Tərəzi bürcünün xarakteri

Tərəzi bürcü Zodiakın cansız əşyaya həsr edilmiş yeganə işarəsidir. Payızın gəlməsiylə bərqərar olan bu bürc iki fəslin ab-havasını özündə cəmləşdirib. Belə ki, həm yayın qızmarlığı, həm də payızın soyuq təbiəti məhz «Tərəzi»lərin qismətinə düşüb. Elə bu səbəbdən də qədim misirlilər bu bürcü «gündüzü gecə ilə, əməyi istirahətlə tarazlayan» adlandırırdılar. Babil münəccimləri isə belə hesab edirdilər ki, bu işarə altında dünyaya gələnlər qətiyyətsiz və dəyişkən adamlardır. Bir-birini inkar edən bu məlumatlar «Tərəzi»lərin konkret xarakterini təyin etməkdə çətinlik yaradır. Amma hər halda bəhs etdiyimiz qrupa aid olan insanlar haqqında bizim də özəl baxışlarımız var…
Haqqında yazdığımız bürcün gəlişi təbiətdə olduğu kimi ictimai-siyasi hadisələrin axarında, elm və texnika sahəsində, eləcə də insanların həyatında mühüm əhəmiyyət kəsb edir. Bir qayda olaraq Tərəzi bürcünün əhatə etdiyi dövr məmləkətimiz üçün nisbətən düşərli olur.
Tərəzi bürcü səmada 534 kvadrat dərəcəlik sahəni tutur. Onun tərkibinə adi gözlə görünən 50 ulduz daxildir. «Tərəzi»də parlaq ulduz yoxdur. Amma onu himayə edən Venera («Dan ulduzu») Ay və Günəşdən sonra Yerdən görünən ən parlaq planetdir. Qədim romalılar tərəfindən məhəbbət, gözəllik və izdivac ilahəsi Veneranın şərəfinə adlandırılan bu planet təkcə «Tərəzi»ni deyil, həmçinin Buğa bürcünü də idarə edir. Onun radiusu 6050 km, elementi hava, tərkibi istilik, xarakteri isə hakimiyyətlilikdir.
tərəzi bürcü, libra
Bu Zodiak işarəsi zəif və incə bədənləri, hiyləgər və qalın sifətləri, düz burunları, mavi, bəzən də qara-qonur gözləri, kəhrəba və ya şabalıdı saçları ilə digər bürclərdən seçilirlər.
Tərəzi bürcündən olanlar təzadlı xarakterə malik olduqları üçün onları anlamaq çətinlik yaradır. Orta əsrlərdə belələrini "ən etibarsız adam" adlandıran Fransız münəccimləri onlara tapşırıq və ya sirr verməkdən ehtiyat edirdilər. Lakin həmin dövr əsrlərin arxasında qaldığı üçün, biz bu bürcə müasir nəzərlərlə baxmağa çalışacağıq.
«Tərəzi»lər nadir hallarda özlərindən çıxır və demək olar ki, əsəbiləşərkən ümumiyyətlə, hay-küy, dava-dalaş qaldırmırlar. Amma adi bir sözlə münaqişə yaratmaqda da qabiliyyətlidirlər. Onlar hər şeydə sərbəstliyi sevir, başqalarının təklif və məsləhətlərini qulaqardına vururlar. Buna baxmayaraq əgər onlar bu üsulu başqaları üzərində tətbiq etsələr, ömürləri boyu təhlükəli məqamlar yaşayırlar.

