Hindistanda mövcud olan dinlər
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Tərk etməyi öyrən. Xoşbəxtliyin açarı budur.
İnsanın özünü məğlub edərək qazandığı zəfər, başqasının döyüşdə min adamı min dəfə məğlub edərək qazandığı zəfərdən daha yaxşıdır.
Tərifləmək və ya tənqid etmək müdrik adamın tarazlığını poza bilməz.
Başqalarının qüsurları asanca görülər, amma öz qüsurumuz görülməz; insan qonşusunun qüsurlarını ayırd edər, öz qüsurlarını isə qumarda hiylə ilə pərdə saxladığı kimi saxlayar.
Kin saxlamaq yanan kömür parçasını başqasına atmaq məqsədilə əlinə almaq kimidir. Yalnız özünü yandırarsan.
Sağlamlıq ən böyük hədiyyədir, gözütoxluq ən böyük zənginlik, etibar ən yaxşı qohumluqdur. Nirvana isə ən böyük xoşbəxtlikdir.
49 günlük imtahan
Şahzadə Siddhartanın evdən çıxmasından tam 6 il keçirdi. 6 il boyunca Şakuya qəbiləsinin vəlihəd şahzadəsi sərgərdan gəzib özünüdərkə yetmək istəyirdi. Bunun üçün 4 müəllimdən dərs almışdı. Amma yaranışın dərkini anlaya bilmədiyi üçün müəllimlərindən ayrılıb 5 dostu ilə aclıq və məhrumiyyətlərlə bədənini öldürməyə və ruhunu dirçəltməyə qərar vermişdi. Lakin bütün məhrumiyyətlərə dözmələrinə baxmayaraq, onların ruhu işıqlanmamış və özlərini dərk edə bilməmişdilər. Onlar sadəcə yorulmuş və bədənləri gücdən düşmüşdü. O zaman şahzadə Siddharta ölümün tam astanasında dostlarından ayrılıb Qaya meşəsinə üz tutdu. Meşəyə girərkən yaxınlıqdakı kənddən olan qadın onu gördü və darmadağın görkəmindən onu meşənin ruhu zənn etdi. Qadın əlindəki süd bardağını ona uzatdı. Şahzadə Siddharta süddən içdikdən sonra yaxınlıqdakı ağaca doğru süründü. Burda özünə söz verdi. Ya bu ağacın altında öləcək, ya da haqqı dərk edib əbədiyyətə qovuşacaqdı.
Şahzadə 49 gün ağacın altında trans vəziyyətində tərpənmədən durdu. 49 gecə, ayın bədrləndiyi və Siddhartanın 35 yaşının tam dolduğu gecə ona haqqın nuru yetişdi. Şahzadə bir anda hər şeyi anlayıb qəflət yuxusundan ayıldı və «Dörd Alicənab Həqiqət»in sirlərinə vaqif oldu.
Budda ( «Oyanmış» mənasını verir) daha bir neçə gün trans vəziyyətində qaldı. O əmin deyildi ki, içləri paxıllıqla, yalanla, nifrətlə və tamahla dolu olan insanlar bu həqiqətlərə layiqdirlər. Ona görə də haqqı insanlara çatdırmaqla bağlı onun içində böyük şübhələr vardı. Ancaq sonunda o, həqiqəti insanlara söyləməyi və onların müəllimi olmağa qərar verdi. O daha 45 il yaşayacaq və insanlara həyatın sirrini anladacaqdı.