erix
Reytinq
+0.40
Güc
0.00

erix

Ərini gözləyən qadın

Sevib ailə qurmuşdular, saatlarla sevişib, bir — birindən ayrı qala bilməyən cütlüklərdən idilər. Sonra necəsə oldu, o, getdi və qadın  pəncərə önündə dayanıb ərini gözləməyə başladı. 
Bayırda möhkəm payız yağışı yağırdı. Mətbəxdə boş masanın üzərində, gözünü bir nöqtəyə zilləyib şəhadət barmağı ilə rəsm çəkirmiş kimi, ehmalca gəzdirdi.
Buruq tünd qəhvəyi uzun saçları xalatının yarıaçıq qalmış yaxasından döşlərinin üstünə tökülmüşdü.  Yumru hamar üzü, şabalıdı iri gözləri, yetişmiş xurmanı xatırladan dodaqları vardı. Bədən quruluşunun iriliyindən amazon qadınlarını xatırladırdı. Gözünü qırpanda kipriklərinin bir birinə toxunması isə zərifliyindən, həssaslığından xəbər verirdi.
  
Pıçıltı ilə eşidilən  yağışın səsi, soba üzərində asta — asta qaynayan çaydanın səsinə qarışmırdı. Sanki eyni vaxtda iki ayrı mahnı oxunurdu.  
Uşaqlar yataq otağında analarının iç dünyasından xəbərsiz, adəti üzrə növbə ilə oxuduqları  nağıl aləminə qərq olub şirin yuxuya getmişdilər.
 
Qadın masanın üzərində özündən başqa bir kimsənin görə bilməyəcəyi  rəsmi çəkirdi. Saymamışdı, bununla neçənci kişi idi ki, qapını açıb evə daxil olurdu. Onların hər biri, bir birindən fərqli adamlar olsalar da, bir nəfər kimi  keçib masanın başında oturub elə hey danışırdılar. İşlətdikləri sözlərin əksəriyyətində sualdan əsər əlamət olmayan əmr cümlələri  idi. 
 
Qadının gözləri hələ də yol çəkirdi, yenicə böyük ümidlə gəlmiş cağırılmamış qonaq  ayağa durub qadının saçlarını oxşadı, ətrini ciyərinə çəkib  dodaqlarından öpməyə çalışdı. Qarşılıqlıq  görməyən kişi ağzı köpüklənə — köpüklənə danışıb pərt olmağını, qızarıb, pörtmüş sifətini gizlətməyə çalışdı. Qadın isə yağan yağışın və çaydanın səsindən başqa heç nə eşitmirdi, əli ilə təxəyyülündəki rəsmi çəkməyə davam edirdi. Bu rəsm artıq neçə illərdi  gözlədiyi həyat yoldaşının rəsmi idi. 
Yorulduğunu, havası çatmadığını hiss etdi, pəncərəni açıb başını bayıra çıxartdı, yağış damcıları qadının üzündən sinəsinə qədər axdı, bir neçə yağış damcısı da çəkdiyi rəsmin üzərinə düşdü. 
Ərindən ona yalnız iki övladı qalmışdı, bir qız, bir oğlan. Bu  evi də onlara xeyli kirayədə yaşadıqlarından  sonra qadının atası  hədiyyə etmişdi. O adnan ki, təki qızına yaxşı olsun, nəvələri yad qapılarda böyüməsin.
Bezmişdi özünü günahlandırmaqdan, səhv axtarmaqdan.
— Bəlkə sadəcə çox sevmişdim, bu idi səbəb... 
 
Ardı — arası kəsilməyən sual cavabdan başa düşürdü ki, ərini uşaqlardan çox sevir. Kiməsə deməyə, bölüşməyə utansa da açıq şəkildə bunu özü öz boynuna alırdı. Uşaqlarının  onu xatırladacaq hər hansı hərəkətini,  xasiyyətinə uyğun davranışını görəndə qadın bir anlıq zamanı durdurmaq istəyirdi. Uşaqlar analarının birdən birə nə səbəbdən onları qucaqlayıb qəhərlənməsini başa düşmürdülər, susub mat — mat bir birilərinə baxırdılar.  Atalarını soruşmağa gəldikdə isə: 
— Sizin üçün çoxlu oyuncaq ala bilməsi üçün uzaqlara, məzuniyyətə gedib. — deyə bildirmişdi. 
  
Gözdən salmaq, onların 5-6 yaşlı düşüncəsini zədələmək istəmirdi. Uşaqlar  əvvəl bu xəbərə sevinsələr də çox keçmədən analarına yaxınlaşıb: 
— Atamıza denən gəlsin, daha oyuncaq istəmirik. — demişdilər. 
 
O gedəndən qadın hamıya acıqlı olmuşdu, ən çox da anasının 40 — ı çıxmamış evlənən atasına tökürdü hirsini. Ögey anası dəfələrlə təklif eləsə də: 
— Uşaqları gətir qoy bizə, sən get gəz, dolaş — xeyri olmamışdı. «Cavansan, həyatın hələ qarşıdadır!» — deyəndə, daha da coşub özündən çıxırdı.  
 
