Fol turşusu (B9 vitamini) insan orqanizmi üçün ən vacib olan vitaminlərdən biridir. Bu vitamin mübadilə proseslərində, qan hüceyrələrin yaranmasında iştirak edir, immun və mədə-bağırsaq sistemlərinin fəaliyyətində mühüm rol oynayır.
Orqanizmdə olan fol turşusunun defisiti özünü çox vaxt heç bir əlamətlə büruzə vermir. Lakin tədqiqatlara əsasən, məhz bu vitaminin çatışmazlığına (digər vitaminlərlə müqayisədə) daha tez-tez hallarda təsadüf edilir. İlk növbədə fol turşusunun çatışmazlığı zamanı anemiya (qanazlığı) inkişaf edir. Bu anemiya növü zamanı eritrositlərin (qan hüceyrələri) sayı azalır, onların funksiyası pozulur. Əgər bu defisit vaxtında təshih olunmasa, iştahanın pozulması, əsəbilik, yorğunluq, saçların tökülməsi, dəri problemləri, ishal və s. kimi simptomlar meydana çıxır.
Fol turşusu xüsusən hamiləlik zamanı çox vacibdir. Məsələ burasındadır ki, bu vitamin dölün sinir borucuğunun (daha sonra sinir borucuğundan baş beyini formalaşır) inkişafında böyük rol oynayır. Bundan əlavə fol turşusu ciftin formalaşması üçün çox vacibdir.
Hamiləlik zamanı fol turşusunun çatışmazlığı ilk növbədə dölün sinir sisteminə mənfi təsir edir. Nəticədə döldə hidrosefaliya, anensefaliya (baş beyinin olmaması), beyin yırtıqları və s. ciddi qüsurlar inkişaf edə bilər. Fol turşusunun defisiti hamiləliyin vaxtından tez pozulmasına, cift çatışmazlığına səbəb ola bilər.
Adi vaxt insan orqanizminə gün ərzində 200 mqr fol turşusu tələb olunur. Hamilə qadınlar üçün gün ərzində 400 mqr (bəzi tədqiqatçıların fikirinə görə hətta 800 mqr) fol turşusu lazımdır.
Ardı →