kayzen.az saytının qaydaları


kayzen.az qadın mətbəxi deyil. Qeybət, dedi-qodu, flud, offtop, fleym qəti qadağandır. Başqasının şəxsi fotoşəklini müzakirə etmək, onun xarici görkəmini təhqir etmək olmaz.

kayzen.az saytı məhlə cayıllarının söyüşdüyü,söhbət xırdaladığı yer deyil.Kiminsə reytinqə görə şikayəti,başqa bir istifadəçiyə qarşı iradı varsa,şəxsi ismarıc yazsın.

kayzen.az acı bağırsaq deyil. Bir fikrin ucundan tutub ucuzluğa getmək, mənasız mübahisələr etmək olmaz. Açılmış mövzuya fikrini bildir,müzakirə apar,yeni nəsə öyrən və öyrət. Başqa istifadəçilərə maraqlı olmayan yersiz disputları başqa saytlarda edin.

kayzen.az kopipastxana deyil. Bəzən kontenti zənginləşdirmək üçün və ya nadir informasiyanı yerləşdirmək üçün copy-paste etmək lazım gəlsə də,başqa saytlardan xəbərin surətini çıxarıb yeni mövzu kimi bu resursda yerləşdirməyə icazə verilmir.

kayzen.az düşük çat deyil. Gülmək yaxşı şeydir. Yumoru da qiymətləndiririk. Amma səfeh zarafatları, şit şeyləri yerləşdirmək lazım deyil.

kayzen.az podium deyil.Hər kəs özünü yaxşı tərəfdən göstərməyə çalışmalıdır; amma özünü,avtomobilini, ailəsini,işlədiyi yeri reklam etmək üçün başqa yerdə bloq açmaq məsləhətdir.

kayzen.az klonlar üçün məkan deyil. Bir nik (nickname,istifadəçi adı) altında çıxış etmək lazımdır. Bir adamın 5 adda qeydiyyatdan keçməsi bizdən çox ona ziyandır. Həmin adamda şəxsiyyətin ikiləşməsi və s. psixoloji problemlər yarana bilər.

kayzen.az saytı Çinin "Abibas" fabriki deyil deyil. Saxtalıqdan, poddelkadan xoşumuz gəlmir. Odur ki, tanınmış bir adamın adı altında qeydiyyatdan keçmək, prestijli firma yaxud dövlət idarəsində işlədiyini iddia etmək, başqasının adından sui-istifadə etmək qadağandır. Olduğun kimi görün,göründüyün kimi ol!

kayzen.az saytı rüşvətxor gömrük məntəqəsi-zad deyil. Saytın hər bir qeydiyyatdan keçmiş üzvünə böyük hörmət göstərilir. Onların hər bir təklifinə sayqı ilə yanaşılır. Amma sayt administrasiyasına və ya başqa istifadəçiyə digər istifadəçinin reytinqini süni qaldırmaq, kimisə mükafatlandırmaq üçün müraciət etmək,filankəsə minus vermə,o yaxçı oğlandı yaxud biz yerliyik,bir-birimizə dəstək olaq kimi provokasiyalar etmək qadağandır. Hərəyə özünə görə qiymət verilir!

kayzen.az saytında silinmiş şərh pozulubsa,onu yenidən yazmağa ehtiyac yoxdur. Şərhin silinməyinin özü bir xəbərdarlıqdır. Arifə bir işarə bəsdir.

kayzen.az səviyyəsiz məktəb saytı deyil. Burada translitlə yazmaq qadağandır. ə əvəzinə e,ü əvəzinə u,ğ əvəzinə g,ç əvəzinə ch,ş əvəzinə sh,ö əvəzinə g yazmaq olmaz. Alt+Shift basıb klaviatura düzümünü dəyişdirmək yaxud Azərbaycan dilində yazmaq üçün hərflərin yerini öyrənməyə çox da vaxt lazım deyil. Translitlə yazılanların reytinqi aşağı düşür. Dilimizə hörmət olunsun!

kayzen.az adi Aznet forumu deyil.Bütün hərfləri qalın,kursivlə,BÖYÜK HƏRFLƏRLƏ,TuLlAnAn HəRfLəRlƏ yazmaq olmaz.

kayzen.az bayram məclisi deyil. Kiminsə ad günü,toyu,nişanı,yası, qaynatasının xalası oğlunun baldızının eltisinin işə düzəlməyi münasibətilə reytinq vermək olmaz.

Kayzen.az saytında qaydalara düzəlişlər


Mikrobloq
Dalbadal 4 mikropost (status) yazmaq olmaz
Mikrobloqda  dalbadal iki videolu yaxud fotolu mikrotopik paylaşmaq olmaz.
Mikrobloqda sadəcə videonu yerləşdirmək (sözlərlə izah olmadan) olmaz. Maraqlı videonu paylaşmaq üçün videonun keçidini qoymaq mümkündür.

Qalereya
Albomda 8-dən az şəkil paylaşmaq olmaz.
Albomda üzərində başqa saytın vatermark (su nişanı,emblem,loqo) işarəsi olan şəkilləri yerləşdirmək olmaz.

Topiklər (məqalələr)
Məqalənin adında :)), :), xD kimi emotikonlar, ???,!!!!!!, ..... kimi çox durğu işarələrindən istifadə etmək olmaz.
Teqlərdə tərkibində 3-dən artıq söz olan birləşmələri yazmaq olmaz.

Şəxsi məktub
Mənasız tanışlıq məqsədilə (xüsusilə də xanım istifadəçilərə qarşı) şəxsi məktub yazmaq olmaz. 
Məktuba cavab yazmaq üçün hər dəfə yeni başlıqlı məktub yazmağa gərək yoxdur. Sadəcə elə həmin məktubun içində yazışmaq yetərlidir.