Ölkələrin simvolu sayılan məşhur tikililər haqqında

Hansısa ölkəyə səfər etmək istəyərkən ağla ilk gələnlərdən biri bu olur? Bu ölkədə gəzməli-görməli, maraqlı, tarixi yer haradı? Bəzən bir abidə, saray, qüllə, saat, ümumiyyətlə hansısa bir tikili o ölkənin simvolu sayılır. Ölkələrin simvolu sayılan məşhur tikililər haqqında maraqlı məlumatlar burda

Bosniya və Herseqovina — Mostar Körpüsü
 
Mostar Körpüsü, Bosniya və Herseqovina Respublikasının Mostar şəhərindən keçən Neretva çayı üzərində yerləşir. Memar Sinanın şagirdi memar Xeyrəddin tərəfindən 1566-cı ildə inşa edilib. Neretva çayından 24 m yüksəklikdə, 30 m uzunluğunda, 4 m enində olan Mostar Körpüsü, o dövr üçün inkişaf etmiş texnologiya ilə tikilib.
Körpünün inşası üçün memar Xeyrəddin 456 üzlük daşdan istifadə edib. Körpü tikiləndən sonra yaxınındakı şəhərə də onun adı verildi, şəhərdə ticarəti canlandı və zənginləşdi. Bununla da Mostar Herseqovinanın ən əsas şəhəri oldu. Məlumata görə, Mostar şəhərinin kişiləri, nişanlılarına cəsarətlərini sübut etmək üçün toydan öncə körpüdən atlayardılar.
1992-ci ildə Bosniya və Herseqovinada başlayan vətəndaş müharibəsi zamanı körpüyə ilk hücumu bosniyalı serblər təşkil edib. Bir il sonra Xorvatiya tankları körpüyə daha böyük zərbə vuran hücumlara başlayıb. 1993-cü il noyabrın sonunda körpü tamamilə dağıdıldı. Körpünün nəhəng daşları, Neretva çayının sularına qərq oldu. Bu körpü var olduğu 427 il boyunca Bosniyada mədəni müxtəlifliyin simvolu sayılırdı, şəhərin müsəlman və xorvat seqmentini bir-birinə bağlayırdı. Körpünün dağıdılması, Mostarın çox millətli mirasının rədd edilməsi mənasını verirdi.
Döyüşdən sonra ingilislər körpünün yerinə keçici dəmir körpü tikdilər. Mostar ətrafındakı digər körpülər də korlandığından çayın iki sahilini birləşdirən təkcə bu körpü qaldı. 1997-ci ildə YUNESKO və Dünya Bankının dəstəyi ilə Mostar Körpüsünün köhnə görüntüsünə uyğun yenidən tikinti işləri başladı. Körpünün tikintisini bir türk şirkəti öz üzərinə götürdü. Macar ordusunun dalğıcları körpünün orijinal daşlarını çay yatağından tapıb çıxardı. Ətrafdakı daş karxanalarından yeni daşlar da gətirilərək körpü istehsalında istifadə edildi. Tikinti şirkəti orijinal modelə sadiq qalaraq körpünün özülünü də möhkəmləndirdi. Körpünün kəmərindəki iş 2002-ci ilin iyununda başladı və kilid daşı 2003-cü ilin avqustunda yerinə qoyuldu.
Körpünün 2004-cü il 23 iyulda ingilis şahzadəsi Çarlz tərəfindən açılışı oldu. Açılış telekanallar tərəfindən canlı yayımlandı. Beləcə Mostar Körpüsü, köhnə Mostar şəhəriylə birlikdə 2005-ci ildə Dünya Mədəniyyət İrsinə əlavə olundu.
 Avstraliya: Sidney Opera Teatrı

