üçün ölümlə yaxa-yaxaya durmaq demək idi. Çünki həmin dövrlər Amerikada amansız vətəndaş müharibəsi gedir, Şimalla Cənub biri-birlərinə qan uddururdu.
     
Birs təhsilini bitirən kimi şimallıların cəbhəsinə yola düşdü. Qərargah işçisi kimi yox. Birbaşa səngərlərə, ön cəbhəyə.

Və o bu dəhşətli hadisələrin canlı şahidinə çevrildi. Yaşayış məntəqələrinin xarabazara çevrilməsi, adamların qan içərisində cansız halda torpağa düşməsi, insan bədənlərinin parçalara bölünməsi… eləcə gözləri önündə baş verirdi.

Qəribə idi, qəlbən yaradıcı adam olan Ambroz özü də ilk günlərdən cəsarətlə vuruşurdu. Daha qəribəsi isə bu idi ki, yaşanan o dəhşətlərin, faciələrin içərisində Birs həyatında ilk dəfə özünü qayğısız, daxilən rahat hiss edirdi.

Ədəbiyyat, yaradıcılıq haqda qəti düşünmürdü. Yalnız yaşadıqlarını, ətrafında baş verənləri — hər şeyi acgözlüklə yaddaşına həkk edirdi.

Könüllü cəbhə həyatını, özü də ön cəbhəni seçmək hər yaradıcı adamın işi deyildi. Bunu Ambroz Birs və onun kimilər edə bilərdi...
     
Müharibə illərində onun rütbəsini də artırdılar — Qvinnett Birs 9-cu piyada polkundakı sıravilikdən mayor rütbəsinədək yüksəldi.

Amma döyüşlərin birində Ambroz başından ağır yaralanaraq hərbi qospitala yerləşdirildi. Yazıçı onda bu hadisəni öz üslubuna uyğun olaraq qısaca belə təsvir etmişdi:
  
«Mənim başım yunan qozu kimi çatladı». Bununla bərabər Birs açıq-aşkar bunları da qeyd etmişdi:
  
«Müharibə məndəki sadədilliyi, ağılsız illüziyaları sonunadək yandırdı. Mən gördüm ki, böyük rütbənin hakimiyyətinə sahib olan adamlar hakimiyyəti olmayan insanları necə gercək ölümə göndərirlər. Yalnız ona görə ki, başqalarının — həyatlarında öz şəxsi maraqlarından savayı heç vaxt, heç nədən ötrü savaşmayan insanların xoşuna gəlsinlər».
  
Birs fərqli idi. Həm bir insan, həm bir vətəndaş, həm də yaradıcı adam kimi. Bəziləri hətta belə hesab edirdi ki, Birsin məhz qəribəliyi onun yaradıcılığında da gözəçarpacaq qədər özünü göstərib.
  
1865-ci ildə Ambroz Birs ordudan tərxis edildi: son dərəcə zəngin təəssüratla və ömrünün sonunadək onunla olan başağrılarıyla...

Əlbəttə, bəlli idi ki, bütün müharibəni keçmiş bir duyğu adamı üçün mülki həyata tapınmaq heç də asan olmayacaq. Özü də cəbhənin barıt qoxulu dumanından ayrılan Ambroz Birs mülki həyatın daha iyrənc, daha alçaq xırdalıqlarını gördükcə, onlarla barışa bilmirdi.

Hətta cəmiyyətdəki eybəcərliklərə, mövcud haqsızlıqlara qarşı uzun müddət müqavimət göstərərək nəyəsə nail olmağa çalışdı. Lakin bu mümkün idimi?
  
  

QƏLƏMİN YOLU

Cəbhədən sonra Birs yenə müxtəlif sahələrdə işləmək məcburiyyətində qaldı. Amma bu elə də uzun müddət çəkmədi. Ürəyi dolu olan Ambroz yaradıcılığa girişdi.

Şeirlər, hekayələr, oçerklər, məqalələr yazmağa başladı.

San-Fransiskonun küçələrindəki divarlarda karikaturalarla bərabər onun imzası da görünməkdəydi.

Çox keçmədi ki, «Nyuz Letter» qəzetində işə düzəldi. Və öz yazılarıyla ara vermədən oxucularına anlatmağa çalışdı ki, hakimiyyətin atdığı addımları necə qəbul etmək, yürüdülən siyasətə hansı ampluadan baxmaq lazımdı. Qvinnett Ambroz oxucular üçün bir növ şərhçiyə çevrilmişdi.
     