Qadın çevrilib çəkdiyi  rəsmə baxdı,  yaş ovucunu  masanın üstünü silirmiş kimi gəzdirib yenidən əlini yağışın altına tutdu. Gözlərini yumub ovucuna toxunan yağış damcılarını hiss etməyə çalışdı. Qarışmış rənglər barmaqlarından suzulub tamamilə yuyulana qədər gözlərini açmadı. Sonra islanmış saçlarını arxaya yığıb, yenidən, masanın üstünə baxdı; ərinin rəsmi pozulmuşdu.
 
Danışdıqlarına fikir verilmədiyini başa düşən qonaq, çıxıb getdi. Qapının çırpıldığını eşitdikdə, qadın, dərindən köks çəkib başını buladı, geyri ixtiyarı onu gülmək tutdu, keçib bayır qapını kilidləyəndə dəhlizdəki güzgüdə özünü görüb diqqətlə gözlərinin içinə baxdı, hönkürüb ağlamaq istədiyini hiss eləsə də bir anlıq daxilində özü ilə mübarizə apardı;  ağlı bədənini bu şəkildə görmək istəmirdi. Əlini dişlərinə sıxdı ki, səsi möhkəm çıxmasın... 
 
Xəzərin xırda dalğaları üzərində  Bakının sahilini bəzəyən gəmi dayandı. Pəncərədə yanan  yeganə işıqdan elə təəssürat yaranırdı ki, binada, bu qadından başqa kimsə yaşamır. Ağlayıb sakitləşəndən sonra pəncərəni bağlayıb soyuqdan biz-biz olmuş canını sobanın istisində qızındırmaq istədi, dizlərini qucaqlayıb otursa da canı qızmadı.
— Saat 4 oldu,  bu gün də gəlmədi.
  
Göz yaşını silib ayağa durdu, heç nə olmayıbmış kimi yataq otağına keçdi, uşaqlarını qucaqlayıb gözünü yuman kimi dərin yuxuya getdi. 
 
Küçədən arabir maşınlar keçib ümumi səsin ahəngini dəyişirdi, sobanın kənarına qoyulmuş çaydan da qaynayıb mətbəxin aynalarını buxarlandırırdı. Güzgüyə çevrilən aynada damcılar ilk dəfə idi ki, öz əkslərini  görürdülər. Beləcə, bu qadına bənzər küçə və evin sirli səsi, dan yeri sökülənə qədər şəhərin küyünə qarışıb  qeyb oldu. 


müəllif: Ruslan Mollayev

Cəfa

Beli divara tam  dəyməsin deyə, əllərinə söykənib danışırdı.  Başının üstündəki balaca dəmir barmaqlıqdan havanın yavaş-yavaş açıldığı görünürdü. Uzaqdan  əsgərlərin ayaq  səslərinin eşidilməsi səhər düzülüşünün keçirilməsindən xəbər verirdi. 

Gecədən dil boğaza sığmayan kamera yoldaşımın dediklərinə hərdən qulaq asır, hərdən isə bu otaq haqqında düşünürəm. Soyuqdur. Oturmağa, yatmağa yer yoxdur. Səs divarlardan içəri  girsə də, deyilənə görə, çölə çıxmır.  Qarşımdakı isə elə hey danışmaqdadır. Heç adını da soruşmamışam. Danışığından belə başa düşürəm ki, ya iblisi  təbliğ edir, ya da hər an çağırılıb aparılacağını bildiyi üçün danışmağın həzzini yaşayır.  

Səmada axan buludlara baxıb Günəşin çıxmasını gözləyirəm. Bu  gün 7 fevral  1993-cü ildir. Çöldə qar yağır. Kölgəm kimi qarşımda duran adamın sualından ayıldım. Soruşdu: 

-Bura əlində dəftər-qələm ilə necə keçmisən?  

-Özlərindən istəmişəm, veriblər, — dedim. Təəccüb edirmiş kimi:  

-Bəxtəvərsən ki. Nə tez də arzunu həyata keçiriblər. Yəqin onların  tanıdığı, bildiyi adam olmusan. Məndən soruşsaydılar ki, nə istəyirsən? Deyərdim, yekə, ətli — canlı, böyük bir  qadın. Qadın gələrdi, mən də girib gizlənərdim  qadının bətnində. Kimdir qadının bətnində axtaran məni?! Xilas olandan sonra da yeni həyat qurub  ömür boyu o qadına ana deyərdim.    

 Sonra əlimdəki qələmi cəld məndən alıb boğazıma dayadı. Hava işıqlandığından gözlərimin içinə baxan tünd qara bəbəklərini aydın görürdüm. Qorxmadığımı görüb qəhqəhə ilə güldü, sonra  qələmin  mürəkkəbini çıxarıb mənə qaytardı. Üstü ilə də divarı üzdən cızmağa başladı.  

O, bir dəfə də olsun soruşmadı ki, nə yazırsan, nə üçün yazırsan və ya nə üstündə düşmüsən bura. Çox güman ki, zənn edirmiş hansısa günahlarımı, etiraflarımı və ya kiməsə sevgimi yazıram. Bəlkə də, bunlar  onun heç vecinə də deyildi. Ayaqqabılarını, corablarını və kitelini çıxarıb səliqə ilə rəsm çəkdiyi divarın solunda qoymuşdu. Boyu təxminən 168 sm olardı. Xırda, arıq əzələlərindən belinə qədər tər axırdı. Saatı dəqiq deyə bilmərəm amma deyəsən, artıq günorta idi və  rəsm çəkməyə başlayandan bir dəfə də olsun dayanıb dərindən nəfəs almamışdı.  Divarda ayaqlarını aralamış, başsız  qadın rəsmi əmələ gəlmişdi. Kamerada biraz da yer olsaydı, kənardan durub baxanda pəncərə qadının başı kimi görünəcəkdi. 

