Əlvan metallurgiya

Böyük və Kiçik Qafqazın Azərbaycan hissəsinin metallogenik əyalətlərində əlvan metallardan mis, qurğuşun, sink, kobalt, civə, sürmə filizlərinin yataq və təzahürləri geniş yayılmış və əsasən Balakən-Zaqatala, Gədəbəy və Ordubad filiz rayonlarında cəmlənmişdir.

Mis

Respublikanın mis ehtiyatları əsasən Balakən-Zaqatala, Gədəbəy, Qarabağ və Ordubad filiz rayonlarında cəmləşmişdir.
Balakən-Zaqatala filiz rayonunda misin əsas ehtiyatları mis-kolçedan, kolçedan-polimetal tipli, Kiçik Qafqaz və Naxçıvan qırışıqlıq zonasının filiz rayonlarında isə əsasən mis-porfir, molibden-mis-porfir və qızıl-mis-kolçedan tipli yataq və təzahürlərdə cəmləşmişdir.
Respublikada sənaye ehtiyatları təsdiq edilmiş bir mis-porfir yatağı (Qaradağ mis-porfir yatağı) vardır ki, bu da ümumi filiz ehtiyatlarının 4,7%-ni təşkil edir.
Balakən-Zaqatala filiz rayonunda üç kolçedan-polimetal yatağında-nəhəng Filizçay, orta miqyaslı Kasdağ və Katex yataqlarında misin sənaye ehtiyatları təsdiq edilmiş və faydalı qazıntı yataqlarının dövlət balansında qeydə alınmışdır. Saqator mis-sink, Mazımçay mis-kolçedan və Aşağı Karabçay kolçedan-polimetal yataqlarının C2 kateqoriyası ilə qiymətləndirilmiş ehtiyatları sahə balansında qeydə alınmış və proqnoz ehtiyatları hesablanmışdır.
Kiçik Qafqazda misin sənaye ehtiyatları Qaradağ mis-porfir yatağı ilə yanaşı Qarabağ filiz rayonunda yerləşən Qızılbulaq qızıllı mis-kolçedan yatağında və cüzi miqdarda Vejnəli qızıl yatağında təsdiq edilmişdir.
Qarabağ filiz rayonunda Dəmirli mis-porfir, Gədəbəy filiz rayonunda Gədəbəy mis-kolçedan yataqlarının ehtiyatları qiymətləndirilmiş və proqnoz ehtiyatları hesablanmışdır.
Naxçıvan qırışıqlıq zonasında Göydağ, Diaxçay, Misdağ-Şəlalə mis-porfir, Ağyurd qızıl, Nəsirvaz-Ağdərə polimetal yataqlarında misin ehtiyatları qiymətləndirilərək sahə balansında qeyd edilmiş və proqnoz ehtiyatları hesablanmışdır.
Kiçik Qafqazın mis yataqları əsasən Gədəbəy filiz rayonunda cəmlənmişdir. Bu regionda əsasən mis-porfir, qismən mis-kolçedan yataqları inkişaf tapmışdır.
Gədəbəy rayonunda Qaradağ mis-porfir yataqlarının mərkəzi hissəsinin ilkin kəsfiyyatı aparılmış və  ehtiyatları sahə balansına götürülmüşdür.
Gədəbəy filiz rayonu geoloji-struktur quruluşuna, geofiziki və geokimyəvi anomaliyaların intensivliyinə görə mis-porfir, mis-kolçedan, mis-qızıl filizlərinə ən perspektiv rayonlardan biridir. 
Mis minerallaşmasına Kiçik Qafqazın Qarabağ filiz rayonunun da perspektivliyi yüksəkdir. Bu filiz rayonunda əsasən mis-porfir, qızıl-mis-kolçedan və digər geoloji-sənaye tipli filizləşmə növləri geniş yayılmışdır. Qızılbulaq qızıl-mis-kolçedan yatağının dəqiq kəşfiyyatı başa çatdırılmış və sənaye ehtiyatları Dövlət balansına götürülmüşdür. Yataq Ağdərə rayonunda yerləşir. Misin orta miqdarı 1,38% təşkil edir. 
Daşkəsən filiz rayonunda mis-porfir və mis-kolçedan filizlərinə perspektivli sahələr - Qoşqarçay və Qoşqardağ sahələri aşkar olunmuşdur.
Naxçıvan MR ərazisində - Ordubad filiz rayonunda ehtiyatları təsdiq olunmuş Parağaçay mis-molibden yatağı əsasında eyniadlı filiz-saflaşdırma mədəni fəaliyyət göstərirdi. Son illərdə müəssisənin təlabatı kasıb filizlər hesabına ödənilirdi və Ermənistan tərəfindən blokada şəraitinə düşəndən sonra fəaliyyəti tam dayandırılmışdır. Mədənin etibarlı xammalla təchiz edilməsi üçün, istismar kəşfiyyatının və yatağın ətrafında planlı şəkildə axtarış işlərinin davam etdirilməsi zəruri hesab olunur.
Naxçıvan qırışıqlıq vilayətində sənaye əhəmiyyətli mis yataqlarının aşkar edilməsi üçün Misxana-Zəngəzur metallogenik xanasında yerləşən Ordubad filiz rayonu yüksək perspektivli hesab edilir. Son illərdə aparılmış axtarış işləri nəticəsində bu ərazidə Parağaçay, Misdağ, Göydağ, Göygöl, Şəlalə, Diaxçay, Kotam-Kilit filiz sahələrində çoxsaylı mis-molibden təzahürləri aşkar edilmişdir. Bunlardan əlavə, Culfa rayonunun Xanağa-Ordubad filizləşmə sahəsində eosen yaşlı vulkan-plutonik kompleksi daxilində, hidrotermal dəyişilmiş süxurlarda xeyli miqdarında proqnoz resursları gözlənilir.