Sidney Opera Teatrı Sidney şəhərinin Bennelonq Poynt limanında, Avstraliyanın Yeni Cənubi Uels ştatında yerləşir. Teatr binası Sidneyin simvoludur və Avstraliyanın görməli yerlərindən biridir. 1955-ci il 15 sentyabrda teatr binasının inşası üçün layihələrin qəbuluna başlanıb. Qalib layihə üçün 5000 funt-sterlinq dəyərində mükafat təyin edilib. 1957-ci il yanvarın 29-da 32 ölkədən daxil olan 233 layihə arasından danimarkalı memar Yorn Utsonun layihəsi seçilib.
Həmin il memar Sidneyə gələrək tikintinin aparılacağı yerlə tanış olub. 1963-cü ildə tikintinin 1-ci mərhələsi başa çatdıqdan sonra isə o, öz ofisini Sidneyə köçürüb. 1966-cı ilin sonlarında Utson layihəyə rəhbərlikdən uzaqlaşdırıldı və tikintinin davam etdirilməsi Piter Holla həvalə edildi. Bundan sonra Utsonun daxili dizaynla bağlı layihələrində bəzi dəyişikliklər edildi.
Teatr binasının tikinti işləri üçün 3,5 milyon funt-sterlinq, yəni 7 milyon ABŞ dollar tələb olunurdu. Tikintinin başa çatma tarixi 1963-cü il yanvarın 26-na təyin olunmuşdu. Lakin, opera binasının təyin oluan vaxtdan 10 il sonra, 1973-cü il oktyabrın 20-də açılışı oldu. Teatr binası üçün çəkilən xərclərin ümumi məbləğinin 102 milyon ABŞ dolları təşkil etdiyi açıqlandı. Bu isə gözlənilən məbləğdən 14 dəfə çox idi.
Sidney Opera Teatrının binası 183 m hündürlüyündədir, eni isə 118 m-dir. 1,8 hektarlıq sahəni əhatə edir. Unikal damı 67 m-ə qədər hündürlüyündədir. Binanın damı İsveçdən gətirilən 1 milyon 56 min ədəd ağ keramika ilə bəzənib. Opera binasının 5 teatr salonu var. Bunlar, 2679 yerlik Concert Hall, 1547 yerlik Opera Theatre, 544 yerlik Drama Theatre, 398 yerlik Playhouse və 364 yerlik Studio Theatre-dir. Teatr binasının ümumilikdə 1000 otağı var. Bunlara 5 məşq, 60 geyim otağı, 4 restoran, 6 bar və çoxlu sayda xatirə dükanları daxildir. Teatr binası 25 min nəfərlik şəhərin ehtiyacını ödəyəcək qədər elektrik tutumuna malikdir və elektrik kabellərinin uzunluğu 645 km-dir.
Qeyd edək ki, memar Yorn Utson 2003-cü ildə bu əsərilə Pritzker Memarlıq mükafatını qazanıb. Sidney Opera Teatrı YUNESKO-nun Dünya Mədəniyyət İsrinə əlavə olunub.
Almaniya: Brandenburq darvazası
 
Brandenburq darvazası Almaniyanın Berlin şəhərinin əsas simvollarından biridir. Qapı eyni zamanda Almaniya Birliyinin də simvolu sayılır. 1793-cü ildə alman heykəltəraş Cohan Qotfrid Sçadov tərəfindən hazırlanan Brandenburq darvazasının on iki sütunu, altı giriş qapısı və altı çıxış qapısı var. Sütunlar, beş yol formalaşdırır, vətəndaşların yalnız xaricdəki iki qapıdan istifadə hüquqları var. Ortadakı yol kral və böyük əhəmiyyət kəsb edən şəxslər üçün ayrılıb.
Nasistlər iqtidara gəldiklərində darvazanı simvol olaraq istifadə etməyə başladılar. II Dünya Müharibəsi zamanında darvaza xarab olsa da tamamilə məhv olmadı. Şərq və Qərb Berlin hökumətləri darvazanı bərpa etsələr də Berlin Divarı hazırlanana qədər açılmadı.
1963-cü ildə ABŞ-ın o zamankı dövlət başçısı Con Kennedi Brandenburq darvazasına baxmağa gəldi. 1980-ci ildə Qərbi Berlinin bələdiyyə başçısı Riçard Fon Vaytsseker belə demişdi: «Brandenburq darvazası qapalı olduğu müddətdə almanların məsələsi də qalacaq». Riçard Fon Vaytsseker sonralar Almaniya prezidenti oldu. Darvaza sonralar birləşmiş, müstəqil Berlinin simvolu oldu və 22 dekabr 1989-cu ildə yenidən açıldı.
Berlin Senatının qərarından sonra, 2002-ci ilin oktyabr ayından bu yana avtobusların və taksilərin Brandenburq darvazasından istifadə etməsinə icazə verilmir.
 
