Milli striptiz

Çılpaq qalmış millət indi nə istəyir?
Biz oxuyub oynayan millətik. Biz Qərb, ya Şərq küləyinin gətirdiyi yenilikləri tezcənə özümüzküləşdirə bilən millətik. Simfonik musiqi, caz-muğam yaratdığımız azartla azərbaycanca rep deyirik, xarici ritmləri dingildəyirik, göbək atırıq, yeri gəlsə striptiz də oynayarıq. Niyə də olmasın?

Striptizçi o şəxsə deyilir ki, oynaya-oynaya var-yoxunu soyunub onu hərisliklə marıtlayanın üstünə tullayır. Var-yox isə çox qəliz məsələdi. Çünki söyəndə ilk öncə adamın var-yoxunu söyürlər. Belə canfəşanlıq əvəzində striptizçinin cibinə 5-10 manat pul gəlir. Striptiz bir elə çətin şey deyil. Utanmaq olmasa oynamağa nə var ki. Yad mədəniyyətdir deyib, dodaq büzüb eləməyin. Bizim uzunəsrlik striptiz oynamaq təcrübəmiz var.

Ən vacib ilk ştrix- Striptizçini adi rəqqasədən ayıran əlamət onun nikelli, hamar və parıldayan borudan yapışmasıdır. Elə bil əlini üzən kimi düz-dünya başına dolanacaq, davam gətirməyib yerə çökəcək. Bizim neft borularından yapışdığımız hərisliklə o, bu borunun o yan, bu yanına o qədər keçir ki, həmin hərəkəti şvabrayla da təkrar eləsəydi hamı biləcək ki, ürəyindən nə keçirmiş. Bu millətin neft boruları olmasaydı vermək, bölüşmək kimi insani və anadangəlmə instinktti reallaşmamış qalardı. Biz borumuzdan əl çəkə bilmərik. Yalnız onunla yollar, körpülər tikəcəyik, məktəblər, evlər salacağıq, azad, firavan olacağıq. Əlimizdə neft borusuyla oynamağa bir gör e…, nə vaxtdan başlamışıq. Əli pulnan oynayan nə qədər adam bizə çəpik çalıb.

Növbəti jest – Striptiz rəqsinin duzu, istiotu ondadır ki, əynindən çıxardığını, yaxşı olar ki, bir-iki dəfə başın üstə fırlayıb (yəni «Qadam-balam getsin» deyib, ya da başa duz, üzərrik çevirən kimi) tolazlayırsan. Haramı düşdü, sonrası nə oldu – nə fərqi? Guya olmasaydı dolanmazdım?  Bir az çılpaq qalmaq eyibdimi? Zəngəzuru, Qarabağı başımıza dolandırıb tolazladıq, getdi Ermənistana düşdü. Rəssam və musiqiçiləri Türkiyə tərəfə atmışıq. Türklər bizim «artığımızı» yerdən qaldırıb süfrəsinin başında oturtmaqdan utanmaz. Sağlam, cavan kişiləri Rusiyada axtarın, gözəl qadınları Dubayda. Özünə hörmət eləyən, biliyindən arxayın adamlar Amerikada, Avropadadı. Heç kim yerdə qalmayıb. «Qan yaddaşı», «səs yaddaşı», «babların irsi» adlananlar alt paltarın bədəndə buraxdığı iz kimi çox çəkməz, keçib gedər.

Daha bir çox vacib ştrix -  Əgər striptizçiyə pul verən olmasa onun bu boyda həngamə qoparmağı gülünc olardı. Millətə sponsorluq eləyənlərə indi investor deyirlər. Pul verən əskinasları striptizçinin əlinə verəsi olsa, yaxud ondan da pis, kassaya köçürməli olsa əlini heç cibinə salmaz. Pul mütləq tumanbağıya, ya da daha pikant yerlərə dürtülməlidi. Pul verənin marağı da bundadı.
Sonuncu jest – İnvestorlarımız bizimlə o qədər doğmalaşıb ki, bəzən bir-biriylə itələşirlər ki, əlini cibinə kim salacaq. Lap dilimizi də, ləhcəmizi də bilirlər. Striptizin  sonunda çılpaq rəqqas pul verənin hüzurunda durmalıdı ki, başına dolandırıb tolazladıqlarının haqqını ala bilsin.
- Bəri gəl, görüm, bir az da… Bıy, başıma xeyir, əynində bir şey qalmayıb ki?! Pulu hara dürtüşdürəjiyik, qadası?!

Müəllif: Gülnarə RƏFİQ, [email protected]
Mənbə: Bizim Yol qəzeti

Oxşar məqalələr

3 şərh

SHATENKA407

bənzətmə əla alınıb

Karizma
halal olsun bu yazini yazana.Yaxsi ki bizim neftimiz var,Gor indi o da olmasaydi ne gunde olardiq.Hec olmasa satilan neftden qepik qurus gelib bize de catir.
noname
Gozel yazidi ancaq bir dene cox axmaq bi stereotip var. Biliyine guvenen insan Amerikada Avropadadi. Besdirinde Uzaq serqde bilikli adam yoxdu? Niye bu Amerikalilar ve Avropalilar bele stereotip yaradib. Niye yaponlar onlardan defelerle qabaga getmesine baxmayaraq bu stereotipe aid deyiller? Ne vaxta qeder buna inanirsiz ele bu gunde qalacaqsiz.