Qurğuşun və sink

htiyatları təsdiq edilmiş polimetal filiz yataqları aşağıdakılardır: Filizçay, Kasdağ, Katex, Mehmana və Gümüşlük.
Kiçik Qafqazın Qazax filiz rayonunda Şəkərbəy, Naxçıvanın Ordubad filiz rayonunda Nəsirvaz-Ağdərə polimetal filiz yataqlarının qurğuşun ehtiyatları qiymətləndirilmiş və proqnoz resursları hesablanmışdır.
Avropada ən nəhəng yataq hesab olunan və dünyanın ən iri yataqları sırasına daxil olan Filizçay kolçedan-polimetal yatağının dəqiq kəşfiyyatı başa çatdırılmış və sənaye ehtiyatları   təsdiq edilmişdir.
Yataq yeganə kompakt filiz kütləsindən ibarət olmaqla 95 mln. ton miqdarında filiz ehtiyatına malikdir.
Filizdə əsas qiymətli komponentlər mis (filizdə orta miqdarı 0,59%), sink (3,63%), qurğuşun (1,43%), gümüş (44,2 q/t), bismut, kadmium, kobalt, selen, tellur, indium və s. ibarətdir ki, onların da sənaye ehtiyatları hesablanmışdır.
Filizlərin texnoloji xüsusiyyətləri 34 laborator (çəkisi 7 tona qədər) və 2 yarımsənaye (çəkisi 1-3,6 min ton) sınaqları üzərində öyrənilmiş və filizsaflaşdırma fabrikində qurğuşun-sink, mis və pirit konsentratlarının alınması və onların metalloji emalı nəticəsində son məhsulun-metalların alınması tövsiyə edilmişdir.
Filizçay yatağının ehtiyatları dağ–mədən müəssisəsinin yüksək rentabelli fəaliyyətini 60 ildən artıq müddətə təmin edə bilər. Yatağın istismarı yeraltı üsulla nəzərdə tutulur.
Filizçay yatağının həndəvərində, miqyaslarına görə nisbətən kiçik olan, dəqiq kəşfiyyat işləri aparılmış, sənaye ehtiyatları təsdiq edilmiş və qiymətləndirilmiş Kasdağ və Katex polimetal,  Saqator mis-sink və Mazımçay  mis-kolçedan filiz yataqları yerləşir. Bu yataqlar nəzərdə tutulan mədən-metallurgiya kompleksinin əlavə xammal bazası kimi nəzərdə tutulur.    
Zaqatala qoruğunun mühafizəsi zərurəti Filizçay yatağının istismarı ilə əlaqədar kompleks ekoloji problemlərin həlli, bütünlüklə ətraf mühitin təhlükəsizliyi məsələləri gündəlikdən  çıxarılmamalı, birinci növbədə daha mütərəqqi emal texnologiyasının tətbiqi, istifadə olunacaq texniki avadanlıq, enerji daşıyıcılarının, material və xidmətlərin mövcud dünya bazarı qiymətləri əsasında texniki-iqtisadi əsaslandırmanın (TIƏ) yenidən tərtib edilməsi zəruri sayılır.
Kiçik Qafqaz ərazisində qurğuşun və sink filizləşməsi əsasən damar tipli kütlələr şəklində yayılmışdır və çox da böyük yataqlar əmələ gətirmir. Belə yataqlardan biri Qarabağ filiz rayonunda, rayon mərkəzi Ağdərə şəhərindən 25 km cənub-qərbdə aşkar olunmuş Mehmana yatağıdır. Yatağın əsas ehtiyatları (80%-ə qədəri) 3 əsas damarda toplanmışdır. Onların uzunluğu 100 m-dən 1500 m-ə qədər, qalınlıqları isə 0,4 m-dən 0,85 m-ə qədər, filizdə qurğuşunun orta miqdarı-6,87%; sink-2,9% təşkil edir. Qeyd olunan elementlərlə yanaşı filizdə gümüş, kadmium, qızıl, selen və tellurun yüksək miqdarı qeyd olunmuşdur. 
Naxçıvan MR ərazisində sənaye ehtiyatları təsdiq edilmiş qurğuşun-sink yataqları Şərur və Ordubad rayonlarında yerləşirlər.
1952-ci ildən Şərur rayonunda gündəlik gücü 50 ton filiz olan Gümüşlük mədəni fəaliyyət göstərirdi. Yataq üzrə əsas faydalı komponentlər qurğuşun və sink, yanaşı komponentlər kadmium, qallium, gümüşdür. Yatağın I, II,III sahələrində sənaye əhəmiyyətli ehtiyatlar tam istismar edilmiş, son illərdə mədəndə kasıb filizlər çıxarılırdı. 
Balakən-Zaqatala filiz rayonunda - Saqator mis-sink yatağında, Naxçıvan MR-da - Nəsirvaz-Ağdərə polimetal yataqlarında sinkin ehtiyatları qiymətləndirilərək sahə balansına qəbul edilmiş və proqnoz ehtiyatları hesablanmışdır.