Arabir pəncərəyə sərçələr qonub, bir-iki saniyə bizə baxıb, uçub gedirdilər. O isə əlini saxlamadan elə hey danışırdı: «Səni bilmirəm, mən öyrəşmişdim bu həyata». Üzünü mənə doğru çevirib gözlərimə baxmadan sözü  içində elə boğaraq dedi  ki, dedim bu dəqiqə boğazındakı  damarlar  partlayıb  gözlərindən püskürəcək.

-Ağrıya alışmışam, başa düşürsən?

 Heç bir reaksiya vermədim. Tələsmədən çevrilib qadının ovucuna girmiş mismarın ucunu daha da itiləməyə davam edərək  dedi:   

-Mənim kimi olmaq, narkomanlardan betər olmaqdı. Əlin isti qana ki öyrəşdi, qurtardı. Bu o qədər təkrarlanır ki, bezirsən, daha həzz ala bilmirsən. Fiziki, mənəvi ağrı belə sənə təsir etmir.  Aydın  şəkildə anlayırsan ki, lənətlənmisən. 

Sonra o, bəlkə də, bilərəkdən həvəslə törətdiyi cinayətlərdən, necə ilk dəfə qatil olduğundan, gördüyü işin fəlsəfəsindən danışdı.  Hər cinayətdə də özünə elə haqq qazandırırdı ki,  elə bil günah həmişə üçüncü, dördüncü şəxsdə olub. Əvvəlki məhkumluğunda,  dediyinə görə, məhkəmədən tutmuş azadlığa buraxılan günə kimi heç kimlə kəlmə belə kəsməyib. İndi isə bilirdi sonudu, yəqin o  səbəbdəndir  danışırdı. Danışdıqca da üz cizgiləri sanki hər an dəyişirdi. Odur ki, dəqiq necə göründüyü yadımda olsa belə, qeyd edə bilmirəm. Qara adam deyildi. Dərisi  ağ, saçları qara — boz qarışıqdı. Sol əlinin baş barmağı əyri, yaşı 42 — 45  olardı.

Hava qaralmağa doğru  gedir, narahat olmağa başlayıram. Burada kiminləsə deyil, elə tək-tənha  15 dəqiqə otursan geniş bir məqalə yazmaq olar. O ki qaldı, adını belə soruşmaq istəmədiyin  adamla iki gün bağlı kamerada olasan. Heç gəlib maraqlanmırlar da, sağsan, necəsən,  bəlkə elə vurub öldürüb məni burda. Gileylənməyə başlamışdım ki, bu məqamda qapının balaca pəncərəsi açılıdı. Başımı tez əyib  nəzarətçidən həbsxana rəisini soruşdum:

— Seyid mənim dalımca gəlmir? Gəlməli idi axı. 

Həbsxana rəisini hamı bir nəfər kimi seyid deyə çağırırdı. Ona adi məhkumdan tutmuş nəzarətçisinə kimi hamı hörmət edirdi. Bu Stokholm sindromu deyildi, həqiqətən, özü qazanmışdı bu sevgini. Nəzarətçi istehza  ilə gülüb: «Rəisin işi gücü qurtarıb sənin dalınca gələcək?!» -dedi. Bədənimə qəribə istilik gəldi, özümü cilovlayıb dedim:

-Axı biz danışmışdıq  ki, bir — iki saat bu kamerada oturacam, sonra o tapşırıq verəcək, məni azad edəcəklər. Artıq ikinci gündür ki, burdayam.

 Nəzarətçi yanındakı yemək daşıyan məhkuma göz vurub: «Ağlı gedib ha bunun da.  Sənin kimi, bilirsən, nə qədər nağıl uyduran  var?  Hər deyilənə inansaq, onda gərək əksəriyyətini açıb buraxaq burdan», — deyib pəncərəni bağladı.   Qapını nə qədər döydüm, qışqırıb çağırdım, xeyri olmadı.  Kamera yoldaşım elə bil, heç nə olmayıbmış kimi  divarda rəsm çəkməyə davam edirdi. Hiss elədim ki, ayaqlarım bədənimi saxlaya bilmir və birdən başımdan küt ağrı qopdu.  Ayılanda otaqda tək olduğumu gördüm. Ayağa qalxıb qapıya sarı getmək istədim, qalxa bilməyib oturdum. Başımda hələ də ağrı vardı. Otaq yavaş-yavaş qaralırdı. Divarda çəkilən qadının ayaqları arasında qan ləkəsi vardı. Sanki kamera yoldaşım arzusuna çatmışdı. Çəkdiyi rəsmin içinə, qadının bətninə girib qeyb olmuşdu...

