Antuan de Sent-Ekzüperi: Sonsuz səmalardan əbədiyyətə

Onun haqqında bu gün də dünyada hörmət və məhəbbətlə danışırlar. O yazdığı əsərləri ilə milyonlarla insanların qəlbində özünəməxsus dərin bir iz buraxmışdı. O həm istedadlı yazıçı, həm də göylərdə azad quş kimi süzən cəsur bir təyyarəçi idi. Obrazlı şəkildə desək, şair təbiətli bu insan cismən də, ruhən də göylərdə idi, yer üzü ona dar gəlirdi, ölkədən ölkəyə, qitədən qitəyə uçurdu, yerdə də göylərdə də daim nə isə axtarırdı. Bu axtarış da ona əbədi və sirli bir həyat bəxş etdi: günlərin birində özündən sonra çoxlu sayda əfsanələr qoyaraq ucsuz- bucaqsız səmalarda idarə etdiyi təyyarə ilə sirli bir şəkildə əbədiyyətə qovuşdu. Bu günə kimi də onun hansı şəraitdə yoxa çıxması sirr olaraq qalır. Onun təyyarəsini vurmuşdularmı, yoxsa yanacağı qurtardığı üçün yerə enərək əsir alınmışdı. Əgər təyyarəsini vursaydılar, və ya onu əsir alsaydılar onda hökmən barəsində nə isə məlum olmalı idi. Yalnız son illərdə vurulduğu ehtimal edilən təyyarəsinin cüzi qalıqları tapılıb. Ancaq yenə də hansı şəraitdə öldüyü barədə iynə ucu boyda belə bir iz yoxdur. Ortada yalnız ehtimallar var...

Antuan de Sent-Ekzüperi
Adını dünya ədəbiyyatı və hərbi hava qüvvələri tarixinə əbədi olaraq həkk etdirən bu böyük insan Fransa xalqının böyük oğlu Antuan de Sent- Ekzüperidir.

O, 1900-cü il, iyun ayının 29-da Fransanın Lion şəhərində zadəgan ailəsində anadan olmuşdur. Ailənin üçüncü uşağı idi. Özündən qeyri daha 4 bacı və qardaşı vardı.

Həyat balaca Antuanı anadan olandan sınağa çəkməyə başlamışdı. 4 yaşı olanda atası vəfat etdi və bundan sonra ömrünün sonuna kimi atasının üzünü xatırlaya bilmədi. Balaca Antuanın tərbiyəsi ilə anası Mari de Fonkolomb məşğul olurdu. Amma o sanki yer üçün deyil, göylər üçün doğulmuşdu. Səmaya ilk uçuşu da 12 yaşı olanda — 1912-ci ildə baş verdi. Həmin dövrdə ailənin dostu hesab edilən məşhur təyyarəçi Qabriel Vroblevski Antuanı yanında oturdaraq, idarə etdiyi təyyarəsini səmaya qaldırdı. Bu, qeyri-adi bir mənzərə idi və gördüklərindən heyrətə düşən Antuan ömrünün sonuna kimi özündə sirli bir təsir bağışlayan mənzərəni unuda bilmədi. Səmadan yer yamyaşıl bir adanı xatırladırdı və bu ada onun sonrakı bədii yaradıcılığı üçün bir ilham qaynağı oldu.

Amma o, gələcəkdə təyyarəçi olacağını və həyatının çox hissəsini ucsuz-bucaqsız səmalarda keçirəcəyini hələ bilmirdi. Balaca Antuan anasının məsləhəti ilə, əvvəlcə, Liondakı “Qardaşlar məktəbi” adı ilə tanınan müqəddəs Varfolomey dini məktəbinə daxil oldu. Sonra qardaşı Fransua ilə birlikdə Manse şəhərindəki Sent-Krua yesuit kollecində oxudu. 1914-cü ildə isə təhsilini İsveçrənin Fribur şəhərindəki maristlər kollecində davam etdirdi. Təhsilini başa vurandan sonra Antuan Parisdəki Sent-Luis hərbi dəniz liseyində hazırlıq kursu keçdi. Antuan həmin dövrdə Ekol-Naval məktəbinə daxil olmaq niyyətində idi. Ancaq müsabiqədən keçə bilmədi. Ona görə də 1919-cu ildə Zərif İncəsənət Akademiyasının arxitektura şöbəsində azad dinləyici qismində oxumağa başladı.

