Flora Kərimova

Flora KərimovaAtam əslən qəbələlidir. Mən Şıx nəslindənəm. Babamın Qəbələdə məqbərəsi var, adına Şıx baba deyirlər. Ata nənəm Zöhrənisə xanım övliya olub. Ana nənəm Səltənət xanım ağır seyidlərdən idi. 

Ata tərəfim bəylər nəslindəndir, Kərimbəyovlardan. Əmim Almaniyada universitet bitirib. Mir Cəfər Bağırovun dövründə, deyəsən, dəmiryolu sahəsi üzrə nazir işləyib. Kərimbəyov soyadı ilə gedirdi. Artıq dünyasını dəyişib. Xaricdə təhsil aldığına görə ona münasibət fərqli idi. Bəlkə soyadını dəyişməməsinin səbəbi bu idi. Ancaq qardaşları, əmioğlular, atamgil ona görə dəyişdilər ki, onları heç yerdə universitetə, sonra isə işə qəbul etməyəcəklərini bilirdilər.  
Ana tərəfim — şuşalıdır. Anamın atası qəssab olub. Şuşada qəssab Abış adı ilə tanınıb. Deyilənə görə, çox yaxşı insan idi. Kasıblara əti nisyə verərmiş, sonra heç pulunu da almazmış. O dövrdə bazarda şəxsi mağazası varmış.

Uşaqlığınız Qəbələdə keçib, yoxsa Şuşada? 
Elə ikisində də. İkisi də səfalı yerlərdir. Qarış-qarış gəzmişəm oraları. Şuşanı da çox sevirdim. Ana tərəfim bəlkə də şuşalı olduğuna görə sənətə çox meylli idilər. Yadımdadır ki, ana babamın çox gözəl səsi var idi. “Şuşa muğam üstündə ağlayır” deyirlər. Xalamın, dayımın da səsi var idi. Mənim səsim sən demə, babamdan genetik ötürülən səs imiş, sonradan başa düşdüm. Anam da çox gözəl oxuyardı. 


Ardı →