 Avstriya: Şönbrun Sarayı

 
Şönbrun Sarayı Avstriyanın paytaxtı Vyanadakı Kral sarayıdır. Saray Vyananın Qərb hissəsindəki Hitsinq rayonunda yerləşir. Ölkədə ən əhəmiyyətli mədəni abidələrin olan saray 60-cı illərdən indiyə qədər Vyanaya gələn turistləri ən çox cəzb edən məkanlardan biridir. Hər il sarayı 6 milyondan çox turist ziyarət edir ki, onların da təxminən 1,5 milyonu sarayı gəzmək üçün bilet alır.
Şönbrun sarayı Avstriya imperatorlarının əsasən yay iqamətgahı kimi tanınır. Saray İohann Berenhard Fişer pon Erlax tərəfindən Barokko üslubunda tikilib. 1683-cü ildə Vyanaya hücumlar zamanı qalaya zərər dəyib. İmperator I Leopald dağılan sarayı bərpa etmək üçün arxitektor İohan Bernardı dəvət edib. İşlərin çoxu 1713-cü ildə başa çatsa da tikinti axıra qədər tamamlanmayıb. 1728-ci ildə imperator IV Karl Şönbrunu qızına, yəni gələcək imperatriçə Mariya Terezaya hədiyyə edib.
Mariya Tereza sarayın tarixində mühüm rol oynayıb. O, Sarayın iqamətgah və bağından zövq alaraq onu siyasi mərkəzə çevirib və nazirlərin andlarını qəbul edib. Məşhur bəstəkar Motsart burada Tereza üçün musiqilər ifa edib.
1752-ci ildə imperatriçənin əri imperator I Frans sarayın ərazisini genişləndirərək yaxınlığında Şönbrun zooparkını da yaradıb. Mariya Terezanın ölümündən sonra isə Saray imperatorların yay iqamətgahı kimi istifadə olunub. Qeyd edək ki, Napoleon Bonapart Vyananı işğal edən zaman qərargahını burada qurub və 1803-1809-cu illərdə Saray onun tabeliyində olub.
1945-ci ildə saray bombardman nəticəsində yenidən ziyan çəkib. Müharibədən sonra Britaniya komandanlığı sarayı özlərinin əsas ştabları kimi istifadə ediblər. 1992-ci ildə Şönbrun yenidən bərpa olunub. Əvvəllər sarayın 1440 otağı olsa da sonradan bunların bir qismi birləşdirilərək muzeyə çevrilib. Sarayda uzun illərdir bərpa işləri aparılsa da hələ başa çatmayıb. Buna səbəb isə sarayda həyata keçirilən işlərin çox incəliklə və dəqiqliklə yerinə yetirilməsidi.
1996-cı ilin dekabrında YUNESKO-nun 20-ci sessiyasında Şönbrun Sarayı Ümumdünya Mədəniyyət İrsinin siyahısına daxil edilib.
 ABŞ: Azadlıq abidəsi
 