Taleyin gözlənilməz hədiyyəsi

Antuanın həyatında dönüş 1921-ci ildə baş verdi. Həmin il o, hərbi borcunu yerinə yetirmək məqsədi ilə orduya çağırıldı. Antuanı Strasburqdakı İkinci qırıcı aviasiya polkuna göndərdilər. Əvvəlcə, o təmir işlərinə cəlb edildi. Ancaq bir müddət sonra Antuan imtahan verərək, mülki təyyarəçi diplomu aldı. Onu mülki təyyarədə işləmək üçün həmin dövrdə Fransanın müstəmləkəsi olan Mərakeşə göndərdilər. Amma ona hələ təyyarəni təkbaşına idarə etməyi tapşıra bilmirdilər. Ona görə də Antuan təhsilini tamamlamaq və biliyini daha da təkmilləşdirmək məqsədi ilə İstr şəhərindəki hərbi təyyarəçilər kursunda təhsil aldı. Buranı bitirdikdən sonra Avor şəhərindəki zabitlər kursunda təhsilini davam etdirdi. Bundan sonra kiçik leytenant rütbəsində onu Paris yaxınlığındakı Burjedə yerləşən 34-cü aviasiya polkunda xidmətə göndərirlər. Amma uğursuzluq onu təqib etməkdə idi. 1923-cü ildə Antuan təyyarəni idarə edərkən qəzaya uğrayır və kəllə-beyin travması alır. Beləliklə, hərbi xidmətə yararlı olmaması səbəbindən Antuanı ordudan tərxis edirlər. Ordudan tərxis olunandan sonra nə edəcəyini bilməyən Antuan, əvvəlcə, bədii yaradıcılıqla məşğul olur, amma ilk vaxtlarda bu sahədə uğur əldə edə bilmir. Ona görə də avtomobil satışı ilə məşğul olur və bunun ardınca bir müddət kitab mağazasında satıcı işləyir. Amma göylər onu özünə çəkməkdə idi. 1926-cı ildə, nəhayət ki, “Aeropostal” kompaniyasında pilot kimi işə düzələ bilir. Antuanın əsas vəzifəsi mülki təyyarədə Afrikanın şimal sahillərindəki yaşayış məntəqələrinə poçt-rabitə uçuşları etmək idi. Əvvəlcə o, Tuluza-Kasablanka, sonra isə Kasablanka-Dakar marşrutları üzrə uçur. 1926-cı il oktyabr ayının 19-da Antuanı Saxara səhrasındakı Kap-Cubi (Vilya-Bens şəhəri) aralıq stansiyasının rəisi təyin edirlər. Burada o özünə uğur gətirən ilk əsərini “Cənub poçtu”nu yazır. 1929-cu ilin mart ayında o yendən FransayaAntuan Sent Ekzüperi
qayıdır və bu dəfə Brest şəhərindəki ali hərbi aviasiya məktəbinə daxil olur. Burada təhsil aldığı illərdə Qallimar nəşriyyatı onun “Cənub poçtu” romanını çap edir. Bundan sonra Antuanı Cənubi Amerikaya ezam edirlər. O burada “Aeropostal”ın “Aeroposta-Argentina” filialının texniki direktoru vəzifəsində işləməyə başlayır. 1930-cu ildə o mülki aviasiyanın inkişafındakı xidmətlərinə görə, “Kavaler Fəxri Legion” ordeni ilə təltif edilir. Həmin ilin iyun ayında Sent-Ekzüperi And dağları üzərindən uçarkən qəzaya uğrayan təyyarəçi dostu Giyomun axtarışında iştirak edir. 1930-cu ildə Sent-Ekzüperi ona ilk böyük şöhrət gətirən “Gecə uçuşları” romanını yazır. Bu roman onun bədii yaradıcılığında bir dönüş nöqtəsi, zirvəyə gedən yolun başlanğıcı hesab edilə bilər. “Gecə uçuşları” tezliklə oxucular arasında sevilən və ən çox oxunan romana çevrilir. Buna görə də 1931-ci ildə Sent-Ekzüperiyə Fransanın ali ədəbi mükafatlarından biri hesab edilən “Femina” mükafatı verilir. Həmin il Antuan Konsuelo Sunsin adlı qadınla ailə həyatı qurur. “Aeropostal” iflasa uğrayandan sonra o, “Latekoera” şirkətində işə düzəlir. Bir müddət ikinci pilot vəzifəsində Marsel- Əlcəzair marşrutu ilə uçuşlar həyata keçirir. Sonra yaxın dostlarından birinin yardımı ilə sınaqçı təyyarəçi kimi fəaliyyətə başlayır. Amma sınaq uçuşlarından birində təyyarəsi qəzaya uğrayaraq dənizə düşür və o, ikinci dəfə ölümdən zorla canını qurtara bilir. Bundan sonra bir müddət yenidən özünə başqa iş axtarmağa məcbur olur. Onun bədii yaradıcılığı qəzetləri də özünə cəlb etmişdi. Ona görə də 1935-ci ildə “Pari suar” qəzeti həvəslə Antuanı işə götürür. Həmin ildə adıçəkilən qəzetin xüsusi müxbiri kimi Moskvaya ezam edilir. Antuan bu səfəri barədə 5 oçerk yazır. “Cinayət və cəza sovet hüquq sisteminin əsas simasıdir” adlı oçerkində o, Stalinin özbaşınalığını faktlarla Qərb ictimaiyyətinə çatdırır. Bu oçerklər ona Qərbdə daha bir şöhrət qazandırır. Çünki Sent-Ekzüperiyə kimi heç kim Stalinin özbaşınalığını belə açıq şəkildə faktlarla ifşa etməmişdi.

