Girişi sərbəst olan 5 ən məhşur Avropa muzeyi

Avropa muzeylərinin  böyük əksəriyyəti ziyarətçilər üçün müəyyən tariflər tətbiq edir. Amma xaricə səfər zamanı pullarına qənaət etmək və dünya mədəniyyətinə bələd olmaq istəyənlər üçün girişi sərbəst olan muzeylər də var. Bu tipli muzeylərdən beş ən məşhurunu sizə təqdim edirik.  

Parisdəki Müasir İncəsənət Muzeyi

Eksponatları az olsa da, burada XX əsr müasir incəsənətinin bütün istiqamətlərini təmsil edən 9000 əsər saxlanılır. Bu bina 1920-cu ildə inşa edilib.  Xatırladaq ki, 2010-cu ildə Pikasso, Matiss, Brak, Modilyani və Lejenin ümumi dəyəri 95 milyon avro olan beş tablosu oğurlandı və bu hadisə “əsrin qarəti” adını aldı. Bu oğurluğun üstü açılmadı.   
Amsterdam şəhər arxivi - Stadsarchief

 

Amsterdam arxivi investisiya bankının keçmiş mənzil-qərargahında yerləşir. Bu binanın daşları relyef qrafikası və naxışlarla bəzədilib. Amsterdam sərgisinin əsas özəlliyi isə şəhərin tarixindən xəbər verən artefaktlar kolleksiyası ilə bağlıdır və bu sənədlər yeraltı xəzinədə saxlanılır.

“Berlin divarı” memorial kompleksi



 Memorial kompleks və muzey Almaniya paytaxtını iki hissəyə ayıran beton zolağın yadigarıdır. Buradakı divar parçası ilkin formasındaca qorunub saxlanılır. Bu abidə vaxtilə ölüm zonası olmuş ərazi barədə dolğun təəssürat yaradır. Divarın o üzünə keçmək istəyənləri ölüm gözləyirdi. Memorial kompleksində ziyarətçilərə Berlin divarı barədə filmin və kitabın nümayişi təklif olunur.

Kopenhagen milli muzeyi



Qədim zamanlardan bəri Danimarkanın inkişaf tarixini özündə əks etdirən Kopenhagen Milli Muzeyi zəngin eksponatlara malikdir.  Bu baxımdan, “Danimarkanın tarixi” adlı ekspozisiya xüsusi maraq doğurur: burada 1660-cı ildən bəri ölkənin gündəlik həyatını əks etdirən minlərlə məişət əşyasından istifadə olunub.  Muzey xüsusən də uşaqlarda qeyri-adi təəssürat yaradır. Onlar burada müxtəlif dövrlərə aid geyimləri geyinib özlərini əsl vikinqlər kimi hiss edə bilirlər.   

Lissabondakı Berardo Kolleksiyası Muzeyi



 Berardo muzeyinin yaşı o qədər də çox deyil. Muzey müasir incəsənət kolleksiyasını geniş ictimaiyyətə 2007-ci ildə təqdim edib. Binanın divarları Pikasso, Bako və Dali kimi məşhur ustad sənətkarların əsərləri ilə zəngindir. Sərgilər müntəzəm  olaraq hər hansı bir rəssam və ya mövzuya həsr olunur.

 

0 şərh