Zəhlətökən, mənasız suallar

Hər gün çoxlu suallar veririk bir-birimizə. Bunlardan bəziləri cavab almaq, nəsə öyrənmək üçündür. Bəziləri isə sadəcə artıq ənənəyə çevrilmiş və əslində cavabı olmayan suallardır. Bunlar arasında bizi əsəbiləşdirənlər, bezdirənlər də olur. O suallardan yadımıza düşənləri yığdıq bir yerə.

“Necəsən? Başqa nə var, nə yox? Ayrı vəziyyətin?”

Birinci suala cavab vermək olur, digər iki sual müəmmalıdır. Adam soruşmaq istəyir, səni konkret nə maraqlandırır? Başqa nə var nə yox? Bu nə deməkdir axı?

Haralısan? Hardansan?”
Yerlibaz adamların çox verdiyi sual. Çox vaxt yerli çıxma ehtimalını nəzərə alıb verirlər bu sualı.

“Niyə ərə getmirsən?” və ya “Niyə evlənmirsən?”
Subayların yaralı yeri! Gəlin sizə yaxşı bir cavab məsləhət görək. Deyin ki, evlənənlər məsləhət görmürlər.
zəhlətokən suallar
“Mənə görə bir qulluq?”
Dəliqanlı oğlanların söhbətə qoyduğu nöqtə və ya sağollaşmağın bir yolu. Əvvəllər daha çox işlənirdi bu ifadə. Son vaxtlar deyəsən unudulub. Bu sualın klişe cavabı: Qulluq sahibi olasan. 

Üzünü niyə qırxmırsan?”
Daha çox gənclərə verilən sualdır. Ardınca da başqa suallar gəlir:  “Dindarsan?”, “Kimsə rəhmətə gedib?” və s. Bir insanı başqasının üzünü qırxmamağı niyə bu qədər narahat edir görəsən?

Saçını niyə kəsdirmirsən?
Uzun saç bizdə nədənsə qızlara aid bir əlamət kimi qəbul edildiyindən oğlanların saç saxlamağına pis baxılır.

“Böyüyəndə nə olacaqsan?”
Uşaq vaxtı yəqin sizə də bu sual verilib. Böyüyəndə nə olacağını uşaq hardan bilsin?

“Gəlmisən?”
Maraqlı suallardan biri də evə gələn adama verilən “gəldin?”, yaxud “gəlmisən?” suallarıdır.

“Niyə səsin çıxmır? Nəsə olub?”
Kefiniz yaxşı olsa da, səsiniz çıxmırsa deyəcəklər ki, əhvalın yoxdur.  O qədər inadla soruşurlar ki, axırda kefin həqiqətən pozulur.

“Nə qədər maaş alırsan? Bir şey-mir şey var?”
“Bir şey-mir şey”, yaxud “Çax-çux” çox maraqlı anlayışdır. Yəni maaşın az olsa da fikir eləmə, əsas “çax-çux”un yaxşı olsun. O varsa, deməli ac qalmırsan. 

Bizi nə vaxt sevindirəssiniz?
Bu da evli cütlüklərin bəlasıdır. Toydan on gün keçməmiş başlayır və uşaq olana qədər davam edir. 3 aya qədər bir xəbər çıxmasa, üz tutulur həkimlərə, nəzir deyilir pirlərə, məscidlərə, seyid ocaqlarına.

“Heç yoxdu?”
Dükanda gedən dialoqdur. Filan şey var? – Yox – Heç yoxdu? Yoxdursa, yoxdur da. “Heç yoxdur” nə deməkdir?

Müəllif: Rəna Nevzat 
 

23 şərh

asel
Birini də mən deyim:: Ailədə ilk uşaq dünyaya gəlib, heç uşağın qırxı çıxmamış soruşurlar… Bacı, ya qaqaş fikirləşmirsiz?...
 
naninka
:)) necedə deqiqliyi ilə yazılıb. 3- sual veriləndə bütün əsəbim pozulur. Güya canları yanır və ya məni məndən cox istəyirlər, bunlar deməsə mən bilmirdim...  ))
Diamonds
“Gəlmisən?”
Maraqlı suallardan biri də evə gələn adama verilən “gəldin?”, yaxud “gəlmisən?” suallarıdır.

