Heç vaxt pərt olmayan adam haqqında

Bir məclisdə iştirak edirdim. Balaca məclis idi. İştirakçılardan biri əhvalat danışırdı. Əhvalatın süjeti yadımda qalmayıb. Nədən danışırdı bilmirəm. Bu heç o qədər vacib də deyil. Əhvalatı danışan adam birdən dedi ki, mən heç vaxt pərt olmamışam. Filmlərdə belə kadrları yəqin çox görmüsüz. Kimsə yemək yediyi yerdə nəsə xəbər eşidir, ya da nəsə görür və heyrətdən tikəsi boğazında qalır. İnanın elə bir vəziyyətə düşdüm. Tikəm boğazımda qaldı. Stəkana bir az su töküb içdim. Bu vaxt ikinci zərbəni aldım. İkinci zərbə birincidən daha ağır idi. Əhvalat danışan adam dedi:

— Heç kim məni pərt edə bilməz.

Dəhşətə gəldim. Məhv oldum. Baxdım onun sifətinə, gördüm düz deyir. Heç kim onu pərt edə bilməz. Damarımda qanım dondu. Bu son aylarda eşitdiyim ən ağır sözlərdən biri idi. Hələ də özümə gələ bilməmişəm.

Üstündən iki aydan artıq vaxt keçib. Hələ də o anları o sözləri unuda bilmirəm. Elə hey beynimdə fırlanır: “Mən heç vaxt pərt olmamışam, heç kim məni pərt edə bilməz.” Səhər yuxudan oyanıram, o söz yadıma düşür. Avtobusda gedirəm, o söz yadıma düşür. Parkda otururam, o söz yadıma düşür. Yemək yeyirəm, o söz yadıma düşür. Elə bil lənətlənmişəm. Təcrübəmdən bilirəm ki, bir söz beynimdə fırlanırsa, rahatlıq vermirsə mütləq onu yazmalıyam. Yazı vasitəsi ilə tirajlamalıyam.

Yalnız bu yolla o sözün beynimdə fırlanmasını dayandırmaq olar. Yalnız bu yolla beynimdə fırlanan sözdən canımı qurtara bilirəm. Amma işin pis tərəfi odur ki, bu haqda yazmaq istəsəm də formanı, yazıya hardan başlayıb, yazını harda qurtaracağımı tapa bilmirəm. Tutaq ki, hadisəni olduğu kimi yazdın. Məclisdə iştirak edirdim. Bir nəfər əhvalat danışırdı. Birdən durub deyəsən ki, mən heç vaxt pərt olmamışam. Bunu yazdın. Bəs sonra? Bir az uzunçuluq edib masanın üstündəki yeməklərin dadı, həmin gün havanın necə olması, ofisiantın geyimi haqqında da yazdın. Niyə yığışmışdıq? Harda yığışmışdıq? Kimin təklifi ilə yığışmışdıq? Hesabı kim ödədi? Məclis iştirakçılarının kimliyini də bir-bir sadalasaq ədəb-ərkanlı yazı alınar. Belə xalturalar çox olub. Nəyi dəyişir bu? Nəyə lazımdır? Bilirəm ki, bu dəfə xalturayla məni narahat edən o sözlərdən canımı qurtara bilməyəcəm. Burası özümə aydındı. Başı və ayağı olmayan hadisələr haqqında yazmaq çox çətindir. Yazmaq istəyirsən, amma yaza bilmirsən. Nə yazasan? Çıxılmaz vəziyyətdəyəm. Özü də çox çıxılmaz vəziyyətdəyəm.

Bir adam heç vaxt pərt olmur. Üstəlik bunu bəyan edir. Başqa birisi isə ömür boyu ta uşaqlıqdan bəri pərt olmaqdan qorxur. Yaş üstünə yaş gəldikcə bu qorxu daha da artır. Xəstəlik dərəcəsinə çatır. Sözün həqiqi mənasında utanmayan, pərt olmayan adamlar görəndə təbiətin ədalətsizliyinə qarşı ürəyimdə bir qəzəb oyanır. Bu ədalətsiziliyə necə qəzəblənməyəsən?