Kobalt

Kobaltın təsdiq edilərək dövlət balansında qeydə alınmış sənaye ehtiyatları Daşkəsən filiz rayonunda - «Hamamçay» və «Dəmir» dəmir filizi yataqlarında, Balakən-Zaqatala filiz rayonunda - Filizçay kolçedan-polimetal yatağında cəmləşmişdir. 
Qeyd etmək lazımdır ki, uzun illər ərzində Daşkəsən yatağının istismarı dövründə Qoşqarçayın dərəsində 30 mln. tondan artıq tullantılar yığılmışdır ki, bu tullantıların tərkibində külli miqdarda  qiymətli kobalt vardır.
Kobaltın dəmir filizlərindən çıxarılmamasının və tullantı kimi yığılmasının səbəbi mövcud texnologiyanın olmaması kimi əsaslandırılsa da, əsas səbəbi dəmir filizinin SSRI Əlvan metallurgiya Nazirliyinin Qara metallurgiya idarəsinə, kobalt filizinin isə Əlvan metallurgiya  Idarəsinə məxsus olmasından ibarət olmuşdur. Təkcə onu qeyd etmək kifayətdir ki, 2-ci Dünya müharibəsi dövründə az bir müddətdə Şimali Daşkəsən  kobalt yatağının istismarı  məsələsi həll olunmuş və müharibə vaxtı SSRI-nin kobalta olan  ehtiyatının 40-45%-ə qədərini bu yataq ödəmişdir.
Kiçik Qafqaz regionunda ehtiyatları hesablanmış kobalt yataqları ancaq Daşkəsən filiz rayonundadır. Bunlar «Cənubi Daşkəsən», «Hamamçay» və «Dəmir» yataqlarıdır. Bunlardan əlavə Daşkəsən filiz sahəsində «Şimali Daşkəsən» kobalt yatağının ehtiyatları tam istismar olunmamışdır.
«Hamamçay» yatağında kobalt minerallaşması 2 formada - məxsusi kobalt mineralı-kobaltın, qlaukodat mineralları formasında və maqnetit filizi tərkibində kobaltlı  piritin möhtəvi və damarcıqları şəklində qeyd olunur.
«Dəmir» yatağında da kobalt  kobaltlı pirit formasında maqnetit filizlərinin tərkibində yerləşir.
«Cənubi Daşkəsən» dəmir filizi yatağında sərbəst  kobalt mineralları ilə əlaqədar olan kobaltın   miqdarı 0,139%-təşkil edir. Kobaltlı piritlə bağlı olan hissəsinin  orta miqdarı 0,025% təşkil edir. 
Maqnetit filizi ilə bağlı olan kobalt ehtiyatları ancaq bu sahələrdə dəmir filizi istismar olunan vaxt götürülə bilər.

