Çe Gevera və bizim ziyalılar

ABŞ əsgərləri gülləylə həlak etdikləri komandante Çe Gevaranın əlini kəsir, (guya barmaqlarının izini götürmək adı ilə) meyidini görk üçün üç gün açıq havada saxlayır, onu basdırdıqdan dərhal sonra qəbrin üzərini asfaltlayırlar. Sonradan inqilabçının asfaltlanmış qəbrinin üstündə aeroport ucaldılır. Ancaq Çe Geveranın qəhrəmanlığını basdırmaq mümkün olmur.
Bu gün hətta Azərbayan kimi etiraz ruhu öldürülmüş bir məmləkətdə Çe adı çəkiləndə qəlbi riqqətə gələnlər varsa, demək, onun haqqında deyilənlər gəlişi gözəl sözlər deyil.Çe Gevara-Andy WarholKiçik bir köşədə bu insan haqda yazmaq çox çətindir. Anadangəlmə asma xəstəsi, ixtisasca həkim olan, zadəgan ailəsindən çıxan Ernestonu heç nə ədalətsizliyə, ayrı-seçkliyə, sosial bərabərsizliyə, imperializmə dərin nifrəti bəsləməkdən saxlamadı.Nə valideynləri, nə beş körpə balası, nə də yüksək rəsmi postlar. Planlaşdırma komissiyasının sədri, sənaye naziri, Dövlət Bankının direktoru-çoxlarının uğrundan hər şeydən keçdiyi bu vəzifələrdən Çe öz ideyalarını daha geniş arealda yaymaq üçün “uf” demədən imtina edib. Adama nağıl kimi gələn bir fədakarlıq. Deyəcəksiniz ki, bizdə də İsgəndər Həmidov kimi öz vəzifəsindən könüllü istefa verən birisi olub.(Rəhmətlik Elçibəy deyirdi ki, İ.Həmidov onun otağına girib və deyib: Bəy, istefa ərizəmə qol çəkməsən, özümü pəncərədən atıb öldürəcəm). Nə qədər uğursuz müqayisə olsa da, deyək ki, cənab Həmidovdan fərqli olaraq Çe məsuliyyətdən canını qurtarmaq üçün istefa etməyib. Əksinə, bu istefadan həmən sonra Boliviyaya, qeyri-bərabər döyüşə yollanıb.Ölümünü də orda qazanıb.
Ötən il  Çe Gevera haqda “Azadlıq” qəzetinə yazı hazırlamaq üçün onun ölümünü o dövrün “Kommunist” qəzetinin necə təsvir etdiyini öyrənmək niyyətinə düşdüm. Axundov kitabxanasına getdim. Əqidəcə kommunist, sol ideyaların alovlu  tərənnümçüsünün öldürüldüyü, onun səhəri, birisi günü “Kommunist” nədən yazsa yaxşıdır? - “Azərbaycan şairlərinə Kubada ziyafət verildi”, “Azərbaycan şairləri Kubalı zəhmətkeşlərlə görüş keçirmişdir”. Bu o Kubadır ki, Çe onun azadlığı üçün həyatını risqə qoymuşdu.
1967-ci ildə Kubada olan yazıçılarımız arasında o vaxt hələ gənc olan Fikrət Qoca da olub. Dünən mən onu Az TV-də gördüm.Yazıçılar Birliyinin poeziya seksiyasının, ən nəhayət AR Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu ilə birgə dövlət başçısının uğurlu siyasətindən danışırdılar.
Buna danışmaq demək olmazdı. Bu, “bəy tərifi” idi.Təsəvvür edin, Çingiz Əlioğlu deyir:”Mən beş gün Bakıdan kənarda olub qayıdanda, şəhərimizi tanımıram”. İnananın adı prezidentin fəxri təqaüdünə həsrət qalsın. Azərbaycanın bütün dünyada analoqu olmayan inkişaf tempi yaşadığını deyəndə, Çingiz müəllimin az qalırdı fərəhdən qanadı çıxsın. Adam dəhşətə gəlir, yəni bu insanın, lap elə onun sağında oturan Fikrət Qocanın, solunda oturan Fərhad Xəlilovun qohum əqrabası, xəstəsi, məktəbə gedəni, polisə, məhkəməyə düşəni yoxdur? Biz cəhənnəm, onlar görəsən bu sözləri deyəndən sonra öz yaxınlarının gözlərinə necə
baxırlar?
SSRİ dövründəki şəxsiyyətə pərəstişi, məddahlığı az qala hamı qamçılayıb,söyüb, yamanlayıb. İndi milli ziyalı ordusunun rəhbər qarşısında əzilib-büzülməsini, yaltaqlığın ən idbar formasına əl atan şairləri, rəssamları bəstəkarları görəndə, öz aramızdır, totalitar sovetlərin məddahları necə də qüdrətli görünür.
Bu miskin insanları sankı Tanrı inqlilabın soyumamış cəsədi üstündə yeyib-içmək, gəyirib mədhiyyə demək üçün yaradıb.

Müəllif: Natiq GÜLƏHMƏDOĞLU [email protected]
Mənbə: Bizim Yol
 

3 şərh

bankir
İnananın adı prezidentin fəxri təqaüdünə həsrət qalsın sözünə görə +1
Habil

Natiq  Müəllim  İskəndər  Həmidovla  baglı  fikirlərinizlə  qətiyyən  razı  deyiləm. İskəndərin   damarlarında  temiz  azərbaycanlı  qanı  axır. Siz  onun  və  qardaşı  Sərdar  Həmidovun   Qarabağ  müharibəsində  nə  qədər  fədakarlıqlar  etdiklərini  bilmirsiniz. S. Həmidov olmasaydı  Tər Tər  rayonu  da  indi  ermənilərdəydi. Sərdar  İH  başçısı  idi. Amma  şəxsən  vuruçurdu. İndi  isə  türmədədir. Yəqin ki  ermənilərə  qarşı  amansız  olduğuna  görə  içəridədir.

Karizma
Yaxsi da brat niye bele danisirsan.Isgenderi hami taniyir kim olub.O vaxt bir dene kisi var idi oda ki rehmetlik ELCIBEY qurtardi getdi.Eger Hemidov kimiler o vaxti ona komek eleseydiler indi her sey basqa cur olardi