Bir məktəbli gün ərzində nə qədər tərəvəz yeməlidir? Hansı sıyığı hazırlamaq daha yaxşı olardı? Yeniyetməyə təzə sıxılmış meyvə şirəsi vermək lazımdırmı?
Şam yeməyi çox doyumlu olmuşsa, səhərlər həm böyüklərdə, həm də uşaqlarda iştahasızlıq müşahidə olunur. Axşamlar uşaqlar çox vaxt hiylə işlədərək ac olduqlarını desələr də, əslində bu, filmə baxmaq və ya bir qədər də oynamaq üçün valideyndən icazə almaq məqsədi daşıyır. Belə bir meyl müşahidə etdikdə, övladınızın dediyi ilə getməyin. Bu zaman o, səhər yeməyini məmnuniyyətlə yeyəcək.
İkinci variant — övladınız səhərlər yemək istəmir, çünki yuxudan gec oyanır. Oyandıqdan dərhal sonra uşağı yemək masasının arxasına əyləşdirsəniz, çətin ki, o, yemək yesin: axı orqanizm hələ tamamilə oyanmayıb. Odur ki, sadə bir qaydaya riayət etməyiniz məsləhətdir. Uşağınızı 15 dəqiqə tez oyadın və dərhal bir qaşıq bal və bir neçə damcı limon şirəsi qarışdırılmış bir stəkan ilıq su içirdin. Bu, uşağın tonusunu qaldıracaq, o, daha tez oyanacaq və özünü daha enerjili hiss edəcək. Bundan başqa, bu içki mədə-bağırsaq traktının işini canlandırır. 15-20 dəqiqədən sonra uşağın iştahası artacaq. Məhz bu vaxta da onu masa arxasına dəvət etmək lazımdır. Əksər valideynlər çox yayılmış səhvə yol verir: uşağa «qayğı» göstərərək, onun qarşısına böyük nimçədə müxtəlif yemək qoyur. Bu halda da məktəbli yeməkdən imtina edə bilər, çünki o, bütün yeməyi axıra qədər yemək lazım olduğunu düşünür. Daha yaxşı olardı ki, onun qarşısına 2-3 xörək qaşığı sıyıq qoyasınız. Səhər çağı enerji almaq üçün bu, kifayətdir. Sonradan isə, uşaq istəsə, əlavə etmək olar.
Ardı →