Yola düşmək | Frans Kafka

Dərhal tövlədən atımı gətirmələrini əmr etdim. Xidmətçi əmrlərimi anlamadı. Buna görə tövləyə mən özüm getdim, yəhəri atın belinə qoydum və bağladım. Uzaqdan təbil səsi eşidilirdi, xidmətçidən bu səsin nə məna verdiyini soruşdum. Xidmətçi heç bir şey bilmirdi. Onsuz da qanmazın biriydi. Bağçanın qapısından çıxanda yolumu kəsdi və:

– Hara gedirsiniz, ağa? – deyə soruşdu.
– Bilmirəm, – dedim – Sadəcə buradan çölə çıxmaq istəyirəm, yalnız buradan çölə. Yetər ki, buradan çölə çıxım, məqsədimə çatmağımın tək yolu budur.

– Yəni, məqsədinizin nə olduğunu bilirsinizmi? – deyə soruşdu.
– Bəli, – deyə cavab verdim. İndicə dedim axı. Buradan çölə çıxmaq istəyirəm. Məqsədim budur.
Davamı →

Körpü | Frans Kafka

Möhkəm və soyuq idim, bir körpü idim, yarğanın üzərində uzanıb qalmışdım. Bir tərəfə ayaqlarımı, digər tərəfə əllərimi pərçimləmişdim; ovulub tökülən gil torpağı bərk-bərk qucaqlamışdım. Paltarımın saçaqları böyrümdən sallanıb yellənirdi. Xeyli aşağıda isə buzlu alabalıq axını şırhaşır axırdı.

Bircə turist belə indiyə kimi yolunu azıb da bu keçilməz sıldırımlığa təşrif buyurmamışdı, bu körpü hələ heç bir xəritədə cızılmamışdı. Beləliklə, uçurumda uzanıb hey gözləyirdim; gözləməkdən savayı çarəm yox idi. Bir körpü uçub dağılmadan körpü olmaq taleyindən canını qurtara bilməz.
Davamı →

Kafkanın Felisaya məktubları

Frans Kafka Felisa ilə 1912-ci ildə Kafkanın dostu Maks Brodun evində tanış olurlar. Qısa vaxtda məktublaşmağa başlayırlar. Beş ilə yaxın vaxta qədər münasibətləri davam edən cütlüyün cəmi 2 görüşü baş tutur. Həm də Kafka nişanlı ikən.

Bu dövrdə Kafka “Çevrilmə” başda olmaqla bir çox əsərlərini də yazmışdır. Kafkanın Felisaya göndərdiyi məktublardan qalan 500 məktub ölümündən sonra yayımlanmışdır. Həmin məktublardan bəzi parçaları təqdim edirik:

“Münasibətlər, yəqin ki, bizim ən yaxşı təcrübələrimizdir” bir dəfəsində intellektual bir qadın demişdi. Rilkenin eşq üçün unudulmaz elanını gurultulu səslə demişdi: “Eşq bütün vəzifələrin bəlkə də ən çətini… Digər bütün məşğuliyyətlər, işlər sadəcə onun üçün bir hazırlıqdır.”

Davamı →

Əsl düşməndən sərhədsiz bir cəsarət qalar sizə

Sən həll olunacaq misalsan. Ancaq ətrafda heç bir şagird yoxdur.

Ölümün olduğu dünyada heç nə ciddi deyil.

Paltom belə çiynimə ağırlıq edirsə, qosqocaman dünyanı necə daşıyaram?

Ədəbiyyatdan başqa hər şey məndə ikrah doğurur.

Mən ya başlanğıcam, ya da son.

Özümdən başqa heç bir əskiyim yoxdur.

Qəfəslərin biri quş axtarmağa gedib.

İnsanlarla mehriban, iç-içə olmaq insanı müdafiəsiz vəziyyətə salır.

Davamı →

Kafka haqqında 10 fakt

1. Kafkanın gecə həyatı – Sığorta işində işləyən Kafka haqqında düşüncəmiz eynən belə idi: onun getdiyi yer ancaq evi ilə işinin arasıdır. Kafka müti bir əsgər kimi atasına tabe olurdu və işdən birbaşa evə gəlirdi. Amma sən saydığını say, gör fələk nə sayır. Kafka üçün həyat gecələr başlayırdı və bu gecələrdə tanış olduğu praqalı qızlar onun yorğunluğunu çıxarırdılar. Hər gün fahişəxanalara baş çəkən Kafkanın tənha, özünə qapanıq görünüşünün üstündən qalın bir xətt çəkir.