1935-ci ildə Sent-Ekzüperi özünə S.630 “Simun” təyyarəsi alır. Həmin il dekabr ayının 29-da Antuan Paris-Sayqon marşrutu ilə uçaraq dünya rekordu müəyyən etməyə cəhd edir. Amma Liviya səhrası üzərində üçüncü dəfə qəzaya uğrayır. Səhrada susuzluqdan ölmək üzrə olan Sent-Ekzüperini bədəvi ərəbləri taparaq xilas edirlər. Lakin o, ölümdən qorxmurdu və 1936-cı ildə həyatını risk altına ataraq, bu dəfə Vətəndaş müharibəsi gedən İspaniyaya yollanır. Bir müddət o burada “Entransijan” qəzetinin müxbiri kimi işləyir. 1938-ci ildə Nyu-Yorka gedən təyyarəçi yazar burada “Adamlar planeti” adlı əsərini yazır. Həmin ilin fevral ayının 15-də Nyu Yorkdan Odlu torpağa uçur. Lakin yenə də Qvatemalada ağır qəzaya uğrayır və uzun müddət müalicə olunur.

Sonsuzluğa aparan səma yolçuluğu
1934-cü il, avqust ayının sonlarında Hitler Almaniyası Polşaya hücum edir. Polşa ilə qarşılıqlı hərbi yardım haqqında anlaşması olan Fransa sentyabr ayının 1-də Almaniyaya müharibə elan etməyə məcbur olur. Sentyabrın 4-də isə Sent-Ekzüperi könüllü şəkildə cəbhəyə gedir. O, əvvəlcə, Tuluza hərbi aviasiya, sonra isə 2/33 saylı hərbi aviasiya kəşfiyyat hissəsində xidmət etməyə başlayır. Həmin dövrdə yazıçı yoldaşları ona müraciət edərək, yazıçı kimi xalqına daha çox xeyir verəcəyini və bunu nəzərə alaraq, ehtiyata göndərilməsi barədə ərizə yazmasını xahiş edirlər. Ancaq Ekzüperi bu xahişi qəbul etmir və tezliklə onu döyüş bölgəsinə göndərirlər. Böyük yazıçı dostlarına ünvanladığı məktubda yazırdı: “Mən hökmən bu müharibədə iştirak etməliyəm. Çünki mənim sevdiyim müqəddəs nə varsa hamısı təhlükə altındadır. Provansada meşə yananda əclaflardan qeyri, hamı əllərinə vedrə və kürək alaraq onu söndürməyə çalışır. Mən əclaf olmaq istəmirəm. Mən döyüşmək istəyirəm, məni buna vətənimə olan məhəbbətim və daxili dini ruhum məcbur edir. Belə ağır vəziyyətdə vətənin təhlükədə olmasına biganə qala bilmərəm”.Ekzüperiyə həmin dövrdə böyük sürətə malik olan qırıcı “Laytninq P-38” təyyarəsini idarə etməyi tapşırmışdılar: “Mənim yaşımda hərbi təyyarəni idarə etmək və özündən 6-10 yaş cavan pilotlarla hərbi qayda-qanunlara uyğun şəkildə yaşamaq heç də asan deyil. Ancaq mən son gücümü belə sərf edərək onlarla (gənclərlə) ayaqlaşmağa çalışıram. Arzu edirəm ki, gücüm tükənənə qədər bu murdar müharibə başa çatsın. Bundan sonra nə edəcəyimi çox yaxşı bilirəm” ( Jan Pelisyeyə məktubundan, 9-10 iyul 1944).k döyüşə “Blok-174” hərbi təyyarəsi ilə uçdu və tapşırığı uğurla yerinə yetirdi. Sonra o, işğal altında olan ərazilərin havadan şəklini çəkdi. Buna görə də onu Fransanın ali mükafatlarından olan “Hərbi xaç” la təltif etdilər. Amma cəbhədə vəziyyət Fransanın xeyrinə inkişaf etmirdi. 