Mikroblar əllə yoluxur

Soyuqdəymə, zökəm, qrip və digər yoluxucu xəstəliklər daha çox ələ bulaşan mikroblar vasitəsilə yayılır. Bunun qarşısını almaq üçün ən yaxşı yol isə əlləri tez-tez yumaqdır.

Yoluxucu qış xəstəliklərinin əsas “səbəbkarları” daha çox viruslar göstərilir. Məsələn, influenza adlı virus, dəridə 5 dəqiqə, geyim əşyalarında, kağız və dəsmallarda 8-12 saat, qapı dəstəyində, oyuncaqlar üzərində 24-48 saat yaşaya bilir. Digər bir virus olan qastroenterit isə 6, hətta 60 gün yaşayır.

Yuxarıda deyildiyi kimi virus çirkli əl, öskürmə, asqırma və tüpürcək yolu ilə yoluxur. Biz də hər yerə toxunduğumuz üçün əllərimizin təmiz qalması mümkün deyil. Qrip, sarılıq və ishala səbəb olan bağırsaq parazitləri də əl vasitəsilə yayılır. Uşaqların əksəriyyəti əllərini yumadıqları (və ya yaxşı yumadıqları) üçün mikroblara daha asan yoluxurlar. Xüsusilə, ayaqyolundan sonra əllərin təmiz yuyulmaması, eləcə də məktəbdə istifadə edilən silgi, qələm və pozan kimi əşyalar yoluxucu xəstəliklərin yayılmasına səbəb olur.

Yadda saxlamaq lazımdır ki, mikroblar ancaq əlverişli şərait olduqda çoxalır. Buna görə də, əli isti su ilə yumaqla da mikrobun məhv olmasına əmin olmaq çətindir. Çünki əlin mikrobun məhv olduğu isti suya dözməsi qeyri-mümkündür. Buna görə də, su və sabunla əl-ayağı, barmaq aralarını, barmaq uclarını (bilək də daxil olmaqla) yaxşıca yumaq lazımdır. Bundan başqa, ictimai yerlərdə əlləri kağız dəsmalla qurulamaq məsləhətdir.

0 şərh