2. Yazmadan məşhurlaşan Kafka – Çoxumuz düşünürdük ki, Kafkanın əsərləri öləndən sonra çap olunub. Dostu Maks Brod onun vəsiyyətinə “xəyanət” edərək Kafkanı bizə tanıtdı. Amma bir maraqlı nüans var. Maks Brod elə Kafkanı sağlığında heç bir sətir yazmadan məşhurlaşdırmışdı. Franz Blei adlı birinin romanı haqqında tənqidi yazı yazıb və bir neçə məşhur yazıçının arasında Kafkanın da böyük bir üslubçu olduğunu deyib. Heç bir dəfə çap olunmayan biri üçün bu olduqca gözəl reklamdır.
Davamı →

Rəssam Kafka

Kafka özünü həm də rəssam hesab edib. Bu etirafı iki dəfə nişanlı olduğu Felice Bauerə yazdığı məktublarda edib: “Bir vaxtlar çox yaxşı rəssam idim. Ancaq daha sonra zəif bir müəllimin yanında məktəb səviyyəsində rəsm çəkməyi öyrənməyə başladım və bütün istedadımı itirdim. Üstündən illər keçən bu rəsmlərim o vaxt məni hər şeydən daha çox qane eləmişdi”.


Davamı →

Sevgi başqa bir surətdə geri dönəcək


Hekayəyə görə günlərin birində Frans Kafka hər gün gəzintilər etdiyi parkta balaca bir qızla rastlaşır. Qız ağlayırmış. Gəlinciyini itirmişdi və bu onu olduqca kədərləndirmişdi. Kafka gəlinciyi onun əvəzinə axtarmağı təklif edir və səhəri gün eyni yerdə görüş barəsində sözləşirlər.

Gəlinciyi tapa bilməyən Kafka balaca qıza oyuncağın adından bir məktub yazır və görüşəndə ona oxuyur: «Xahiş edirəm, mənim üçün kədərlənmə, düyanı görmək üçün uzun bir səyahətə çıxdım. Sənə başıma gələnləri danışacağam.» Bu bir neçə məktubun ilki olur.
Davamı →

Müğənni Jozefina | Frans Kafka

Bizim müğənninin adı Jozefinadır. Kim ona qulaq asmayıbsa, deməli, oxumağın qüdrətindən xəbəri yoxdur. Onun sənətinə qarşı laqeyd adam tapmaq çətindir, xüsusən də nəzərə almalıyıq ki, bizim camaat musiqini xoşlamır. Bizim camaatdan ötrü ən yaxşı musiqi əmin-amanlıq və rahatlıqdır: bizim günümüz-güzəranımız çox ağırdı, aradabir gündəlik həyatın qayğılarından azad olmağa çalışırıqsa, bizi musiqi kimi uzaq bir aləm çox az cəlb edir.

Bunun bizi dilxor elədiyini də demək olmaz, qətiyyən: biz özümüzdə olan işgüzar fərasəti və bic yumoru daha çox qiymətləndiririk, yeri gəlmişkən, bunlar bizə hədsiz dərəcədə lazımdı, musiqinin verə biləcəyi nəşə – buna güman azdı – bizi yoldan çıxartsa belə bu məhrumiyyətlə də başqa məhrumiyyətlər kimi təbəssümlə barışardıq. Jozefina bizim aramızda istisnadı; o, həm musiqini sevir, həm də ifa etməyi bacarır; Jozefina belə Jozefinadı; onun yoxluğu ilə musiqi Allah bilir, həyatımızdan nə vaxta kimi qeybə çəkiləcək.

Mən musiqiyə belə münasibətimizi başa düşməyə dəfələrlə cəhd göstərmişəm. Axı biz musiqi duyumundan büsbütün məhrumuq; elə isə Jozefinanın oxumasını niyə anlayırıq. Yaxud da – Jozefinanın özü bunu qətiyyətlə inkar edir – niyə onun anlaşıqlı olduğunu hesab edirik? Ən asanı belə demək olardı: guya onun ifası elə məftunedici ki, küt adamı da cəlb edir, amma belə cavab bizi qane edə bilməz.


Ardı →

Balaca qadın | Frans Kafka

KafkaBalaca bir qadındır; kifayət qədər qamətlidir, ancaq bərk bağlanmış korsetdə gəzir; mən həmişə onu rəngli ağac oduncağını xatırladan sarı-boz parçadan tikilmiş paltarda görürəm; büzmə haşiyələri və ya düyməyə bənzər piləkləri də eyni çalardadır; o, həmişə şlyapasız olur, sarı, tutqun saçları hörülməmiş deyilsə də, şairanə bir pərakəndəlikdədir. Korsetinə baxmayaraq, balaca qadın cəlddir və hətta cəldliyindən sui-istifadə edir; o, xüsusən əllərini böyürlərinə söykəməyi və gövdəsini qırağa çəkməyi sevir. Əlləri haqqında yalnız onu deyə bilərəm ki, ömrümdə belə geniş açılan barmaqlar görməmişəm; ancaq burası da var ki, bu, heç bir anatomik qüsuru olmayan adi bir əldir.