 

Peşəsinə ləyaqətlə yanaşan  İnsanlar  üçün.

 müəllif Ruslan Mollayev    8 dekabr 2015 ci il 

Salxım söyüd | Ruslan Mollayev


Cibindən filtersiz siqaret qutusunu çıxardıb əzilmiş siqareti düzəldib, kibritlə yandırdı.

Dan yeri yenicə sökülürdü, çoban bəndin üstü ilə qoyunları aparırdı.

Kür qırağındakı yosunlar axar su kimi susqun idi. Qayığın zəncirini açmadan çəpləri yerinə keçirdikdən sonra qayıqda oturub çayın sahilə dəyməyinə tamaşa edirdi.

Arıq, sısqa bədəni, günun istisindən kömürə dönmüş dərisi, tüksüz üzü vardı.

Siqareti aram-aram çəkməsindən hiss olunurdu ki, hələ də yuxudan tam ayılmayıb. Birdən qayıq möhkəm silkələndi. Bərk diksindiyindən siqaret əlindən çaya düşdü və dönüb tərs-tərs sahilə baxdı :

— Elton, bu sənsən? Atan rəhmətlik, nə olub nə xəbərdi?! Yeri get burdan! Səhərin gözü açılmamış bir sən çatmırdın.

Elton əli ilə Кürün o biri tayını göstərdi.

Оnun 32 yaşı olardı. Çox vaxt ayağında arxası kəsik qaloş, əynində dona bənzər boz şalvar və onu daha da kök göstərən boynu genişlənmiş ağ köynək olurdu.

Üz çizgiləri, köklüyü və ətə dolmuş döşlərinə görə onu qadına da bənzətmək olardı; yumru üzü, ucu şiş burnu, nazik qaşlari vardı.

Onu hər yay tətili vaxtı kəndə gedəndə görürdüm. Аnadangəlmə çatışmazlığı vardı.

Atası deyəsən ayrılıb getmişdi, anası qadın həkimi, qardaşı isə fizika müəllimi idi.

Evləri çox vaxt adamla dolu olаrdı. Elton özü isə bütün günü küçələrdəydi, hara gedirdiksə, qarşımıza çıxırdı.

...Evdə dolanışıqları pis olmasa da, kənddə toy, yas olanda Elton üçün böyük bayram olurdu. Yekə qazanlarda bişən yeməklərin dadı-ləzzəti onun üçün başqa kef idi, həm də camaat arasında olmağı xoşlayırdı.  Məclislərdə istədiyi yerda keçib oturur, hamı onu tanıyır və heç kim də  xətrinə dəymirdi. Uşaqlar ona yaxın durmaqdan qorxsalar da, yeniyetmə yaşına çatanlar hərdən ona söz atıb zarafat eləyirdilər və bu, onun özünün də xoşuna gəlirdi.

Əvəllər  mənə də çox qorxulu və vahiməli görünürdü, sonralarsa, hər kəndə gedəndə onu görüb dindirməsəydim, narahat olurdum.

Çox az söz bilirdi. Fikirlərini aydın şəkildə izah edə bilməsə də, onu birtəhər başa düşməyə çalışırdıq.

Üzündə qəribə nur vardı, bəlkə, elə buna görə də insanlar ondan uzaq gəzmirdilər, əksinə, ona yaxın olmağa çalışırdılar. Kefinə düşəndə oturduğu yerdən durub, heç kimə fikir vermədən çıxıb gedirdi.

Kəndin atributuna çevrilmişdi Elton. Ən sevdiyi və əsas olduğu yer kəndin uşaq baxçası idi. Biz kənd uşaqları ilə dava-dava oynayırdıq, o isə səs-küymüzə fikir vemədən saatlarla baxça uşaqların oynamağına tamaşa edirdi.

İldən-ilə saçı ağarırdı, amma üzündə bir dənə də olsun qırış yaranmamışdı. Düşünürdüm, yəqin dərdsiz olduğuna görə üzü qırışmır, axı ruhi xəstənin nə dərdi olacaq?

Qayıqçı:

— Elton, siftə eləməmişəm. Оtur burda, qoy gələn olsun, onunla birlikdə keçirdərəm. Bir də məni elə diksindirmə, az qala düşmüşdüm çaya, üzə də bilmirəm. Sən də ki maşallah, bilirəm hə, məni həmən dəqiqə çıxardacaqdın.

Elton zənciri çəkib qayığa mindi, qayığı tez-tez yırğalamağa başladı, qayıqçı tez özünü sahilə tulladı:

— Sənin başına hava gəlib? Əlini dizinə vurub deyinməyə başladı.

``Buna bax da səhər-səhər işə düşmədik?! Oynamağa yer tapmamısan? İndicə çörüləcəksən, başına dönüm, gəl düş aşağı. Sən cəhənnəm, kənd camaatı o tay-bu tay keçə bilməyəcək.

Elton yellənə-yellənə uşaq kimi gülürdü, əli ilə qayıqçıdan siqaret istəyib qayığın burnunda üzü Kürə oturub ayaqlarını suya salladı.

Qayıqçı asta-asta zənciri dartib qayığın arxa ucunu qumun üstünə çıxartdı:

— Sən Allah asta ol, düşərsən suya.

Elton isə sanki onun sözlərini eşitmirdi, üzünü çevirib bir də siqaret istədi. Qayıqçı asta-asta ortada oturub, çəplərin ucunu içəri qoydu. Sonra da bir siqaret ona, birini də özünə yandırdı.

