İqtisadi-coğrafi mövqe

Azərbaycan Respublikası – sahəsi 86,6 min km2;  əhalisi 8,5 mln. nəfər; paytaxtı Bakı şəhəri.
Hər bir ölkənin iqtisadi-coğrafi mövqeyi (İCM) bir sıra amillərlə təyin edilir:
1) nəqliyyatla bağlı (sıx şəbəkənin olması, Dünya okeanına çıxışın olması); 
2) qonşuluq amili (dost və ya rəqib ölkələrlə həmsərhədd olması, sərhədlərin rahat keçilə bilməsi və s.);
3) təbii şərait və təbii ehtiyatlar. Fiziki coğrafi mövqedən fərqli olaraq  İCM-in əhəmiyyəti dəyişə bilir. Bu, dünyanın siyasi həyatında baş verən hadisələrdən, elmi-texniki tərəqqidən, qonşu ölkələr arasındakı münasibətlərdən asılı olur.
Azərbaycanın İCM-i ümumən çox əlverişlidir. Beləki, dost Türkiyə və İranla həmsərhəddir, Xəzərə və onun vasitəsilə Dünya Okeanına çıxışı var, Avropa ilə Asiya arasındakı mühüm yolların üstündədir. Qədim “İpək yolu”nun (TRACEKA proqramı çərçivəsində) bərpa olunması da İCM-in müsbət cəhəti sayılır. Bu yol Abşeron, Kür-Araz və Gəncə-Qazax iqtisadi rayonlarından keçsə də bütün respublikanın inkişafına təsir göstərir.
İCM-zin mənfi cəhətləri də var: Ermənistanla uzun sərhədlər, Rusiya ilə sərhədlərin hündür dağlardan keçməsi, Türkiyə ilə sərhədin qısa olması, Dünya Okeanına birbaşa çıxışın olmaması.
Azərbaycan 5 dövlətlə quru sərhədlərinə malikdir:
  1. Şimalda Rusiya ilə (391 km),
  2. şimal-qərbdə Gürcüstanla (471 km),
  3. qərbdə Ermənistanla (ən uzun sərhəddir 1.007 km),
  4. cənub-qərbdə Türkiyə ilə (13 km),
  5. cənubda İranla (765 km).
Quru sərhədlərinin ümumi uzunluğu 3.475 km-dir.  Şərqdə Azərbaycan 825 km (samur çayının mənsəbindən Astara çayının mənsəbinə qədər) Xəzər suları ilə əhatələnib. Azərbaycan Xəzər vasitəsilə 4 ölkə ilə su sərhədlərinə malik olur: Rusiya, Qazaxıstan, Türkmənistan və İran.
Bakı ilə Qazaxıstanın Aktau, Türkmənistanın Türkmənbaşı və Bektaş limanları arasında gəmi-bərələr fəaliyyət göstərir. Bu gəmi-bərələr Avropa və Asiya ölkələri arasında iqtisadi-ticarət əlaqələrinin artmasına şərait yaratdı.

Qonşu ölkələr arasında mədəni, iqtisadi və siyasi əlaqələr mövcud olduqda, dövlət sərhədləri “birləşdirici” funksiya daşıyır. Ölkələr arasında münaqişə olduqda isə sərhədlər “ayırıcı” xüsusiyyətə malik olur.  Azərbaycan yalnız Ermənistanla “ayırıcı” sərhədlərə malikdir.
Azərbaycan qonşu ölkələr arasında Rusiya ilə daha sıx əlaqələrə malikdir. Bu əlaqələr əsasən şimal istiqamətində uzanan Bakı - Rostov dəmir və avtomobil yolları vasitəsilə həyata keçirilir. Bakı və Gəncə şəhərlərindən Rusiyanın müxtəlif şəhərlərinə hava xətləri də fəaliyyət göstərir.
Gürcüstanla əlaqələr Bakı – Qazax – Tbilisi, Bakı – Ağstafa – Rustavi dəmir və avtomobil yolları, həmçinin Balakən – Loqotexi şosse yolu vasitəsilə həyata keçirilir. Gürcüstanda 500 mindən çox azərbaycanlı yaşayır ki, onların mədəni, mənəvi və maddi tələblərinin ödənilməsində respublikamızın rolu da az deyil. Soydaşlarımızla bu əlaqələrin saxlanılmasında Gürcüstana çəkilmiş elektrik xətlərinin, neft və qaz kəmərlərinin əhəmiyyəti danılmazdır. Bu nəqliyyat yolları, əsasən Abşeron, Kür-Araz və Gəncə-Qazax iqtisadi rayonlarının ərazisindən keçir.
İranla əlaqələrin güclənməsində yeni yaradılmış sərhəd-keçid məntəqələrinin (Astara, Biləsuvar, Cəlilabad, Babək və Sədərək rayonlarında), Araz çayı üzərində salılan körpülərin böyük rolu olmuşdur. İranla birgə tikiləcək Ordubad, Xudafərin və Muğan SES-lərinin tikilməsi ölkələrimiz arasında iqtisadi əlaqələrin artmasına səbəb olacaq. Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru yol əlaqələri kəsilmişdir. İran ərazisindən keçərək Naxçıvana çəkilən yol da Azərbaycan – İran əlaqələrinin inkişafina xidmət edəcək.
Naxçıvanın Sədərək rayonundan keçən nəqliyyat yolları Azərbaycan-Türkiyə əlaqələrinin həyata keçirilməsində mühüm rol oynayır.

Azərbaycanın İCM-nin ən müsbət cəhətlərindən biri şərqdə Xəzər gölü ilə əhatələnməsidir. Dörd xəzərsahili dövlətlə dəniz nəqliyyat əlaqələri yaratmaq imkanı verməyi ilə yanaşı, Xəzər dənizi Azərbaycan gəmilərinin dünya okeanına çıxmasına da şərait yaradır. Belə ki, gəmilərimiz Volqa-Don kanalı vasitəsilə Atlantik okeanının Azov və Qara dənizlərinə, Volqa-Baltik kanalı vasitəsilə Baltik dənizinə, Volqa-Ağ dəniz kanalı vasitəsilə isə Şimal Buzlu okeanının Ağ dənizinə çıxa bilirlər. Əfsuslar ki, göstərilən istiqamətlərdə gəmilərin hərəkəti qış aylarında mümkün olmur. Buna səbəb Xəzərin şimal hissəsinin və Volqa çayının qışda donmasıdır.
Son illərdə Azərbaycanın İCM-də əhəmiyyətli irəliləmələr, qloballaşmağa doğru iri addımlar müşahidə edilir. Bu ilk növbədə neft sənayesinin surətli inkişafı, yeni neft yataqlarının istifadəyə verilməsi və yeni neft kəmərlərinin çəkilməsi ilə bağlıdır. Qlobal əhəmiyyətə malik Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin çəkilməsi də  bu qəbildən olan hadisədir.  Bu neft kəmərinin birbaşa Aralıq dənizinə çıxması, onun Bakı – Novorossiysk və Bakı – Supsa neft kəmərləri ilə müqayisədə daha  əhəmiyyətli sayılmasına səbəb olmuşdur.
Yuxarıda qeyd olunan real layihələr, həmçinin yaxın gələcəkdə həyata keçiriləcək bir sira beynəlxalq layihələr Azərbaycanın İCM-nin əlverişliliyinin artmasına və respublikamızın mühüm trazit ölkəyə çevrilməsinə səbəb olub.
Həmçinin bax:
Azərbaycanın coğrafi mövqeyi

0 şərh