Tısbağa sürətli nəqliyyat

Funikulyor kanat dartımı ilə relslərlə hərəkət edən vaqonlarda sərnişinlərin və yüklərin sərt yoxuşla qısa məsafəyə daşınmasını təmin edən nəqliyyat vasitəsidir. Elə latın sözü olan «funikulyor»un mənası da ip, kanat deməkdir. Bu nəqliyyat vasitəsindən çətin relyefli yerlərdə istifadə olunur.
Dəmir yolu ilə sərnişin daşımaq üçün kanatdan istifadə etmək ideyası 1825-ci ildə meydana çıxıb. Həmin ideya ilk dəfə 1854-cü ildə İtaliyanın Genuya və Avstriyanın Zommeriq şəhərlərində gerçəkləşdirilib.   Funikulyorlar müxtəlifdir. Onlardan həm sərnişin, həm də yükdaşımada istifadə olunur.

Bu gün dünyanın bir sıra ölkələrində funikulyorların xidmətindən istifadə olunur. Əksər ölkələrdə funikulyorlar əsasən iki vaqondan və iki stansiyadan (aşağı və yuxarı) ibarət olur. Aşağı və yuxarı hərəkət edən vaqonlar stansiyalardan idarə olunur. Onları hərəkətə gətirən mühərriklər də stansiyalarda yerləşdirilir. Funikulyorlar turistlərin diqqətini daha çox cəlb edən nəqliyyat vasitəsi sayılır. Səyahətə çıxan, macəra axtarışında olan turistlər kanatlar vasitəsilə hərəkətə gətirilən və çətin relyefli yerlərdən keçən vaqonlarla gəzməyi, oradan təbiət mənzərələrinə tamaşa etməyi çox sevirlər.
Bəzi ölkələrdə funikulyor dağ yamacındakı tunellərdən keçir. Təhlükəsizliyin təminatı üçün vaqonlarda qəza əyləcləri, siqnalizasiya quraşdırılır.
Rusiyada ilk funikulyor 1896-cı il iyulun 15-də Nijni Novqorod şəhərində istifadəyə verilib. Bu, postsovet məkanında ən yaxşı funikulyor sayılır. Onun dəmiryol xəttinin uzunluğu 70 metrdr. 1902-ci ilin iyununda Ukraynanın Odessa şəhərində, 1905-ci ilin mayında paytaxt Kiyevdə (dəmiryol xətti 238 metr), 1906-cı ildə isə Gürcüstanın mərkəzi Tbilisidə də funikulyorlar işə salınıb. SSRİ yaranandan sonra 1931-ci ildə Litvanın Kanuas və 1952-ci ildə Rusiyanın Soçi şəhərində də funikulyor tikilib.

Bakı funikulyoru isə 1960-cı ilin mayında istifadəyə verilib. Yaşlı nəslin dediyinə görə, o zaman Azərbaycanda belə bir nəqliyyat vasitəsinin istifadəyə verilməsi keçmiş Sovet İttifaqına əməlli-başlı səs salıbmış. Bakı funikulyoru ötən əsrin 90-cı illərinin əvvələrində bağlanmışdı. Bu nəqliyyat vasitəsi ikinci dəfə Bakı şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə 2001-ci ilin dekabrın 31-də yenidən istifadəyə verilib. Bakı funikulyorunun dəmiryol xəttinin uzunluğu 455 metrdir, onun iki vaqonu var. Vaqonlar saniyədə 2,5 metr sürətlə hərəkət edə və saatda orta hesabla 2 min sərnişin daşıya bilərlər.
Hazırda MDB-də Bakı, Tbilisi, Kiyev, Soçi, Kanuas, Odessa, Nijni Novqorod və Vladivostok şəhərlərində funikulyorlar işləyir.
Fransanın paytaxtı Parisdə, İspaniyanın Barselona, İsrailin Hayfa şəhərindəki funikulyorlar da turistlərin diqqətini özünə cəlb edən nəqliyyat vasitələri sayılır. Funikulyora bəzən "tısbağa sürətli nəqliyyat" da deyirlər. Yavaş sürətli olmasına baxmayaraq, başqa nəqliyyat vasitələri kimi bəzən funikulyorlarda da qəzalar baş verir.
Maraqlıdır ki, indiyədək dünyanın müxtəlif ölkələrində işləyən funikulyorlarda baş verən qəzaların hamısı 2000-ci ilə təsadüf edir. Ən böyük qəza 2000-ci ilin noyabrında bu nəqliyyat vasitəsinin ilk dəfə işə salındığı ölkədə-Avstriyada olub. Alp dağlarına doğru 4 km-lik məsafəni qət edən funikulyor mənzilbaşına 600 metr qalmış yanıb. Nəticədə dağ kurortlarında istirahət edən 170 turist həlak olub. O vaxt ölkədə iki günlük matəm elan olunub.
Elə həmin il Tbilisi funikulyorunda da qəza baş verib. Aşağı stansiyadan cəmi 15 metr aralanan vaqon relsdən çıxaraq hasara dəyib. Nəticədə funikulyorla şəhərin gözəlliyinə tamaşa etmək istəyən 20 yapon turistindən 8-i xəstəxanaya çatdırılıb. Digər bədbəxt hadisə 2000-ci ilin noyabrında Kiyev funikulyorunda baş verib. Yüksəkliyə qalxan vaqon qəflətən dayanıb. Dərhal görülən tədbirlər nəticəsində sərnişinlərin hamısı sağ-salamat xilas edilib. Həmin ilin fevralında Odessada 61 yaşlı sərnişin funikulyorun şaxtasına düşərək həlak olub.
Xoşbəxtlikdən fəaliyyət göstərdiyi illər ərzində Bakı funikulyorunda heç vaxt qəza baş verməyib.

Müəllif:Adəm Qorxmaz-modern.az

0 şərh