Azərbaycanın çayları,gölləri və suları

Hidroqrafik cəhətdən Azərbaycan Respublikası Xəzər dənizi hövzəsinə aiddir. Respublikanın hidroqrafik şəbəkəsi (çayları, gölləri) uzun geoloji dövrdə yaranmış və bu müddətdə xeyli dəyişikliklərə uğramışdır. Hazırda rast gələn bir sıra qədim çay dərələrinin qalıqları buna misaldır. İndi də hidroqrafik şəbəkə təbii amillər və insanların təsərrüfat fəaliyyəti nəticəsində dəyişməkdədir. Süni su axarları (kanallar) və su anbarları da hidroqrafik şəbəkəyə aid edilir.

Azərbaycan Respublikasının hidroqrafik şəbəkəsinin əsasını çaylar təşkil edir. Respublikanın ərazisindən müxtəlif uzunluqda 8359 çay axır. Bunlardan 8188 çayın hər birinin uzunluğu 25 km-dən azdır. Uzunluqları 100 km-dən çox olan 24 çay vardır. Respublikanın ərazisindən axan ən böyük çaylar: Kür, Araz, Qanıx (Alazan),Qabırrı (İori), Samur, Tərtər, Türyan, Ağstafa, Həkəri, Viləş və s.

Respublikanın çayları 3 qrupa bölünür:

1) Kür hövzəsinin çayları, (Qanıx, Qabırrı, Türyan, Ağstafa, Şəmkir, Tərtər, Xaçın və s.);

2) Araz hövzəsinin çayları (Arpaçay, Naxçıvan, Oxçu, Həkəri, Köndələnçay və s.);

3) Bilavasitə Xəzərə tökülən çaylar (Samur, Qudyal, Vəlvələ, Viləş, Lənkəran və s.).

Kür-Araz ovalığından Kür və Araz çayları axır. Bilavasitə Xəzərə tökülən çaylar Böyük Qafqazın, əsasən, şimal-şərq yamacından və Talış dağlarından başlayıb, Samur-Dəvəçi və Lənkəran ovalıqları ilə axır.

Çay şəbəkəsinin inkişafına və dəyişməsinə müxtəlif fiziki-coğrafi amillər-iqlim, relyef, geoloji quruluş, torpaq və bitki örtüyü təsir edir.

Yüksəkliyin artması ilə çay şəbəkəsinin sıxlığı əvvəlcə artır və müəyyən hündürlüyə çatandan sonra tədricən azalır. Ən sıx çay şəbəkəsi (1-2 km/km2), Talış zonası istisna olmaqla, orta dağlıq zonada 1000-2500 m hündürlükdədir.

Talış zonasında isə (1,6-2,2 km/km2) 500-1000 m yüksəklikdədir. Ümumiyyətlə, Azərbaycan Respublikasının əzarisində çay şəbəkəsinin orta sıxlığı 0,39 km/km2-dir. Ovalıqlarda isə həmin kəmiyyət 0,05 km/km2-dən azdır.

Kür çayı hövzəsinin sahəsi (86 000 km2) Arazla qovuşana qədər Arazın hövzəsinin sahəsindən (101 937 km2) azdır. Lakin Kürün sululuğu Araz çayından iki dəfə çox olduğundan, onlar qovuşduqdan sonra da çay Kür adlanır.

* * *

Azərbaycanın çayları

Axım xüsusiyyətlərinə görə Azərbaycan Respublikasında çaylar üç qrupa bölünür:

1) daimi axan çaylar;

2) quruyan çaylar - axımı yazda qarlar əriyəndə və yağış yağdıqda yaranır;

3) müvəqqəti axan çaylar - axımı yalnız şiddətli yağıntılar zamanı olur.

Bu qruplar arasında fərq yaradan əsas amillərdən biri axına qarışan yeraltı suların miqdarıdır. Birinci qrup çaylara yeraltı sular daim axıb gəldiyi halda, ikincidə bu proses cəmi bir neçə ay davam edir. Üçüncü qrupda yeraltı suların rolu yoxdur.

