Antuan de Sent-Ekzüperi

Antuan de Sent-Ekzüperi — məşhur fransız yazıçısı. O, 1900-cu ildə Fransanın Leon şəhərində anadan olub. «Balaca şahzadə», "İnsanlar planeti" və başqa əsərlərin müəllifi. Uşaq vaxtı anasından eşitdiyi nağıllar onu ədəbiyyata bağlayır. Amma yazıçı ömrünün çox hissəsini yazı masası arxasında deyil, səmada keçirib. Belə ki, Ekzüperi dövrünün məşhur təyyarəçilərindən biri olub. Təyyarəyə böyük marağı əsgərlik illərində yaranır. 1923-cü ildə ilk dəfə aviaqəzaya uğrayaraq kəllə-beyin travması alır. Odur ki, bir müddət peşəsindən uzaq düşür. Parisə yerləşən Ekzüperi yazıçılıqla məşğul olur. Yazılarından uğur qazana bilmədiyinə görə müxtəlif işlərə əl atır: maşın satır, kitab mağazasında satıcı işləyir.

II Dünya müharibəsi başlayanda hərbi təyyarəçi kimi əməliyyatlarda iştirak etməyə başlayır. Dostları, doğmaları bunun həyat üçün təhlükəli olduğunu Ekzüperə söyləsər də, daha çox yazıçı, jurnalist kimi uğur qazana biləcəyinə inandırmağa çalışsalar da onu fikrindən döndərə bilmirlər. Sent Ekzüperi bir neçə hərbi uçuşlarda iştirak edir və hətta «Hərbi xaç» mükafatına layiq görülür. Lakin Fransanın məğlubiyyətindən sonra Nyu-Yorka köçür.

Orada məşhur "Balaca şəhzadə" əsərini yazır. Lakin o, Fransanın işğal altında olması onu çox sıxırdı və o, faşizmə qarşı mübarizə üçün yollar axtarır. Odur ki, 1943-cü ildə o “Döyüşən Fransa” hərəkatına qoşularaq təyyarəçi-kəşfiyyatçı kimi Hərbi Hava Qüvvələrinin hissələrinə yazılır. Sent-Ekzüperi üçün sürətli texnikanı idarə etmək artıq çətin olsa da, o, 31 iyul 1944-cü ilə təyin olunmuş daha bir uçuşa icazə alır. Ona düşmən əraziləri üzərində kəşfiyyat aparmaq tapşırılır. Saat 8:45-də təyyarə aerodromdan uçur və bir daha geri qayıtmır. Ekzüperinin hansı şəraitdə həlak olması ilə bağlı axtarışlar uzun müddət bir nəticə vermədi. Lakin 54 il sonra, 1998-ci ildə gözlənilməz bir hadisə baş verdi…

Ekzüperinin təyyarəsinin vurulması, qəzaya uğraması və ya özünün düşmən əlinə keçməsi barədə isə uzun illər hər hansı bir məlumat əldə etmək mümkün olmur. Hətta belə şayələr dolaşırdı ki, o, özünə qəsd edib. Lakin 1998-ci ildə “Horizonta” adlı balıqçı gəmisində olanlar biri tora ilişən gümüş qolbağı götürür. Qolbağın üzərindəki sözlər açıq-aydın oxunurdu: “Antoine de Sant-Exupery". Bu tapıntı dərhal beynəlxalq aləmdə böyük əks-sədaya səbəb olur. Mütəxəssislər qolbağın həqiqətən də, Sent-Ekzüperiyə aid olmasını təsdiq edir. Bunun ardınca işə Fransa hökuməti də qarışır. Axtarışlara start verilsə də yenədə nəticə vermir.

Amma 2000-ci ilin may ayında dalğıc Luk Banrel gözlənilmədən 70 metr dərinlikdə təyyarə qalıqlarına rast gəlir. O, dərhal bu barədə Fransa hökumətinə xəbər verir. Təyyarənin qalıqları olan ərazi xüsusi nəzarətə alındı və orada balıq ovu, həmçinin hansısa axtarışlar qadağan edildi. 2003-cü ildə, nəhayət ki, tapıntı bölgəsində axtarışlara başlanıldı. Mütəxəssislər Banrelin dediyi yerdən dənizin dibindən təyyarənin qalıqlarını qaldırdılar. Bu, 2737-L nömrəli təyyarənin kabinəsinin bir hissəsi idi. Dərhal hərbi arxivə müraciət edilir.



Məlum olur ki, o, Ekzüperinin idarə etdiyi təyyarənin bir hissəsidir. Təyyarənin digər qalıqları da aşkar edilir. Ancaq onların heç birində mərmi deşikləri yox idi. Üstəlik, faşist Almaniyasının düşmən hərbi təyyarələrinin vurulmasını qeydə alan və bu barədə şəxsən Hitlerə məlumat verilməsi üçün nəzərdə tutulan gizli jurnalda da Ekzüperinin təyyarəsinin vurulması barədə hər hansı bir məlumat yox idi. Ona görə də ekspertlər təyyarənin texniki nasazlıq və ya Ekzüperinin özünə qəsd etməsi nəticəsində qəzaya uğradığı ehtimalını irəli sürürlər. Lakin 1944-cü ildə Korsika yaxınlığında nəzarət uçuşlarını həyata keçirən alman təyyarəçi, 88 yaşlı Horst Rippert 2008-ci ildə bir etiraf edir. O, Ekzüperinin təyyarəsini vurduğunu söyləyir. Əlavə edir ki, o, pilotun məşhur yazıçı olduğunu bilməyib. Veteran təyyarəçinin bu etirafı sübuta yetmədiyindən Ekzüperinin hansı şəraitdə yoxa çıxması bu gün də müəmma olaraq qalmaqdadır.

Ülviyyə Heydərova
 

0 şərh