Ordubad filiz rayonunda əvvəllər aparılmış geoloji-axtarış işləri nəticəsində bir sıra mis-kobalt təzahürləri aşkar edilmişdir ki, onlardan da ən  böyük maraq doğuranı Kotam və Kilit təzahürləridir.
Kotam mis-kobalt təzahürü Kotam kəndindən 2,5 km şimal-şərqdə yerləşir. Yer səthində qalınlığı 20-80  m olan  filizləşmə zonası 2,5 km məsafədə izlənilir. Filizləşmə damarcıq-möhtəvi teksturaya malik olub, xalkopirit-pirit  tərkiblidir. Filizləşmə daxilində kobaltın miqdarı 0,06-0,3%, nikel-0,1%, mis-0,3-1,12% arasında dəyişir. 
Kilit mis-kobalt təzahürü Kotam filiz  rayonu daxilində yerləşməklə, kobalt, nikel saxlayan pirit-xalkopirit tərkibli damarcıq-möhtəvi formalı filizləşmə zonalarından təşkil olunmuşdur. Filizləşmə zonaları 3-8,6 m qalınlıqla 20 m-dən 1000 m-ə qədər izlənilir. Elementlərin orta miqdarı: kobalt-0,028-0,115%, mis-0,07-0,43%-dir.
Respublikada yüksək keyfiyyətli polad istehsalı xammalı bazasının yaradılması zərurəti gələcəkdə kobalt filizinə geoloji-kəşfiyyat işlərinin aparılmasını zəruri edir. 1993-cü ildən əvvəllər ehtiyatları qismən istismar edilmiş «Şimali Daşkəsən» kobalt yatağının cinahlarında aparılmış axtarış işləri nəticəsində burada intişar tapmış zonaların parametrləri müəyyənləşdirilmiş və ilk dəfə olaraq bu zonalar üzrə kobaltın yüksək miqdarı təyin edilmişdir (4 m qalınlığında 0,41%, 1,25 m qalınlığında 0,37%).

Molibden

Molibdenin dövlət balansında qeydə alınmış ehtiyatları Ordubad filiz rayonunda Parağaçay (Qapıcıq sahəsi ilə birgə) yatağında cəmləşir.
Naxçıvan qırışıqlıq zonasının Ordubad filiz rayonunda Göydağ, Diaxçay, Misdağ-Şəlalə və Kiçik Qafqazın Qarabağ filiz rayonunun Dəmirli mis-porfir yataqlarında yanaşı komponent kimi  molibden ehtiyatları qiymətləndirilərək sahə balansına qəbul edilmiş və proqnoz resursları hesablanmışdır.

Alüminium xammalı

Respublika ərazisində əvvəllər aparılmış geoloji-kəşfiyyat işləri ilə Zəylik alunit filizləri yatağı aşkar edilmiş və kəşfiyyatı aparılmışdır. Yataq  Daşkəsən rayonunda, Quşçu körpüsündən 18 km  məsafədə yerləşir. Alunit filizləri üst yura yaşlı tufogen çöküntülərdə intişar tapmışlar və lay formalı iki filiz qatı ilə təmsil olunurlar. Filizlər əsasən alunitdən və kvarsdan ibarətdir. Alunitin miqdarı 10-80% arasında dəyişməklə, yataq üzrə orta miqdarı-53%-dir.
Alunit filizləri Respublika üzrə ümumi filiz ehtiyatlarının 29,7% -ni təşkil edir.
Zəylik alunit yatağı  Gəncə gil-torpaq kombinatının mineral-xammal bazası kimi 1964-cü ildən istismar olunur. Hər il alunitdən  200 min ton gil-topraq, 385 min ton sulfat turşusu, 78 min ton kalium gübrəsi alınırdı və o illərdə əsasən Krasnoyarsk və Irkutsk alüminium zavodlarına göndərilirdi.
Bu yatağın ən cəlbedici amillərindən biri də odur ki, alunit filizlərinin tərkibində nüvə reaktorlarında, təyyarə və raket texnikasında, ərinti birləşmələrində istifadə edilən   vanadium və    qallium metalları vardır.