Azərbaycan Respublikasının çaylarının qida mənbələri də müxtəlifdir. Çaylar əsasən qar, yağış və yeraltı sularla qidalanır. Böyük Qafqaz çaylarında qar, Kiçik Qafqazda yeraltı sularla qidalanma üstünlük təşkil edir.

Azərbaycan Respublikası Kür və Araz çaylarının aşağı və qismən orta axınında yerləşir.

Kür çayı Qafqazın ən böyük çayıdır. Onun uzunluğu 1515 km, sahəsi isə 188 min kvadrat kilometrdir. Kür çayı Türkiyə ərazisindəki Qızılgədik dağının şimal-şərq yamacından, 2740 m mütləq yüksəkliyə malik sahədən başlayır. O, Gürcüstan ərazisindən keçərək, Azərbaycan ərazisinə daxil olur. Kür-Araz ovalığı ilə axaraq Xəzər dənizinə qovuşur.

Araz çayı ilə birləşənə qədər Kürün öz sahəsi 86 min kvadrat kilometr təşkil edir. Araz çayı Kürün ən böyük sağ qoludur. O, öz başlanğıcını Türkiyədə yerləşən Bingöl dağından 3300 m yüksəklikdən götürür. Ümumi uzunluğunun (1072 km) 364 km-i Türkiyənin ərazisinə mənsubdur. Ümumiyyətlə Araz çayı Azərbaycanla Türkiyə və İran arasında sərhəd təşkil edir. Çayın axırıncı 80 km-i Azərbaycanın ərazisindən axır və Sabirabad şəhərin ərazisində Kür çayına tökülür.

Bu çaylar iqliminə görə yazda qar və yağış suları ilə, payızda isə yağış suları ilə gursululuq əmələ gətirən çaylar qrupuna daxildir.

Respublika çaylarının illik axımına atmosfer prosesləri böyük təsir edir. Fevraldan marta doğru hava temperaturunun intensiv artması 1500 m-dən artıq hündürlüklərdə qarın əriməsinə səbəb olur. Aprel və may aylarında yağışlar nəticəsidnə qarın əriməsi daha da sürətlənir. Çox yüksəkdə (2500-300 m-dən antıq) qarın intensiv əriməsi aprel-mayın əvvəllərində başlayır və iyunun axırlarında qurtarır. Qar örtüyü çayların su rejiminə yay aylarında da təsir edir. Belə ki, torpaq-qrunta hopub süzülən (infiltrasiya olan) qar suları yenidən səthə çıxaraq azsulu dövrdə çayların suyunu artırır.

Alçaq çay hövzələrində (Talış sahəsi müstəsna olmaqla) yağıntının çox hissəsi yaz və yayın paylanmasına az təsir göstərir. Talış sahəsində əsas rütubət ehtiyatının çoxu ilin soyuq yarısında düşən yağışlardır. Respublika çayları yay aylarında azsulu olur. Bəzən iyul və avqust aylarında yağan leysan yağışları çaylarda güclü daşqın və sellər yaradaraq təsərrüfata böyük ziyan vurur. Güclü sellər Böyük Qafqazın Zəngəzur silsiləsinin cənub-qərb yamaclarındakı çaylarda müşahidə olunur.

Böyük və Kiçik Qafqaz çaylarında axımın çox hissəsi ilin isti yarısında, Talış çaylarında isə ilin soyuq yarısında keçir. Əsas axımı (60-80%) ilin isti yarısında keçən çaylar üstünlük təşkil edir. Axımın il ərzində bu cür qeyri-bərabər paylanması onun təsərrüfat baxımından istifadə edilməsini çətinləşdirir.

Ümumiyytələ, su rejimi xüsusiyyətlərinə görə Azərbaycan Respublikasının çayları 2 qrupa bölünür:

1) gursulu və daşqın rejimli; 2) daşqın rejimli.

Daşqın rejimli çaylara Lənkəran təbii zonası çayları, Qobustan və müvəqqəti axan çaylar aiddir. Qalan çaylarda su rejimi fazası gursululuqdur.

