Tabeli mürəkkəb cümlələr

Tabeli mürəkkəb cümləni təşkil edən sadə cümlələrdən biri qrammatik cəhətdən müstəqil, o biri isə ona tabe olur. Tabe edən tərkib hissə baş cümlə, tabe olan tərkib hissə isə budaq cümlə adlanır.
Budaq cümlə ya baş cümlənin buraxılmış bir üzvü yerində işlənir, ya da baş cümlənin ümumi məzmunu ilə bağlı olur. Məsələn: Məktəbdə aparılan sorğu göstərdi ki, şagirdlərin çoxu hərbçi olmaq istəyir. İşğal olunmuş torpaqlarımız azad olmasa, bizim rahat yaşamağa mənəvi həqqımız yoxdur.
Birinci cümlədə budaq cümlə baş cümlədən sonra gəlmişdir. Buradakı baş cümlədə (məktəbdə aparılan sorğu göstərdi ki) tamamlıq buraxılmısdır. Budaq cümlə (şagirdlərin çoxu hərbçi olmaq istəyir) buraxılmış tamamlığın yerində işlənmişdir. Bu mürəkkəb cümləni sadələşdirib, budaq cümləni bütövlükdə tərkib şəklində tamamlıq yerində işlətmək olar: Məktəbdə apardan sorğu şagirdlərin çoxunun hərbçi olmaq istədiyini (nəyi?) göstərdi.
İkinci cümlədə isə budaq cümlə (İşğal olunmus torpaqlarımız azad olmasa) bas cümlənin ümumi məzmunu ilə bağlı olub, ondakı işin şərtini bildirir. Bu cür mürəkkəb cümlələri əvvəlkindən fərqli olaraq, sadələsdirmək olmur.
Tərkibindəki sadə cümlələrdən biri o birinə tabe olan mürəkkəb cümləyə tabeli mürəkkəb cümlə deyilir.

Budaq cümləni baş cümləyə bağlayan vasitələr


Budaq cümlələr baş cümlələrə, əsasən, aşağıdakı vasitələrlə bağlanır:
1. Tabelilik bağlayıcıları ilə. Budaq cümlələrin bir hissəsi baş cümləyə ki, çünki, ona görə ki, ondan ötrü ki, odur ki, əgər,hərçənd, madam ki, və s. tabelilik bağlayıcılarının köməyi ilə bağlanır. Məsələn: Qərara alındı ki, buraxılış imtahanları test üsulu ilə olsun. Ana bu sözlərə inanmadı. çünki oğlu belə bir işi tuta bilməzdi. Əgər uşaqlar gəlsələr, mənə zəng edin və s.
Son üç bağlayıcı (əgər, hərçənd, madam ki) istisna olmaqla, qalan bağlayıcıların köməyi ilə baş cümləyə bağlanan budaq cümlələr, əsasən, baş cümlələrdən sonra gəlir.
2. Bağlayıcı sözlərlə. Budaq cümlələrin bir hissəsi də baş cümləyə kim, nə, hara, necə, hansı, nə vaxt, haçan, neçə, nə qədər və s. bağlayıcı sözlərlə (sual əvəzlikləri ilə) bağlanır. Bağlayıcı sözlər çox vaxt ki ədatı ilə birgə işlənir. Məsələn: Kim ki əməksevərdir, o, həyatda çox şeyə nail olur. Nə əkərsən, onu da biçərsən. Haraya demişdim, ora da gedib. Nə qədər tapşırmışdınız, bir o qədər kitab alınıb və s.
Bağlayıcı sözlər bağlayıcılardan fərqli olaraq, cümlə üzvü olur. Məsələn: Yuxarıdakı cümlələrdə kim bağlayıcı sözü mübtəda, nə (nəyi) sözü tamamlıq, haraya sözü yer zərfliyi, nə qədər sözü isə kəmiyyət zərfliyidir.
Bağlayıcı sözlər əsasında qurulan budaq cümlələr, bir qayda olaraq, baş cümlədən əvvəl gəlir.
Qeyd: Bağlayıcı sözlərlə işlənən ki ədatından sonra vergül qoyulmur.
3. -sa1 şəkilçisi və -mı4 ədatı ilə. Budaq cümlələrin az bir hissəsi də -sa1 şəkilçisi və -ma4 ədatı ilə baş cümləyə baglanır. Məsələn: Uşaqlar gəlsələr, müəllimə xəbər verin. Kəndə çatdınmı, evdəkilər mənə zəng etsinlər və s. Bu yolla qurulan budaq cümlələr də baş cümlələrdən əvvəl gəlir.
4. İntonasiya ilə. Budaq cümlələrin kiçik bir hissəsi də intonasiya ilə baş cümləyə bağlanır. Məsələn: İgid odur, basdığını kəsməsin. Adam var, heç nəyi bəyəndirmək olmur və s. Bu tipli budaq cümlələr isə baş cümlədən sonra gəlir.