1940-ci ilin may-iyun aylarında Almaniya Fransanı işğal etdi. Bundan sonra bir müddət ölkədə qeyri-leqal şəkildə yaşayan Ekzüperi çətinliklə də olsa işğal olunmamış ərazidə yaşayan bacısının yanına gedə bildi. Amma Fransanın işğal altında olması onu çox sıxırdı və o, faşizmə qarşı mübarizə üçün yollar axtarırdı. Ona görə də faşistlərin əlaltısı olan rejimin nəzarəti altındakı ərazidə uzun müddət yaşaya bilmədi və çıxış yolunu ABŞ-a mühacirət etməkdə gördü. Bir müddət Nyu-Yorkda yaşadı və burada o, özünə ümumdünya şöhrəti qazandıran “Kiçik şahzadə” əsərini yazdı. Lakin Ekzüperi yenidən vətənə qayıtmaq və almanlara qarşı döyüşlərdə iştirak etmək istəyirdi. Bu məqsədlə də 1943-cü ildə Fransaya qayıdaraq, hərbi təyyarənin sükanı arxasında oturdu. Bu dəfə Ekzüperiyə həmin dövrdə böyük sürətə malik olan qırıcı “Laytninq P-38” təyyarəsini idarə etməyi tapşırmışdılar: “Mənim yaşımda hərbi təyyarəni idarə etmək və özündən 6-10 yaş cavan pilotlarla hərbi qayda-qanunlara uyğun şəkildə yaşamaq heç də asan deyil. Ancaq mən son gücümü belə sərf edərək onlarla (gənclərlə) ayaqlaşmağa çalışıram. Arzu edirəm ki, gücüm tükənənə qədər bu murdar müharibə başa çatsın. Bundan sonra nə edəcəyimi çox yaxşı bilirəm” ( Jan Pelisyeyə məktubundan, 9-10 iyul 1944).

Amma hələ öncəki, daha sağlam və cavan olduğu illərdə o, bir neçə dəfə qəzaya uğramış və hər dəfə də tale üzunə gülmüş, sağ qalmışdı. Ancaq hər dəfə də müalicədən sonra yenidən cəsarətlə təyyarənin sükanı arxasına keçərək, səmanın ənginliklərinə baş vurmuşdu. Daim masmavi göylərdə uçmaq onun həyatının ayrılmaz hissəsi idi və balıq susuz yaşaya bilmədiyi kimi, bu böyük insan da səmasız həyatını təsəvvür edə bilmirdi. O özü də bilmədən inadla ölümə doğru can atırdı.

Ölümlə ölməzliyə

Ekzüperi ölümün addımbaaddım özünü izlədiyini və seçdiyi riskli yolun günlərin birində onu əbədiyyətə apara biləcəyini yaxşı anlayırdı. İş orasındadır ki, Ekzüperinin qolunun yarısı yaxşı işləmirdi və o, bu səbəbdən təyyarəsini olduqca çətinliklə idarə edirdi. Son uçuşundan bir ay əvvəl qəzaya uğramış və yalnız möcüzə sayəsində ölümdən xilas ola bilmişdi. Amma heç kim, hətta onun özü belə, ölümün qəfil və müəmmalı şəkildə gələcəyini gözləmirdi. Bununla belə, o sanki öncədən nə isə hiss etmişdi. Son uçuşdan əvvəl dostu Pyer Dallozu üçün belə bir qeyd qoymuşdu: “Əgər idarə etdiyim təyyarəmi vursalar, onda buna (ölümümə) görə təəssüf etməyəcəyəm”