Relyefin mürəkkəbliyi və başqa təbii amillərin təsiri ilə axım ərazi üzrə bərabər paylanmamışdır. Ərazidə axım modulu, ümumiyyətlə, hündürlüyə görə artır. Lakin bu artım müəyyən hündürlüyə qədərdir (Böyük Qafqazın şimal-şərq yamacıda 2800 m, cənub yamacında 2000-2200 m, Kiçik Qafqazda 2200-2400 m). Göstərilən hündürlükdən yuxarıda axım modulu azalır. Oroqrafik xüsusiyyətinə görə Talış sahəsində axım ilə orta yüksəklik arasında bir-birinə zidd iki qanunsuzluq var. Talış silsiləsində axım modulu hündürlüyə görə azalır. Peştəsər və Burovar silsilələrində isə artır.

Azərbaycan Respublikasının çoxsulu çayları Böyük Qafqazın cənub yamacındadır. Burada orta illik axım modulu 45 l/san. km2-dən artıqdır. Alazan-Əyriçay çökəkliyinə (Alazan-Həftəran vadisinə) doğru axım modulu 5 l/san; km2-ə qədər azalır. Böyük Qafqazın şimal-şərq yamacında orta illik axım modulu 18-20 l/san. km2-dən artıqdır. Axım modulunun hündürlüyə görə artması burada nisbətən bərabərdir. Axım modulunun intensiv artımı Yan silsilə ilə Baş Qafqaz silsiləsi arasındakı sahədə müşahidə edilir (Qusar, Qudyal, Vəlvələ və s. çayların yuxarı axınları). Orta illik axım modulu həmin sahədə 10-20 l/san. km2 arasında dəyişir.

Mənbəyini yan silsilənin yamacından götürən çayların axımı Baş Qafqaz silsiləsindən başlanan çaylarınkından xeyli fərqlənir. Axımın artması burada daha şiddətli gedir və onun orta illik modulu 1000-2000 m yüksəkdə yerləşən sahədə 6-18 l/san. km2 arasında dəyişir. Bu atmosfer yağıntılarının çox düşməsi ilə əlaqədardır. Baş Qafqaz silsiləsindən Xəzər dənizi sahilinə doğru axım tədricən azalır (0,5 l/san. km2-ə qədər). Dənizkənarı ovalıqda şimal-qərbdən cənub-şərgə doğru axım tədrijən azalaraq Abşeron yarımadasında 0-a çatır.

Kiçik Qafqazda axımın paylanması Böyük Qafqaza nisbətən olduqca mürəkkəb xarakter daşıyır. Bu, ərazinin oroqrafiyasının mürəkkbəliyi və dağ silsilələrinin müxtəlif istiqamətdə olmaları ilə izah edilir. Axımın ən yüksək kəmiyyəti Gamış və Qapıcıq dağlarının yamaclarından axan çaylarda müşahidə olunur. Burada axım modulu 28 l/san, km2-dən artıqdır. Atmosfer yağıntıları bəzi yerlərdə Qarabağ yaylasının məsaməli süxurları arasında itərək rayonu susuz sahəyə çevirir, bəzi yerlərdə isə bulaq şəklində səthə çıxaraq çayların sululuğunu artırır.

Bu cəhətdən Tərtər, Həkəri və başqa çayların yuxarı axınları daha səciyyəvidir və onların yeraltı sular hesabına qidalanması illik axım həcminin 70-80%-ə qədərini təşkil edir. Kiçik Qafqazın cənub-şərqində (Qarabağ silsiləsindən başlayan çay hövzələrində) axım modulu 0,8-dən 22 l/san. km2-ə qədər, Naxçıvan MR-da isə 0,5-dən 10 l/san. km2-ə qədər dəyişir. Arazboyu düzənliklərə doğru axım modulu 0,5 l/san. km2-dən aşağı düşür.

Talış sahəsində axım modulu şimaldan cənuba və qərbdən şərqə doğru artır. Axımın maksimum kəmiyyəti (25 l/san, km2-dən çox) ərazinin mərkəzi hissəsində Təngərud və Astara çayları hövzələrində minimal kəmiyyəti isə (0,5-0,8 l/san. km2) ərazinin Viləş çayından şimaldakı hissəsində, həmçinin Lənkəran və Viləş çaylarının mənbələrində muşahidə olunur. Azərbaycan Respublikasının azsulu sahələri Qobustan, Naxçıvan MR və Kür-Araz ovalığıdır.

