Rayonla şəhərin fərqi

Nədən Azərbaycanda şəhər deyiləndə yalnız Bakı nəzərdə tutulur, qalan bütün şəhərlər isə rayon adlanır?

Azərbaycan əhalisi arasında yayılmış ifadə stereotiplərindən biri də yer adlarının təsnifatı ilə bağlıdır. Məsələn, bizim ölkədə şəhər deyiləndə ancaq (Bakı) nəzərdə tutulur. Tutaq ki, biri ölkənin başqa bir şəhərindən- məsələn, Mingəçevirdən paytaxta qayıtdıqda ondan soruşurlar ki, "kənddə nə var nə yox" və ya "irayonda vəziyyət necədir"? Halbuki, Mingəçevir nə rayon deyil, nə də kənd, 100 mindən artıq əhalisi olan şəhərdir.

Yaxud bölgələrdən (lap elə Sumqayıtdan) bir nəfər Bakıya gedəndə "şəhərə gedirəm" deyir. Hansı şəhərə getdiyini soruşsan, sənə "dəvə nalbəndə baxan kimi" baxacaq. Çoxları "paytaxt" sözü ilə "şəhər" sözünü sinonim kimi anlayır.

Bu günlərdə Bakıdakı reklam lövhələrində bəzi bankların və məişət avadanlığı satan mağazaların belə bir qeydinin şahidi olduq-  Artıq rayon qeydiyyatında olanlar da kreditlə kompüter əşyası ala biləcəklər. Bu nə deməkdir- heç cür anlamadıq. Belə çıxır ki, indiyədək məsələn, Səbail rayonunda qeydiyyatda olanlar kreditlə kompüter ala bilmirdilər və ya bu kampaniya Naftalanda yaşayanlara aid deyil.

Çünki, ölkə əhalisinin 90 faizi (respublika tabeliyində olan şəhərlərin əhalisini çıxmaqla) rayon qeydiyyatındadır. Bakıda yaşayanlar da, Gəncədə yaşayanlar da. Çünki bu şəhərlər də rayonlara bölünüb və sakinlər həmin rayonların qeydiyyatındadır. Aydındır ki, şirkətlər Bakıdan kənarda yaşayanları nəzərdə tuturlar, amma seçilən ifadə düzgün deyil.

Məlum olduğu kimi, "şəhər" anlayışı paytaxt olmaqla və ya böyük olmaqla qəbul olunmur. Şəhərin öz göstəriciləri var- bunun böyük və ya kiçikliyi, paytaxt və ya region şəhəri olması önəm kəsb etmir. Məsələn, Danimarkada əhalisi 2000 nəfəri ötən bütün yaşayış məntəqələri şəhər statusu daşıyır. Azərbaycanda isə 10 mindən artıq əhalisi olan kəndlər var.

Ümumiyyətlə, qəbul olunmuş normalara görə, əhalisinin yarıdan çoxu qeyri-aqrar sektorda çalışan, müasir infrastruktura mailk olan iri yaşayış məntəqələri şəhər statusu ala bilər.

İnzibati, coğrafi ərazi bölgülərini və ya rayonla şəhərin fərqini bilməyənlər üçün qısa arayış:

Azərbaycan ərazisi 66 rayona bölünüb. Bunlardan 7 rayon və 1 şəhəri birləşdirən 1 muxtar respublika (Naxşıvan MR) təşkil olunub. Həmçinin ölkədə respublika tabeliyi olan (heç bir rayona daxil olmayan) 14 şəhər var. Ümumilkdə isə, ölkədə 75 şəhər var. Elə rayonlar var ki, orada 2 şəhər var- məsələn, Cəllilabad, Xaçmaz, Lənkəran və s.)

Rayonun qısa tərifi- hər hansı bir coğrafi və ya inzibati ərazi. Yəni, rayon konkret bir yaşayış məntəqəsi deyil, bu məntəqələrin birləşdiyi bölgədir. Rayon (bölgə ifadəsi daha düzgün olardı) anlayışı inzibati ərazi vahidi olaraq özündə çoxsaylı yaşayış məntəqələrini (şəhərlər, qəsəbələr, kəndlər) və coğrafi məkanları (dağlar, çaylar, göllər, düzlər və s.) birləşdirən məhfumdur. Elə rayonlar var ki, tərkibində 2-3 şəhər var. Adətən rayonun inzibati mərkəzi şəhər olur.

Şəhərin qısa tərifi - böyük, mərkəzləşdirilmiş və ərazicə məhdudlaşdırılmış yaşayış məntəqəsi. Əhalisi kənd təsərrüfatından kənar fəaliyyətlə məşğuldur. Effektli özünüidarə, təchizat və nəqliyyat strukturuna malikdir. İri şəhərlər rayonlara bölünür. Bakı və Gəncənin özü də rayonlara bölünür. Deməli rayon anlayışı təkcə paytaxtdan kənarda yerləşən yaşayış məntəqələrinə aid deyil.

Beləliklə, aydın olmur ki, irili-xırdalı 75 şəhəri olan ölkədə niyə şəhər deyiləndə yalnız Bakı nəzərdə tutulur? Niyə yüzminlərlə əhalisi olan digər böyük şəhərlərə (məs. Gəncə, Mingəçevir, Şirvan və s) rayon deyilir?

Maraqlı suallardır, amma cavabını tapmaq asan deyil. Çünki bir çox hallarda bu cür ifadələri ziyalılar, millət vəkilləri, nazirlər belə işlədir. Bir çox televiziya aprıcıları da rayonla şəhərin fərqini anlamırlarsa, o zaman sadə insanlardan nə gözləmək olar?

