Varlıların kasıblara öyrətdikləri

Zövq problemi bütün zaman, məkan və şəraitlər üçün aktual olub. Bu yaxınlarda aktuallığın özüm üçün bir sirrini də kəşf etdim. Aktual olana heç bir zaman konkret cavab tapıla bilmir. Zövq də belədir. Heç kim, heç vaxt zövq anlayışına konkret don geydirə bilmir. Məsələn, “Adidas”. Adidas şirkətinin geyimlərini geyinmək zövq əlamətidir? Yaxud, Şopen dinləmək necə?
Varlıların kasıblara öyrətdikləri
Zövqü bürokratiya formalaşdırır
Müşahidələrim mənə bunu göstərdi ki, Bakıya lap yuxarıdan baxanda burada iki təbəqə xüsusilə gözə batırdı: Varlılar və onlardan təsirlənən kasıblar. Kasıblar həmişə özlərini varlılara bənzətməyə çalışırdılar. Çünki, bütün ilkləri varlılar edirdi. Ən yeni dizaynlı ayaqqabıları onlar geyirdi, ən müxtəlif paltarlar varlıların olurdu, ən fərqli evlər onlar üçün tikilirdi, ən maraqlı tədbirləri onlar keçirirdilər…
İlklərin olması isə ümumən zövq anlayışına həmişə yön verib. Bir şeydən ilk dəfə yaranması, ondan az nüsxədə olması, tapılmaması dünyamızın qaydalarına görə onu dəyərli edib. Bu yəqin ki, həmişə belə olacaq.
Kasıblar isə onları yalnız imitasiya edirdi. Fikir versək görərik ki, əhalinin kasıb təbəqəsinin əyninə geyindiyi paltarlar ən məşhur geyim kompaniyalarının oxşarları idi. Məsələn, “Adidas”lar “abibas”lara çevrilirdi, “Massimo Dutti”nin dəri növlərinin oxşarları süni materialla daha ucuz qiymətə mağazalarda satılırdı. Şadlıq sarayları və təntənəli məclislərin ortalığa çıxması da təsadüfi deyildi. Xalqlar Dostluğu ərazisində yaranmış şadlıq sarayları “Gülüstan” sarayının prototipi idi, bədiiləşdirilmiş və ucuzlaşdırılmış obrazı idi. Toylar bürokratiyanın əyləncəsi idi, kasıbların əyləncəsinə çevrilirdi. İki mərtəbəli “makler” villaları, varlıların zövqsüz villalarına bənzəyirdi.
Saxta şirkətlər, Çin məhsulları, ucuz mallar da aşağı təbəqənin bu ehtiyacından yaranırdı. Kasıblar tələb edirdi, onlar istehsal edirdi.
“İlklər” bürokratiyaya məxsus olduğundan da bir bölgədə, şəhərdə yaxud ölkədə mədəniyyətin hansı istiqamətdə yayılması, zövqün formalaşması həmin coğrafiyanın bürokratiyasına məxsus olur.
Bunu təkcə Azərbaycana aid edib aşağılamaq niyətim yoxdur, məsələn, Avstriyada müharibə illərində kasıb təbəqə evlərində ət döyəcləyəni ət taxtasına bərkdən vururdular ki, qonşu səsi eşitsin və ona elə gəlsin ki, evdə şnitzel bişirilir. Çünki, şnitzel uzun illər qərbdə kübar yeməyi hesab olunub. Yəni, kasıbların varlılara məftunluğu hər yerdə olub.
 
Bir xalqın varlısı kimdirsə, xalq da odur
Azərbaycandakı mədəni düşüşün, deqradasiyanın səbəbini  heç vaxt çox uzaqda axtarmamışam. Səbəb biz özümüz idik. Səbəb bizim kübarlar, elitlər idi. Bizim bürokratiyamız səviyyəsizlərdən təşkil olunmuşdu. Onlar ortalığa müstəqillik dövründə birdən-birə çıxdılar. Toy məclisləri, şənliklər təşkil etdilər və bu şənliklərə sevdikləri sənətçiləri dəyərindən artıq qiymətə çağırmağa başladılar. Beləliklə, çox yanlış istiqamətdə sənətçilər varlanmağa başladı. ABŞ-da Andy Warhollun öldüyü və əsərlərinin qiyməti kəllə-çarxa çıxmağa başladığı vaxt Azərbaycanda mağar, çadır (palatka) toylarında bayağı sənətçilər yüksək qiymətə məclislərə çağırıldılar, şadlıq saraylarında yeni biznesin əsasını qoydular.
Türkiyə Cümhuriyyətinin əsasının qoyulduğu zamanlarda yüksək vəzifəli dövlət məmurlarının əsas maraqlarından biri opera və simfonik musiqi konsertlərinə getmək idi. Çünki, qərbliləşmə və qərbin elit məşğuliyyətlərini özündə əritmə cümhuriyyətin mədəni siyasətini təşkil edirdi. Türklərin “mahalle baskısı” dedikləri anlayış da buna təkan verirdi. Hər kəs bu dairələrdə özünü göstərmək istəyirdi. Nəinki, dövlət bürokratiyası, həmçinin intellektuallar, sənətçilər də bu cür mədəni tədbirlərdə tez-tez görünməyə çalışırdılar. Bu zamanla öz müsbət nəticələrini göstərirdi də.
 
Kübarlaşdırma, burjualaşdırma, seçkinləşdirmə – Gentrifikasiya
Gentrifikasiyanın yaranması da bəsit dəyişmə siyasəti deyildi. Dünyanın bir çox ölkələrində 1950-60-cı illərdən bəri ortaya çıxan bu yerdəyişmə siyasəti orta və üst sinif vətəndaşların, aşağı siniflərin yaşadığı bölgələrə köçürülməsi və bununla da həmin ərazidə olan köhnə evlərin yeni evlərlə əvəzlənməsi, bir təbəqənin başqa təbəqə ilə əvəzlənməsi, mədəni dəyişikliyə nail olmaq məqsədi daşıyırdı.
Qısaca, varlılar kasıblara necə yaşamağı, necə geyinməyi, necə ev tikməyi öyrədəcəkdi. Bunun bir-sıra mənfi təsirlərini nəzərə almasaq (yəni, bəzən bu halda kasıb təbəqənin öz torpağından böyük köçü baş verir) normal cəmiyyətdə bu müsbət dəyişikliklərə səbəb ola bilərdi.
Bakı isə deyə bilmərəm gentrifikasiyaya necə məruz qaldı. Ümumiyyətlə qaldımı? Bunu da konkret demək olmaz. Amma Bakının ciddi mədəni deqradasiyaya uğramasında zövqsüz bürokratların böyük rolu var idi.
 
 
Müəllif: Emin Əliyev
Mənbə: azlogos.eu
 

0 şərh