Azaqdlıq heykəli Amerika Birləşmiş Ştatlarının əsas simvollarından biri sayılır. Heykəl Nyu-York ştatında, Liberty (Azadlıq) adasının üzərində yerləşir. 1886-cı ildə hazırlanan heykəl, dünyanın ən tanınmış və turistlik əsərlərindən biridir.
Azadlıq heykəli Fransada hazırlanıb və bu ölkə tərəfindən ABŞ-a hədiyyə edilib. Əslində bu heykəlin hazırlanmasının Amerika ilə heç bir əlaqəsi yoxdur. Azadlıq heykəli Misirdə, Süveyş Kanalı üzərinə qoyulmaq üçün hazırlanmışdı. Amma sonradan heykəlin bu bölgəyə qoyulmasının narahatlıq yarada biləcəyi düşünüldüyü üçün ondan imtina edilib.
Hazırlanan ilk heykəl Qırmızı dəniz ilə Aralıq dənizinin qovuşduğu yerə qoyulacaqdı. Heykəl fironluq dövründəki geyimlərə bürünmüş qadın şəklində idi və əlində “Asiyanın işığının Misirdən gəldiyini” simvolizə edən bir məşəl tuturdu.
93 metr hündürlüyündəki heykəlin istehsalında mis və poladdan istifadə edilib. Yaşıl rəngli əsərin memarı isə fransız heykəltəraş Frederik Avquste Bartholdidir. Heykəldən imtina edilməsi səbəbilə əsər Parisdə bağlı bir sahədə mühafizə edilib.
Daha sonra Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin 100-cü ildönümü ilə əlaqədar hədiyyə axtaran Fransa həmin memardan əsərdən istifadə etmək üçün icazə alıb və bəzi dəyişikliklər ediləndən sonra bugünkü forması ilə Amerikaya göndərilib. Heykələ düzəliş etmək üçün Frederik Avquste Bartholdiyə, Eyfel qülləsinin mühəndisi Qustav Eyfel kömək edib.
Azadlıq heykəlinin hazırlanması 1884-cü ildə Fransada tamamlanıb. Amma Amerikaya göndərilə bilməsi üçün heykəl parçalara ayrılmalı idi. 1885-ci ildə heykəl 350 parçaya ayrılaraq sandıqlarla Nyu-Yorka göndərilib. Nyu-Yorkda bu parçalar təxminən dörd aya birləşdirilib və heykəl 28 oktyabr 1886-cı ildən minlərlə adamın iştirakı ilə ziyarətə açılıb.
Heykəlin sağ əlində məşəl, sol əlində isə kitab var. Kitabın üstündə 4 iyul 1776-cı il, yəni Müstəqillik Bəyannaməsinin tarixi yazılıb. Heykəlin başındakı tacın 7 iti ucu 7 qitəni və ya 7 dənizi simvolizə edir. Heykəlin məşəl tutan sağ əlinin hündürlüyü 13 m-dir. Məşəlin ətrafındakı dəhlizdə 15 adam bir yerdə gəzə bilər. Heykəlin başının eni 2 metr, hündürlüyü isə tacı ilə birlikdə 5 metrdir. Azadlıq heykəlini ziyarət etmək istəyənlər heykəlin olduğu Azadlıq adasına bərə vasitəsilə gedirlər. Ziyarətçilər heykəlin içindən məşələ qədər 168 pilləli nərdivanla çıxa bilərlər. Heykəldən Nyu-Yorkun möhtəşəm mənzərəsini seyr etmək mümkündür.
 
 Braziliya: İsa heykəli

İsa heykəli Braziliyanın Rio de Janeyro şəhərində, Korkovado dağının üzərində yerləşir və şəhərin ən əsas simvollarından biri sayılır.
Dağın aşağı hissəsində Tijuka Milli Parkı yerləşir. Korkovado dağı dəniz səviyyəsindən təxminən 710 m yüksəkliyindədir və dağ silsiləsi qıvrım yollarla zirvənin yaxınlığına qədər gəlir. Dağın zirvəsində fransız heykəltəraş Paul Landovski tərəfindən beş il içində hazırlanan İsanın heykəli yerləşir. Abidənin yanından ətraf hissələrə baxmaq olur və buradan bütünlükdə Rio de Janeyronun panoramasını görmək mümkündür.
Heykəlin istehsalına 1922-ci ildə paytaxt Rio de Janeyroda, Braziliyanın müstəqilliyinin 100-cü ildönümünün şərəfinə başlanılıb və 12 oktyabr 1931-ci ildə rəsmi mərasimlə açılışı olub. 30 m hündürlüyündəki nəhəng heykəl 1145 ton ağırlığındadır. Təkcə heykəlin başı 3,75 m hündürlüyündədir və 30 tondur. Açılmış qollarının eni 30 m-dir. İnşaat işlərində betondan və üzərində lay olaraq da sabun daşından istifadə edilib. İsa heykəli 7 İyul 2007-ci ildə “Dünyanın Yeni Yeddi Möcüzəsi”ndən biri seçilib. Hər il abidəni milyonlarla turist ziyarət edir.
Qeyd edək ki, bu yaxınlarda İsa heykəlini ildırım vurub. Hadisə nəticəsində heykəlin sağ əlindəki iki barmağı ciddi zərər görüb. Hazırda braziliyalı mütəxəssislər heykəlin barmaqlarının təmir edilməsi yolunu düşünürlər.
 