Belə savadsız yazılmış reklam sloqanı nüfuzlu və ciddi şirkətlərə, mediadakı çıxışlarında  bu terminləri ayıra bilməyən "ziyalı"lara başucalığı gətirməz. Ümumiyyətlə, reklamlarda yol verilən kobud səhvlərin və savadsız çağırışların sayı çoxdur. Bu yazıda sadəcə birinə toxunduq ki, hamısı nəticə çıxarsın- "ay qızım sənə deyiəm, ay gəlin sən eşit!".

Mənbə:modern.az

12 şərh

Angelie
Mən hər dəfə Gəncəyə gedəndə tələbə yoldaşlarımla dalaşıb gedirdim))...«rayona nə vaxt gedirsən?»ifadəsini dəyişdirə bilmədim 4 ildə))
Rene
Elə mən də bu topiki oxuyanda niyəsə məhz səni,  «Gəncə rayon deyil, şəhərdir!» sözünü xatırladım )))
ayxansevda
Bakinın ancaq şəhər hesab edilməsində kimisə günahkar hesab etmək olmaz. yeganə şəhər hesab ediləsi yer ancaq paytaxtimizdir. o biriləri ancaq adı şəhərdi, belə isə rayona oxşayırlar ona görə. əslində mən də istərdim Bakımız kimi o biri şəhərlərimiz də olsun, amma bizdə buna hələ çox var. NİYƏ? Kapital lazımvar. bu saat Xaçmazda, Sumqayitda, Qubada, Tovuzda və s. kimi yerlərimizdə televiziya var. lakin respublika səviyyəsində deyil, telekanallar ancaq Bakida yerləşib elə bil, jurnalistlər rayonlara getmir ki, redaksiya yoxdur. elə birisini mən tanıyıram Ucardandı bitirib BDU -nun jurnalistikasini deyir ki, əgər Ucarda redaksiya olsaydı burda nə işim qalib, qalmışam kirayələrdə və s. redaksiya olnda da da nə bilim çörək pulu qazanmağa kifayət etmir. Bilirəm ki, Gəncə həmişə Gəncə olub, Sumqayitdan həm gözəl, həm qədim tarixi var. Sumqayit isə kasıb şəhərdi, əhalisinin 70 faizi Bakıda işləyir. mikrarayonlarinin çoxusunda isə camaat elə bil kəndə yaşayır. əsas şəhərdə yaşamaq deyil şəhərli kimi yaşamaqdı. adam var kəndə şəhərli kimi özünə hər şərait yaradıb, adam var çəhərin ortasinda kənd qaydası ilə dolanır. Hamamında nə trap var nə isti su vəs. bizdə Türkiyədə kimi, ABŞ ,fransa kimi, İspaniya və s ölkələr kimi paytaxta bərabər şəhərlərimiz, meqapolislərimiz yoxdur. yoxsa elə biri mən çox xoşum gəlir Bakinin tıxaclarindan. Sumqayitın səssizliyi rahatlığı nəyə deyirsən dəyər. rayonlarimz da gözəlləşir. lakin  şəhərlərin adı var, özü yox.
Elvin85
«belə isə rayona oxşayırlar» — rayon inzibati bölgü adıdır, ona necə oxşamaq olar ki? Bəlkə kəndə oxşayır demək istədiniz? Bu da doğru deyil, çünki kəndin öz tərifi var, şəhərin öz tərifi. Bizim də 75 şəhərimiz şəhər tərifinə uyğundur.
Şəhər mədəniyyəti, aurası, əyləncə mərkəzləri, görməli yerlər və.s. problemlər isə məlumdur, bunlar Bakıdan başqa heç bir şəhərimizdə yoxdur demək olar. Hərçənd hər hansı bir xarici normal şəhəri görüb gələnlər bilir ki, Bakıda da bunlar şəhərin miqyası ilə müqayisədə hədsiz dərəcədə azdır, yox dərəcəsindədir .
Tems
Sen hec Mingecevire getmisen??? senin o teriflediyin Bakidan 1000 defe temiz, seliqeli ve medeni sheherdi… Ehalide ele sherli kimi yashayir... 
Medikamentoz
Mingəçevir həqiqətən də gözəl şəhərdir.
peqasus
məncə inkişaf səviyyəsi nə olursa olsun əgər bir yerin adı şəhərdisə elə də adlanmalıdı. Azərbaycan demək olar ki indi indi şəhərlərin inkişafına gözəlləşməsinə əsasli dərece də əhəmiyyət verir və mən əminəm ki bir qədər sonra bütün şəhərlər bu diqqətdən nəsibini alacaq. Həm belə bir şey var ölkə binalar əyləncələr yaradanda ona verilən pulun aclara verilməsi hamısının kefdən eləndiyini deyirsiniz sonra da başqa şəhərlərə baxıb bizim şəhərləri bəyənmir yenə dövlətə cumursunuz. Hər şey həyatda sıra ilə idi amma siz hər şeyi eyni anda istəyirsiniz amma belə şey yoxdu hər şeyin vaxtı və zamanı var. İnan ki tənqidlərinizin heç nəyə yararı yoxdu və əgər bir əraziyə şəhər statusu verilib sə xoşunuza gəlse de gəlməsə də ora şəhərdi.
məryam
Men şeher deyirem. Bir sual Füzuli şeherdi, ya rayon?
Zahid_GDMLI
Füzuli rayondu və mərkəzi Füzuli şəhəri adlanır
məryam
Onda şeher gedir?
şərh silinmişdir
Medikamentoz
Rayon mərkəzlərinin adı dəyişdirilməlidir.Mən Şəkiyə gedirəm deyəndə bir ağıllı dostum sual verdi,rayona yoxsa şəhərə,dedim ki rayon mərkəzi olan Şəki şəhərinə :)