Livan

Livan qədim Semit dillərində Laban — ağ deməkdir. Livan Respublikasının əhalisi 3,82 mln. nəfərdir. Əhalinin 95 %-i ərəblər, qalanları fələstinlilər, başqa ərəb ölkələrindən olanlar, ermənilər – 4%, kürdlər təxminən 30 min, yunanlar, türklər və az sayda çərkəzlər, farslar və fransızlardır. Başqa ərəblərdən fərqli olaraq Livan ərəbləri öz həyat tərzləri və məişətlərinə görə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənirlər. Bu da onunla izah olunur ki, Livanda əhalinin dini tərkibi olduqca rəngarəng olmuşdur. Burada 15-ə qədər dini icma var. Livan ərəblərinin özlərinə məxsus etiket qaydaları var. Onlar danışarkən başqa ərəb əhalisindən fərqli olaraq əl hərəkətlərinə daha az yer verirlər. Dini etiqadlarına görə Livan əhalisi arasında bahqa ərəb ölkələrinə nisbətən xristianların sayı daha çoxdur. 1932-ci ildə Livanda aparılan siyahıya alınmaya görə xristianlar 52 %, müsəlmanlar 48 %-dir. Son məlumatlara görə isə müsəlmanlar 60%, şiələr 27 %, sünnülər 26 %. Druzlar 7 %, xristianlar 40%-dir: maronitlər 23%, provaslavlar 7 %, yunan katoliklər 5%, qalanları 5 %-dir. 1943-cü ildə Livan müstəqil Respublikası yarandığı vaxtdan müsəlman və xristian icması liderləri arasında saziş imzalandı. Bu sazişə əsasən prezident xristian maqonitlər arasından seçilir. Baş nazir yalnız sünnü müsəlman, parlamentin sədri isə şiə müsəlman olmalıdır.

Livanın paytaxtı 1943-cü ildən Beyrut şəhəridir. Livanın iqtisadiyyatının 30%-ni kənd təsərrüfatı təşkil edir. Taxıl, sitruz, tərəvəz, tütünçülük və ipəkçilik inkişaf etmişdir. Burada geniş miqdarda zeytun yağı istehsalı ilə məşğul olurlar. Livanın yaşayış evləri müxtəlif tiplidir. Burada çoxmərtəbəli Avropasayağı evlərlə yanaşı, çiy kərpicdən və ağacdan tikilmiş evlər də var. Kəndlilərin yaşayış evləri adətən bir otaqlı pəncərəsiz və yastı dam örtüklü, yonulmuş təbii daşdan tikilmiş evlərdən ibarət olur. Livan sakinləri qara şalvar və köynək geyirlər. Üstündən qırmızı və ya qara rəngli enli qurşaq bağlayırlar. Livan qadınları başlarna hündürlüyü 30 sm-ə çatan konusa bənzər papaq qoyurlar. Konusun ucundan ağ tül örtük sallayırlar. Papağın üsütü çoxlu qızıl və gümüş pullarla bəzədilir. Liviyalılar çörəyi təndirdə bişirirlər. Kənd əhalisi qatığı qışa saxlamaq üçün onu yumrulayır və zeytun yağında saxlayırlar. Livanda xalq təhsilinə böyük əhəmiyyət verirlər. Burada Beyrut Universiteti, Müqəddəs İosif universiteti, Livan universiteti fəaliyyət göstərir. Memarlıq abidələrindən Cami-əl-Ömər məsçidi- XIII əsr, Saray məsçidi XYI əsr göstərmək olar.

Müəllif: Həvilova Fəxriyyə Həvil qızı
Mənbə: Şərq mədəniyyəti və etnoqrafiyası

0 şərh