Qız qalası ərə gedir...!?

Dikdaban geyinmiş göy – dələnlərin,

Ayağının altında qalıbdır Bakı...!

(Qismət Rüstəmov)

Mən yazımı ona görə belə adlandırıram ki, yazdıqlarım oxucuların diqqətini cəlb etsin və onlar fikirləşsin ki, o – haaa yəqin qiyamət məsələsidir. Amma rahatsız olmayın. Mən əhvalatın qısa variantını sizlərə ərz edəcəm. ( Mıs – mıs deyincə, keç Mustafa dayıya... )

Deməli belə...

Ey mənim bayram abu – havalı məzlum soydaşlarım, gözünüz aydın. Neçə əsrdir qız qalan Qız Qalamız axır ki, ərə getməyə hazırlaşır. Daha doğrusu, hazırlaşdırılır. Düzdür, Qız qalası “ Subaylıq sultanlıqdır “ – deyib, bakirəliyin kefini çəkmək istəyir. Əmba, atası İçəri Şəhər deyəsən, qızından yaman bezib. Və onun subaylıq daşını Xəzər dənizinin başına çırpmaq əzmindədir. ( Xatırladım ki, Qız qalası və Xəzər dənizi körpəlikdən göbəkkəsdi əməliyyatının qurbanı olmuşdular. Fəqət Bakı meriyası İçəri Şəhərin qulağına bir – iki xoşagəlməz ifadələr pıçıldadıqdan sonra İçəri Şəhər Xəzər dənizini qızının ətrafına həsrət qoymuşdu... Ta o gündən bu günə Xəzər dənizi ancaq İsmayıl YK – nın mahnılarını zümzümə edir... )

Artıq IX əsrə keçir ki, İçəri Şəhər “ Qız qalar qızıla dönər “ şüarını əsas tutub, əlində oynadaraq, qızını evinin küncündə saxlayırdı. Görünür atası haqq dünyasına qovuşmamışdan öncə qızının “ Toy “ unda qol – qanad açıb bir “ Heyvagülü “ rəqsi oynamaq istəyir.

Məni qınamayın, deyəsən qızın bəxti həqiqətən açılıb ( sağ əli evdə qalanların başına ). Bakı meri ilə İçəri Şəhər bağlı qapılar arxasında uzun sürən müzakirələrdən sonra belə razılığa gəliblər ki, Qız Qalasını boyu göylərlə əlləşən Göydələn bəyə ərə versinlər. Göydələn bəy özü buralı olmasa da, Azərbaycan ikinci dəfə müstəqillik hədiyyəsini aldıqdan sonra okeanın o tayından – uzaq Amerika obasından kəllə - mayallaq vətənimizə pənah gətirib. Xoş gəlib, səfa gətirib. Gözümüz üstə yeri var. “ Toy “ un yeri məlum olsa da, ( İçəri Şəhər, Qoşa Qala qapısı ) vaxtını Bakı meriyası özü təyin edəcək. İndi səbirsizliklə gözləmək vaxtıdır...!

Ay cəmaət, yuxarıda nəql etdiyim əhvalatı nə badə zarafat kimi qəbul edəsiniz ha. Düzdür, əhvalatda zarafatın müəyyən simptonları hiss olunsa da, siz bunu həqiqət kimi qəbul edin.Çünki hər zarafatın içində aksiomasız böyük bir gerçəklik var. Hər tez və ya gec bu əhvalat baş tutmalıdı, mümkünatı yoxdur.

İndiysə qayıdaq əhvalatın nəticəsinə. Əgər nə vaxtsa yolunuz Dəniz kənarı parka ( “Bulvar” sözünü işlədənlər 1 manat cərimə olunur ) düşsə və boylanıb Qız Qalasına baxmaq istəyəndə, görsəniz ki, Qız qalası yerində yoxdu, onda heç kövrəlməyin, nə də təəccüblənməyin. Bilin ki, qızımızın xeyir işi var. Bakı meriyası ilə İçəri Şəhər sözü bir yerə qoyub Qız Qalasına “ TOY “ tutublar.

