Azərbaycanlılar

Azərbaycanı Absurdistan adlandırdanlar çoxdur. Mən bunu belə  izah edərdim. Azərbaycanda sovet dövründə bir nəsil yetişib, azdan-çoxdan kitab çap olunub, teatrlar açılıb, operalar, baletlər yazılıb. Amma  bütün bunlar xalqın son nəticədə maariflənməyinə gətirib çıxarmayıb. Müstəqillik qazanılan kimi Azərbaycan xalqı illərdir həsrətini çəkdiyi baloğlanəşrəfovlara, namiqqaraçuxurlulara qovuşdu. Amma rus nəfəsi dəymiş və müstəqillik dönəmində meydana çıxmış yeni bir nəsil var ki, bu nəsillə kütlə arasında uçurum var. Bu uçurum dünyanın heç bir ölkəsində yoxdur.
Azərbaycanın mövcud hakimiyyəti də məhz Azərbaycan xalqının hakimiyyətidir. Buna heç bir şübhə ola bilməz. Bəzən su gəlməyəndə, qaz kəsiləndə yolu-zadı kəsirlər, etiraz bildirirlər. Adam sevinir ki, nə yaxşı bunlar da qalxdılar. Amma onların əlində böyük rəhbərin şəklini görəndən sonra nə qədər mübariz olduqları üzə çıxır. Məhz o böyük rəhbər  Azərbaycan xalqını “dözümlü xalq” adlandırmışdı. Azərbaycanlılar çox dözümlüdürlər, ac-yalavac, səfil durumda bulvara çıxıb musiqili fontana baxan adam dözümlü deyil, bəs nədir? Buna dözüm də demirlər, amma  jurnalistin peşə kodeksi imkan vermədiyinə görə yazmıram. Yoxsa yazardım.

Heç bir şey azərbaycanlının vecinə deyil. Sabah durub Qarabağı verələr, cınqırı da çıxmaz. Hər dəfə seçkilər saxtalaşdırılır, mitinqə çıxanları polis qeyri-insanı şəkildə döyür, amma bunların vecinə deyil. Bir dəfə Fərhad Əliyev və Əli İnsanov həbs olunanda metronun «Elmlər Akademiyası» stansiyasının qarşısında universitet tələbələrindən məsələyə münasibət öyrənirdilər. Biri eynilə belə dedi: «Necə məsləhətdirsə, elə də ediblər». Yeri gəlmişkən, heç bir fraza azərbaycanlının simasını “necə məsləhətdir“ kimi aça bilməz. Bu, fərdi düşüncədən və fərdi təşəbbüsdən məhrum şəxsi ağzında bitən sözdür.

Azərbaycanlının alimi də, siyasətçisi də, şair-yazıçısı da, müəllimi-həkimi də özünə oxşayır. Bir dəfə avtobusda Əli Bayramlıya gedirdim. Qabağımda bir oğlan oturmuşdu. Hakimiyyətin, daha doğrusu, ayrı-ayrı məmurların talançılığından, rüşvətxorluğundan danışdı. Daha sonra əsgərlik xatirələrinə keçdi. Yeri gəlmişkən, azərbaycanlının əsgərlik xatirələri ancaq yalandan ibarətdir. Hamısı əsgərlikdə uzun saç saxlayıb, üzlərini qırxmayıb, sıra təliminə şəpşəpi ilə çıxıb. Hamısının dərdindən komandirin qızı, ya da arvadı dəli olub. Heç biri «naryad»a çıxmayıb, öz işlərini də başqalarına gördürüblər. Avtobusdakı oğlan da əsgərlikdə anbarda işləyib. Az sonra danışdı ki, ərzağı aparıb bazarda satdırırmış. Sənin əlində bir anbar var, onu talayırsan, bunların da əlində Azərbaycan var, onu talayırlar. Məhz buna görə deyirik ki, Azərbaycan iqtidarı, sözün həqiqi mənasında, Azərbaycan xalqının hakimiyyətidir.
azərbaycanlılar mitinq zamanı
Azərbaycanlının bütün davası ailə-məişət üstündədir. Keçən dəfə metroda bir oğlan gördüm. Elə qəzəbli idi ki. Özünü sıxıb oturmuşdu. Yanımda olan dostum Şəhriyardan soruşdum ki, buna nə olub? Yaxşı cavab aldım: “Bilirsən, bu gədə azı 20 adamın namusuna cavabdehdir”. Oğlanın balaca boyuna, cılız bədəninə baxıb bir xeyli güldük. Oğlan «Ulduz» metrosunda qatardan düşdü. Düşən kimi ayağı sürüşdü, beli üstə yerə gəldi.

Azərbaycanlı üçün namus, qeyrət ancaq məişət səviyyəsində mövcuddur. Onun üçün namus bacının, əmisiqızının namusudur, ictimai olan heç bir zadın ona dəxli yoxdur.
Həmçinin bax: Azərbaycan xalqı və əxlaq

Mənbə: Bizim Yol qəzeti

2 şərh

Karizma
ne vaxtacan biz qorxacayiq belede davam edecek,Hele bunnana da pis olacaq
kurdamir
«10 Əllə» bəyəndiyim m/topik. Afərin,Təşəkkürlər