Civə

Sənaye ehtiyatları dövlət balansında qeydə alınmış civə yatağı Kəlbəcər filiz rayonunda yerləşən Levçay yatağıdır. Həmin rayonda yerləşən digər civə yatağınin (Ağyataq) ehtiyatları istismar nəticəsində tükənmişdir.
Bu yataqlardan başqa, Kiçik Qafqazın Kəlbəcər filiz rayonunda Narzanlı, Sarıbulaq, Çilgəzçay, Qamışlı və Şorbulaq civə yataqlarının ehtiyatları qiymətləndirilərək sahə balansında qeydə alınmış, proqnoz resursları hesablanmışdır.    
Levçay civə yatağı - Kəlbəcər rayonunun Lev kəndindən 15-20 km şimal-qərbdə yerləşir. Filiz kütlələri kiçik linzalar şəklində təbaşir yaşlı karbonat süxurlar içərisində yerləşir. Filiz kütlələrinin uzunluğu 20 m-dən 70 m-ə qədər, qalınlıqları isə 2,5 m-dən 6,5 m-ə qədərdir. Filizdə civənin orta miqdarı 0,261-0,497% arasında dəyişir.
Ağyataq civə yatağı - Kəlbəcər şəhərindən 12-15 km şərqdə, cənub-şərqdə yerləşir. Yataq 1984-cü ilə kimi Şorbulaq dağ-mədən müəssisəsi tərəfindən istismar olunmuşdur.   Filizdə civənin orta miqdarı 0,3%-dir.  
Çilgəzçay yatağı - Laçın rayonunun Ələkçi kəndi yaxınlığındadır. Civə minerallaşması əzilmiş, kvarslaşmış santon yaşlı süxurlar içərisində yerləşir. Civənin əsas mineralı olan kinovar ayrı-ayrı yuvacıqlar, möhtəvilər və damarcıqlar şəklində filizdaşıyan süxurlar içərisində qeyri-bərabər paylanmışdır.
Narzanlı yatağı - Laçın rayonunun Kalafalıq kəndi yaxınlığındadır.  Civənin əsas mineralı kinovar ayrı-ayrı linzalar, yuvacıqlar və damarcıqlar şəklində əhəngdaşları içərisində yerləşir.