Bioqrafların yazdıqlarından belə aydın olur ki, Birs ilk bədii əsərini — «Kabuslar vadisi» hekayəsini ordudan tərxis olandan 6 il sonra çap elətdirib: «Overlend Mansli» jurnalında.

Maraqlıdı, Bret-Qratın da, bundan 20 il sonra Cek Londonun da ilk hekayələri məhz bu dərgidə dərc olunmuşdu və hər ikisi sonradan çox məşhurlaşmışdı. Onlardan fərqli olaraq Birsin ilk əsəri heç də diqqəti cəlb etmədi.
     
Gənc yazıçı məhz həmin dövrdə ailə qurmaq fikrinə düşdü və gözaltı etdiyi Meri Ellen Deylə ailə həyatı qurdu.

Və bir neçə aydan sonra gənc cütlük Avropaya getməyə qərar verdi.

 

Ambrose Bierce-in Washington şəhərində evi (sağda)

​​İngiltərəyə gələn Birslər burada təxminən üç il yaşadı. Qəzetlərlə sıx əməkdaşlıq edən Qvinnett Birsin məhz Londonda üç kitabı çap olundu.

Və əvvəlkindən fərqli olaraq bu kitablar oxucular tərəfindən çox səs-küylə qarşılandı.   
  
Artıq kəskin yazılarına, güclü sarkazmına görə, elə qələmə aldığı qorxulu hekayələrinə görə də «acı Birs» təxəllüsü ilə tanınmağa başlamışdı.

Ümumiyyətlə, onu yumorun, satiranın ustası hesab etmək mümkündü.

Onun yaradıcılığındakı bədii cazibə oxucunu özünə cəlb etməklə yanaşı, həm də düşündürməyə qadirdir.

Əsərlərindəki gözəlliklə dəhşətin qarşılaşdırılması, pislə yaxşının bədii dillə müqayisəsi oxucunun diqqətini həmişə «ayaqda» saxlamaqdadır.

Ümumiyyətlə, əsərlərində təsvir olunan mürəkkəb hadisələrin ustalıqla açılışı (razvyazkası) Birsi yazıçı kimi çox fərqləndirir.

1877-ci ildə onların İngiltərə həyatı sona çatdı. Ailəsiylə birgə San-Fransiskoya qayıdan Ambroz Birs «Overlend mansli» jurnalında işə düzəldi və elə həmin nəşrdə yeni yazdığı  — "Şeytanın lüğəti«ni hissə-hissə çap etdirməyə başladı.

Bu artıq oxucular üçün Birsin açdığı yeni bir səhifə idi. Yəni hər kəs həmin əsərlə yazıçının daha fərqli cəhətlərini gördü.

Ümumiyyətlə, Birs özünün bədii nəsrində insan xarakterinin gizlənmiş, daha doğrusu gizlədilmiş tərəflərini, ən çox qaranlıq cəhətlərini öyrənməyə, təhlil və təsvir etməyə girişmiş, onu narahat edən suallara cavab tapmağa çalışmışdır.


Birsin „Bayquş çayı üzərindəki körpüdə hadisə“ hekayəsin həcmcə çox qısa olsa da, yazıçı burada insanlığın faciəsini verə bilmiş, cəmiyyətin özü üçün yaratdığı problemləri özünəməxsus boyalarla təsvir etmişdir.

Az qala hər bir əsərində qarşılaşdığımız Birs üslubu burada da ön plandadır.

Öz evində adi həyat sürməkdə olan Peyton Fakueri vətəndaş müharibəsi sürdürən əsgərlər edam etməyə hazırlaşırlar. Boğazına kəndir keçirilmiş Peyton körpüdən aşağı devrilməli, beləliklə cəza yerinə yetirilməlidir. Əmr icra edilir və… Burada nələr yoxdur? İnsan düşüncələrində ən kiçik elementlərin Birssayağı təsviri və oxucunu özünə bağlamaq bacarığından tutmuş hər şey...


Bütün bədii məziyyətlərinə görə yazıçının „Bayquş çayı üzərindəki körpüdə hadisə“ və bir sıra digər hekayələri indiyədək yazılmış ən yaxşı amerikan hekayələri antologiyasının bəzəyi sayılır.



