Cadugərin çörəyi | O.Henri

Marta Meçamın küçənin tinində kiçik bir un məmulatları dükanı var idi. Qarşısında üç pillə olan və qapıdan içəri girəndə zəng çalınan yeri deyirəm.

Qırx yaşlı Martanın bank hesabında iki min dolları, ağzında iki süni dişi və yumşaq ürəyi var idi. İmkanları Martanınkından dəfələrlə az olanların çoxu çoxdan ərə getmişdi.

Dükana həftədə iki-üç dəfə gələn bir müştəri onda maraq oyatmışdı. Orta yaşlı, eynəkli, sarımtıl saqqalı səliqəylə vurulmuş bir kişi idi. Kişi ingilis dilində alman ləhcəsi ilə danışırdı. Paltarı qırış-qırış, yamaqlı və nimdaş idi, üst-başı tökülürdü. Ancaq yenə də səliqəli görünürdü. Həm də ədəb-ərkan bilən biriydi.

Həmişə iki boyat çörək alırdı. Təzə çörəyin biri beş sentə satılırdı. Bu qiymətə iki boyat çörək almaq olurdu. Kişi boyat çörəkdən başqa heç nə almırdı.
Davamı →

Dahi... | Robert Valzer

Şaxtalı qış axşamlarından birində dahi Vensel tül kimi nazik, nazikdən də nazik paltarda, küçənin ortasında dayanıb, yoldan keçənlərdən yardım istəyirdi. Yoldan keçən kişilər, qadınlar fikirləşirdi ki, ilahi, o axı dahidir, amma bunu özünə rəva görür. Dahilər başqa ölümlülər kimi hələm-hələm xəstələnmir. Vensel gecəni kral sarayının qabağında keçirdi və gördüyünüz kimi, donmadı. Dahilər asanlıqla donmur, lap daha çox soyuq olsa da.

Səhər elə əynindəki köhnə-kürüşlə gənc və gözəl kral qızının hüzuruna getdi. Onun yazıq görkəmi vardı, qulluqçular yoldan çəkilib bir-birinə pıçıldadı: dahidi, uşaqlar, bu, dahidi. Venselin gəldiyini şahzadəyə xəbər verdilər və əyləncə xatirinə onu içəri buraxdılar. Vensel şahzadəyə təzim etmədi, bilirsiniz, o bunu özünə yaraşdırmadı.

Davamı →

Mademuazel Koko | Gi de Mopassan

Biz psixiatriya xəstəxanasından çıxanda həyətin bir küncündə ucaboy, arıq bir kişi hansısa xəyali iti çağırırdı. Kişi elə hey mülayim, zəif səslə təkrar edirdi:

– Koko! Bura gəl, əzizim! Yanıma gəl, Koko!
 
Kişi belə deyib əlini dizinə çırpırdı, adətən insanlar heyvanı yanlarına çağıranda belə edirlər. Mən xəstəxananın həkiminə həmin kişini göstərib soruşdum:
 
– O arıq kişi kimdir? Niyə bu xəstəxanaya düşüb?
 
– Ah, o arıq kişini deyirsən? O heç də maraqlı insan deyil! O Françoz adında bir faytonçudur. O itini çayda boğub öldürəndən sonra dəli olub!
Davamı →

Cavab verməklə düşünməyin fərqi | Əli Nesin

Bu gün qəribə, ibrətamiz təcrübə yaşadım. Bunu sizə danışmaq istəyirəm, hətta, mütləq danışmalıyam.
Bir orta məktəbin şagirdləri gəldi kəndə (Söhbət Əli Nesinin yaratdığı “Riyaziyyat Kəndi”ndən gedir — red.). Beşinci sinifdən səkkizinci sinifədək, 40-50 şagird idi. İlk sualıma hər kəs o dəqiqə doğru cavab verdi. Elə məqsəd də bu idi — dərsə həvəslə başlasınlar deyə.

İkinci sualı verdim. Əlbəttə, bir az çətin idi. Ohoo… Hər ağızdan bir səs, əllər havada uçuşur, cavablar havada toqquşur. Birindən başqa da hamısı səhv. 

Baxdım ki, cavab verməyə çox tələsirlər, heç düşünmürlər. «Sizə 5 dəqiqə möhlət verirəm, dedim, — 5 dəqiqə də düşünün, sonra cavab verin. Vaxt bitməyincə kimsə əl qaldırmasın». 

Razı salmaq asan olmadı. Bəziləri cavab vermək istədi, qoymadım, «düşünün», dedim, — «bir az da düşünün». Beş dəqiqə sonra cavabları aldım. İki nəfər doğru tapmışdı, digərləri yenə də səhv idi.
Davamı →

Çeşmək | Əbdürrəhim bəy Haqverdiyev

Şəhərimizdə məşhur advokat Mahmud bəy əhli-kef və əhli-damaq bir vücud idi.
Əhalidən, hər ürəyi darıxan, istəyəndə ki, bir qədər kefi açılsın, gedərdi
Mahmud bəyin söhbətinə və həqiqət onun yanında əyləşənlər iki-üç saat dünyada qeydini yadından çıxarardı.
Mahmud bəyin mənzilində lətifələr danışıb gülməkdən sivay bir iş olmazdı.

Şəhərin cəmi zəriflərinin yığıncağı Mahmud bəyin mənzili idi. Bunu da qeyd etməliyəm ki, iş vaxtında hər bir kənar söhbəti atıb ciddi işə məşğul olardı. Şəhərin ən qabil advokatlarından sayılardı.
Davamı →

Günəş, qoca və gənc qız | Vasili Şukşin

Günlər ağ işıqla yuyunurdu. Torpaq cadar-cadar olmuş, ağaclar isə od tutub yanırdı. Quru otlar ayaq altında qalıb xışıldayırdı. Sərin mehsə ancaq axşamlar əsirdi. Həmin vaxt sürətlə axan Katunya çayının kənarında qoca bir adam peyda olar, eyni yerdə – kötüyün üstündə oturar, günəşə baxardı. Axşamüstü günəş daha böyük və qırmızımtıl olar, dağların arxasına çəkilərdi. Qoca tərpənmədən elə hey oturardı. Qorxunc və qəhvəyi rəngli büzüşmüş əllərini dizlərinin üstünə qoyardı. Üzü qırış-qırış, gözləri donuq idi. Boynu nazik, başı isə yekə idi. Mavi rəngli çit köynəyinin altından kürək sümükləri çölə çıxırdı.

Bir gün qoca yenə də beləcə oturarkən arxadan səs eşidildi:
– Salam baba! Qoca başını yellədi. Əlində yastı çamadan olan qız qocanın yanında oturdu.
– Dincəlirsiniz? Qoca yenə başını yelləyib qıza baxmadan dedi:
Davamı →