Fel

Fel qrammatik mənasına görə hərəkət bildirən əsas nitq hissəsidir. fellər müxtəlif şəkil və zamanlarda işlədilən nə etmək? nə etdi? nə edəcək? və s. suallarından birinə cavab olur. felləri başqa nitq hissələrindən fərqləndirən digər qrammatik xüsusiyyətlər bunlardır
1 Şəxsə və kəmiyyətə görə dəyişir. Məsələn: Mən yazıram. və s
2. Təsdiq və inkarda olur. Məsələn: yazmaq - yazmamaq, gəlmək-gəlməmək və s.
3. Zaman bildirir (keçmiş, indiki, gələcək). Məsələn: yazdı, yazır, yazacaq va s.
4. Təsirli və təsirsiz olur. Məsələn: yazmaq (nəyi?), baxmaq (nəyə?) və s.
Fellər də isimlər kimi dilimizdə çoxluq təşkil edir.

Felin leksik mənaca növləri
Feillərin leksik mənaca aşağıdakı növləri var:
1. İş bildirən fellər: yonmaq, doğramaq, qazmaq, kəsmək, biçmək, tikmək və s.
2. Hərəkət bildirən fellər: qaçmaq, getmək, gəlmək, oynamaq, qalxmaq, enmək və s.
3. Nitq bildirən fellər: danışmaq, demək, çıxış etmək, pıçıldamaq, qulaq asmaq və s.
4 Təfəkkür bildirən fellər: xatırlamaq, düşünmək, yada salmaq, fikrə getmək, duymaq, hiss etmək və s.
5 Hal-vəziyyət bildirən feillər: ağlamaq, gülmək, sevinmək, ağarmaq, qızarmaq, utanmaq və s.
Bütün feillərdə hərəkətvardır, lakın onların bəzilərində iş və hərəkət, digərində isə təfəkkür, hal-vəziyyət və s. daha qabarıq şəkildə özünü göstərir.

Təsirli və təsirsiz fellər
Hərəkətin obyektə münasibətinə görə fellər təsirli və təsirsiz olur.
Özündən asılı olan sözlərin ismin təsirlik halında işlənməsini tələb edən fellərə təsirli fellər deyilir.
Təsirli fellərin birbaşa tələb etdiyi obyekt ismin təsirlikhalının suallarına cavab olur. Məsələn: Uşağı (kimi?) gördüm. Məktubu (nəyi?) yazır. Su (nə?) içirsən? və s.
Özündən asılı olan sözlərin ismin təsirlik halında deyil, başqa hallarda işlənməsini tələb edən fellər isə təsirsiz fellər adlanır.
Təsirsiz fellərlə əlaqədə olan sözlər ismin, əsasən, yönlük, yerlik və çıxışlıq hallarının suallarına cavab olur. Məsələn: Kitaba (nəyə?) baxıram. Kənddə (harada?) yaşayırıq. Evdən (haradan?) gəlirsən? və s.
Bəzi təsirsizfellər -dır4, -ır4 şəkilçilərinin köməyi ilə təsirlifellərə çevrilir. Məsələn: inanmaq (nəyə?) - inandırmaq (kimi?), çatmaq (haraya?) - çatdırmaq (nəyi?), gülmək (kimə?) -güldürmək (kimi?), qaçmaq haraya?) - qaçırmaq (kimi?), bişmək (harada?) - bişirmək (nəyi?), köçmək (haraya?) - köçürmək (kimi? nəyi?) və s.
-ıl4, -m4 şəkilçilərinin köməyi ilə bəzi təsirli fellər də təsirsiz fellərə çevrilir. Məsələn: açmaq (nəyi?) - açılmaq (harada?), çəkmək (nəyi?) - çəkilmək (haraya?), almaq (nəyi?) -alınmaq (haradan?), silmək (nəyi?) - silinmək (harada?) və s.