— Yenə Tatar məhəlləsindəki Məhbubəgilə gedirsən hə? Eşqə düşmüsən bilirəm, düzünü de, harasına vurulmusan?

Elton yarı utancaq, yarı bic-bic qımışdı və ayaqlarını sudа şapıldatmağa başladı.

— Anana de evləndirsin də səni, ay bədbəxt bəlkə, özünə gəldin. Sinənə bax, hamısı yığılıb qalıb orda. Səninləyəm e, eşidirsən? İstəyirsən mən anana deyim, onlara elçi getsin? Siqareti də elə çəkirsən, elə bil özünü indi gəmi kimi hiss edirsən, hə? Оnun üçün məni saymırsan? Allah sənin bəlanı verməsin, yazıqsan. Evlənsəydin mənim də canım qurtarardı pulsuz-parasız səni hərgün o baş-bu başа aparmaqdan. Heç olmasa, bişey-mişey alınır, yoxsa elecə oturub baxırsan? Bilirəm, gözəl qızdı, yiyəsinə qismət, anası ilə tez -tez bu taydakı qəbir üstünə gəlir. Atası deyəsən, talış idi, kəndin ilk şəhidlərindən oldu.

Elton isə yenə reaksiyasız idi. Siqareti çaya atıb, onun suda axmağına diqqətlə tamaşa elədi.

Bəndin üstündə başında ləyən zümzümə eləyə — eləyə bir qarı gəlirdi.

Sonra eşitdim ki, Tatar məhəlləsində Kür çayının yaxınlığında qalan baxça müəlliməsinə vurulub. Hər səhər Kürün o tayına keçib qızın inək sağmasına, çöl-bayır süpürməsinə tamaşa edirmiş. Elton aşiq olandan küçələrdə, yas və toy məclislərində görsənmirdi. Onu yalnız iki ünvanda tapmaq olardı, bəndin üstündə şaxələnən salxım söyüdün altı, bir də uşaq baxçasının həyətində.

Məhbubəgilə bir-iki dəfə elçi gələnləri daşladığından kənd camaatı başa düşmüşdü ki, Elton Məhbubəyə vurulub. Otayda da  kimsə onun xətrinə dəymirdi, hətta Məhbubənin özü də. O, hərdən Eltona əl eləyib, dərdiyi meyvələrdən pay verirdi.

Yeni il ərəfələri idi, eşitdim ki, Məhbubəni qonşu kənddən bir rəssama ərə veriblər. Toy günü Elton da mağaraya gəlib, ağzında pul tutub bəyin qarşısında oynayıb, sonra mağarın düz ortasında oturub hönkür — hönkür ağlayıb. Sonra aşağı kəndin dələduz uşaqları onu mağardan çıxardıb, içizdirib bayırda oynadıblar. Daha sonra dörd-beş nəfər onu maşına otuzdurub harasa aparıblar. Səhər tezdən isə Eltonu lüt halda, palçığın içindən tapıblar...

Məni sarsıdan bu xəbəri eşidəndən bir neçə il sonra kəndə getdim. Elə avtobusdan enən kimi dayanacaqda Eltonu gördüm və buna çox sevindim. Deyirlər, Məhbubə ərə gedəndən bütün günü yollarda gəzir. Düşündüm, yəqin, Məhbubənin yolunu gözləyir.

— Elton, salam, necəsən? Eşitdim möhkəm xəstələnmisən.Tanıdın məni? Kimisə gözləyirsən, yoxsa harasa gedirsən?

Elton əli ilə mənə “get” işarəsi göstərdi. O tamamilə dəyişmişdi. Daha danışmasa da xoş cöhrəsini da əsirgəyirdi… Sifətindəki nuru paylaşmaq istəmirdi.

Kənddə, elə Elton kimi  hər şey dəyişmişdi.  Məscid, evlər, küçələr sanki, balacalaşmış, baxçanın hasar daşları dağılmışdı. Kənd uşaqlarının mübahisə, yoxsa söhbət etdiklərini ayırd etmək olmurdu. Onlar dağılmış daşları arabaya yığıb harasa aparırdılar. Arabada o daşlarla yanaşı mənim xatirələrim də gedirdi… Bəlkə evlərin, küçələrin, baxçanın böyüklüyü, lap elə Eltonun  xoş çöhrəsi də o arabadaydı.

Babamgilin evinə baş çəkməmiş Кür qırağına gedib Dəli Kürlə salamlaşmaq istədim. Salxım söyüd də yerində yox idi!…

Qayıqla bir necə nəfərin o taydan gəldiyini gördüm. Adamlar əllərində çamadan, tələsik düşüb getdilər. Qayıqçı enlikürək, ağbəniz bir oğlandı. O, zənciri dartıb yerə basdırırdı və üzümə baxıb soruşdu:

— О taya keçirsiz?

— Yox. Kəndimiz üçün darıxmışdım, gəldim bu yerləri bir də görüm. O tayda salxım söyüd vardı...

— Hə, bu qış möhkəm külək oldu, gözümün qarşısında kötüyündən çıxıb Кürə düşdü, səsi aləmi götürmüşdü. Aşağı tərəfə getsəz, görərsiz boğazda, sahilə ilişib qalıb.