1944-cü ilin 31 iyulunda Ekzüperi Korsika adasındakı Borqo hərbi hava limanından idarə etdiyi təyyarə ilə havaya qalxdı. Ona düşmən əraziləri üzərində kəşfiyyat aparmaq tapşırılmışdı. Necə deyərlər, tapşırıq olduqca riskli idi. Hərbi təyyarəçilərin dili ilə desək düşmənlə hava döyüşləri ilə müqayisədə kəşfiyyat uçuşlarında sağ qalmaq ehtimalı olduqca az hesab edilirdi. Çünki hər an kəşfiyyat təyyarəsini yerdən vurulmaq təhlükəsi gözləyirdi. Bu uçuş onu əbədiyyətə aparan və müəmmalı ölümü ətrafında çoxlu sayda mif və rəvayətlərin yaranmasına səbəb olacaq sonuncu uçuş oldu. Ekzüperi bu uçuşdan bir daha geri qayıtmadı. Onun təyyarəsinin vurulması, qəzaya uğraması və ya özünün düşmən əlinə keçməsi barədə isə uzun illər hər hansı bir məlumat əldə etmək mümkün olmadı.

Ekzüperinin hansı şəraitdə həlak olması ilə bağlı axtarışlar uzun müddət bir nəticə vermədi. Buna baxmayaraq, müharibədən sonrakı illərdə Fransa hökuməti Ekzüperinin müəmmalı şəkildə həlak olması ilə bağlı məsələni araşdırdı. Bu məqsədlə faşist Almaniyasının və onun müttəfiqi İtaliyanın hərbi hava arxivləri yoxlanıldı. Lakin ən gizli arxivlərdən belə, Ekzüperinin təyyarəsinin vurulması və ya onun əsir alınması barədə hər hansı bir məlumat tapmaq mümkün olmadı. Artıq Ekzüperi ilə bağlı əsl həqiqətin üzə çıxarılmasının mümkün olmayacağını görən Fransa hökuməti sonda axtarışları dayandırmağa məcbur oldu.

Gözlənilməz tapıntı

Ekzüperinin müəmmalı şəkildə ölməsindən 54 il sonra, 1998-ci ildə gözlənilməz bir hadisə baş verdi. Sentyabr ayının 26-sı idi. Yağış yağır və tez-tez şimşək çaxırdı. Buna baxmayaraq, “Horizonta” adlı balıqçı gəmisinin sahibi Jan Klod Byanko Marsel və Kassis buxtaları arasında balıq ovunu davam etdirirdi. Sonuncu toru çəkərək balıqları göyərtəyə tökən və artıq getməyə hazırlaşan Byankonun gözlənilmədən diqqətini parıldayan bir əşya cəlb etdi. Əvvəlcə, buna fikir vermək istəmədi və parıldayan əşyanı təsadüfən tora düşən bir metal parçası hesab etdi. Ancaq bir qədər gedəndən sonra özü də bilmədən geri qayıdaraq parıldayan əşyanı əlinə götürdü. Bu, pas atan köhnə gümüş qolbaq idi. Ehtiyatla qolbağın üzərindəki pası təmizlədi. Qolbağın üzərində əvvəlcə “Antuan”, sonra isə “ Sent-Ekzüperi” sözlərini oxuyanda heyrətdən qışqırdı: “Bu ola bilməz.” Amma qolbağın üzərindəki sözlər açıq-aydın oxunurdu: “Antoine de Sant-Exupery (Consuelo), c/o Reynal and Hitchcock Inc., 4th Avc, N. V City, USA”. Bu tapıntı dərhal beynəlxalq aləmdə böyük əks-sədaya səbəb oldu. Qolbağın saxta olub-olmadığı uzun müddət mütəxəssislər tərəfindən diqqətlə öyrənildi. Sonda onun saxta olmadığı, qolbağın həqiqətən də, Sent-Ekzüperiyə aid olması təsdiq edildi. Qeyd edək ki, qolbaqda adı yazılan Konsuelo Sent-Ekzüperinin həyat yoldaşı, Reynal və Xiçkok isə ədibə böyük şöhrət gətirən “Kiçik şahzadə” əsərini çap edən naşirlər idilər. Ünvan isə adıçəkilən kitabın nəşr edildiyi mətbəənin ünvanı idi.

