Anton Çexov

1860-cı ildə üçüncü gildaya aid olan tacirin evində oğlan uşağı dünyaya gələndə heç kim onun Rusiyada, eləcə də dünyada tanınmış yazıçı olacağını güman etmirdi.
Ailə Taqanroqda yaşayırdı. Cavan oğlan gimnaziyaya qəbul olunanda atası onları birdəfəlik tərk edərək Moskvaya gəlir. Sonralar Anton varlı qohumların evinə nahar  etmək üçün getdiyini, aclıq ucbatından dərslərinə mütəmadi gedə bilmədiyini və kasıblığın yaratdığı digər acıları kədərlə xatırlayırdı.
1874-cü ildə soyuq suda çimdikdən sonra ciddi xəstələnir. O vaxt Anton gimnaziya yoldaşının ailəsində qonaq idi və qorxmuş ailə onu ərazidə yaşayan yeganə tibb işçisinin yanına gətirir. Xardal yaxması və kompreslə müalicə olunan gənc Çexov sağalsa da, bu hadisə onun sənət seçiminə və ümumilikdə həyatına birbaşa təsir edir. Xəstəliyin əlamətləri onu bütün ömrü boyu izləyir.

Çexov 1878-ci ildə Moskva Universitetinin tibb fakültəsinə qəbul olunur. 19 yaşından yazmağa başlayan gənc ilk vaxtlar buna böyük ailəsinin dolandırmaq üçün gəlir vasitəsi kimi baxırdı.
Elə bu vaxtlarda Anton Pavloviç bacısı Maşanın rəfiqəsi Yevdokiya Efrosa vurulur və evlənmə təklifi edir. Bu evlilik baş tutmasa da, Çexovla Efrosun dostluğu onun ölümünə qədər davam edir.
Və Knipperə qədər Çexov heç kimə evlilik təklifi etmir. Vərəmin şiddətləndirdiyi seksual ehtiyaclarını isə ümumxanada ödəyərdi.
Universiteti bitirdikdən sonra Çexov  bir neçə şəxsdən xahiş edir ki, onun Peterburqda olan xəstəxanalardan birində çalışması üçün lazımı şəxsə ağız açsınlar. Lakin bu cəhd nəticə vermir. O, uşaq xəstəxanasına da düzələ bilmir və əyalətlərdən birində həkim işləməyə başlayır.
Həkim işləyəndə Çexov vərəm xəstələrinə xüsusi diqqətlə yanaşırdı. O özü də bu sağalmaz xəstəliyə mübtəla olduğunu hiss etmişdi. Çünki əlamətlər özünü açıq-aydın göstərirdi.
Çexov diaqnozunu düzgün təyin edə bilmişdi. 1884-cü ildə “Oskolki”  jurnalının redaktoru  Nikolay Leykinə yazırdı: “Bax, artıq üç gündür ki, şəhərdə də, kənddə də boğazımdan qan  gəlir. Bu qanaxma mənə yazmağa və Piterə gəlməyimə mane olur… Üç gün ağ tüpürcək  görmədim. Kolleqalarımın zorla verdiyi  dərmanların mənə nə vaxt kömək edəcəyini isə deyə bilmərəm… Sağ olsun yenə əczaçı dərmanları ucuz qiymətə verir… Nə qədər gülməli görünsə də, indi mənim xəstələrim var. Onlara baş çəkməm lazımdır…”
1888-ci ildə naşir Suvorinə yazdığı məktubda isə Çexov xəstəliyinin şiddətləndiyini,  ağciyərindən qan gəldiyini yazır. 1897-ci ildə müayinə olunanda həkimlər onun sağ ağciyərində problem olduğunu təsdiqləyirlər.
Bu illərdə artıq Çexov məşhur və dəbdə olan yazıçı idi. Ona Puşkin mükafatı təltif etmişdilər və əsərləri qalın jurnallarda dərc olunurdu.
Məşhur yazıçının vəziyyəti günü-gündən ağırlaşırdı. Onun 186 sm boyu, 62 kq çəkisi vardı. Çox ciddi müalicə olunsa da, nəticə görünmürdü.