“Sağ olun”- deyib, çatlamış torpağa baxa-baxa evə doğru getdim.

Qayıqcı:

— Eltonu tanıyırdız?

Ayaq saxlayıb, çevrilib “hə”- dedim.

— İndi, bu dəqiqə keçən adamlar dedilər ki, Eltonu maşın vurub, yazıq yerindəcə keçinib.

Heç nə demədim, qayıqçı iti baxışlarımdan başını aşağı saldı, yəqin nə üçün elə baxdığımı fikirləşdi, əslində, mənim fikrim artıq başqa yerdə idi. Üzümü çevirib asta-asta evə doğru getdim və yol boyu salxım söyüd ağacı haqqında düşündüm.
 25.10.2012

DİVAR


             İki hissədən ibarət olan üzün bir tərəfi digərindən fərqlənir və bu fərq nə qədər çox olursa həmən sima bir o qədər maraqlı görünür.        Macəra sevən Kaff yaxınlarına bir söz demədən günlərlə qeyb olur, insan ayağı dəyməyən yerlərə gedib, müxtəlif qeydlər aparırdı. Hazırda birgə yaşadığı həyat yoldaşı ilə də məhz belə səfərlərin birində tanış olmuşdu.Kaff rəssam idi, çəkəcəyi rəsmin ideyasını ilkin mərhəldə hadisə kimi yazır, daha sonra şüurunda yaranan ümumi görüntünü kətana köçürürdü.Günəşin şüası hovuzdakı suyun üzərinə düşüb bərq vururdu. Evin pəncərələri açıq idi, mavi tül pərdələr bir qədər aralıda dalğalanan dəniz səsinin ahənginə uyğun yellənirdi. Kaff əlini yarıya kimi hovuza salmışdı, suyun altında barmaqlarına baxırdı, həyat yoldaşı isə portağal şirəsi içə-içə ərinin yeni qeydlərini oxuyurdu.                    2+4            Onlar görünüşcə çox sadə, dördbucaqlı bir məkanda yaşayırdılar. Çoxları kimi sevib sevilir, səhər işə gedib, axşam qayıdırdılar. Evləri tam görmək olmurdu, sanki hər yer düz xətdən ibarət idi. Bir gün həmin məkanın mərkəzində hündür divardan ibarət sərhəd yaranır və əhalinin böyük qismi qohum — tanışdan ayrı düşür. Divarı aşmaq qəti qadağan idi. Sərhəddi kim keçmək istəyirdisə Edqard adlı şəxs tərəfindən güllələnirdi. Edqard heç vaxt yatmırdı, evini də düz sərhəddə tikmişdi. Onun hardan və kim tərəfindən göndərildiyi heç kəsə məlum deyildi. Evi sağ tərəfdə tikildiyindən sağlardan sayılırdı, pəncərəsi isə sol tərəfdə yaşayanlara səmt açılırdı.      Divarın yaranmasından iyirmi səkkiz il keçmişdi, bu illər ərzində sol tərəfin sakinləri tam başqalaşmışdılar, çılpaq gəzirdilər. Sağlar pəncərədən sola baxmaq üçün növbəyə yazılırdı, Edqard evinə gələnlərə şərt qoymuşdu; kim baxmaq istəyirdisə əyinindəki geyimindən birin soyunub ona verməli idi.Bir gün sağ tərəf sakinlərinin bir neçəsi əyinlərindəki paltarları çıxardıb çılpaq gəzməyə başladılar. Çılpaqlar qınaq atəşinə tutulsalar da daha sonra lütlər o qədər çoxaldı ki, kimsə onları qınayanda tutub gətirirdilər Edqardın evinə, pəncərədən sol tərəfi göstərib, “diqqətlə bax”, deyirdilər. Həmən şəxs də utandığından tez paltarını soyunub çılpaq olurdu. Hətta elə bir məqam gəlib yetişdi ki, əyinində paltar olana birtəhər baxırdılar. İki ay iyirmi altı gün sonra bu hal tamam adiləşdi, havalar soyudu və sağda yaşayan sakinlərin çoxu xəstələndi. İmuniteti güclü olanlar öz yerlərində qalır, zəif olanlarsa kürə şəkilində olan məkana göndərilirdi.     


***

 Kaffın yoldaşı dəftəri örtüb dilləndi:– Bu yazılar rəsm əsərinin qeydlərindən daha çox  bədii əsərdir, sol və sağ Şərq-Qərbdi, yoxsa?.. – Kaff əlini sudan çıxardıb şəhadət barmağını dodağına dayadı, pıçıltı ilə: davam et. — dedi.          