Azərbaycan qızılı

Azərbaycan ərazisi davamlı və uzunmüddətli qızılçıxarma sənayesinin yaradılması üçün böyük perspektivliyə malikdir. Son onilliklər ərzində aşkar edilmiş çoxsaylı qızıl yataqları və təzahürləri (həm məxsusi qızıl, həm də digər metallarla kompleksdə) bunu təsdiq edir, zira onlar potensial filizli regionlarda proqnozlaşdırılan qızıl filizləşməsinin az bir hissəsini təşkil edir.
Qızıl yataq və təzahürlərini iki qrupda birləşdirmək olar. Birinci qrupa dağ süxurlarında bilavasitə formalaşma yerində aşkar olunan köklü qızıl yataqları aid edilir. Ikinci qrup köklü qızıl yataqlarının aşınması, çöküntülərin onlardan müxtəlif məsafələrə daşınması nəticəsində əmələ gəlmiş səpinti qızıl yataqlarıdır. Səpinti qızıl yataqlarının işlənməsində əlavə texnoloji emal tələb olunmadığından iqtisadi cəhətdən çox əlverişlidir.
01.01.2006-cı il tarixinə Respublika faydalı qazıntı ehtiyatlarının dövlət balansında kəşfiyyatı aparılmış və sənaye əhəmiyyətli ehtiyatları təsdiq edilmiş üç məxsusi qızıl yatağının (Qızılbulaq, Vejnəli və Zod (Söyüdlü) ehtiyatları, Filizçay, Katex və Kasdağ polimetal, Qaradağ mis-porfir yataqlarının filizlərində yanaşı komponent kimi hesablanmış və təsdiq olunmuş qızıl ehtiyatları qeydə alınmışdır.
Bunlardan əlavə Qoşa, Ağyurd, Pyəzbaşı, Dağkəsəmən, Gədəbəy və Ağduzdağ yataqlarının C2 kateqoriyası ilə qiymətləndirilmiş ehtiyatları sahə balansında qeydə alınmışdır.
Respublikada qızılçıxarma sənayesinin yaradılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının bir sıra qızıl yataqlarının kəşfiyyatı və işlənməsi barədə» 1996-cı il 5 fevral tarixli sərəncamına uyğun olaraq 1997-ci il avqustun 20-də keçmiş «Azərqızıl» DŞ ilə ABŞ-ın «RV Investment Group Sevrvices LLS» arasında Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyəzbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektivli qızıl yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanmış və 2005-ci ildən ermənilər tərəfindən işğal edilmiş ərazidə yerləşən Söyüdlü(Zod), Qızılbulaq və Vejnəli yataqları istisna olmaqla, digər yataqlarda əlavə öyrənilmə işlərinə başlanılmışdır və bu işlərin 2008-ci ildə başa çatdırılması nəzərdə tutulur. 
Qızılbulaq yatağı – Ağdərə rayonu ərazisində, Ağdam şəhərindən 63 km şimal-qərbdə yerləşir. Yataqda dəqiq kəşfiyyat işləri aparılmış, ehtiyatları hesablanmış və təsdiq edilmişdir. Yataq qızıl-mis-kolçedan geoloji-sənaye tipinə aiddir. Filizlər əsasən piritdən, xalkopiritdən, markazitdən, sfaleritdən, xalkozindən, kvarsdan və s.-dən ibarətdir. Filizdə qızılın orta miqdarı 4,0 q/t, gümüş - 5,4 q/t, mis – 1,41 % təşkil edir. Yatağın əsas faydalı komponentləri qızıl, gümüş və mis; yanaşı komponentlər selen, tellur və kükürddən ibarətdir.
Dağkəsəmən yatağı – Qazax çökəkliyinin mərkəzi hissəsində, Qazax şəhərindən 1,5-2 km cənubda yerləşir. Yataqda 10-dan artıq kvars-qızıl-polimetal damarı aşkar olunmuşdur.
Zonaların ümumi uzunluqları 1300 m-ə qədərdir. Yatağın əsas faydalı komponentləri qızıl, gümüş, mis, qurğuşun və sinkdir. Filizdə qızılın miqdarı 1 q/t-dan 30 q/t-a qədər, gümüş 10 q/t-dan 50 q/t-a qədərdir. 
Qoşa yatağı – Gədəbəy filiz rayonunun qərb hissəsində, Tovuz şəhərindən 30 km cənubda yerləşir. Yataq daxilində 9 damar tipli qızıllı sulfid  zonaları ayrılmışdır. Bu zonaların əksəriyyəti şimal-qərb və meridiana yaxın istiqamətdə uzanırlar, onların qalınlığı 2,0 m-dən 15 m-ə qədərdir. Bu zonalarda filiz kütlələrinin qalınlığı 0,5-3,0 m təşkil edir.