YARAMAZLARA  NİFRƏT  ONUN  DİNİ  İDİ...

Onun məhz özünəməxsus həqiqət axtarışları təkcə bədii yaradıcılığında deyil, həm də məqalələrində də görünməkdəydi.
Cəmiyyətə ziyan verənlər, şəxsi maraqları üçün hər kəsi aldadanlar onun kəskin qələminin hədəfindəydi.

Nəhəng korporasiyalardan biri „Central Pasifik“in qaranlıq məsələləri ilə bağlı kəskin məqaləsi onun üçün heç də az düşmən qazandırmamışdı. „Biz belə insanları cəmiyyətin düşmənləri hesab edirik və onları əsl cinayətkar sayırıq“  — kimi kəskin fikirlər ortaya qoyan müəllifi cəmiyyətin qanını soranlar sevəcəkdilərmi?!.. Əlbəttə ki, yox.


Birsin bioqraflarından Fetaut yazırdı ki, o, ikiüzlü siyasətçiləri, yaramaz kapitalistləri ildırım kimi vururdu. Hətta bir qədər yüngül və ya çox da əhəmiyyəti olmayan məsələləri belə yazıçının əsas hədəf kimi qəbul etməsini bəyənmirdilər. Ambroz Qvinnettsə belələri ilə əsl partizan müharibəsi aparmışdı. Bu dövrlərdə, yəni 1887-ci Birs „San-Fransisko Ekzeminer“ qəzetindəki fəaliyyətini elə həddə çatdırmışdı ki, onu faktiki olaraq həmin nəşrin rəhbəri hesab etmək belə mümkün idi. İndi onun şöhrəti əvvəlkini çox-çox üstələyirdi. Çoxları onun həqiqətən də hər dəfə elan etdiyi - »yaramazlara nifrət mənim dinimdir"  — amalına biyət etdiyini bilirdi.

BİTMƏYƏN  DƏHŞƏTLƏR

Amma bir həqiqət də vardı. Əsl jurnalistika zənginlik gətirmir. Əslində heç rahatlığı da olmur. Elə Ambroz Qvinnett üçün də heç nə fərqli deyildi.

Ambrose Bierce, imzası ilə

​​Müxtəlif sıxıntılar onu üzürdü. Bu həmən dövrlər idi ki, hətta çap olunan əsərləri, yazıçı kimi qazandığı uğurlar ona fərəh gətirmir, elə bil hər şey başqa bir aləmdə baş verirdi.

Bu azmış kimi sən demə, həyatın onun üçün hazırladığı daha ağır sınaqları, dəhşətli sürprüzləri də varmış. Təsvirə gəlməyəcək dəhşətli...

1889-cu ildə yazıçının böyük oğlu bir qadın üstündə duelə çıxmışdı və öldürülmüşdü. Bir ata üçün hələ həyatına yenicə başlayan gənc övladını belə faciəli şəkildə itirməkdən ağır, bundan dəhşətli nəsə ola bilərdimi? Yəqin ki, yox… Amma Birs üçün bu son deyildi.

Böyük övladının faciəsindən aldığı yaranın üzü hələ qaysaqlanmamış ikinci bir fəlakət yazıçıya əsl cəhənnəmi yaşatdı.

Bu dəfə, yəni 1901-ci ildə kiçik oğlu öldü. Təhqiqatçılar yazır ki, pnevmoniya xəstəliyi ilə yatağa düşən Li sağalmadı, martda, Nyu-Yorkda dünyasını dəyişdi.

Ambroz Birs sarsılmışdı. Bəlkə də əlində qələm olmasaydı, onun üçün bu faciələri adlatmaq, duruş gətirmək mümkün olmayacaqdı.

«Həyatın sıxıntısında» (1891), «Kəhrəbadakı qara böcəklər»(1892), «Monax və cəlladın qızı» (1892), «Belə şey ola bilərmi?» (1893), “Əfsanəvi xəyyallar” və s. əsərlərini yazdı.


Lakin həyatın zərbələri heç də bitməməşdi, davam edirdi. Dalbadal sarsıntılar yaşayan ailədə daha bir problem yaşanmaqdaydı. Ambroz Qvinnettlə arvadı arasında hər şey pozulmaqdaydı.


Yazıçı bunların öhdəsindən gələ bilmirdi. Əslində heç Meri də yazıçıyla nəyisə qaydasına salmaq haqqında daha düşünmürdü.