İtaliya: Kolizey

İtaliyanın paytaxtı Romada yerləşən Kolizey e.ə. 72-80-ci illərdə inşa edilən qədim amfiteatrdır. Roma deyiləndə ilk ağıla gələn tarixi abidə olan Kolizey həm də şəhərin əsas simvoludur.
Qədim Romanın ən əzəmətli tarixi abidəsidir, eyni zamanda dünyadakı ən böyük antik amfiteatr sayılır. Eskvilin, Palatin və Çelio təpələrinin arasında yerləşir. Bura Flavi sülaləsinin nümayəndələri tərəfindən tikildiyi üçün Flavi amfiteatrı adlandırılıb.
Kolizeyin inşasına imperator Vespasianın Fələstindəki qələbəsindən sonra başlanıb və onun oğlu Titin dövründə bitirilib. VIII əsrdən etibarən Kolizey adlandırılmağa başlayıb. Bura uzun zaman qladiatorların və vəhşi heyvanların döyüş səhnələrinə, dəniz döyüşlərinin imitasiyasına ev sahibliyi edib. Ən çox qladiator döyüşlərilə xatırlanan arenada 2000-dən çox qladiator ölüb. Katolik kilsəsinin mifik fərziyyələrinə görə, xristianlığı qəbul edənlər məhz burada edam edilirmiş.
İmperator Makrinin dövründə tikilidə güclü yanğın olub. Daha sonra Aleksandr Severin əmri ilə yenidən bərpa edilib. 405-ci ildən amfiteatrda qladiator döyüşləri ləğv edilir, amma vəhşi heyvanlara qarşı döyüşlər hələ də keçirilirdi.
Varvarların hücumlarından sonra tikili dağıdılmağa başlanır. 1132-ci ilədək adlı-sanlı romalılar üçün qala funksiyası daşıyıb. 1332-ci ildə burada öküz döyüşləri keçirilirmiş. Elə o zamandan da onun dağıdılması davam etdirilir. Onun daşlarından tikinti materialı mənbəyi kimi digər tikililərin inşasında istifadə edilib. Papa II Pavel Venesiya sarayının tikintisi üçün daşları məhz buradan götürüb. Amfiteatrda V-IX əsrlərdə kustar fabriklər də fəaliyyət göstərib.
Kolizey indi İtaliya hökuməti tərəfindən diqqətlə qorunur. Alim arxeoloqların tövsiyələri əsasında tikili qismən bərpa edilərək dağılmasının qarşısını almaq üçün bir çox tədbirlər görülüb. Kolizey Romanın ən parlaq simvolu kimi ən məşhur turist obyekti sayılır. 7 iyul 2007-ci ildən dünyanın 7 yeni möcüzəsindən biri sayılır.
Hesablamalara görə, Kolizey 50 min tamaşaçı qəbul etmək imkanına malik olub. Kolizey ellips formasındır, eni 156 m, uzunluğu 188 m, çevrəsi 527 m, hündürlüyü 48 m-dir. Üstü xüsusi tent vasitəsilə günəş şüalarından qorunmaq üçün örtülürmüş. Döşəməsi taxtadandır və altında 7 m dərinliyində zirzəmi yerləşib.
VIII əsr salnamələrində belə bir ifadə mövcuddur ki Kolizey durduqca Roma da duracaq, nə vaxt Kolizey yox olacaqsa o vaxt Roma, onunla birlikdə isə dünya da məhv olacaq.
 
 İtaliya: Piza qülləsi və ya «Yıxılan qüllə»

Öz maraqlı görünüşünə görə hər zaman diqqət cəlb edən Piza qülləsi İtaliyanın ən məşhur simvollarından biri sayılır. 1360–cı ildə tikilən qüllə Piza şəhərinin zənglərdən ibarət olan qalasıdır və Santa Mariya Assunto kilsəsinin şəhər ansamblının əsasını təşkil edir. Qala görünüşünə görə «Yıxılan qüllə» adını qazanıb və bütün dünyada öz xarici görkəmi ilə fərqlənib. Çünki qüllənin xarici görünüşünə diqqət yetirdikdə onun maili olduğu görünür.
Qüllənin ən alçaq tərəfinin torpaqdan hündürlüyü 55,86 m-dir və ən yüksək tərəfi isə 56,7 m hesablanıb. Divarların eni 4,09 m, yuxarıya doğru istiqaməti isə 2,48 metr olduğu qeyd edilir. Şaquli vəziyyətindən 3,9 metr uzaq bilinir, 294 pilləsi var.
Piza qülləsinin tikintisi üç mərhələdən ibarət olub. 9 avqust 1173–cü ildən başlayaraq iki dəfə uzun aralarla təxminən 200 il davam edib və 1360–cı ildə başa çatdırılıb. Qüllə katolik kilsəsi olan Campo dei Miracolinin zəngləri kimi yaradılıb, amma memarı indiyə kimi məlum deyil. Əslində qüllə şaquli istiqamətdə layihələndirilib, lakin əyilmə tikinti prosesi gedərkən hiss edilməyə başlanılıb.
15 dekabr 2001–ci ildə qüllənin qapıları turistlər üçün açıq elan edilib. 1564–cü ildə Piza şəhərində anadan olan böyük alim Qalileyo Qaliley öz təcrübələrinin çox hissəsini məhz bu qüllədə aparıb. O, əlindəki müəyyən kütlələri Piza qülləsinin başından ataraq onların düşmə qabiliyyətlərini öyrənib və sürətin heç də çəkidən asılı olmadığını sübut edib.
 