Qoşa xətt

      Sərhəddi keçmək istəyərək Edqard tərəfindən öldürülən 136 nəfərin portret rəsmi sol ərazisinin sakinləri tərəfindən divarda elə çəkilmişdi ki, elə bil onlar divarın altında qalmışdılar.Dünyaya yeni uşaq gətirmiş qadın dayaz çayın içində, beş daş üzərində uzadılmışdı. Ən böyük daş, başının altına, ovucu boyda, biləklərinin, kərpicə bənzər iki çay daşı isə ayaqlarının altına qoyulmuşdu. Yerli əhali çayın ətrafına yığışıb huşunu itirən qadının ayılmasını gözləyirdi. Sol sakinləri ovuclarına yığdıqları lalə ləçəklərini aramsız çaya səpib, suyun axmasını seyr edirdilər. Ləçəklər daşların arasından süzülüb qadının dalğalanan saçlarına, çılpaq bədəninə sığal çəkərək axıb gedirdi. Ləçəklərin bir neçəsisə qadının saçlarına ilişib qalmışdı. Günəş batmaq üzrə idi, Ayın üzü işıqlandıqca qadının bədəni altına düzülmüş daşlar közərirdi. 
Edqard pəncərə önündə dayanıb, baş verənləri izləyirdi.Qarı yenicə doğulmuş körpəni ayaqlarından tutub başı aşağı, buzu tam əriməmiş suyun içinə salır, altı saniyə sonra çıxardıb yancağına şillə vurur, uşaq ağlamağa başlayanda isə onu qarşısındakı digər qabda olan isti suya uzadır. Bu hal bir neçə dəfə təkrar olur. Özündən getmiş qadın birdən ağrı çəkərək ayılır, hamı eyni qaydada əl çalıb yerində addımlamağa başlayır. Qadının bətnindən qara ilan və beş Apollon kəpənək çıxır. Fikirlər uçuşan kəpənəklərdə qaldığı üçün ilanın sürünüb hara yoxa çıxmasını görən olmur. Qarı körpəni gətirib qadının sinəsi üstünə qoyur və hamı asta-asta dağılışıb gedir. Qadın yuxuya getmiş körpənin əlindən öpüb özü də gözlərini yumur. Bu qadının adı Lilit idi, dünyaya göbəksiz və hədsiz gözəl gəlmişdi. Əhali dəqiq bilməsə də ehtimal olunurdu ki, uşaq Edqardındı, çünki sol tərəfdən heç kim onun gözəlliyinə görə cəsarət edib yaxınlaşmamışdı.Edqard pəncərəni bağlayıb günəşin alqırmızı şəfəqləri görünənə kimi silahını təmizlədi.Səhəri gün bir nəfər gənc çiyinində quzu, pəncərənin qarşısına gəlib Edqardan qurbanı kəsmək üçün kömək istəyir. – Bizim tərəfdə qurban kəsə bilən yalnız babam idi, o da dünyasını dəyişib. Nənəm də nə eləsin, öyrəşib qadın, bir şey olan kimi qurban deyir. Bu dəfə də Lilitin oyanmasına qurban deyibmiş, o, da oyandı. İndi də qurban hökmən kəsilməlidir. Bilirsən ki, kəsilməzsə fəlakət baş verə bilər, lənətlənə bilərik. Belə qərarlaşdıq ki, bəlkə kömək edərsən, sağ tərəfdə kəsməyi bacaran çoxdu, özünə də pay götürərsən. Edqard gözünü bir nöqtəyə zilləyib xeyli düşündü, sonra evə girib kəndir gətirdi. Gənc, kəndiri quzunun ayaqlarına dolayıb, düyün vurdu.Edqard xeyli müddətdən sonra qayıdıb doğranmış ətlə dolu zənbili pəncərədən aşağı salladı, – Götür apar, bu da sənin qurbanın!Bu dəfə həmən gənc qoltuğunda bəyaz tüklü qaz ilə dayanmışdı. Edqard səsinin tonunu dəyişərək dedi: – Bu nədir, bu hardan peyda oldu? – Gənc təbəssümlə, bu da sağ tərəfin qəssabına bizdən hədiyyə. Edqard cəld kəndiri özünə çəkir, zənbili göydən üzü aşağı tutub ətləri yerə boşaldaraq qəzəblənir: – Buna bax bir hədiyyə gətiribmiş, sən fərqindəsən nə danışırsan?Gənc pərt halda qazı əlindən yerə qoyub dağılmış ətləri zənbilə yığır. Edqard, qazı nişan alıb atəş açır. Qazın başı tikə-parça olur, bədəni çabalayaraq bir neçə dəfə divara dəyir və hər toxunuşda boyunundan axan qan divarda çəkilən açar rəsminin üstünə ləkə salır.           