Nəhayət 1904-cü ildə arvadı onu tərk etdi. Amma Birssiz daha rahat yaşayacağını düşünən Merinin həyatı gözlədiyi kimi olmadı.

Belə demək mümkünsə, qadın heç buna vaxt da tapa bilmədi. Bir neçə aydan sonra — 1905-ci ilin aprel ayında vəfat etdi.

Meriylə ayrılmalarına baxmayaraq arvadının da belə qəfil ölümü yazıçını olduqca üzdü. Hətta deyərdim ki, övladlarının ölümü qədər...

«QEYBƏ ÇƏKİLƏN» YAZIÇI...




Ambroz Birsi heç də digər Qərb yazıçıları kimi məhsuldar hesab etmək olmaz. Çünki onun onlarla romanı, böyük saylı cildləri yox idi.

Lakin bu heç də o anlama gəlməməlidir ki, Ambroz Qvinnett bədii yaradıcılığa az diqqət ayırmışdır. Xeyr. Elə 1909-1912-ci illərdə yalnız nəsrdən və şeirlərdən ibarət 12 cildlik kitabı çap olundu. Bəzi tənqidçilərin iddia etdiyi kimi Birs əslində heç də dar amplualı yazıçı deyildi. Əgər belə olsaydı onun yaradıcılığı özündən sonra bir sıra qələm adamlarına təsir göstərə bilməzdi.


… Bəli, Ambroz Qvinnett Birs özü kimi yazmışdı, bir yazıçı kimi özü kimi sevilmişdi, bir insan, bir jurnalist kimi alçaqlara, yaramazlara qarşı lap partizanlar kimi mübarizə aparmışdı, dərdləri, çətinlikləri, əzabları başından aşsa belə addımını geri qoymamışdı. Amma...


Artıq xeyli yaşlaşmış Ambroz Birs daha yorulmuşdu. Ətrafındakı eyni rəngli həyat, hər addımbaşı gördüyü haqsızlıqlar, indiyədək yaşadığı bütün dəhşətlər sanki onun nəfəsini kəsir, sonsuzluq haradasa onu çağırırdı. Bir də ki, bütün əzizlərini itirmiş, duyğulu bir insan nə edə bilərdi ki?..


1913-cü il sona çatmaq üzrəydi. Yorulduğu, əzildiyi mühiti tərk etmək istəyirdi. Niyəsə vaxtıyla keçdiyi döyüş yerlərini bir də görməyi, o yerlərə bir də baxmağı arzulayırdı.

O, qızı Elənlə görüşərək vidalaşdı, getdiyi yerdən ona məktublar yazacağını söyləyərək ürəyinin hökmü ilə həyatının son səfərinə çıxdı. Luizianadan, Texasdan keçərək bir çox yerlərə baş çəkdi. Daha sonra ağlasığmaz bir qərar verdi: qanlı inqilabi hadisələrin qızışdığı Meksikaya getmək. Və oraya da üz tutdu.

Amma sən demə, Birs bir də geri dönməyəcəkmiş. Sonuncu dəfə yazıçının Syudad-Xuatres şəhərində olduğu və Panço Vilyanın ordusu ilə görüşdüyü, jurnalist kimi qeydlər apardığı məlumdur.

1913-cü il dekabrın 26-da Çiyayadan qızına yazdığı məktub onun haqqında olan sonuncu xəbər idi.

Və bundan sonra Ambroz Birs haqqında kimsə bir kəlmə belə real məlumata malik deyil. O sanki qeybə çəkilmişdi. Hətta indiyənədək də onun harada, necə, nə vaxt, hansı şəraitdə dünyadan köçdüyünü bilən yoxdur. Bu haqda təhqiqatçıların yalnız müxtəlifcür ehtimalları mövcuddur, vəssalam...


Əsərləri dünyanın bir çox dillərinə tərcümə olunan bu şöhrətli adam bəlkə də yeganə yazıçı idi ki, heç vaxt kimsə qəbrinə, yaxud son nəfəsini verdiyi məkana gəlib onu ziyarət etməyib. Yəni yerini bilən olmayıb. Yəqin bu da onun qismətiydi... 

O, qəribə yaşadığı, qəribə yazdığı kimi, qəribə də ölmüşdü...

Babək Yusifoğlu

Azadlıq.Org/OXU Zalı

 

0 şərh