Həyatın ironiyası

Mayakovski intihar etməmişdən az əvvəl yazmışdı: «Bağışlayın məni, bilirəm bu yaxşı iş deyil (heç kəsə məsləhət görmürəm), amma bundan başqa çıxış yolum yoxdu». 

Halbuki, illər öncə Yesenin intihar edəndə Mayakovski onun ölümünə yazdığı ağı beləydi:

Ölmək dünyada ən asan işdi,
               çətini yaşamaqdır.

Həyatın ironiyasına, qəribəliyinə baxın. Qəribədir deyilmi?

***

Sokratın məhkəməsində 501 andlı hakim iştirak etmişdi. Onlardan 280-i Sokratın öldürülməsinə, 221-i isə sağ qalmasına səs vermişdi. Sokratın illərlə boğazını gərə-gərə tələbələrinə heç bir təmənnasız öyrətdiyi demokratiya dərslərinin nəticəsi bu idi.

Sokrat unutmuşdu ki, vicdansız adamlar var, onlar demokratiyanın keşiyində də öz vicdansızlıqları ilə dururlar. Sokratın ölüm hökmünə məhkum edilməsi əslində, “yaxşı oldu”, bununla da demokratiyadakı səs çoxluğunun əsl mahiyyəti açıldı. Həm də Sokrat əsl taleyini yaşamış oldu — insan mübarizə apardığı nəsnənin qurbanına çevrilir.
Ardı →

Bədbəxtliyimiz tanrı payı

Ev dağılmasını Allah heç kəsə göstərməsin. Ev dağılmasının nə olduğunu yaxşı bilirəm. Qalın özüllü, iki qat divarlı evim “dağılıb”. O evdən mən də, mənə aid olan insanlar da perik düşmüşük. Bamayaraq ki, evimin özülü “möhkəm” idi, divarlar da təkqat deyildi. Dünya belə dünyadı, dağıdanda, zəlzələsiz-vəlvələsiz dağıda da bilir.

...Hərdən dağılmış evimin həyətinə gəlir və uzun-uzadı evimə baxır, bütün olanlara başımı bulayıram. Bütün bu acı mənzərəni seyr edə-edə yadıma həyətimizdə qəfil əsən küləkdən sonra dağılan sərçə yuvaları düşür. O vaxt yerdən çöpləri yığır və quşların yuvalarını yenidən qururdum.

Quşların da qəribə adətləri var: yuvalarından balaları düşməsə yuvaya qayıtmırlar. Qayıtsalar belə balalarını götürüb uçurlar. Balasını dimdiyinə götürüb uçan quşun səmada necə şəstlə uçmasına və yuvasının dağılmasını vecinə də almamasına həmişə heyrət eləmişəm.
Ardı →

Əşyalar danışır

Saat duz işləməyəndə zaman anlayışı itirNədənsə bəzi əşyalar olduqca səmimi bir dillə danışırlar. Məsələn: paltar ipindən asılmış paltarlar. Onlar dünyanın faniliyinin eskizləridir. Yəni, ipdə yellənərkən öz boşluğunu, yüngüllüyünü ifadə edirlər. Və bizə isbat etməyə çalışırlar ki, budur siz nə vaxtsa bizim içimizdə olmayacaqsınız, ya da biz sizin əyninizdə.

Deməli, nəsnələrin də öz doğal dili var. Yaxud saatın yatması. Saat yatanda – dayananda həmişə geri qalır, zamanı ləngidir, bizi cavan saxlamğa çalışır. Niyə saat olduğu vaxtdan irəli getmir? Maraqlıdır. Saatın yatmağı yeganə şeydir ki, biz ona aldanmağımıza sonradan təssüflənmirik.
Göründüyü kimi saat düz işləməyəndə zaman anlayışı itir. Yəni, insan zamanı özü də bilmədən azdırır, yaxud da əksinə. Bu konteksdə saatın səhv işləməyi bizim xeyrimizədir.

Amma, bəzi əşyaların yaxşı işləməməsi bizi ölümə aparır. Məsələn: Avtomobilin əyləci işləməyəndə biz maşından daha çox ölümü sürürük. Yaxud bəzi əşyaların yaxşı işləməyi bizə ziyan vurur – ət maşını yaxşı çəkəndə, bıçağımız iti olanda birinci əlimizi kəsir.  Amma, saat düz işləyəndə də xeyrimizə olur, səhv işləyəndə də.


Ardı →