Hiss üzvləri hələ uşaq anadan olanda işləyir, lakin tam yox.
Gözlər
Uşaq anadan olanda ilk saatlar onun gözləri hələ tərpənmir. Bir neçə saatdan sonra gözlər birgə tərpənir, lakin uşaq hələ baxmır. Parlaq işıq mane olur, onu qıcıqlandırır və o özünü narahat hiss edir. Buna görə də yeni doğulmuş uşağın olduğu otaqda çox parlaq işıq olmamalıdır. Adətən yeni doğulmuş uşağın gözləri mavi olur. Mavi gözlü uşaqların bir qisminin gözlərində. iki yaşına qədər piqment toplanır və bunlar tündləşib qonur olur, sonralar daha da tündləşə bilər, lakin təzədən mavi olmur.
Uşaq anadan olan kimi həkim yaxud mama uşağın gözlərinə dərman tökür. Bunu uşaq doğuş yollarından keçərkən gözlərinə anadan mikrob düşməsi ehtimalına qarşı edirlər, mikrob düşmüş olsa, gözlərdə iltihab baş verə bilər yaxud uşaq kor olar.Dərman tökməklə bunun qarşısı alınır.
Uşaq anadan olandan sonra bir neçə gün gözlərinin künclərindən çoxlu ifrazat gəlir. Göz qapaqları şişməyibsə və göz almasında qızartı yoxsa, təşvişə düşmək lazım deyil, bu təzə hazırlanmış çobanyastığı dəmləməsinə batırılmış steril pambıqla gündə bir neçə dəfə silməklə keçib gedir. Pambıq əvəzinə təzə yuyulub ütülənmiş ağ parçadan da istifadə etmək olar, lakin eyni pambıq və ya parçadan iki dəfə istifadə etmək olmaz.
Gözlərə yaxşı qulluq etdikdə bir neçə gündən sonra ifrazat kəsilir.
Qulaqlar
Yeni doğulmuş uşağın qulaqları eşidir. İlk günlər uşaq telefon zənginə yaxud asta danışana hələ əhəmiyyət vermir, lakin qapını bərk örtdükdə yaxud küçədən yük maşını keçdikdə səksənir, bəzən səs-küy və bərk səs olduqda ağlayır. Uşağı bərk səsdən və səs-küydən qorumaq lazımdır.
Ardı →