Nə gizlədim, gizlətməli bir şey yoxdur, gönüqalın adamlara paxıllığım tutur. Yaşamaq onlar üçün necə rahatdır. Heç nə veclərinə deyil. Bunun adı ədalətsizlik deyilsə bəs nədir? Necə olur birinin dərisini donuz gülləsi də deşmir, heç nə ona kar etmir, başqası isə ən adi bir vəziyyətdə ölümcül yaralanır. Yarası sağalmamış başqa bir yara alır. Beləcə qanan gündən ta bu gününə qədər pərt olmaq qorxusundan əzab çəkir. Özü də ən adi vəziyyətlərdə. Məsələn, kafedə yemək yediyim yerdə ofisiant yaxınlaşır. Nəsə deyir. Mən də nəsə deyirəm. Bir-birimizi başa düşmürük. Qarşımdakı yeməyi götürüb aparır. Utandığımdan deyə bilmirəm ki, yeməyi hara aparırsan. Hələ yeyib qurtarmamışam.

Təzədən yemək sifariş verməyə də utanıram. Məcbur qalıb ayağa qalxıb gedib başqa yerdə təzədən yemək sifariş verirəm. Ən böyük qoxularımdan biri meyvə, ya da kartof-soğan daşıdığım kulokun cırılması və içindəkilərin ətrafa diyirlənməsidir. Yığmaq mümkün deyil. Yığmamaq da mümkün deyil. Əlacın ola yer aralana, xəcalətindən girəsən yerə canın qurtara. Ona görə də meyvə alanda satıcıdan xahiş edirəm iki kuloka qoysun. Hətta tanış satıcı olanda üç kuloka qoymasını xahiş edirəm.

Bu yaxınlarda evdən çıxanda zibil yığılmış kulokları götürdüm ki, atım zibil qabına. Çıxdım küçəyə. Nə qədər axtardım zibil qabını tapmadım. Başqası, məsələn, heç vaxt pərt olmayan adam olsaydı zibili yavaşca harasa atıb çıxıb gedərdi. Mən ata bilməzdim. Yarım saat əlimdə zibil dolu kuloklar zibil qabı axtarmışam. Acından da ölürəm. İstədim bir taksi tutam aparsın məni kənar bir yerə bu zibilləri tullayım.

Yaxşı ki, bu vaxt gözümə zibil qabları dəydi. Canım qurtardı. Bu kimi qorxulara görə nə qədər boş yerə xərcim çıxır. Nə qədər enerji xərcləyirəm. Bunlar hələ yazılası qorxulardı. Elələri var ki, yazsam yəqin oxuyanlar deyəcəklər burda utanmalı, pərt olmalı nə var ki. Beləliklə təzədən pərt olacam. Ən yaxşısı gönüqalın, heç nəyi vecinə almayan adamların paxıllığını çəkmək və təbiətin bu ədalətsizliyinə qəzəblənməkdir.

Seymur BAYCAN
 

2 şərh

Lutfu
əla mövzudu… Mən bir zonanın adamları var ki, onlarda utanmaq pərt olmaq söhbəti yoxdu...Zonanın adını çəkmiyəcəm...Əksəriyyətdən söhbət gedir...bu xüsusiyyət olmasa idi nə var idi ki yaşamağa...necə deyərlər belə yaşamağa nə varki)))..amma buxüsusiyyət bizi həmin o gönüqalınlardan fərqləndirən ən ali xüsusiyyətlərdəndi---bunu unutmaya..şükür edəkki bu gözəl xüsusiyyət var bizdə...346 saylı marşrut--mən sənin fanatınam--çox gözəlmovzulara toxunursan--davamı gəlsin insAllah
RML
Pərt olmaqdan qorxanlar özünə hədsiz diqqət yetirib ideallığa can atan perfeksionist insanlar, hər zaman sıxıntı, özünütənqid içində yaşayırlar. Komplekslər özünəinamın aşağı olmasına gətirib çıxardır. Həyatını daima ideal ssenari əsasında yaşamaq arzusunda olanlar öz kiçik dünyasında ideal qala bilir, qeyri standart hallarda isə qurulan «düzgünlük şablonu» effektini itirir. 
Mövzunun qəhrəmanı pərt olmayan adam görünür ki, özünə güvənən və hər situasiyadan çıxa bilmək bacarığına malik avtonom insandır. 
Kartofun yerə dağılması, zibil paketiylə gəzmək, və bu kimi diqqətimizi, vaxtımızı alan hallarda təmkinlə yaranan problemi yoluna qoyub əsəbsiz yoluna davam etmək lazımdır. Ən azından vicdanı oyadıb boş yerə ona əzab verməmək üçün sinir sistemini qorumaq və xırda detallara normal yanaşmaq gərəkdir.
Yoxsa hər addıma bir məqalə yazmalı olacaqsınız)