Yatağın əsas faydalı komponentləri qızıl və gümüşdür. Şimal qərb istiqamətləri zonalarda qızılın miqdarı 4-8 q/t; meridional zonalarda isə 10 q/t-a qədər olmaqla tək-tək sınaqlarda 1000 q/t-a çatır. Laboratoriya şəraitində hazırlanmış texnoloji sxemə əsasən flotasiya üsulu ilə tərkibində 35,6 % qızıl olan konsentrat alınır. 
Gədəbəy yatağı – Gədəbəy şəhərinin şimal-qərb kənarında yerləşir. Hələ XIX əsrin ortalarından Gədəbəy yatağında istismar işləri aparılmış, böyük miqdarda  mis, qızıl və  gümüş çıxarılmışdır.
Gədəbəy yatağında qızıl və misin qalıq ehtiyatlarını müəyyən etmək məqsədilə 1990-2001-ci illərdə təkrar axtarış işləri aparılmış, həm mağara tullantılarında, həm də köklü süxurlarda olan qızılın, gümüşün və misin ehtiyatları hesablanmışdır. 
Zod yatağı - Azərbaycan Respublikasının Kəlbəcər və Ermənistan Respublikasının Basarkeçər (Vardenis) rayonlarının sərhəddində yerləşir. Yataq 1951-ci ildə «Qafqazqızılkəşfiyyat» Idarəsi tərəfindən aşkar olunmuş, yatağın əksər hissəsinin Kəlbəcər rayonu ərazisində yerləşməsinə baxmayaraq naməlum səbəblərə görə kəşfiyyat işləri Ermənistan SSRI Geologiya Idarəsi və Ermənistan Əlvan Metallurgiya Idarəsi tərəfindən aparılmışdır. Yatağın 23 filiz damarından  cəmi 7-nin Ermənistan ərazisində yerləşməsinə baxmayaraq keçmiş SSRI Nazirlər Soveti yanında fəaliyyət göstərən  Dövlət Ehtiyatlar Komissiyasında ermənilər tərəfindən təqdim edilmiş geoloji materiallarda və xəritələrdə bilərəkdən saxtakarlığa yol verilmiş, Zod yatağının bütövlükdə Ermənistana aid olması qəbul edilmişdir. Yatağın istismarına 1976-cı ildən başlanmışdır. 
Vejnəli yatağı – Zəngilan rayonunda, Ağbənd dəmir yolu stansiyasından 4-5 km məsafədə yerləşir. Yataq kvars-qızıl-sulfid tərkibli damar geoloji-sənaye tipinə aid edilir. Yataq daxilində 25 qızıllı damar aşkar edilmiş və qiymətləndirilmişdir. Sənaye əhəmiyyətli qızıl ehtiyatları kvars-xalkopirit, kvars-karbonat-pirit-xalkopirit tərkibli 6 damarda toplanmışdır.
Bütün filiz damarlarının ətraf süxurlarla təması kəskindir və qalınlıqlarının 10 sm-dən 4,0 m-ə qədər dəyişkən olması ilə səciyyələnirlər.
Filizdə əsas faydalı komponent qızıldır. Ondan əlavə çıxarıla biləcək miqdarda gümüş, mis, tellur, bismut iştirak edirlər. Qızıl filizdə böyük ölçülüdür, «sərbəst» qızılın miqdarı 9,8 %, birləşmə halında isə 85,3 % təşkil edir.
Filizlərin qravitasiya-flotasiya sxemindən istifadə edilməklə zənginləşdirilməsi nəzərdə tutulmuşdur. 96,52 % qızıl, 97,38 % gümüş, 95,9 % tellur və 65 % bismut çıxarıla bilər.
Yataq sənaye istifadəsinə hazırlanmışdır. 
Ağyurd yatağı – Ordubad rayonunda, Ordubad şəhərindən 40 km şimal-qərbdə yerləşir.
Yataq Mehri-Ordubad qranitoid massivinin endokontaktında təşəkkül tapmışdır. Damar və damar zonalarından ibarət filiz kütlələri qızıl-sulfid-kvars formasiyasına aid edilirlər. Filizdə əsas minerallar pirit və xalkopirit, ikinci dərəcəli minerallar – maqnetit, pirrotin, sfalerit, molibdenit və s.-dirlər. Qızıl filizdə əsasən sərbəst şəkildə (54 %) və sulfidlərdədir (50-55 %). Əsas faydalı komponentlər qızıl, gümüş və misdir.
Filizlər qravitasiya+flotasiya sxemi əsasında zənginləşdiriləcəklər ki, bu zaman filizdən qızılın 85 %-ni çıxarmaq olar. 
Pyəzbaşı yatağı – Ağyurd yatağından 2,0-2,5 km qərbdə, Mehri-Ordubad massivinin ekzokontaktında, paleogen yaşlı vulkanogen-çökmə süxurlarda yerləşir.