Azərbaycan Respublikasının çayları çoxlu xırda səpinti və müxtəlif qırıntı materialları axıdır. Həmin materiallar çay hövzələrində gedən yuyulma porsesinin nəticəsidir. Azərbaycan Respublikasının çayları bulanıqlıq dərəcəsi ən böyük olan çaylardandır. Bulanıqlıq dərəcəsinin orta illik miqdarı ərazi üzrə 0,07 ilə 9,8 kq/m3 arasında dəyişir. Onun minimumu Qarabağ yaylasında, maksimumu isə Böyük Qafqazın cənub yamacında müşahidə edilir.

Ən intensiv səthi yuyulma Böyük Qafqazın cənub yamacında (1000-6800 t/km2), ən zəifi isə Qarabağ yaylasında (5-10 t/km2_) müşahidə edilir. Böyük Qafqaz çaylarının sutoplayıcı sahələrində səthi yuyulmanın intensivliyi (0,53 mm/il) Kiçik Qafqaz (0,03 mm/il) və Talış (0,04 mm/il) çaylarının sutoplayıcısında odluğudan təqribən 13 dəfə çoxdur.

Çayların su ehtiyatı və istifadəsi

Azərbaycan Respublikasının çaylarının çoxillik orta su ehtiyatı 10,3 mlrd. m3-dir. Bu, respublika ərazisinə qonşu dövlətlərdən daxil olan su ehtiyatı (20,6 mlrd. m3) ilə birlikdə 30,9 mlrd. m3 təşikl edir. Respublikanın hər kvadrat km ərazisinə 90 min m3 ehtiyatı düşür. Adambaşına düşən suyun miqdarı ildə 1270 m3 təşkil edir. Su ehtiyatının böyük hissəsi Kür çayı hövzəsinin payına düşür. Çayların su ehtiyatının il ərzində və ərazi üzrə qeyri-bərabər paylanması ondan istifadəni xeyli çətinləşdirir və ilbəil artmaqda olan su tələbatını ödəyə bilmir. Bu vəziyyət çayların axımını tənzimləməyi tələb edir.

Hazırda respublikada hər birinin həcmi 1 mln. m3-dən artıq olan 60-dan çox su anbarlarında 21 mlrd. m3-ə qədər su toplanmışdır. Bu sulardan x.t.-nın müxtəlif sahələrində (suvarma, su təchizatı, sənaye, balıqçılıq və s.) istifadə edilir. Suya tələbatın ödənilməsində Orta Kür su anbarları kaskadının yaradılması diqqəti cəlb edir. Müasir dövrdə məhdud olan su ehtiyatlarının təmizliyini qorumaq və onların sənaye və kommunal məişət tullantıları ilə çirkləndirilməsinə qarşı mübarizə məqsədi ilə ciddi tədbirlər görülür.

Kanallar

Azərbaycan Respublikasındakı kanallardan, əsasən, suvarma məqsədi üçün istifadə edilir. Suvarma kanallarının ümumi uzunluğu 47058,8 km-dir. Bunun 8580,3 km-i təsərrüfatlararası, 38478,5 km-i təsərrüfatlardaxili kanallardır. İl ərzində suvarma mənbələrindən kanallar vasitəsilə suvarma məqsədi üçün 11 mlrd. m3-ə qədər su götürülür. Respublikada suvarılan torpaqların ümumi sahəsi 1,4 mln. ha-dır (1988).

* * *

Göllər

Azərbaycan Respublikasında 250-yə yaxın göl var. Bunların əksəriyyəti kiçikdir. Hacıqabul, Sarısu, Masazır, Candargöl və s. nisbətən böyük göllərdir.

Orta və yüksək dağlıq ərazilərdə göllərin (Kürəkçay hövəsindəki Göygöl və Maralgöl, Şəmkir çayı hövzəsindəki Göygöl, Böyük və Kiçik Alagöllər) gözəl mənzərəsi var. Respublikanın gölləri erozion-buzlaq, erozion-çay, tektonik və abrazion mənşəlidir.

