Sərnişin nəqliyyatı niyə əsəbi atmosfer yaradır?

Məşhur teatrşünas Stanislavskinin  belə bir  fikri var:  "Teatrda mədəniyyət  qarderobdan başlayır". İnsanın   gün ərzində  rastlaşdığı   hər hansı  ilk xoş münasibət  onda  yaxşı ovqat  yaradır  və yaxud əksinə.  Bəlkə də  şəhərmizin  də mədəni həyatı  elə nəqliyyatdan start götürür desək,  yanılmarıq.  İctimai nəqliyyatdan  istifadə edən  insanlar mənim  fikirlərimi    təsdiqləyər.  Paytaxtımızda  sərnişindaşımada istifadə olunan   bəzi avtobuslarda  total  mədəniyyətsizlik baş alıb gedir.  Sürücünün  davranışı,   acgözlüyü    əsəbi atmosfer  yaradır.  Bu   ağrılı məsələ  haqqında   dəfələrlə  yazılıb,  fikirlər  səslənib. Düzdür,  nəqliyyatda  bəzi müsbət məqamlar qeyd olunmalıdır.  Dövlət vəsaiti hesabına   bir sıra  iritutumlu  avtobuslar  xaricdən  gətirilərək  istifadəyə buraxılıb,   magistral  yollarda inşaat   işləri  aparılır.  Avtomobillər xəttdə olarkən nəzarəti gücləndirmək məqsədilə  yol kənarlarında müxtəlif  qurğular quraşdırılıb.

Təbii  ki, bütün bunlar    təqdir olunmalıdır.   Təəssüf ki,    bu görülən işlərə baxmayaraq  sərnişindaşımada  problemlər   bitmir.   Bir faktı  da  qeyd etmək lazımdır.  Dövlət Yol Polisinin keçirdiyi reydlər zamanı müəyyən olundu ki,  avtobus sürməyə iddialı olan şəxslərin bir çoxlarının sürücülük vəsiqəsi  və  yaxud kateqoriyası yoxdur.  Görün insanların taleyi kimlərin əlindədir?  Bu tək avtobusu idarə edən şəxsin günahı deyil, həm də onu xəttə buraxan, "axşam hansı yolla olur-olsun plan gətir" deyən sahibkarın günahıdır. Bu qanuna etinasızlıqla bərabər vətəndaşlıq  və dövlətçilik  təfəkkürünün aşağı olması ilə bağlıdır.  Mənə  belə  gəlir ki,  Nəqliyyat Nazirliyi  ilə Dövlət Yol Polisinin avtobus sürücüləri arasında yoxlamaları, reydləri kampaniya xarakteri olmamalıdır.  Bu  iş  müasir texniki qurğuların vasitəsilə  mütəmadi  həyata keçirilməlidir. Sürücülər   sahibkarlar tərəfindən  müəyyən edilən  gündəlik   planın  yüksək olmasından, lazımsız lisenziyaların çoxluğundan,  sərnişinlər  isə xidmətin aşağı səviyyədə olmasından   şikayətlənirlər. Görünür marşrut xətlərinin sahibkarlara verilməsində şəffaf prosedurlara yetərincə əməl edilməyib.  

Bu  məsələdə  azad rəqabətə  önəm verilməklə  optimal variant tapmaq mümkündür.   Birincisi, marşrut xətlərinin  sahibkarlara verilməsində  azad  seçim  və şəffaf prosedur  qaydalarının yaradılması   üçün  mexanizmlər işlənib  hazırlanmalıdır.  İkincisi,   hər  bir nəqliyyat vasitəsinin gəlirini müəyyən  edib, sürücülərin dili ilə desək,  gündəlik  plan  qoymaq   üçün  bilet satışı sisteminə keçməklə  bəzi məsələləri həll etmək olar. Paytaxtda  və ətraf qəsəbələrə sərnişin daşımada  bilet satışı  tamam  yaddan çıxıb.  Təbii  ki bu mexanizmin yaradılması  nəticəsində dövlət   büdcəsinə  qanuni vergi  ödənişi artar,  digər tərəfdən  sahibkar  sürücüdən    fantastik gündəlik plan   tələb etməz. Müşahidələr göstərir ki, sərnişin nəqliyyatı kifayət qədər gəlir gətirən, məsuliyyətli sahədir. Deməli burada söhbət maliyyə şəffaflığının lazımi şəkildə təmin edilməsindən, qanunsuz müdaxilələrin qarşısının alınmasından, istər cavabdeh məmurun və sahibkarın, istərsə də sürücünün və sərnişinin məsuliyyətinin dərkindən gedir.  Hər kəs öz məsuliyyətini dərk etsə  sərnişin nəqliyyatındakı əsəbi atmosfer tədricən aradan qalxar.   Bu gün orta statistik azərbaycanlı üçün o qədər önəmli deyil ki, marşrutun sahibkarı kimdir, sürücüyə lisenziya neçəyə başa gəlir, gündəlik planı nə qədərdir?  Biçarə sərnişini düşündürən rahat və salamat mənzil   başına çatmaqdır. İnsanların   salamat,   həm də  əsəbləri yerində      ictimai nəqliyyatdan    istifadəsi   üçün    daha  bir addım atıla bilər.  Bu  da nəqliyyatın intellektual idarəetmə sisteminin  yaradılması  ola bilər. Verilən   məlumatlara   görə,  bu   sistemin   yaradılmasına   hazırlıq  prosesi gedir.  Belə  şəbəkənin    müasir  texniki  avadanlıqlar vasitəsilə    yaradılması   xətdə   fəaliyyət göstərən  avtomobillərin   izlənməsinə  və  daha yaxşı   idarə  olunmasaına   kömək edə bilər.  

Əslində  bir çox  mıəsələlərdə,  o cümlədən  sərnişin nəqliyyatında  ictimai  nəzarət  güclənməlidir.    Bu sahəyə  cavabdeh şəxslər  düşünməlidir  ki,   onların   necə  fəaliyyət  gostərməsi   diqqətdən kənarda deyil.   Bu  gün   sərnişin  nəqliyyatı    haqqında  danışmaq, yazmaq  kimlərəsə   primitiv  gələcək.  Unutmayaq ki, cəmiyyətin  münasibətlər sistemində,  sadə  insanların  həyatında  əslində   hər bir  məqamın, o cümlədən  sərnişin  nəqliyyatının    rolu   böyükdür.   Ona görə bu məsələlərə  həm media,  həm də  QHT-lər  laqeyd yanaşmamalıdır.

1 şərh

Süvari
SƏRNİŞİN NƏQLİYYATI BİZİM YARALI YERLIƏRİMİZDƏN BİRİDİR. MƏNCƏ BURDA HƏM NƏQLİYYAT SİSTEMİNİN, HƏM DƏ İNSANLARIN GÜNAHI VAR. MƏSƏLƏN, AVTOBUS VƏ METRODA SIXLIQDAN İSTİFADƏ EDƏN OĞLAN VƏ QIZLAR. HƏLƏ YAŞLI NƏSLİN NÜMAYƏNDƏLƏRİNİ DEMİRƏM..ALLAH ÖZÜ AĞIL VERSİN. BUNA DÖVLƏT NƏ ETSİN ??