Baba Pünhan deyəndə ki, “ Bakının dərdi var, Bakı xəstədir “ – hamı bu işə birtəhər baxırdı. Elə bu dəmdə Söylü xalanın “ Alkaş “ Hüseynin baxtı qara arvadına dediyi sözlər yadıma düşdü: “ Biz tərəflərdə arvadı ildə doğmayan kişiyə camahat bir təhər baxır eee...”. Artıq birtəhər baxan insanlar da Bakının çarəsi tapılmayan dərdə düşdüyünü anlamağa başlayıblar. İndi elə bir vəziyyət yaranıb ki, küləkli Bakı elə bir yolxucu xəstəliyə yoluxub ki, dünyanın bütün huri – qılmanları tökülüşüb gəlsə belə, şəhərin dərdinə heç bir şəfayi – hizmət tapa bilməyəcəklər. Odur ki, “ Kendimiz etdik, kendimiz bulduq “.

Gərək bu dərdəçarəni bizim Milli loğ(x)manlar xətim eləsin. Yoxsa böylə getsə, “ karinnoy” Bakımızdan əsər - əlamət belə qalmayacaq. O neft qoxan köhnə Bakımızdan, indi Fransız ətirlərinin qoxusu gəlir. Çay daşları ilə bəzədilmiş təmiz küçələrdə, indi guya ki, Avropa standartlarına cavab verən tozlu asvaltlar həkk olunub. Heç düşünən varmı ki, biz bu minvalla hara gedirik ? Bəlkə də saxta inkişafın nəbzini tuturuq.

Başqa ölkələrdə, o cümlədən qonşumuz Gürcüstanda mərkəzi Tiflis şəhərinin köhnə memarlıq üslubunun qorunması haqqında qanun qüvvəyə minirsə, bizdə isə əksinə Bakını çapıb – talayan qüvvələr qanunları minir. Bakının harasında gəldi, mənşəyi bəlli olmayan bir göydələn əkirlər.

Haşiyə: Əgər Bakıda yerə mıxlanan 15 – 16 mərtəbəli binalar Göy – dələn adlanırsa, bəs görəsən ABŞ – dakı 100 mərtəbəli binalar necə adlanır ? Sualın cavabını tapanlar Bakı meriyasına müraciət etsinlər.

Ay balam, olmaz ki, həmin göydələnlərin yerinə bir şam ağacı basdırasınız. Yoxsa bar verməyən şam ağacları sizə xeyir gətirmir ? Ancaq yerə yıxılan göydələnlər dal cibinizə bolluca bar gətirir. Sonra da ilin axırında kreslolarınızda genəlib, ayağınızı ayağınızın üstünə aşırıb deyərsiniz ki, “ malades “ bizə. Bu ilki məhsuldarlıq əla olub. O məhsuldarlıq gözlərinizi o qədər yumub ki, Bakının seysmik zonada yerləşdiyini belə unutmusunuz. Bəs, qorxmursunuz ki, göyə uzatdığınız o zadlar bir gün yerə gələr və onları başınıza yıxar. Sonra da pəncərədən yox, göydən daş gəldiyini görüb başınızı tutarsınız...

Bəzən Bakı meriyasının “ şəhəri gözəlləşdirmək “ adı altında şəhərimizə hücum planı mənə Hitler Almaniyasının SSRİ – yə hücumunu xatırladır. O zaman “ Barbarossa “ planı avtomatik olaraq “ Merbarossa “ planına transformasiya olunur. Düzdü həmin döyüşlərdə “ İldırım sürətli “ Alman maşınlarının planı puça çıxdı. Və Moskva Hitleri yerinə otuzdurdu. Ümid edək ki, Bakı meriyasının da hücum planı baş tutmayacaq. Köhnə Bakımızın yadigarları meriya üzərində qalib gələcək.

Əziz Bakı sakinləri, fikirlərimin əğzi – məğzi budur ki, artıq qış yuxusundan oyanmaq vaxtıdır. Gəlin əl - ələ verib Qoşa Qala qapısında “ Bənövşə “ oyunu oynamayaq. Gəlin əl - ələ verib Köhnə Bakımızı göydələn sindromundan azad edək...!!!

“ TOY “ UMUZ MÜBARƏK...!!!

 

Müəllif: Asəf Zeynallı

4 şərh

SHATENKA407

indi de qiz qalasina kecibler??onu da yox etmek istiyiller?daha bunlara deyilecek sozum yoxdu..

Shabnam_Ilham
Bu məqaləyə deyiləcək söz tapa bilmirəm. Çox gözəl yazılıb. Həqiqətən də biz tariximizi, tarixi abidələrimzi qoruya bilmirik. Bakımızın simvolu Qız qalasıdır və yavaş yavaş onun da əldən getdiyini görürük.
məryam
Daha ermənilərdən fərqimiz yoxdu. Onlarda abidələrimizi məhv edir, bizdə!