Abşeronda bir sıra axarsız və şor relikt göllər var. Yayda bunların xeyli hissəsi quruyur və şoranlığa çevrilir. Dağ göllərindən mal-qaranın suvarılmasında, Hacıqabul, Sarısu, Ağgöl və s.-dən balıqçılıqda və qismən suvarmada, Abşeronun şor göllərindən kimyəvi maddələrin alınmasında, həmçinin müalicə palçığından istifadə edilir.

Çayların yuxarı axınındakı göllər Batabat qrupu, Qanlıgöl (Naxçıvan çayı hövzəsi), Göygöl (Şəmkir çay hövzəsi) və s. süni su anbarlarına çevrilmişdir. Onlar yayda çayları əlavə su ilə təchiz edir.

Su anbarları

Çayların axımını tənzimləmək məqsədi ilə 60-dan artıq su anbarı tikilmişdir. Su anbarlarının yaradılması su ehtiyatı və enerjisindən səmərəli istifadə üçün görülən əsas tədbirlərdəndir.

Böyük su anbarları ("Mingəçevir", "Şəmkir", "Araz su qovşağı", "Sərsəng") kompleks əhəmiyyətə malik olduğu halda, digər su anbarlarının əksəriyyəti irriqasiya məqsədi ilə tikilmişdir.

Buzlaqlar

Azərbaycan Respublikası ərazisində buzlaqlar çox azdır. Baş Qafqaz silsiləsinin Bazardüzü (sah. 3,62 km2), Bazaryurd (1 km2), Tufan (0,51 km2) və Şahdağ (1,08 km2) zirvələrində buzlaqlar var.

Buzlaqlardan başqa, nisbətən geniş yer tutan və yayda əriməyən qar qalıqlarına rast gəlinir. Bunlar okean səviyyəsindən 4000 m-dən çox hündürlükdə yerləşir.

* * *

Azərbaycanın böyük çaylarının əsas morfometrik göstəriciləri

 

Sıra №-si

Çaylar

Hara tökülür (hansı sahildən)

Uzunluğu km-lə

Sutoplayıcı sahə km-lə

Hündürlüyü m-lə (mənbə)

Hündürlüyü m-lə (mənsəb)

1

Kür

Xəzər dənizi

1515

188000

2740

-28

2

Alazan

Mingəçevir hovuzu

413

16920

2560

75

3

İori

-

389

4840

2560

51

4

Əyriçay

Alazan (sol)

134

1810

3200

135

5

Türyançay

Kür (sol)

180

1840

3680

-4

6

Göyçay

Qarasu (sol)

115

1770

1980

-1

7

Qarasu (Şirvan)

Hacıqabul gölü

134

8920

-1

-19

8

Xrami

Kür (sağ)

220

8340

2422

255

9

Ağstafaçay

Kür (sağ)

133

2586

3000

210

10

Kürəkçay

Kür (sağ)

126

2080

3100

18

11

Tərtər

Kür (sağ)

200

2150

3120

3

12

Xaçınçay

Kürə (sağ) çatmır

119

657

2100

10

13

Qarqarçay

Ağgöl

115

1490

2080

-0,5

14

Araz

Kür (sağ)

1072

101900

2990

-11

15

Şərqi

Araz (sol)

126

2630

2985

780

16

Arpaçay Əkərə

Araz (sol)

128

5540

3080

268

17

Samur

Xəzər dənizi

216

4430

3600

-28

18

Qusarçay

Xəzər dənizi

113

694

3780

-28

19

Qudyalçay

Xəzər dənizi

108

799

3000

-28

20

Sumqayıt

Xəzər dənizi

198

1751

2000

-28

21

Pirsaat

Xəzər dənizi

199

2280

2400

-11

22

Bolqarçay

Mahmudçala gölü

168

2170

1710

-17

23

Viləşçay

Xəzər dənizi

115

935

1880

-28

Həmçinin bax: Azərbaycanın daxili suları

0 şərh