Qida allergiyası normal və zərərsiz qida inqrediyentlərinə qarşı istənilən allergik reaksiyadır.
İstənilən qidanın tərkibində allergenlər ola bilər. Adətən zülallar, daha az hallarda isə piylər və karbohidratlar allergik reaksiyalara səbəb ola bilər.
Normada immun sistemimiz adi qidalara heç bir ciddi reaksiya vermir. Lakin bəzi insanların immun sistemi adi qidaları zərərli maddələr kimi qəbul edir. Nəticədə orqanizmdə xüsusi qoruyucu mexanizmlər işə salınır. Bu isə öz növbəsində müxtəlif pozulmalara səbəb olur — dəridə səpgilər, ödem, ishal, qusma, asfiksiya (boğulma) və s.
Bəzi hallarda immun sistemi prosesə daxil olmur. Bu halda insanda yalnız mədə-bağırsaq pozulmaları yaranır — köp, ishal. Bunu qida allergiyası kimi deyil, sadəcə hər hansı qidaya dözülməzlik kimi qəbul etmək olar.
Əsl qida allergiyasına nadir hallarda rast gəlinir. Əksər hallarda onun səbəbi irsiyyət olur. Uşaqlarda allergiya adətən həyatın ilk illərində daha çox yumurta zülallarına qarşı olur, onlar böyüdükcə həmin dövrdən çıxırlar. Qida allergiyası olduğu güman edilən böyüklərin təxminən 80%-ndə əslində ekspertlərin “qida psevdoallergiyası” adlandırdıqları hal müşahidə olunur. Onların simptomları əsl qida allergiyası kimi olmasına baxmayaraq, onun səbəbi sadəcə həmin qidaya dözülməzlik, hətta bəzən qidaya qarşı psixosomatik reaksiyalar ola bilər (xəstələr elə hesab edir ki, həmin qida onlarda allergiya yaradır).
Ardı →