Xiyarların üsyanı

Şnobel mükafatlarından (Nobel mükafatının əksi olaraq onu ən qəribə, absurd, gülünc elmi, ya da ictimai nailiyyətə görə verirlər) birini bitkilərin şərəf və ləyaqətini tanımağı təklif etmiş hüquq firmasına vermişdilər. Onların fikricə bitkilər də öz taleyinə görə narahat ola və mübarizə apara bilərlər. Mükafat İsveçrənin etika üzrə komitetinə qismət oldu. Deyəsən, onlar çox uzaqgörən adamdı, çünki, bitkilər insanların düşündüyü qədər də zərərsiz deyil.
Oralarda artıq mübarizə aparmağa konflikt yoxdu ki, bitkilərin də müdafiəsinə qalxıblar. Mənim  qaynanam çoxsaylı nəvələri arasında dava-dalaş, söz güləşdirmələri konfliklərini özünəməxsus qaydada həll edir. Nəvələrini bir-birinin çəngindən qopardıb qoyur qabağına və başa salır: «Bir-birinizə təhqiredici söz deməyin, axı qohumsuz, istər-istəməz görüşəcəksiz.
Sonra ürəyinizdə xal qalar, unuda bilməzsiz, bir-birinizə bağışlaya bilməzsiz. Gördüz ki, diliniz sözünüzə baxmır və mütləq söymək istəyirsiz onda «eşşək, donuz» kimi heyvanların adını sadalamaqdansa deyin «Xiyar!». Ya da «Ay pomidorun biri pomidor!». Ürəyiniz soyumasa lap «Şəftəlisən e!» də deyə bilərsiz». O, nəvələrinə başa salmağa çalışırdı ki, bitkilər heyvanlardan daha yaxşıdı və insanlara qarşı mövqelərində onlar daha rəhmdil pozisiyada durublar. Əlbəttə, siz indiyədək doğranıb şorbaya töküləndə keşnişin etiraz səsini eşitməzsiz? Amma BBS-nin çəkdiyi canlı aləmlər barədə sənədli filmlərə, «Discovery» kanalının verilişlərinə baxanda bitkilərin nə qədər məkrli, hətta qəddar  olduğunu gözlərinlə görürsən.

Onlar bizi məsxərəyə qoyub gülür. Tropik meşələrdə insan boyu qədərində zəhərli falloslar yetişir. Amorfofallusun çiçəkləri o qədər murdar iy buraxır ki, Nyu-York botanik bağında əkilmiş bu bitkiyə qulluq edən fəhlələr mütləq əleyhqaz geyməli olurlar. İşlərini bitirən kimi isə tez-tələsik müdafiə geyimini dəyişdirirlər ki, iy ömürlük dərilərinə hopmasın. Onlar da rəqiblərini öldürməyi bacarır. Qamışkimilər fəsiləsində bir növ var ki, öz kökləriylə çox zəhərli turşu ifraz edir. Bu turşu ətrafda bitən ağacların köklərinin ibarət olduğu zülalları parçalayır. Hətta ən adi şam ağacı, qoz ağacı, boyca onlarda aşağı olsa da daha məkrli olan günəbaxan da havaya elə birləşmələr buraxır ki, ətrafındakı bitkilərin böyməsinin qarşısını ala bilir. Olar bəzən çox böyük, ağlasığmaz ölçülərədək böyüyə bilir. Ən adi şüyüdə bənzəyən Sosnovskinin borşeviki adlanan bitkiyə imkan versən təbiətdə 3 metrə qədər böyüyə bilər. Onunla təmasdan sonra dəridə yanıqlar əmələ gəlir və az sonra həmən adamı qızdırma götürür. Borşuna borşevik doğramaq istəyənin aqibəti ölümlə də bitə bilər.
Yeri gəlsə onlar hücum da edir. Zulus umdqlebi ağacının buraxdığı ölümcül qazlar başının üstündə bulud kimi dayanıb və əhatəsinə düşən hər kəsi məhv edə bilər. Hava küləkli olarsa bəlkə onun altına düşmüş adam sürünüb qırağa çıxa bilər. Sakit havada bu ağac yarpaq altında sərinlənən hər bir canlını səbəbsiz məhv edir. Axı öləndən sonra meyidi yemir ki… Tis (Qaraçöhrə) və şümşad  ağaclarının altında da çox oturmaq olmaz. Onun havaya buraxdığı 70-ə qədər alkaloiddən adamın ürəyi bulana bilər. Ordan uzaqlaşmasa ürəkbulanma ürəkkeçməsiylə əvəz olunacaq. Ən]ir ağacının altında da yatmaq məsləhət deyil. Hallisunasiyalar olur. Su bitkisi olan elodeyanın törətdiyi qəzaların isə sayını hesablamaq çətindi. O, nazik, ilk baxışdan köməksiz görünən budaqlarını o qədər inkişaf etdirib ətrafa yayır ki, böyük bir gəmini hərəkətdən saxlamağa gücü çatır. O, şlyuzlara doluşaraq onun işini dayandıra bilir. Bitkinin əliylə törənmiş qəza və su basmaların səbəbini bəzən vaxtında görüb qabağını almaq da olmur.Onlar zəhərldir. Dünyada dərman bitkiləri içində 5 min zəhərli növün adı məlumdur. Zətta dəmrovotu və inciçiçəyi də zəhərli ola bilir. Bitkilərlə zəhərlənmədən əsəb sistemi sıradan çıxıb ürəyi dayandıra bilər. Hətta gündəlik yeməyimizin əsas hissəsi olan kartof da zəhərldir. Onun çiçəkləri solanin adlı zəhər ifraz edir. Pomidor tağı da və hamının sevimlisi xiyar da insanı öldürəcək qədər zəhərli ola bilir.
Onlar istəsələr bizi yeyərlər də. Həşəratları tutub yeyən bitkilər barədə hamı bilir. Bəzən heyvərə bitki o qədər böyük olur ki, insanı da udmağa gücü çatır. Belə yırtıcının cəngindən yalnız insan qurtula bilir, o da ki, əlində nəsə bir silahı olarsa.Yazını oxuyanda adama elə gələ bilər ki, bitkilər yavaş-yavaş vəhşiləşir və insanlaşır. Belə getsə insanın xiyara, xiyarın insanı dönəcəyini günü də yaşayacağıq. Proses yavaş-yavaş işə düşür. Qaynanam düz deyirmiş… 
loading...

3 şərh