Təsdiq və inkar fellər
Fellər hərəkətin icra olunub - olunmaması baxımından iki cür olur: təsdiq fellər, inkar fellər.
Təsdiq fellər hərəkətin icra olunmasını bildirir. Təsdiq fellərin xüsusi şəkilçisi yoxdur. Məsələn: yaz, oxu, baxacaq, görmüşsən və s.
İnkar fellər hərəkətin icra edilmədiyinibildirir və vurğu qəbul etməyən –ma2 şəkilçisi ilə düzəlir. Məsələn: yazma. getmə, almadım, gəlmirəm, baxmayacaq, görməmişsən və s.
Felin lazım, bəzən də vacib şəklinininkarı –ma2 şəkilçisi ilə yox, deyil sözü ilə düzəlir: alası deyil, getməli deyil və i.
Indiki və qeyri-qəti gələcək zamanda işlənərkən –ma2 şəkilçisindəki samit düşür. Məsələn:
gəl+ir gəl+m+ir,
oxu+yur oxu+m+ur,
yaz+ar+am yaz+m+aram,
bax+ar+ıq bax+m+arıq,
gəl+ər gəl+m+əz,
oxu+yar+lar oxu+m+az+lar
Son iki nümunədən göründüyü kimi, qeyri-qəti gələcək zamanda üçüncü şəxsin təkində və cəmində -ar1 zaman şəkilçisinin tərkibindəki r samiti z samitinə keçir.
Qeyd: Felin inkar şəkilçisi –ma2 ilə isim düzəldən -ma2 şəkilçisi omonimdir.

2 şərh

tenqo

Bu «rəhmətlik» fe'l sözü indi feil kimi yazılır, görəsən, ya fel kimi?


«Azərbaycan dilinin orfoqrafiya qaydaları»nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının surətini kimsə sala bilərmi buraya? e-qanun.az saytında baxdım həmin qərara və təzadlı məqama rast gəldim. Qərara əsasən:


«3. Aşağıdakı sözlər ədəbi tələffüzdə olduğu kimi iki heca ilə yazılır: qəbir, qədir, eyib, ətir, zehin, isim, nəsil, ömür, səbir, sətir, sinif, fəsil, fikir, şəkil, heyif, meyil, əsil, şeir.»


Buradan belə çıxır ki, feil də bu kateqoriyaya aiddir, çünki fe'l və şe'r sözləri eyni cür tələffüz olunur. Amma qərarın özündə başqa bənddə fel kimi rast gəldim həmin sözə. Belə çıxır ki, qərarın özündə təzadlı məqamlar var.


Heyif və meyil sözlərinin yazılışlarının dəyişməsi təəssüfləndirdi məni. Bir də ki, bu əsil sözü indi omonim oldu? Xalis mənasında əsil və nəcabət mənasında əsil. Əvvəllər biri əsl yazılırdı, digəri əsil. Qərarda isə ümumi şəkildə qeyd olunub və deməli hər ikisinə şamildi.


Qərarı heç tam oxumamışam hələ, amma səthi baxanda bir məqam da mənə səhv gəldi:

«36. Sözlər yeni sətrə hecalarla keçirilir: və-tən, mək-təb-li-lər Bir saitdən ibarət hecalar istisnadır: ai-lə-li...»


Bir sözü olmamalıdı orada, məncə. Çünki qeyd olunan bütün sözlərin ibarət olduqları hesalar bir saitdən ibarətdir. Məsələn: Və-tən. Və hecası da, tən hecası da bir saitdən ibarətdir. Orada bir sözünün yerinə yalnız sözü işlənməli idi, məncə. Yəni ki, yalnız saitdən ibarət hecalar istisnadır. Hər kəs başa düşür ki, orada nə demək istəyirlər, amma bu axı qaydadı, qanundu və burada dəqiqlik çox vacib amildi.


Ümumiyyətlə, çox istərdim orfoqrafiya ilə bağlı xüsusi mövzu olsun bu bloqda. Məncə, müzakirə ediləsi və vacib məqamlar çoxdu. Mən özüm yarada bilməyəcəm mövzunu, bacarmaram. Kim etsə, minnətdar olaram

123456f
yaxshidi ama bu mene cok da komek olmadi