Bu sual lap bezdirib məni.
pascal
Adamı özündən çıxaran belə suallar az deyil.
Yolda tanışınla və ya qohumunla rastlaşırsan, salam-əleykdən sonra ona aid olmayan bu sualı verər: «hara gedirsən?» və ya «hardan gəlirsən?». 
Burdakı sualların çoxu maraqdan yaranan məntiqsiz, mənasız suallardır. Amma başqasının nə qədər maaş aldığını soruşmaq, mənə görə qeyri-etik davranış, soruşan insanın dünyagörüş və mədəniyyətinin az olmasından irəli gəlir. Digər sualları mənə versələr çox da əsəbləşmərəm, bunu o adamın intellektinin az olmasıyla əlaqələndirərəm, ama «nə qədər maaş alırsan?» soruşan adamı yaxınıma buraxmaram.
asel
«nə qədər maaş alırsan?»-bu sualı verənə bir cavabım olur "özümə bəs edir". Bu cavabdan sonra heç kim artıq sual vermir.
_BUMERANQ_
Ümumiyyətlə, bu sualları leksikondan çıxarmaq lazımdı.
pascal
Bumeranq, ancaq ailədə işlənsə, olar. :)
Ferbara
Niyə makiyajlanmamısan? :)
_BUMERANQ_
Axtarsan çoxdu.
Pascal, yaxşı dəqiqləşdirdin, bəzilərini.
A_T_zade
Topik üçün təşəkkür. Belə axmaq suallar çoxdur. Bəzən ən çox verilən suallardan da biri budur telefonla danışarkən soruşurlar «kiminlə danışırsan»?.. Belə dəxlisiz suallar həqiqətən insanı qıcıqlandırır. Yuxarıda göstərilən «hara dedirsən»?, «niyə ərə getmirsən»? və «nə qədər maaş alırsan»? sualları ilə daha çox rastlaşıram.
 
Deha
Ay Apollon səndə lap camaatın yaralı yerinə toxundun...))
Venera
Ən çox zəhləmi tökən sual «nə var nə yox?».Hər gün qrup yoldaşımın verdiyi sual.İndi mən buna nə cavab verim axı?Adam kimi soruşmaq olmur «necəsən?»
BaRLeLiTa
Nə var nə yox sualı ən zəhləm gedən sualdı, hələ bu günə kimi bu suala bir cavabım yoxdu :)
Birdə pascalın qeyd etdiyi hara gedirsən sualı lap adamı hövsələdən çıxarır, amma mən çıxış yolunu tapmışam, elə soruşanı peşman edirəm — anında cavabını alır 0_0 :) — bu iki sual olmasa çox sevincli olar mənimçün (:
qabmelay
yəni bu sözlə peşiman olur?
azadmamedov90
helem, bezileri de sual fikirlesirler.
 Dindarsan? namaz qilirsan? niye bele ariqsan? yemek vermiller? bakinbordun niye uzun saxliyirsan? sene hec yarasmir, sacivi qisalt, bakinbordu qisalt, saqqalivi qirx, gir adam icine, qayna, qaris...
ehh… cemiyyetimiz xestelenib.
Elana
Məncə bu suallardan çox bu məqalənin özü zəhlətökəndir
qabmelay
 Hörmətli həmfikirlərim ,bu movzu ile heç bir əlaqəsi olmasa da,amma məni son günlər cox düşündürən bir məsələyə aydınlıq gətirməkdə kömək etmənizi xahiş edirəm.insan özü bir işin içində olanda qiymət verməyi bacarmır.mən indi o vəziyyətdəyəm.Əgər ünsiyyətdə olduğunuz   biri sizin yaşyarımlıq körpəniz haqqında  dəfələrlə" gözəl deyil.amma suyu şirindi «deyirsə necə davranardiniz
qabmelay

Və bu yetməz kimi özünün hec kimin gözündə gözəl olmayan nəvələrini bir yerə toplaşan kimi tərifləməyə başlarsa.....

 

istorik_c
Məsləhət etmirəm amma mən belə insanla rastlaşanda onu elə sancardım ki, bir daha cürət edib yanımda belə qəbahətə yol verməsin. Həmin şəxsin inciyib-inciməməsindən asılı olmayaraq hərdən belə olmaq lazımdır.
istorik_c
Ən zəhləm getdiyim sual «Hara gedirsən» sualıdır. Bir də son zamanlar skaypla danışan vaxtlar tərəf müqabillərinin bir-birilərinə verdiyi ən zəhlətökən sual-«Daha nə var nə yox»
gulwan
“Niyə səsin çıxmır? Nəsə olub?” əsəbimə toxunur bu sual