Sülhün elçisi: Məlalə Yusifzey

11 yaşında BBC üçün yazdığı bloqun qurbanı...
2009-cu ilin əvvəllərində 11 yaşlı Məlalə Yusifzey BBC üçün yazdığı bloqu ilə dünyada məşhur oldu. Bu bloqda, o, Taliban rejimi altında öz həyatından, taliblərin Svat bölgəsini işğal cəhdlərindən və qızların təhsilinin inkişafına öz baxışlarından geniş yazmışdı.

Bundan sonra 2009-cu ilin sonlarında Pakistan Silahlı Qüvvələrinin hücumu nəticəsində taliblər Svat bölgəsindən qovuldular. Bütün hadisələri bloqunda ətraflı təsvir etdiyinə görə, gənclər arasında Pakistanın Milli Sülh mükafatını qazandı.

Sui-qəsd
9 oktyabr 2012-ci il. Məlalə Yusifzey məktəb avtobusunda evə qayıdırdı. Avtobus maskalı və silahlı adamlar tərəfindən saxlanılır. Silahlılardan biri avtobusa daxil olaraq Məlalənin kim olduğunu soruşur. Qızı tapandan sonra talib silahlısı ona atəş açır. Güllə qızın başından və boynundan keçərək çiynindən çıxır. Onun arxasında oturan iki qız da ağır yaralanır. Məlaləni kritik vəziyyətdə Peşəvar şəhərinin hərbi hospitalına çatdırırlar.

Komada qalan qızın yaşamağına ümid demək olar ki, yox idi… Pakistanda 50 islam din xadimindən ibarət qrup Məlaləni öldürməyə cəhd edənlər haqqında fitva verir. Yusifzey stabil vəziyyətə qovuşandan sonra Böyük Britaniyaya aparılır və burada Birmingem xəstəxanasında müalicə alır.

2012-ci ilin 16 oktyabrında Pakistanın daxili işlər naziri Rəhman Malik Məlalənin «qadınların təhsil alması məsələsinə tiranizm mövqeyindən yanaşan Taliban rejiminə qarşı ictimai çıxışına görə» «Cəsarət Ordeni» ilə mükafatlandırıldığını elan etdi.



2013-cü ilin yanvarında isə Məlalə Yusifzey xəstəxanadan çıxdı. 2013-cü il 12 iyulda — 16 yaşının tamam olduğu gün Məlalə BMT-nin Nyu Yorkdakı baş qərargahında çıxış edir. Elə həmin ilin oktyabr ayında Məlalənin britaniyalı jurnalist Kristina Lambla birgə yazdığı «Məlalə mənəm: Təhsil üçün mübarizə aparan və Taliban tərəfindən güllələnən qızın hekayəsi» («I Am Malala: The Story of the Girl Who Stood Up for Education and was Shot by the Taliban») adlı bioqrafik kitabı nəşr olunur.

Məhz kitabın çapdan çıxdığı gün Taliban nümayəndəsi Şəhidulla Şəhid Pakistanın «The Daily Nation» qəzetinə müsahibəsində bəyan edir: "Əgər daha bir şansımız olsa mütləq onu öldürəcəyik. İslam qadını öldürməyi qadağan edir, ancaq dinimizə qarşı çıxanlar üçün istisnalar ola bilər".

Sülhün elçisi
2014-cü ildə Kaylaş Satyarti ilə birgə «uşaq və gənclərin sıxışdırılmasına qarşı və uşaqların təhsil hüququ uğrunda mübarizəyə görə» Nobel Sülh Mükafatına layiq görülən Məlalə Yusifzey Nobel tarixində 17 yaşlı ən gənc lauretata çevrilir. Qeyd edək ki, 2015-ci ildə Məlalə suriyalı qaçqın qızlar üçün Livanda məktəb açdırıb. Bir bacısı və iki balaca qardaşı olan Məlalə yaratdığı fond (malalafund.org) vasitəsilə ehtiyacı olan qızlara təhsil almaları üçün yardım göstərir.



Xavər ZAHİR
 

0 şərh