Tərbiyəsizin tərbiyəsi

O gün işdən evə qayıdırdım. Avtobus dayanacağında böyük bir tıxac vardı. Beş-altı avtobus buraxandan sonra nəhayət birinə minə bildim. Təbii ki, otura bilmədim, ayaq üstə isə narahat dayanmışdım. Belə ki, onurğa sütunum əyilmiş, başım yana sallanmış, bir ayağım da havada qalmışdı. Bir yandan da konduktorun "bir az da mehriban olun!" ifadəsi məni lap əsəbiləşdirmişdi. Şoru motala sıxdıqları kimi, camaatı da avtobusun salonuna sıxıb qapını bir neçə dəfə çırpdıqdan sonra nəhayət ki, bağladılar. Elə bu zaman ah-nalə səsləri ərşə ucalmağa başladı: "vay öldüm!"; "adam ol da, ayağımın üstünə niyə çıxırsan?; "bir az aralı dur da!"; "yavaş, böyrəyim deşildi!; "vay qoluuum!"... Bu güclülərin səsi idi. Zəiflər isə heç səslərini çıxara bilmirdilər. Içəridə qocadan tutmuş balaca uşağadək hər nəslin nümayəndələri var idi. Kimi oturmuş, kimi də o basabasda öz canı ilə əlləşirdi. Bu arada mənim diqqətimi bir hadisə çəkdi. Bir qadın öz balaca uşağı ilə iki oturacağı zəbt etmişdi. O basabasda konduktor bunu görüb cəld soruşdu: "Xala, uşağın pulunu verəcəksən?". Qadın cavab verdi: "Xala sənin anandı, tərbiyəsizin biri tərbiyəsiz! Bir də ki, niyə vermirəm ədə?!". Konduktor səsini içinə saldı. Mən isə özümə bu hadisədən samballı bir nəticə çıxardım.          

Tərbiyədən söhbət açan kəsin gərək özünün tərbiyəsi olsun. Amma bu adamın tərbiyə haqqında heç təsəvvürü belə yox idi. Çünki Azərbaycanda, xüsusən Bakı kəndlərində mən uşaqlıqdan belə görmüşəm ki, yaşlı kişi və ya qadın avtobusa daxil olanda,  kiçiklər ona yer veriblər. Bu bizim evdə aldığımız tərbiyənin göstəricisidir. Hər halda biz bu cür böyümüşük, bu cür görmüşük və çalışırıq ki, bu cür də olaq. Amma bu qadın nəinki özü yaşlıya yerini vermir, hələ üstəlik uşağı da qucağına götürmür ki, heç olmasa, bir yaşlı adam orada otursun. Sonra da tərbiyədən danışır. Bununla da o, belə əməli ilə öz övladına tərbiyə bəxş edir ki, balam, adam böyük üçün ayağa durmaz. Niyə də durmalısan, axı sən pul verirsən.
Başqa bir məsələ də mənə ağır gəlir. Avtobusa hamı birinci minməkdən ötrü bir-birinə elə təzyiq göstərir ki, elə bil içəridə dollar paylayırlar. Bəli məsələ aydındır. Hamı rahat oturmaq istəyir. Heç kəs ayaq üstə getmək istəmir. Yaşlılar, zəiflər təbii ki, bu "yarışı" uduzub bir kənara çəkilirlər. Siz deyin, bu meşə qanunu deyilmi? Zəiflər, gücsüzlər məgər elementar hüquqlardan belə məhrummu olmalıdırlar?               

Yaşlısına hörmət etməyən millətin axırı dəhşətli faciələrlə bitər. Görün biz nə vəziyyətə düşmüşük ki, adi etik qaydalara, ilk baxışdan kiçik görünən çox böyük dəyərlərə belə əməl etmək istəmirik. Sonra da hay salırıq ki, bizim hüquqlarımızı tapdalayırlar. Biz bir millət olaraq öz millətimizə, öz şəxsiyyətimizə, öz dəyərlərimizə hörmət etmiriksə, heç bir kəs və ya millət bizə hörmət etməyəcək. Heç biz bunu gözləməməliyik də.
Mənbə: modern.az

9 şərh

Refsan
Sevinin dabə. Avropalaşırsız. Avropada belədir. Avropada yaşlı və yaxud qadınlara yer vermirlər çünki qızlarımızın da həmişə gözümüzə soxduğu hüquq bərabərliyi var. Buyurun budur hüquq bərabərliyi. Kişi ayaq üstdə dayana bilirsə demək qadın da, uşaq da ayaq üstə dayana bilər. Axı biz avropalaşırıq. Hüquqlarımız bərabərdir. Yadınızdan çıxarmayın qadına, qocaya və uşağa hörmət yalnız Azərbaycan mentalitetində var.
2ral
Heç burda Avropada söhbət getdi? Hənanın yeridir?
Niyaz
Çeynənmiş sözlər.Bu səpkidə olan yazıları oxumaqdan birtəhər olmuşuq.Bununla belə ana səhifədə yer almağına təəccüb edirəm.
Hekim_pediator
Bezen cavan xanimlarimiz qoca yawli qadinlarin uzune baxa-baxa arsiz arsiz ele otururlar ki guya bawinin ustundeki o yawlini gormurlerde… hele bezi cavan oglanlarimiz… Bu adami lap hovseleden cixarir… bele olmazzzzzzzz… goresen biz hara gedirik????

məryam
Heqiqetende eledi. Yaşlılara yer vermek laımdı. Men her gelene yer verirem deye, axırda nenem esebleşir meni salır pencere terefe. Deyir: otur yerinde. balaca uşaqsan. indi yer vere bilmezsen)
heyatin-ellerinde
yaslilara yer vermek yaxsidi ama baxir hansilara...cunki ozum yasli birine yer vermek isteyende arvad meni pesman eledi ki men qocayam?..halbuki nenem yasindaydi...elbette ki agliniza basi ortuklu nenelerimiz gelmesin...evde deyende anam dedi ki,her kes oz medeniyyetini gosterir.sen hemise yer ver qoy onlar oturmasin bu daha yaxsidi........................bir mesel var Allasiz yerde otur boyuksuz yerde oturma...Boyuklerimize her seraitde ne edirlerse etsinler hormet edilmelidir…
Samir012
Buna oxşar hadisə mənə də təsadüf edib, durub yol vermişəm ancaq əvəzində buna peşmal olmuşam. Ancaq ölkədən kənarda olub, burda ictimai nəqliiaytdan bir neçə ildir çox az istifadə etdiyimdən müşahidə etməmişəm. Siz düz etmisiniz gerisi ona qalan seçimdi.
heyatin-ellerinde
bizim olkede yene de o hormet qalib.kenar olkelerin medeniyyetinden ele danisirlar ki,adam evden cixmaga qorxur....bu cur hadiseler daha cox uzaga-Bakinin kendlerine geden marwrutlarda olur.hele bu deyilenlerin bir qismidi.cox seyler bas verir....amma yaxsisi hecne dememekdi....her kes oz terbiyesini her sozunde hereketinde eks etdirir onsuz da