Balaca qadın məndən çox narazıdır. O, məni həmişə danlayır, həmişə mən onu hirsləndirirəm, hər addımbaşı xətrinə dəyirəm. Mənim həyatımı kiçik hissəciklərə bölsək və hər biri haqqında ayrıca mühakimə yürütsək, bunlardan hər biri onu acıqlandırar. Mən tez-tez düşünürəm ki, görəsən, nəyə görə onu belə acıqlandırıram; tutaq ki, məndə nə varsa onu çiyrindirir, ədalət duyğusuna toxunur, onun vərdişlərinə, görüşlərinə, ümidlərinə ziddir, – bir-birini inkar edən belə naturalar olur – ancaq nə üçün o bu qədər əzab çəkir? Bizim münasibətlərimiz heç də elə deyil ki, buna görə belə əzab çəkəsən.

Elə ki, o, mənə kənar bir adam kimi baxdı – axı mən onun üçün doğrudan da kənar adamam, hətta buna hamıdan da artıq sevinirəm, – elə ki, heç bir zaman gözünə soxmadığım və bundan sonra da gözünə soxmaq istəmədiyim varlığımı unutdu, – əzabları bircə anda yox olur. Özümdən heç danışmıram, onun da davranışı meni üzür; ancaq mən başa düşürəm ki, mənim üzgünlüyüm onun əzabları ilə müqayisədə heç nədir. Və təbii, mən başa düşürəm ki, bu sevən bir adamın əzabları deyil; bu qadın heç cür məni islah etmək fikrində deyil, həm də ki, onun məndə gördüyü qüsurlar həyatda mənim karyerama heç cür mane ola bilməz. Ancaq mənim karyeram bu qadını az maraqlandırır, onun məqsədi başqadır: çəkdiyi əzablara görə qisas alsın və imkan daxilində gələcək əzablardan qorunsun. Bir dəfə mən ona başa salmaq istədim ki, onun sonsuz əzablarının qarşısını necə almaq olar, ancaq bununla elə bir tufan qoparmış oldum ki, birdəfəlik belə işlərdən əl çəkdim…


Ardı →

Kənd həkimi | Frans Kafka

Mən çox çıxılmaz vəziyyətdəydim; təcili getmək lazım idi; on mil aralıdakı kənddə məni ağır xəstə gözləyirdi; onunla mənim aramızı dəhşətli çovğun kəsmişdi; mənim arabam vardı, elə bizim kənd yolları üçün yarayan yüngül və hündür təkərli araba; əlimdə yol çantası, özüm də kürkə bürünüb getməyə hazır vəziyyətdə həyətdə dayanmışdım; di gəl, atım yox idi! Builki sərt qışın ağrı və məhrumiyyətlərinə dözməyən at ötən gecə gəbərmişdi; qulluqçum kəndi axtarmağa başladı ki, bəlkə biri mənə at verə, lakin gözlədiyim kimi ümidsiz cəhd. Və mən getdikcə sıxlaşan qarm altında hərəkətsizlikdən keyiyərək boş-boşuna dayanıb durmuşdum.

Bu da qulluqçum, o təkdir; hələ darvazanın yanından fanarla mənə işarə edir. Əlbəttə ki, belə bir vaxtda, üstəlik de bu cür yol üçün mənə heç kim atını verməzdi! Yenə də həyətdə var-gəl etdim, lakin onsuz da ağlıma bir şey gəlmədi. Qayğılı və fikirli halda istifadəsiz qalmış donuz pəyəsinin laxlayan qapısına ayağımla toxundum. Qapı açıldı və rəzələri cırıldadı. Pəyədən hərarətlə birgə elə bil at iyi də gəlirdi. Tavandakı kəndirdə tutqun fənər yellənirdi. Alçaq anbarçada ikiqat bükülüb oturmuş yekəpər bir kişi mənə sarı çevrilib göy gözlərini üzümə zillədi.

-Əmrinizlə, yəhərləyimmi? – deyə o iməkləyə-iməkləyə soruşdu.

Bilmədim ki, ona nə deyim. Fəqət əyildim ki, orada daha nə olduğunu görüm. Qulluqçu qız onun yanında dayanmışdı.

-     Varlının heç ağlına da gəlməz ki, onun təsərrüfatında nə var, nə yox, – qulluqçu qız belə deyən kimi hər ikimiz güldük,


Ardı →