Yaltaq kişilərin sayı durmadan artır

Kənar adam cəmiyyətimizi – televiziyanı, qəzet-jurnalı, toy-yas məclislərini, müşavirə-iclası, konfrans-seminarı, bir sözlə, rəsmi və qeyri-rəsmi tədbirləri müşahidə eləsə, “Bunlarda fitri tərif demək istedadı var” deyər.
Bu gün cəmiyyətimizə hakim bir insan duyğusu… yaltaqlıqdır. Elə bil bu duyğuyla nəfəs alırıq, yatıb-dururuq, beynimiz yalnız bunun yeni növlərini axtarmaqla məşğuldur. Orijinal bir yaltaqlıq forması tapanda uşaq kimi sevinirik. Sanki həyatda uğur qazanmağımız bu hala, ovqata köklənə bilməyimizə bağlıdır.
Yaltaqlıq istedadı
Biz yaltaqlığı insani duyğular sırasına çıxarmağı bacarmışıq, o biri duyğuları Tanrı özü verib bizə.
İlahi, biz nə qədər bacarıqlıyıq, yalmanmanın necə kreativ üsullarını bilirik! Yaltaqlıq elm kimi tanınsaydı və bu elmlə, məsələn, Günəşə uçan aparat düzəltmək mümkün olsaydı, bunu bacarardıq.
Biz heyvan adlarından da bu sözə sinonimlər qayıra bilən camaatıq, “pişiklənmək” kimi.
Yaltaqlıq tək alçalma forması deyil, həm də insan qorxusunun üst geyimidir. Yaltaqlığın əks üzü qorxaqlıqdır. Qorxan adam yalmanır! Çexovun “Məmurun ölümü” hekayəsindən Çervyakovu xatırlayırsınız yəqin. Öz Qurbanəli bəyimizi demirəm heç.
Tanınmış çex heykəltəraşı David Çernı yaltaqlığı insanlığın ən naqis keyfiyyətlərindən sayaraq ona heykəl ucaldıb. “Yalmanma” adlanan 5 metrlik heykəl Praqanın “Futura” qalereyasında nümayiş olunur. Bu, ikiqat əyilmiş başsız adam heykəlidir. Heykəltəraş bununla demək istəyir ki, yaltaq adamda nə baş olar, nə sima. Gündəyməzi açıqdır deyə heykəlin şəklini dərc etmirəm bu yazıda. “Ququl”da “David Černý. Brown-nosers” yazıb özünüz taparsınız.
Elə bil yarınmaq genetik halımızdır; atadan oğula, anadan qıza ötürülür.
Yaltaqlıq sanki genetik halımızdır dedim, yəqin elə buna görədir: bir xalq kimi – istər evdə ata olsun, istər dövlətdə rəhbər – “üzüyumşaq” başçıları sevmərik, atılıb boynuna minərik. Bizimki zorlu-hallı adamdır, sinov gedərik, rəğbət bəslərik, təzim edərik.
Şiə kimi də qəribə şiəyik, qəlbində Əli rəhmi olana yox, Yezid kimi zalıma biət edərik.
İki il dözə bildik Rəsulzadələrin bəxş etdiyi azadlığa. Heç nə demirəm, elə parlament dinləmələrini stenoqramdan oxuyun yetər. Özümüz öz əlimizlə verdik azadlığımızı bolşevik ruslara. Sovet illərində, irəli getmiş xalqların hələ tam baş açmadığı kompüter texnologiyalarından danışan Vəzirovun da “üzüyumşaqlığı” iki ilə yaxın çəkdi.
Humanist Elçibəyin bəxti heç gətirmədi. Xalq “ürəyiyumşaq” hakimiyyətlə bircə il dolana bildi.
“Dəmir əlli” hakimiyyətə sevgimizi isə özünüz də bilirsiniz, görürsünüz, yaşayırsınız!
Yazının bu yerinə qədərki hissəsi hələ 3 il qabaq qaraladığım “Məğrur yaltaqlıq məktəbi” adlı məqalədəndir. Son günlər ölkədə mənəvi-etik halımıza güzgü tutan hadisələrin axarında o yazıya yenidən qayıtdım.
Bu sözləri əlavə eləmək istədim: yaltaq ən zalım adamdır, yaltaqlıq zalımlıqla eyni bətndə yetişir, əkiz doğulur.
Sovet dövründə partiya nərdivanına, onun ən hündür pilləsinədək dırmaşmağa Kremldəkilərə yaltaqlanmağı ən yaxşı bacaranlar nail olurdu. Qorxu üstündə qurulan bütün siyasi rejimlərdə karyeranın tək yolu budur. Kommunist ənənəsini yaşadan cəmiyyətlərdə proses sonuclanmadı, davam etdirildi.
Əyilə-əyilə, sına-sına “qalxmış”ların özündən aşağılara divan tutmasına yüzlərlə misalı son 27 ildə bu ölkədə yaşamış hər kəs gətirə bilər. Adlar çəkmək istəmirəm, hamıya məlum adlardır. Hakimiyyət pillələrində yaltaqlıqla ucalanlar bir gün leş kimi yerə düşəndə başqalarına ehtiyac olmur, elə özləri kimiləri onları didib-parçalayır.
30 il qabaq məğrur insanların, azad vətəndaşların yaşayacağına ümid etdiyimiz ölkəni müti, yazıq, gözüqıpıq, ələbaxan insanlar ölkəsinə çevirmişləri lənətləyərək qaraladım bu yazını…
 