30 dekabr 1986–cı ildə YUNESKO Ümummilli Abidələrin Mədəniyyət İrsi siyahısına salınıb. Tikili 8 mərtəbədən ibarətdir. Binanın bütün konstruksiyalarla birlikdə ümumi çəkisi 14700 tondur. Bura özünün silindr forması ilə bütün dünya ölkələrində tanınıb. Piza qülləsinin memarlığı italyan abidələri içərisində ilkin yer tutur.
 
 Malayziya: Petronas qüllələri

Dünyadakı ən hündür qüllələrdən sayılan Petronas qüllələri Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində yerləşir. Petronas qüllələri 1992-1998-ci illərdə argentinalı memar Sezar Pelli tərəfindən inşa edilib. 1998-2004-cü illərdə dünyanın ən hündür tikilisi hesab edilib. Tikilinin inşası zamanı 1,6 milyard dollar dəyərində 36910 ton poladdan istifadə edilib.
Bura Malayziyanın milli neft şirkəti Petronas tərəfindən inşa etdirildiyi üçün Petronas adı verilib. Qüllələrdə şirkətə aid olan ofislərdən əlavə, bir çox ticarət mərkəzi, təbii elmlər muzeyi — Petrosayens, simfonik orkestr və incəsənət qalereyası yerləşir.
Petronas qüllələri memarlıq üslubuna görə, təkcə İslam deyil, eləcə də Asiyanın böyük buddist məbədlərindəki xətləri əks etdirir. Bu səbəbdən Malayziyanın malay və çinli etnik xüsusiyyətlərinin vəhdətini ortaya çıxarır.
Malayziyanın simvolu sayılan qülləlin 32 min pəncərəsi var. Qüllələri hər gün minlərlə turist ziyarət edir. Bura 452 metrlik yüksəkliyi ilə dünyanın ən hündür tikililəri arasında yer alır. İki qüllə, aralarındakı əlaqənin təmin edilməsi məqsədi ilə yerdən 170 metr yuxarıda, 41-42-ci mərtəbələrdə Səma Körpüsü adı verilən körpülərlə bir-birinə birləşib. Bu körpülərin uzunluğu isə 58 m-dir.
Əsasən İslam memarlıq üslubunda hazırlanan və polad karkasa malik şüşədən ibarət qüllə, zəlzələ və ildırımlara qarşı çox dayanıqlı olan dizayna sahibdir.
 
 Kamboca: Anqkor Vat məbədi

Dünyanın ən böyük məbəd kompleksi Anqkor Vat məbədi XII əsrin I yarısında II Suryavarmanın hakimiyyəti dövründə inşa edilib. Bura tanrı Vişnaya həsr edilmiş nəhəng hinduizm məbədi kompleksidir. Anqkor Vat dünyanın nəhəng mədəni tikilisi və arxeoloji abidələrindən biri sayılır.
XIX əsrdən bəri Kambocanın bayrağında əks edilən Anqkor Vat məbəd kompleksi Siempeap şəhərindən 5 km aralıda yerləşir. Məbəd özündə hind mifologiyasına, qədim hind eposlarına aid barelyefləri, təqribən 2000-ə yaxın apsar fiqurları cəmləyib.
Mərkəzdəki qüllə ibadətgahdan 42 km hündürlüyündə, ümumilikdə yerdən isə 65 km hündürlüyündədir. Məbəd kompleksi Avropa sivilizasiyasına 1858-ci ildə fransız arxeoloq Anri Muo tərəfindən tanıdılıb. Anqkor Vat 1992-ci ildə UNESCO-nun Ümumdünya Mədəni İrsinin siyahısına salınıb.
 
                                         
Yazar: Günay Cəfərova

Oxşar məqalələr

0 şərh