Səhhətindəki ciddi problemlərə baxmayaraq Çexov 1901-ci ildə evlənir.  Çexovun seçimi çoxlarında təəccüb doğurur. O, aktrisa Olqa Leonardovna Knipperlə ailə həyatı qurdu. Onlar 1898-ci ildə Moskva Bədii Teatrında “ Qağayı” və “Çar Fedor İoannoviç” tamaşaya qoyularkən tanış olmuşdular. Evlənənə qədər bir-biri ilə tez-tez məktublaşan, aradabir Moskvada və ya Yaltada görüşmək imkanı qazanan cütlüyün rəsmi nikaha girmələri çoxlarını heyrətləndirdi. Anton Pavloviç ailə uşaq arzusunda olsa da, sənətini heç vəchlə ailəyə qurban verməyəcək bir qadınla evlənmişdi. Xəstəliyi ilə əlaqədar ilin çox hissəsini  Yaltada yaşayan yazıçının xanımı işinə görə daha çox Moskvada qalırdı. Onların uşaqları olmadı. Bir dəfə hamilə qalan Olqa Knipper uşağı itirir.
Olqa Leanardovna məktublarından birində ərinə yazırdı: “ Sənə, hardasa uzaqlarda mifik arvadının olmağını düşünmək qəribədir, deyilmi? Bu necə də gülməlidir. Səni çoxlu-çoxlu qucaqlayıb öpürəm, mənim mifik ərim.”
Olqa Leanardovna məktublarında Anton Pavloviçlə evlənməkdə düzgün addım atmadığını, buna peşman olduğunu dəfələrlə yazmışdı: “Mən sənə, belə bir insana qarşı düşünülməmiş addım atdım. Əgər səhnədəydimsə, tənha qalmalı və heç kimin zəhləsini tökməməli idim”.
Çexovsa cavabında yazırdı: “ Boş-boş danışma. Sən qışı mənimlə qala bilmədiyin üçün günahkar deyilsən. Əksinə, əgər  bir-birimizin işlərinə mane olmuruqsa, biz səninlə çox yaxşı ər-arvadıq. Sən teatrı sevirsən, deyilmi? Əgər sevməsəydin, onda başqa məsələ”.
Knipperin vicdanı ona rahatlıq vermirdi. Yaltadakı evində anası və bacısı ilə yaşayan ərinə tez-tez baş çəkə bilmək üçün teatrda yerinə əvəzedici aktyor hazırladı. “Antonka, səni çoxmu acıqlandırıram?  Səni tez-tezmi narahat edirəm? Bağışla məni, əzizim, qızılım mənim, bu elə utancvericidir ki. Mən necə də murdaram.”- Olqa Knipper yazırdı.
Çexovun səhhəti getdikcə pisləşirdi. 3 iyun 1904-cü ildə o xanımı ilə birlikdə xaricə yola düşür.
Badenveylerdən bacısı Maşaya ünvanladığı sonuncu məktubda Çexov yazırdı: “Əzizim Maşa,  bura çox istidir. Özümlə yalnız qış paltarı götürdüyümdən, istilər məni qəfil yaxaladı, nəfəsim kəsilir və yeganə arzum buradan tez getməkdir. Amma haraya? İtaliyaya, Komoya getmək istədim, amma hamı ordan da istilərin əlindən qaçıb. Avropanın cənubunda, hər yerdə istidir. İstədim paroxodla Triestadan Odessaya  gedim, ancaq bilmirəm, indi, iyun-iyulda bu nə qədər mümükündür… Bilmirəm nə edim.
Olqa mənə nazik kostyum  sifariş etmək üçün Freyburqa gedib, burada, Badenveylerdə nə çəkməçi, nə də dərzi var…
Yaxşı, sağlıqla qal  və şən ol. Anaya, Vanyaya, Corca, nənəyə  və başqalarına salam de. Yaz. Səni öpür və əlini sıxıram”.

Bu, Çexovun sonuncu məktubu oldu. 2 iyul 1904-cü ildə Badenvaylerdəki oteldə  Anton Pavloviç üzünü divara çevirdi və özünə sonuncu diaqnozu qoydu: “İch sterbe…”- “Mən ölürəm…”
P.S: Yazının hazırlanmasında “Zaqadki İstorii” (№22, 2014), “Epoxa Vozrojdeniya“  №(4(8) 2008) jurnallarında və pravda.ru  saytının materiallarından istifadə olunub.
Şahnaz Kamal
 
loading...

2 şərh

JAVIER_ZANETTI
Bəziləri arxanızdan danışırsa, onlardan öndəsiz deməkdir. A. Çexov
istorik_c
Əla. Çox gözəl əsərləri var. Və həmin əsərlərdə gözəl fikirlər var. Kim oxumayıbsa mütləq Çexovun hekayələrini oxusun.