Feli bağlama

Feli bağlama həm felin, həm də zərfin xüsusiyyətlərini daşıyır. Cümlədəki əsas feli müxtəlif cəhətdən izah edir. Feli bağlama şəkilçiləri aşağıdakılardır:
1. -ıb4. Bu şəkilçi ilə düzələn feli bağlama bir neçə mənanı ifadə edir:
a) İş və hərəkətin əsas feldən əvvəl icra olunduğunu bildirir, nə zaman? sualına cavab olur. Məsələn: O, kənd orta məktəbini bitirib, təhsilini davam etdirmək üçün Bakıya getdi.
b) Cümlədə əsas feldəki hərəkətin icra tərzini bildirir və necə? nə cür? suallarına cavab olur. Məsələn: At ayaqlarını yerə döyüb kişnəyirdi.
c) Cümlədə əsas feldəki hərəkətin səbəbini bildirir və niyə? nə üçün? suallarına cavab olur. Məsələn: Uşaq atasını görüb ürəkləndi.
2. –araq2 Bu şəkilçi ifadə etdiyi məna baxımdan -ıb4 şəkilçisinə oxşardır, yeni zaman, tərz və səbəb mənalarını ifadə edir. Məsələn: Uşaq gəzintidən evə gələrək dərslərini hazırlamağa başladı (-ıb4 şəkilçisinin ifadə etdiyi birinci mənaya oxşar mənadır). O, əllərini qoynuna qoyaraq bir kənarda dayanmışdı (-ıb4 şəkilçisinin ifadə etdiyi ikinci mənaya oxşar mənadadır). Qız qonaqlardan utanaraq balkona çıxdı (-ıb4 şəkilçisinin ifadə etdiyi üçüncü mənaya oxşar mənadadır). Bu xüsusiyyətlərinə görə -ıb4 və araq2 sinonim şəkilçilər sayılır.
3. –madan2. Bu şəkilçi ilə düzələn feli bağlamalar, əsasən, iş və hərəkətin əsas feldən əvvəl icra olunduğunu, yəni zaman mənasını bildirir. Məsələn: Ev tapşırıqlarını yazmadan gəzməyə getmə. -madan2 şəkilçisi bəzən hərəkətin icra tərzi mənasında da işlənir. Məsələn: Qatar heç bir stansiyada dayanmadan gedirdi.
4. –a2, -a2. Bu şəkilçi təkrar olunan felə qoşulur və onunla düzələn feli bağlamalar, əsasən, hərəkətin icra tərzini büdirir. Məsələn: Uşaq qaça-qaça gəldi. Ana gülə-gülə dedi.

Aşağıdakı şəkilçilərlə düzələn feli bağlamalar ısə daha çox hərəkətin zamanını, yəni işin əsas feldən əvvəl icra olunduğunu bildirir:
-anda2: alanda, gələndə, oxuyanda, isləyəndə və s.
-dıqda4: aldıqda, gəldikdə, oxuduqda, gördükdə və s.
-arkən2: alarkən, gələrkən və s.
-dıqca4: aldıqca, gəldikcə, oxuduqca, gördükcə və s.
-ınca4: alınca, gəlincə, oxuyunca, görüncə və s.
-ar, -maz2. Qoşa işlənən felin biri -ar2 təsdiqdə, o biri -maz2 isə inkarda işlənir: çatar-çatmaz, gələr-gəlməz və s.
Qeyd: Feli bağlama şəkilçiləri də qrammatik şəkilçilərdir.

Feli bağlamanın felə aid xüsusiyyətləri asağıdakılardır:
1. Felin leksik mənası dəyişmir. Məsələn: alır və alıb, alsın və alanda sözlərində leksik məna baxımından elə bir dəyişikilik yoxdur.
2. Təsdiq və ya inkarda olur. Məsələn: oxuduqda — oxumadıq-da, yazanda — yazmayanda və s.
3. Təsirli və ya təsirsiz olur. Məsələn: yazıb (təsirli), baxaraq (təsirsiz), gördükdə (təsirli), gəlincə (təsirsiz) və s.
4. Felin müxtəlif qrammtik məna növlərində ola bilir. Məsələn: yazarkən, yazılıb, yazdırınca, yazışanda və s.
5. Ətrafına söz toplaya bilir. Məsələn: Biz kənddən çıxanda (nə zaman?) axşamçağı idi.

Feli bağlamanın zərfə aid xüsusiyyətləri isə aşağıdakılardır.
1.Hərəkətin tərzini, zamanını, bəzən də səbəbini bildirir. Məsələn: Uşaq gülüb (necə?) dedi. Mən evdən çıxarkən (nə zaman?) qapı döyüldü. Düşmən qorxub (niyə?) geri çəkildi və s.
2. Zərfin suallarına (necə? nə zaman? niyə?) cavab verir. Birinci maddədəki misallar buna nümunə ola bilər.
3. Cümlədə əlaqəyə girdiyi sözlərlə birlikdə zərflik olur.
Feli bağlama da məsdər və feli sifət kimi cümlədə əlaqəyə girdiyi sözlərlə birlikdə tərkib əmələ gətirir. Feli bağlama tərkibi cümlədə bir sintaktik suala cavab verir və cümlənin mürəkkəb bir üzvü (əsasən, zərflik) olur. Məsələn: Onunla üz-üzə gələndə çox sevindim. Araz qırağında qardaş əlləri birləşərkən əsl toy-bayram oldu. O, əllərini dizinə daraxlayıb nə barədəsə fıkirləşirdi. və s.
Feli bağlama cümlənin həmcins xəbəri olduqda ondan sonra vergül işarəsi qoyulur. Məsələn: Ana bazara gedib, ərzaq malları aldı. Bu cümlədəki gedib feli bağlaması getdi xəbərinin sinonimi kimi işlənmişdir və aldı xəbəri ilə həmcinsdir.
Feli bağlama və feli bağlama tərkibləri cümlədə ən çox zərflik olur. Fel cümlədə daha çox xəbər vəzifəsində işlənir.

loading...

1 şərh

aqil6451
Məlumatlar doğrudur.Təşəkkürlər