 Altı

       Bu neçə illər ərzində divarın sağ tərəfi tər-təmiz qalmışdı, heç kim ora nə rəsm çəkir, nə də bir söz yazırdı. Yalnız Edqardın evinin kandarında tablo asılmışdı. Ora xırda hərflərlə: “İstəyirəm ki, güvənəsiniz, inanasınız, baxışlarınızı anlamaq, ürək döyüntünüzü və səsinizi eşitmək istəyirəm. İstəyirəm ki, məni yaxşı görə, anlayasınız, çünki, bu yalnız sizin xeyrinizə olacaq”.Edqardın hirsi soyuyandan sonra qazın leşeni qırmaqla yuxarı çəkib sağ tərəfə atdı, ətrafı leş qoxusu bürümüşdü, daha sonra xəbər yayıldı ki, qazı didib-parçalayan itlər qudurub və sağ sakinlərdən birini dişləyib. Əhali arasında böyük qorxu, təlaş yaranmışdı, itlər döyülərək vəhşicəsinə öldürülsə də quduzlaşdığı güman edilən sakinə əl vura bilmirdilər, çünki o, sağ tərəfdən nüfuzlu bir şəxsin dostu idi. Çoxları öz aqibətinə görə qorxaraq, kömək üçün Edqardın evinin qarşısına gəlir. Əhalinin arasından bir qadın qabağı çıxıb təmkinlə deyir: “O itlər tərəfindən parçalanan sakin vaxt keçdikcə daha da quduzlaşır. Onu xilas etməliyik, divarın o biri üzündə axan çaya, beş daş üzərinə getməlidir. Yoxsa bu xəstəlik bizim hamımızı məhv edə bilər”.Edqard soyuqqanlıqla evinin qarşısındakı tablonu köynəyinin qolu ilə silib deyir:– Onu öldürün. – Səsinin tonunu biraz da aşağı salıb, – öldürməyə əliniz gəlmirsə, sizə kömək edə bilərəm.Qadın həyacanlanaraq:– Biz istəyirik ki, yaşayaq, sevdiklərimizə, özümüzə qovuşaq. İstəmirik ki, daha adlarımız divarın o biri üzündə yazılsın.Edqard ürəkdən qəh-qəhə çəkərək:– “Nəhayət ki, uzun illərdən sonra məhz bu fikrə gəldiniz, siz heç bilirsiniz ki, nə qədər gözləmişəm sizi?! Bu iyirmi səkkiz il ərzində bir nəfər görmədim, yaxınlaşıb məndən soruşsun ki, bu divar nə üçündür burda? Bir gecənin içində kim ucaltdı bunu? Ümumiyyətlə, bu divar kimə lazdımdır? Soruşan olmadı ki, sən kimsən və nə ixtiyarla bizim üstümüzə silah çəkirsən?! Çox yox, on-on beş nəfər çiyinini divara söykəyib onu aşırmağa cəhd belə göstərmədi. Ancaq kimisi məşuqəsini görməyə, kimisi şan-şöhrətə görə bu çəpəri keçmək istədi. Divarın o biri üzündə sizin yaxınlarınız, doğmalarınız var, bəlkə də elə o tərəfdə siz özünüzsünüz. Bu divar sanki bir güzgü idi, sizsə baxmaqla kifayətlənirdiniz.Sakinlərdən bir nəfər dillənərək nəsə demək istəyir, Edqard silahı onun üstünə tuşlayıb gözlərinin içinə baxır, daha sonra silahın lüləsindən tutub yerə çəkir. Silah iki hissəyə ayrılaraq qırılır.Sakinlər sevincli, həm də qorxa-qorxa divara yaxınlaşırlar.Sol tərəfin də əhalisi qopan səs-küyə görə divarın o biri üzünə yığılmışdı.Edqard – İndi nəyi gözləyirsiniz aşırın divarı – deyir. Bir neçə nəfər ürək edib əllərinə keçəni divara vurur. Divardan bircə daş da düşmür, sonra hamı bir xətt üzrə dayanıb çiyinlərini divara söykəyirlər. Bir nəfər saymağa başlayır, – Bir, səsini biraz da ucaldıb bir, iki, divar az qədər yerindən oynayır, sol tərəfin sakinləri geri çəkilib nə baş verəcəyini gözləyirlər, “üç, dört”, divar kökündən çartlamış ağac kimi yellənir, “beş, altı” və divar uğultulu səslə aşaraq yerə çırpılır. Ətrafa ani sükut çökür. Sol və sağ sakinləri üz-üzə dayanmışdı, toz-torpaqdan bir-birilərini yaxşı görmürdülər. Toz yavaş-yavaş çökür, sol sakinləri paltarda sağlar isə çılpaq dayanmışdılar. Sağ tərəfdən qadınların biri rəfiqəsini dürtmələyib pıçıldayır: “Bu ki bizim geyimlərdi, Edqard bizdən alıb onlara verirmiş. ” Sükut pozulur, hamı sevinə-sevinə qucaqlaşıb görüşür.Edqard aşmış divarın üstündə oturub, hönkürtü ilə ağlayırdı. Lilit qucağında körpə Edqarda yaxınlaşıb:– Niyə ağlayırsan, sevinmirsən ki, daha heç kimi öldürmək məcburiyyətində qalmayacaqsan?!Edqard:– Sevinirəm, niyə sevinmirəm. Sadəcə bu divar həm də mənim evimin divarı idi.Lilit Edqardın qoluna girib deyir: – “Dur, dur gedək”. Edqard ayağının altına düşmüş tablosunu götürür və onlar əhalidən getdikcə uzaqlaşırlar. Uzaqdan asta-asta səsləri gəlir, Lilit Sion dağlarından danışır:, – “Oraları çox bəyənəcəksən, yenidən divar ucaltmağına ehtiyac olmayacaq. Üstünü isə özüm örtəcəm”.Hamının başı bir-birinə qarışmışdı, qudurmuş sakin isə kütlənin içinə girərək, gözdən itir.



*** 

Kaff fərdi rəsm sərgisində adamların arasından keçib həyat yoldaşının yanına yaxınlaşır. Onlar qədəhlərini toqquşdurub divardan asılan rəsm əsərinə baxaraq gülümsəyirlər. 



Ruslan Mollayev 2014