Qolbaqdan əlavə, balıqçı toruna daha iki aliminium parçaları düşmüşdü. Byanko uzun illər Ekzüperinin izlərini dənizdə axtaran “Komeks” kompaniyasının rəhbərinə tapıntı barədə məlumat verdi. Bunun ardınca işə Fransa hökuməti də qarışdı. Tapıntı olan ərazidə 300-500 metr dərinlikdə 100 kvadrat kilometr ərazi diqqətlə axtarıldı. Bu məqsədlə xüsusi sualtı videokameralardan istifadə edilirdi. Lakin yenə də bu axtarışlar bir nəticə vermirdi. Digər tərəfdən də, yazıçının yaxın qohumu Frederik d'Aqe Ekzüperi müraciət edərək, bu axtarışların dayandırılmasını istəmişdi: “Bu qolbaq Antuana 1943-cü ildə hədiyyə edilib. Ancaq biz istəmirik ki, qəzaya uğrayan təyyarəni axtararaq onun ruhunu yenidən narahat edəsiniz. Vaxtilə Antuanın anası Mari də oğlunun ruhunu sakit buraxmağı və axtarışların dayandırılmasını istəmişdi”.

Buna baxmayaraq, axtarışlar bir müddət də davam etdirildi. Ancaq yenə də izə düşmək və ədibin idarə etdiyi təyyarənin qalıqlarını tapmaq mümkün olmadı. Ona görə də axtarışlar yenidən dayandırıldı. 2000-ci ilin may ayında dalğıc Luk Banrel gözlənilmədən 70 metr dərinlikdə təyyarə qalıqlarına rast gəldi. O, dərhal bu barədə Fransa hökumətinə xəbər verdi. Təyyarənin qalıqları olan ərazi xüsusi nəzarətə alındı və orada balıq ovu, həmçinin hansısa axtarışlar qadağan edildi. 2003-cü ildə, nəhayət ki, tapıntı bölgəsində axtarışlara başlanıldı. Mütəxəssislər Banrelin dediyi yerdən dənizin dibindən təyyarənin qalıqlarını qaldırdılar. Bu, 2737-L nömrəli təyyarənin kabinəsinin bir hissəsi idi. Dərhal hərbi arxivə müraciət edildi. Məlum oldu ki, o, Ekzüperinin idarə etdiyi təyyarənin bir hissəsidir. Təyyarənin digər qalıqları da aşkar edildi. Ancaq onların heç birində mərmi deşikləri yox idi. Üstəlik, faşist Almaniyasının düşmən hərbi təyyarələrinin vurulmasını qeydə alan və bu barədə şəxsən Hitlerə məlumat verilməsi üçün nəzərdə tutulan gizli jurnalda da Ekzüperinin təyyarəsinin vurulması barədə hər hansı bir məlumat yox idi. Ona görə də ekspertlər təyyarənin texniki nasazlıq və ya Ekzüperinin özünə qəsd etməsi nəticəsində qəzaya uğradığı ehtimalını irəli sürdülər. Amma yenə də hadisənin əslində necə baş verdiyini tam dəqiqləşdirmək mümkün olmayıb.

2008-ci ilin mart ayında isə 1944-cü ildə Korsika yaxınlığında nəzarət uçuşlarını həyata keçirən alman təyyarəçi, 88 yaşlı Horst Rippert bəyan etdi ki, Ekzüperinin təyyarəsini o vurub, ancaq pilotun məşhur yazıçı olduğunu bilməyib.

Lakin buna da inanmaq üçün əldə sübut yoxdur. Necə deyərlər, Ekzüperinin hansı şəraitdə yoxa çıxması bu gün də müəmma olaraq qalmaqdadır.

Ədibin sağlığında ikən yazdığı əsərləri isə bu gün də dünyada ən çox oxunan əsərlər sırasındadır. Buna səbəb onun əsərlərində insana və onu əhatə edən ətraf mühitə olan sonsuz sevgi və məhəbbətin təbliğ edilməsidir. Təsadüfi deyil ki, məşhur yazıçı və təyyarəçi əsərlərinin birində yazır: “Dünyanı ancaq ləyaqət xilas edə bilər, dünyanın ləyaqəti və xilas yolu isə ancaq rəhmli, mərhəmətli olmaqda, yaradılmışların hamısına məhəbbətdə və insanların daxili dünyalarına hörmət edilməsindədir”.

Yazını internet materialları əsasında Əziz Mustafa hazırlayıb.

 

0 şərh