İran xıx əsr–xx əsrin əvvəllərində

xıx əsrin əvvəllərində İran feodal, bəzi yerlərdə isə yarımfeodal münasibətlərin tam hökm sürdüyü aqrar bir ölkə idi. Şəhərlərdə orta əsrlərə məxsus sex quruluşunu saxlamış olan sənətkarlıq geniş yayılmışdı. Sadə manufakturalar da mövcud idi. İran qeyri məhdud feodal monarxiyası idi. Ölkəni mənşəcə türk olan Qacarlar sülaləsi (1796-1925) idarə edirdi. Fətəli şah (1797-1834) çox nadir hallarda feodalların və ali ruhanilərin məşvərətçi şurasını çağırırdı. Dövlətin idarə işləri baş vəzirin əlində cəmləşmişdi. İngiltərə və Fransa xıx əsrin əvvəllərində İranın daxili işlərinə fəal surətdə müdaxilə etməklə Yaxın Şərqdə öz təcəvüzkarlıq məqsədləri üçün onun ərazisini əməliyyat meydanına çevirməyə çalışırdılar. 1814-cü ilin noyabrında İngiltərə ilə İran arasında imzalanmış Tehran müqaviləsindən sonra İngiltərənin İranda mövqeyi xeyli möhkəmləndi. Herat üstündə ingilis-İran münaqişəsi İranın məğlubiyyəti ilə nəticələndi. 1841-ci ildə İngiltərə ilə İran arasında ticarət müqaviləsi imzalandı. Qeyri-bərabər şərtlərlə imzalanmış bu müqavilə nəticəsində İran iqtisadi cəhətdən İngiltərədən asılı vəziyyətə düşürdü. 1845-ci ildən etibarən İran getdikcə Avropa ölkələrinin xammal mənbəyi və satış bazarında çevrilirdi.

Babilər üsyanından (1848-1852) sonra bazarla, ticarətlə əlaqəsi olan torpaq sahibləri bir sıra islahatlar keçirilməsini zəruri hesab edirdilər. Islahat tərəfdarlarına Nəsirəddin şahın baç vəziri Mirzə Tağı xan başçılıq edirdi. Mirzə Tağı xanın 1850-1851-ci illərdə keçirdiyi islahatlarda kəndlilərin hədsiz istismarının və onların öz ağalarına qarşı mübarizəsinin qarşısını almaq, onların vəziyyətini müəyyən qədər yaxşılaşdırmaq nəzərdə tutulmuşdu. Mərkəzi hakimiyyətə tabe olmaq istəməyən iri feodal əyanların müstəqilliyinə can atmalarına son qoyulması məsələləri də islahatlarda öz əksini tapmışdı. Islahat əleyhdarları Mirzə Tağı xana qarşı hücuma keçdilər. Onlar 1851-ci ildə Mirzə Tağı xanın baş vəzir vəzifəsindən kənarlaşdırılmasına və az sonra-1852-ci ildə edam edilməsinə nail oldular. xıx əsrin ikinci yarısında xarici kapitalın İrana soxulması prosesi gücləndi. Bu proses xaricilərə konsessiyalar (konsessiya-ölkədə sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün müəyyən şərtlərlə, ayrı-ayrı şəxslərin və ya şirkətlərin müqafiq dövlətlə bağladıqları müqavilə) verilməsi və İranın xaricdən borclar alması şəklində baş verirdi.xx əsrin əvvəllərində İran müstəqilliyini xeyli dərəcədə itirmişdi. Xarici kapitalın mövqeyinin möhkəmlənməsi və İranın asılı vəziyyətə düşməsi, feodal münasibətləri və şahlığın mühafizə edilib saxlanması xalqın vəziyyətinin pisləşməsinə səbəb olmuşdu.

Ölkənin ağır vəziyyəti ehtiyyac içində boğulan əhalini mövcud rejimə qarşı ayağa qaldırmışdı. 1905-ci ilin dekabrında ali ruhanilərin çağırışı ilə beş mindən artıq nümayişçi Tehranın cənubundakı Şah Əbdüləzim məscidində bəstdə oturdular. Mütləqiyyət bəstçilər qarşısında güzəştə getməyə və onları bir sıra tələblərini qəbul etməyə məcbur oldu. 1906-cı ilin yanvarında tələblərin bir neçəsi qəbul olundu. Bəstdə oturanlar evlərinə qayıtdılar. 1906-cı ilin avqustunda şahın konstitusiya haqqında fərmanı dərc edildi. Sentyabrda Məclisə seçkilər haqqında Əsasnamə imzalandı. 1906-cı ilin oktyabr-noyabr aylarında Məclisə seçkilər keçirildi. Deputatlar, əsasən, feodal aristokratiyası, iri tacirlər, orta burjuaziya, ruhanilər, mülkədarlar, nüfuzlu məmurlar və sənətkarların yuxarı təbəqəsini təmsil edirdilər. 1906-cı ilin dekabrında Müzəfərəddin şah konstitusiyasının birinci hissəsini təsdiq etdi. 1907-ci ilin yanvarında vəfat etmiş Müzəfərəddin şahın oğlu Məhəmmədəli taxt-taca sahib oldu. O, 1907-ci ilin oktyabrında “Əsas qanuna əlavələr” adı altında konstitusiyanın ikinci hissəsini təsdiq edi. Konstitusiyaya görə şah hakimiyyəti məhdudlaşdırılır, Məclisə qanunları, ölkəsinin büdcəsini təsdiq etmək və ona nəzarəti həyata keçirmək hüququ verilirdi. Məclisin razılığı olmadan hökumət xarici ölkələrlə müqavilə və sazişlər bağlaya bilməzdi. Konstitusiyada vətəndaşların qanun qarşısında bərabərliyi, şəxsiyyət və mülkiyyət toxunulmazlığı kimi liberal prinsiplər, söz, mətbuat, yığıncaq azadlığı elan edilirdi. Əsas qanunun qəbul edilməsi ilə inqilabın birinci mərhələsi başa çatdırıldı.

Rusiya və İngiltərənin köməyinə arxalanan şah 1908-ci ilin iyununda Tehranda hərbi vəziyyət elan etdi. Tehrandakı əksinqilabi çevrilişdən sonra Təbriz şəhəri 1908-1909-cu illərdə İran inqilabının alınmaz qalasına çevrildi. 1909-cu ilin iyulunda Gilan fədailəri Tehrana daxil oldular. Vəziyyətin çıxılmazlığını görən şah Rusiyanın Tehrandakı səfirliyinə sığınacaq tapdı. 1909-cu ilin noyabrında ikinci Məclisin ilk iclası keçirildi. İkinci Məclis birincisindən daha demokratik idi. Məclisdə aşağı təbəqələrin də təmsilçiləri vardı. Müdaxiləçilərin köməyindən istifadə edən şah tərəfdarları 1911-ci ilin dekabrında yenidən əksinqilabi çevriliş etdilər. Şah hakimiyyəti bərpa edildi. Beləliklə, İranda antifeodal xalq inqilabını boğa bildilər. Bu inqilabın məğlub olmasının əsas səbəbləri hərəkatda bütün xalq kütlələrinin birgə hərəkət etməməsi, rəhbərliyin zəifliyi, əhalinin inqilabi mübarizə təcrübəsinin olmaması, Rusiya və İngiltərənin hərbi müdaxiləsi idi. İnqilab xalqın oyanmasına kömək etdi, onun istibdada qarşı mübarizə aparmaq əzmidə olduğunu göstərdi.

0 şərh