2011-ci il noyabr. Anamı 5 ay əvvəl itirmişdim. Bütün günü yataqda uzanıb ağlamamaqdan məni xilas edən yeganə şey işim idi. İclasda qapını çırpıb işdən çıxan rəfiqəmə ‘dəstək’ olmaq üçün ərizəmi yazıb mən də çıxdım. Çətin vaxtlarda boş qalmaq pis şeydir. Daha sonra ondan daha cəsarətli olduğumu başa düşən kimi boyfriendimdən də ayrıldım.
Asan deyildi.
Növbəti gün bulvara getdim. Boz, soyuq bulvar, sürüşkən mərmərlər, rəngi qaçmış heykəllər, paltarsız ağaclar və mən. Bütün dünya boş idi, hər şey mənasız gəlirdi, ilk dəfə idi ki, diqqətimi çəkmək üçün min oyundan çıxan qara geyimlilərə reaksiya vermirdim, bu o demək idi ki, təslim olmuşdum.
Düşündüm ki, kimsə avtomatla mənim üstümə gəlsə heç qaçmaram, qışqırmaram da, yaşamaq istəmirdim.
Evə qayıtdım. Evdə mama olmayanda qəribə səssizlik çökür divarlara, rəngli şeylər də ağ-qara görünür. Kimisə lap ürəkdən qucaqlamaq, öpmək istəyəndə və bunun daha heç vaxt mümkün olmadığını biləndə qəribə hisslər yaranır – ağrı, suallar, təəssüf, üsyan – hamısı bir-birinə qarışır.
Ardı →