Təvəkkül haqqında

Sıxıntılarından üz çevir,
Hər işin sonu qədərə çatar.
Çünki qəzəblə oyanan neçə iş,
Nəticədə sənin üçün razılığa dönər.
Vaxt olar, dar olan genişlər,
Vaxt olar ucsuz-bucaqsız səma daralar.
Allah sənə təkrar-təkrar gözəlliklər versə,
Bunu keçənlər üçün bir ölçü kimi qəbul et.


Bu şer təvəkkül haqqında Həzrəti Əliyə aid edilən bir şerdir. Bunu universietde oxuyanda bir kitabdan qeyd etmişdim. Həmin kitabın adını indi unutmuşam. İnşallah faydalı olar.

Əkrəm Həsənov
 

2 şərh

Arzt
Vaxt olar, dar olan genişlər,
Vaxt olar ucsuz-bucaqsız səma daralar.

Görünür bizə yalnız səbr etmək düşər.Səbr etməksə mükafatsız deyildir.Səbrin sonunda mükafatın dar olanın genişlənməsidir.Səbrsizliksə ucsuz-bucaqsız səmanı daraldan əməlin peşmanlığıdır.
Zərrə
Həqiqi təvəkkül etməyi bacaran insan demək olar ki hər işdən mənfəətli çıxar.
Amma biz bəzən «təvəkkül»ü doğru anlamırıq. Bu heç də əlini əlinin üstünə qoyub, boş oturub gözləmək deyil.  Hər bir işdə səbəblərə riayət etmək mütləqdir. Bəli təvəkküllə dua edəcəyik. Amma dua həm hərəkətlə, həm də dillə olur. Əvvəlcə əlimizdə olan bütün imkanları dəyərləndirərək «feli dua»(hərəkətlərimizlə dua), sonra da «kavli  dua» (dil ilə dua) etməliyik. Yoxsa çətin ki, işlərimizdə müvəffəq olaq.

Etdiyimiz hər bir hərəkət, sərf etdiyimiz hər bir əmək bir duadir. Çalışmaqla, Allahın verdiyi imkanları doğru şəkildə dəyərləndirməklə edilən dua əksəriyət etibariylə qəbul olur. Məsələn torpağı belləmək, əkib becərmək, bir növ Rəhmət qapısını döyüb bərəkət istəməkdi. Yoxsa ağzımızı açıb oturmaqla göydən halva düşməz. Qərbin sənayedə, elmdə, texnologiyada irəli getməsinin səbəbi də cox güclü feli dua etmələri, Şərqin geridə qalmasının əsas səbəblərindən biri də tənbəlliyidi. Rəbbimiz bizə dil verdiyi kimi, əl, ayaq, şüurlu baş da verib. Bütün cismimizlə, canımızla dua etməliyik.

Yadıma düşmüşkən kiçik bir hekayə danışım.

Bir dəfə bir molla deyir ki, «yemək-içmək üçün heç nə etməyəcəyəm, yerimdən tərpənməyəcəyəm,səsimi çıxarmayacağam, təvəkkül edəcəyəm.Axı Allah təvəkkül edən hər kəsin istədiyini verir.»
(Görünür bunun da təvəkkül anlayışı bizimkindən fərqi deyilmiş.)
Deməli molla bir gün gözləyir. Ac, susuz...Əlini ağdan qaraya vurmur. İki gün gözləyir… Heç bir dəyişiklik yoxdu. Üçüncü gün, bir bayram günü olur. Qonşuluqda bir qadın yemək bişirir, bir boşqab da aparır mollanın evinə. Qapını döyür, içərdən səs gəlmir. Yenə döyür, yenə döyür… Molla da içəridə acından bir təhər olub. Amma söz verib ki, hərəkət etməyəcək, səsini belə çıxarmayacaq. Axır qadın başlayır öz- özünə danışmağa: " He, deyəsən molla evdə yoxdu." Nə isə, molla bunu eşidir, daha dözmür, səsini çıxarır. Möhkəmcə bir «IHIM» eləyim. Qadın hiss eləyir ki, molla içəridədi, deyir,«yeməyi qoyum qapının ağzına molla özü götürər. „
Yazıq molla özü-özünə deyir: “ Həəə....Təvəkkül eləyəndə yemək gəlir, amma heç olmasa bir dənə „ıhım“ eləmək lazımdı.»

Bu mollanın vəziyətinə düşməmək üçün təvəkkülü doğru-dürüst anlamalıyıq.

Təvəkkül- əvvəlcə çalışmaq, sonra da nəticə nə olursa olsun, bizim üçün xeyirli olduğuna inanmaqdır. Sanki Rəbbimiz deyir ki," Sizdən hərəkət, Məndən bərəkət". Biz də cavabında deməliyik: " Ya rəbbim, əlimdən gələn hər şeyi elədim, sənin verdiyin imkanları dəyərləndirməyə çalışdım, amma xeyirin, bərəkətin harada, nədə olduğunu bilən sənsən. Çünki sən sonsuz elm sahibisən. Dünənimizi də bilirsən sabahımızı da, haqqımızda xeyirli olanı ver." Amin.

P.S. "Əlimdən gələn hər şey deyəndə, müsbət hərəkətlər nəzərdə tutulur. Yoxsa əlimizdən qətl də gəlir, yalan də, iftira da. Allahin rızası dairəsində hərəkət etmək lazımdır ki, sonra O'nun dərgahına əlimizi açıb dua etməyə üzümüz gəlsin."

Şərhlərim hərdən bir az uzanır, haqqınızı halal edin, heç kəsi yormaq istəmirəm.