«Tərəzi»lər 25 yaşdan sonra böyük iddialarla yaşayır, az qala hamını özlərinə xidmət etməyə çağırırlar. Həmin ərəfədə onlara «yox» deyənlər asanlıqla düşmənə çevrilirlər. İnadkarlıq etdikdə onların öhdəsindən gəlmək çox çətin olur.
Belələri sərbəst fikir irəli sürmək, müstəqil hərəkət etmək istedadına nadir hallarda yiyələnirlər. «Tərəzi»lər təsir altına başqalarından daha tez düşürlər. Bu bürcün kişiləri qadınlarına nisbətən qaşqabaqlı deyil, zarafatcıl və deyib-gülməyi sevən olurlar.
Deyilənə görə, bu bürcdən olanların əksəriyyəti hamıdan yaxşı yalan danışa və rəhbərliyə yaltaqlana bilir. Bu, onların əsl peşəsidir. Bu işarəyə mənsub qadınlar ciblərində qəpik-quruş olanda belə, məsələn, «Komfort» mebel salonundan bahalı avadanlıq almaq, «Cip»də gəzmək, xarici səyahətlərə çıxmaq və daş-qaşlar almaq xəyalına dalırlar. Kişi-Tərəzilər zahiri görünüşdən həddindən artıq cazibədar, ehtiraslı görünürlər.
Məhəbbət sahəsində «Tərəzi»lər etika qaydalara əməl etməyi unutmur. Onlar hər şeyi sakit, konfliktsiz həll etməyi xoşlayırlar. Bu Zodiak işarəsi öz tərəf-müqabillərində ciddiliyi üstün tuturlar. Əvvəlcə onunla dostluq münasibətləri saxlayır, planetlər öz yerlərini dəyişəndə isə bu dostluq gözlənilmədən məhəbbətə çevrilir. Bu adamlarla əlaqələrinizin uzun müddət davam etməsini, möhkəm olmasını istəyirsinizsə, baxışlarınız mütləq üst-üstə düşməlidir. Yoxsa «Tərəzi»lərlə sizinki tutmayacaq.

Bu adamlar məhəbbət magiyasının ən gözəl biliciləridir və bundan məharətlə istifadə edirlər. Lakin başqalarının məhəbbət oyunları üçün onlar praktiki olaraq sarsılmazdır. Tərəzi bürclülər tez-tez şər qüvvələrin hücumuna məruz qalırlar. Onlara müxtəlif dini ayin və mərasimlərdə iştirak etmək məsləhət görülmür. Əks təqdirdə böyük fəlakət və xəstəliklərlə üzləşə bilərlər. Başqa bürclərə təhlükə törədə bilən şeylər «Tərəzi»lərə böyük uğurlar gətirə bilər. Məsələn, opal daşı onlara çox faydalıdır. Əgər istəsələr, belələri fövqəltəbii sirlərə malik olar, xüsusən də müalicə sahəsində böyük uğurlar qazanarlar. Maraqlı orasıdır ki, Tərəzi bürcünə aid insanların əksəriyyəti fövqəltəbii elmlərlə məşğul olurlar.
Karmik astrologiyaya görə, «Tərəzi» ali sintezi təcəssüm etdirir. Onların əsas problemi — insan həyatının müxtəlif sferalarını əhatə edən harmoniya axtarışıdır. Bu adamlar vəziyyəti tez başa düşməyi, reallığa uyğunlaşmağı və tanış olmayanlara ümumi qiymət verməyi bacarırlar. «Tərəzi»lər üçün informasiyanın ünvanı və mənbəyi maraqsızdır. Çünki onlar intellektual, aktiv və məntiqli bir fərddir. Buna baxmayaraq, heç bir halda emosional deyillər, soyuqluğu belə açıq-aşkar nümayiş etdirirlər. Onların daxilən can atdığı şey — hər zaman ədalətli hakim yerini tumaqdır ki, bu hakim də öz nöbəsində məsələyə hərtərəfli yanaşaraq ədalətli qərar çıxarır. Ali-Tərəzi həyata bir neçə prizmadan yanaşır. O, tez-tez qəti qərar qəbul etməkdə, müəyyən qədər şüurlu qəddarlıq göstərməkdə çətinlik çəkir, həmişə müxalifinin nəzərləri ilə ətrafa baxa bilir. Ümumiyyətlə, «Tərəzi» istənilən şeyə istənilən nöqtədən baxmağı bacarır. Bu şəxslər istənilən ideologiyanın üstündə durub onu müdafiə etməyə meyllidirlər, bir şərtlə ki, onun düzgünlüyünə tam əmin olsunlar. Fərdi etikaya malik olduqlarından vəziyyəti nəzərə alırlar. Ali-Tərəzi güman ki, ən məsuliyyətli bürcdür. Onların kosmik sevgisi yaratdıqları və ətrafa bağışladıqları harmoniyada ifadə olunur. 
Əgər övladınız bu bürcün himayəsində doğulubsa, ciddi sınaq qarşısında qalacaqsınız. Hər an sizi həm müsbət, həm də mənfi mənada sürprizlər gözləyir. Valideyn kimi bilməlisiniz ki, bu bürcdən olan uşağınızın gələcək taleyi birbaşa sizin tərbiyyələndirməyinizdən asılı olacaq. Çünki yuxarıda qeyd etdiyimiz kimi, bu adamlar təsir altına tez düşürlər və hər şey ağıllarına batır. Hələ uşaqlıqdan yaddaşları möhkəm olan «Tərəzi»lər müxtəlif dövrlərdə baş verən hadisələri bütün təfərrüratıyla yadda saxlaya bilirlər. Valideyn kimi onu da unutmayın ki, belə uşaqların gözündən heç nə yayınmır. Əgər övladınızın gələcəyini xoşbəxt görmək istəyirsinizsə, məsləhətlərimizə qulaq asın.

