Azərbaycanın bitki örtüyü

Dünyada mövcud olan 500 min bitki növünün 4,3 mini Azərbaycanda bitir. Azərbaycanda bitki örtüyünün zəngin olması ilk növbədə relyef və iqlim şəraitinin müxtəlifliyi ilə əlaqədardır. 370 növ bitki endemikdir, yəni yalnız Azərbaycanda bitir. Talış dağlarındakı Zuvand çökəkliyində və Naxçıvanda endemik bitkilər - əsasən çoxillik otlar geniş yayılıb.
Əsasən Talış dağlarında qismən Baş Qafqaz və Ceyrançöldə III dövrün relikt (qalıq) bitkiləri yayılıb. Məsələn: dəmirağac, şabalıdyarpaq palıd, Lənkəran akasiyası, azad, qaraçöhrə, şümşad, Eldar şamı və s. Relikt və endemik bitki olan Eldar şamının təbii vətəni Ceyrançöldəki Ellər oyuğudur. Bu ağacdan arid ərazilərin yaşıllaşdırılmasında geniş istifadə olunur.

Relyefdən asılı olaraq bitkilər aşağıdakı kimi yayılıb:

1. Düzənlik və alçaq dağlıqda yarımsəhra, dağ bozqır və dağ kserofit bitkiləri yayılıb.

Yarımsəhra bitkiləri (yovşan, şoranotu, dəvətikanı, qəvən, kəngiz və s.) Kür-Araz, Samur-Dəvəçi ovalığında, Naxçıvanın Arazboyu düzənliklərındə, Abşeron-Qobustanda yayılıb. Qış otlaqlarıdır. Əkin sahələri və yaşayış məntəqələrinin çoxalması ilə əlaqədar, yarımsəhra bitkilərinin təbii arealı kəskin azalır.

Dağ bozqır (çöl) bitkiləri (vələmir, kəklikotu və s.) Kiçik Qafqazın şimal-şərqində, Böyük Qafqazın dağlıq Şirvan hissəsində və Naxçıvanda geniş yayılıb.

Dağ-kserofit bitkiləri Talış dağları və Naxçıvanda yayılıb. Seyrək kol və otlardan ibarətdir.

2. Orta dağlıqda meşə bitkiləri yayılıb. Meşələr Azərbaycanın 11%-ni tutur. Ümumi sahəsi 1,2 mln. ha olub, adambaşına 0,15 ha meşə sahəsi düşür. Azərbaycan meşələrinin sahəsi az olsa da növ tərkibi (435 növ) zəngindir. Burada 70 endemik ağac və kol növü var. Azərbaycanda meşələrin 90%-i dağlarda (xüsusilə orta dağlıqda), 10%-i isə düzənliklərdədir. Düzənlik meşələri Qanıx-Əyriçay vadisində, Lənkəran ovalığında və Samur-Dəvəçi ovalığının Şollar düzündə geniş yayılıb. Azərbaycan meşələri 3 areala bölünür:

a) Enliyarpaq meşələr. Böyük və Kiçik Qafqaz, Talış dağlarının alçaq və orta dağlığında yayılıb. Azərbaycan meşələrinin 86%-i 3 ağacdan: palıd, vələs və fıstıq ağaclarından ibarətdir;

b) iynayarpaq meşələr. Azərbaycanda 7 növü bitir: Eldar şamı, qarmaqvari şam, çoxmeyvəli, ağıriyli, qırmızı və uzungövdəli ardıc və Avropa qaraçöhrəsidir;

c) Tuqay meşələri çay yataqları boyunca, xüsusi ilə Kür çayı boyunca lent şəklində uzanır. Yarımsəhralarda yerləşmiş bu meşələr iqlimi yumşaldır, torpaqqoruyucu və sahilbərkidici rolunu oynayır;

3. Yüksək dağlıqda - subalp və alp çəmənlikləri mövcuddur. Onlardan yay otlaqları və biçənək şəklində istifadə olunur.

4. Uca dağ zirvələrində subnival bitkiləri yayılıb. Böyük və Kiçik Qafqazın yüksək dağ zirvələrinin çılpaq qayalıqları, demək olar ki, bitki örtüyündən məhrumdur.

Azərbaycanın nival və yarımsəhra zonasında heyvanlar aləmi çox kasıb, meşə və meşə-çöl zonasında isə heyvanat aləmi daha zəngindir.

0 şərh