Beynəlxalq Kişilər Gününün qeyd olunmasında əsas məqsəd kişilərin sağlamlıq məsələlərinə köklənmək, genderlərarası münasibəti təkmilləşdirmək, gender bərabərliyinə yardım etmək və müsbət kişi rolu modelini vurğulamaqdır. Bu, kişilərə qarşı olan ayrıseçkiliyi nəzər çatdırmaq və onların cəmiyyət, ailə, evlilik və uşaqların tərbiyəsindəki töhfələrini və nailiyyətlərini qeyd etmək üçün bir təşəbbüsdür. Təməl məqsəd isə insani dəyərləri önə çəkməkdir.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu açıqlamasında kişilərə həmişə böyük hörməti olduğunu bildirib:
“Ancaq o vaxtın kişiləri əsl kişi idi. İndiki kişilər isə biraz cılızlaşıb. Bizim dövrün kişiləri qeyrətli, namuslu, vətənini sevən idi, ancaq müasir dövrün kişilərində bu xüsusiyyətləri tapmaq bir az müşkül məsələyə çevrilir. Hətta elələri var ki, ancaq pul güdür, başqa heç nə düşünmür. İndiki dövrdə pul hesabına satqınlıq edən, yaltaq kişilərin sayı nədənsə durmadan artır. Əvvəlki kişilər ən ağır zamanlarında belə özlərini sındırmırdılar, ağırlıqlarını qoruyub saxlayırdılar. Bir söz var, deyirlər ki, kişi zəhmli olmalıdır. Mən bu fikirlə razılaşmıram, zəhmlə kişi olmur. Kişi zəhmli ola bilər, amma içi boşdursa zəhmin ona nə aidiyyatı? Görüntü əsas deyil ki, əsas olan odur ki, sözünün üstündə dursun, ailəsinin qədrini bilsin, satqın olmasın”.
Jurnalist Rəna Kərimovaya  görə  əsl kişi  obrazı nə istədiyini bilən, boş vədlər verməyən, dilindən çıxan sözün ağası olan, qeybətcil olmayan, özünə hörmət etməyi bacaran biridir.
“Bir var kişi cinsindən olan, kişi cinsindən doğulanlar, bir də var xarakteri kişi olanlar. İlk növbədə Beynəlxalq Kişilər Günü münasibəti ilə cinsi kişi olanları yox, əsl kişi olanları təbrik edirəm. Sədaqətli olsunlar, “biri ilə evlənim anama gəlin olsun, özüm subayçılığa davam edim” deməsinlər. Qadınlara qarşı daha qayğıkeş, daha diqqətli olsunlar. Fərqi yoxdur  ki, bu anadır-bacıdır, ömür-gün yoldaşıdır, yoxsa sevgili. Həyatlarındakı qadınlara dəyər versinlər! Yalana, cılız hərəkətlərə tənəzzül etməsinlər. Tarixən həmişə Azərbaycan kişisinin bir çəkisi olub. Bu çəkini qorusunlar. İradəli və cəsur olsunlar, bir də görürsən ki, kişi xeylağıdır, oturub həyatdan, bəxtindən gileylənir. Yeri gəlsə kişi ağlayar, kişinin də zəif anları olar, ancaq bütün günü şikayət etmək kişini cılızlaşdırır. Müstəqil olsalar daha yaxşı olardı. Baxırsan yaş 30-a çatıb, hələ də həyati məsələlərdə valideyn diqtəsi ilə oturub-dururlar. Son olaraq səliqə-səhmanlarına fikir vermələrini, baxımlı olmalarını istərdim”.

22 yaşlı gənc müəllimə Nərmin Mehdiyeva isə əsl kişilik obrazını güclü bir xarakterə sahib olan insanda görür:
“Təbii ki, hər bir qadının beynində, xəyalında yaratdığı əsl kişi xarakterinə malik bir kişi obrazı olur. Əslində bu həyatda ideal insan da yoxdur, sadəcə biz beynimizdə o profili yaradaraq özlüyümüzdə onu ideallaşdırırıq. Görünüş və digər kriteriyalar nə qədər mükəmməl olsa da, xarakteri zəif olan bir kişidə artıq o mükəmməl kriteriyaları görmək mümkün olmur. Kişinin kişi kimi duruşu, danışığı, davranışı olmalıdır. Necə ki, əvvəlki dövrlərin kişilərində bu ağırlılıq və samballılıq hiss olunurdu. Ancaq təəssüf ki, müasir dövrdə əsl kişi xarakterli, görünüşlü kişiyə çox az rast gəlirik. Demək olar ki, getdikcə kişilik adı belə tarixə qovuşur. Adətən kişi qadından ona görə seçilir ki, üzündə bir zəhm, ağırlıq hiss olunur. Amma indiki oğlanların bəzilərində qadınlıq siması daha çox hiss olunur. Ən əsası kişi özgüvənli olmalıdır. İndi kişilərdə qadın kimi qeybət etmək, yerli-yersiz gülmək kimi xüsusiyyətlər daha da çoxalıb. Hətta yerişlərini belə qadınlaşdıran oğlanlar var. Kişi gələndə hiss olunmalıdır ki, bu əks cinsin nümayəndəsidir. Vallah nə deyəsən qadın kimi yeriyən kişilərdən nə gözləmək olar ki? Artıq nədənsə, bu kimi kişilərə daha çox maraq göstərirlər. Gənc olsam da, ola bilər ki, köhnə fikirliyəm, ancaq belə kişilərə sadəcə baxanda gülməyim gəlir”.
 
 
Müəllif: Vahid Qazi 25 avqust 2020
Mənbə: modern.az,

Oxşar məqalələr