İstər cəmiyyətdə, istərsə də ictimai proseslərdə fəaliyyət göstərən «Tərəzi»lər tez məşhurlaşsalar da, nadir hallarda liderə çevrilirlər. Bu isə onların özlərinə inamsızlıqlarından irəli gəlir. Bu adamlar həmişə kənardan kiminsə kömək edəcəyini düşünürlər. Onların qəlbində daima narahatlıq və nisgil olur ki, bu da ömürlərinin sonuna qədər davam edir. Duyğu və hisslərin qarşılıqlı münasibətlərində «Tərəzi»ləri başa düşmək olduqca çətindir. Bu adamlar öz qabiliyyət və bacarıqlarından heç vaxt razı olmurlar.
Müasir dünya münəccimlərinin fikrincə, Tərəzi bürcünə şamil edilən adamların çoxlu sayda düşmənləri olur. Bu səbəbdən də onların həyatı daima təhlükəyə məruz qalır. Belələri əksər hallarda sui-qəsdlərin qurbanı olurlar. Amma gözəl intuisiya, səmimi dostlar, səliqə-sahman, ciddi xarakter, yaradıcılıq eşqi və başqa müsbət keyfiyyətlər də məhz bu bürcə şamil edilir. Yüksək incəsənət duyumu, artistlik qabiliyyəti olan «Tərəzi»ləri bu sahələrdə şöhrət və varlanmaq gözləyir.
Müasir dünya münəccimləri bu bürc haqqında konkret olaraq xarakteristika da veriblər.
Müsbət keyfiyyətləri: mülayim, ictimai, cəzbedici, yüksək zövqlü, səbrli, «zəif yeri» tez tutan, qiymətləndirməyi bacaran, taktikalı, eleqant…
Mənfi keyfiyyətləri: qərar çıxara bilməyən, çətin situasiyalarda özünü itirən, təklikdən qorxan, boş şeydən hay-küy qaldıran, təzadlı fikir söyləyən, ovqatı asanlıqla təlx edən…

Məşhur «Tərəzi»lər: S.S.Axundov, Səmədbəy Mehmandarov, Şövkət Ələkbərova, Cahangir Zülfüqarov, Azad Mirzəcanzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, Əminə Yusifqızı, Ќüsrət Kəsəmənli, Hamlet Qurbanov, Hüseyn Seyidzadə, Həsən Həsənov, Eldar Həsənov, Rövşən Cavadov, Cavan Zeynallı, Zülfiyyə Xanbabayeva və b.
Müəllif: Səbuhi Rəhimli
Həmçinin bax: Tərəzi (24 sentyabr — 23 oktyabr) Tərəzilərin xarakteri və xasiyyəti
 

6 şərh

Tomris
Ümid edirəm ki,Tərəzilər üçün maraqlı olacaq.
2ral
Belə yazıya həm də maraqlı şəkil lazımdır. Şəkili əlavə etdim.
Yucin
Dolça bürcüdə cansız əşyaya həsr edilib.
Tomris
Əslində bürcün adı Sutökəndir.Ona görə də əslində yalnız Tərəzi bürcünün adı cansız əşyanın adından götürülüb.
girl_moon

Oxumaq maraqlı oldu.  Fransız münəccimləri bir zamanlar  tərəziləri sirr saxlamağı bacarmaqda etibarsız hesab etməsinə baxmayaraq, mən özümü bu baxımdan etibarlı sayıram:)


Təşəkkürlər.

Alik_1989
Bu barədə mən də razı deyiləm. İndiyə qədər bəlkə də yüzdən çox sirr daşıyıram içimdə. Bu qədər sirri bilməyim arada məni də narahat edir amma əsla kimsəyə danışmaram. Fransızlar bu məqamda bir az ağını çıxarıblar))