Yatağın daxilində 50-yə qədər kvars-sulfid damarları məlumdur. Onlardan 5-i nisbətən dəqiq qiymətləndirilmiş və sənaye əhəmiyyəti kəsb edir. Damarların qalınlığı 0,2 m-dən 1,5-2,0 m arasında dəyişir və əsasən kvars və piritdən təşkil olunmuşlar.
Yatağın istismarı Ağyurd yatağı ilə birgə, eyni texnoloji sxem üzrə vahid saflaşdırma fabrikində həyata keçiriləcəkdir.
Şəkərdərə yatağı – Pyəzbaşı yatağından 1,8-2,0 km cənubda yerləşir və yer səthindən 60-100 m dərinlikdə mağaralarla öyrənilmişdir. Əsas filizdaşıyan və filizsaxlayan struktur şimal-qərb istiqamətli (2900-3200) Nüsnüs-Kələki-Məzrə dərinlik qırılmasıdır ki, o andezit tərkibli lava-piroklastik süxurların böyük qalınlıqda kvarslaşmış, kaolinləşmiş və dəmirləşmiş zonası ilə təmsil olunmuşdur.
Filiz kütlələrinin iki morfoloji tipi ayrılır: uzunluğu 1000-1200 m, qalınlıqları 2-5 m-dən 13-20 m-ə qədər dəyişən damar zonaları və 850-900 m məsafədə uzanan və dəyişgən qalınlıqlı (90-100 m-dən 300-350 m-ə qədər) damarcıq-möhtəvi sulfid minerallaşması daşıyan metasomatitlər zolağı.
Əsas faydalı komponentlər – qızıl, gümüş və misdir. 
Ağduzdağ yatağı – Kəlbəcər rayonunun cənub-şərqində yerləşir. Yataq ərazisində 100-ə qədər qızıllı kvars, kvars-karbonat damarı ayrılmışdır ki, onlardan 5-də sənaye əhəmiyyətli qızıl minerallaşması müəyyən olunmuşdur. Qızılın orta miqdarı 6,72 q/t olmuşdur. Asan zənginləşməsini və qızılın çıxarılmasını, eləcə də topa qələviləşdirmə texnologiyasının tətbiqinin mümkünlüyünü nəzərə alaraq, qızılın nisbətən aşağı miqdarı (1,5 q/t-a qədər) qeyd olunan damarların və damarətrafı süxurların hesabına yatağın ehtiyatlarının 3-4 dəfə artırılması ehtimalı mövcuddur. 
Çovdar  yatağı – Daşkəsən rayonu ərazisində yerləşir. Qızıl filizləşməsi üst bayos yaşlı törəmə kvarsitlərdə təşəkkül tapmışdır. Yataq sahəsində bu tip törəmə kvarsitlərin bir-neçə çıxışı müəyyən olunmuşdur.  Yatağın geoloji quruluşunun xüsusiyyətləri – hidrotermal-dəyişmə süxurlarının geniş yayılması, barit-polimetal damarlarının, polimetal və mis-sulfid tərkibli damarcıq-möhtəvi filizləşmə sahələrinin mövcudluğu onun yüksək perspektivliyə malik olduğunu göstərir. Hüdudlandırılmış və qismən (150 m-ə qədər) dərində öyrənilmiş «Mərkəz» filiz cismində qızılın miqdarı böyük amplitudada dəyişməklə (1 q/t-  dan – 100 q/t-a qədər və daha çox), orta hesabla 8-10 q/t təşkil edir. 
Başkəndçay səpinti qızılı yatağı – Naxçıvan MR-da Başkəndçayın aşağı axımında, onun Əlincəçayla birləşdiyi yerdən Xoşkeşin şəlaləsinə qədər 1500 m-lik intervalı əhatə edir. Allüvial çöküntülərin müxtəlif terras səviyyələrində və delüvial çöküntülərdə sənaye əhəmiyyətli səpinti qızıl toplantıları müəyyən edilmişdir. I terras səviyyəsində qızılın miqdarı 294-448 mq/m3, II terras səviyyəsində 248-464 mq/m3 arasında dəyişir. Delüvial çöküntülərdə qızılın miqdarı ayrı-ayrı sınaqlarda 172-685 mq/m3-a çatır. Yuxarı terras səviyyələrində qızılın daha çox toplandığı yatacaq səthinin açılmadığını nəzərə alsaq yatağın ehtiyatlarının daha çox olduğunu güman etmək olar. 
Kürəkçay səpinti qızılı yatağı – Kürəkçay hövzəsində eyniadlı çayın Çaykənd-Dozular kəsimində yerləşir. Yataqda axtarış-qiymətləndirmə işləri aparılmış və o sənaye istismarına hazırlanmışdır. Allüvial çöküntülər kənar miqdar 50 mq/m3 qəbul edilməklə hüdudlandırılmışdır.

loading...

0 şərh