Baş və budaq cümlələrdə əvəzliklərin rolu


Tabeli mürəkkəb cümlələrin baş cümlələrində bır sıra hallarda bu, o, buna, bunda, onda, elə, belə və s. işarə əvəzlikləri işlənir. Bu cür sözlər budaq cümlənin növünün müəyyənləşməsində mühüm rol oynayır. Belə ki, həmin sözlər baş cümlədə hansı cümlə üzvü olursa, budaq cümlə də onun adı ilə adlanır. Məsələn: Bu da məlumdur ki, azadlıq asanlıqla əldə edilmir. Məruzəçionu da əlavə etdi ki, Qarabağ düyünü bu il açılmalıdır. Məsləhətim budur ki, əlavə ədəbiyyət oxuyasan və s. Birinci cümlədə bu əvəzliyi mübtəda, ikinci cümlədə onu əvəzliyi tamamlıq, üçüncü cümlədəki budur əvəzliyi isə xəbərdir. Deməli, birinci cümlə mübtəda budaq cümləli, ikinci cümlə tamamlıq budaq cümləli, üçüncü cümlə isə xəbər budaq cümləli tabeli mürəkkəb cümlədir.
Bu xüsusiyyətlərinə görə baş cümlədə işlənən belə əvəzliklər əvəzlik-qəlib adlanır.
Tabeli mürəkkəb cümlələrdə budaq cümlə baş cümləyə bağlayıcı sözlə bağlandıqda baş cümlədə bir sıra əvəzliklər işlənir. Belə sözlər budaq cümlədəki bağlayıcı sözün qarşılığı kimi işlənir, buna görə də qarşılıq söz adlanır. Məsələn: Kim əlaçıdır, olimpiadada o iştirak edəcək- Kimə demişdiniz, ona da çatdırdım. Harada deyirsiniz, orada oturum və s. Birinci cümlədəki o qarşılıq sözü mübtəda, ürinci cümlədəki ona sözü tamamlıq, üçüncü cümlədəki orada sözü isə yer zərfliyidir. Deməli, birinci mürəkkəb cümlə mübtəda budaq cümləli, ikinci cümlə tamamlıq budaq cümləli, üçüncü cümlə isə zərflik budaq cümləli mürəkkəb cümlədir.

Budaq cümlələrin növləri


Tabeli mürəkkəb cümlələr budaq cümlələrin növünə görə bir-birindən fərqlənir. Budaq cümlələr isə cümlə üzvlərinə uyğun gəlir və aşağıdakı növlərə bölünür:
l. Mübtəda budaq cümləsi
2. Xəbər budaq cümləsi
3. Tamamlıq budaq cümləsi
4. Təyin budaq cümləsi
5. Zərflik budaq cümləsi
Zərfliyin mənaca bir neçə növü olduğu kimi, zərflik budaq cümləsinin də müxtəlif növləri vardır:
1.Tərzi-hərəkət budaq cümləsi
2. Zaman budaq cümləsi
3. Yer budaq cümləsi
4. Kəmiyyət budaq cümləsi
5. Səbəb budaq cümləsi       
6. Məqsəd budaq cümləsi
7. Şərt budaq cümləsi
8. Qarşılasdırma budaq cümləsi

Mübtəda budaq cümləli tabeli mürəkkəb cümlələr


Mübtəda budaq cümləsi ya baş cümlənın buraxdmış mübtədası əvəzində işlənir, ya da baş cümlədə işarə əvəzliyi ilə ifadə olunan mübtədanı izah edir.
Mübtəda budaq cümləsi mübtədanın sualına (daha çox nə? sualına, bəzən də kim? sualına) cavab verir, əsasən, baş cümlədən sonra gəlir və ona ki bağlayıcısı ilə bağlanır. Məsələn: Ürəyimdən keçir ki, yayda doğma yurdumu görməyə gedim. Kənddə olarkən ona aydın oldu ki, camaatın buradan köçmək fikri yoxdur. Fərmanda o da göstərilirdi ki, elmə qayğı və diqqət artırılacaqdır. Məktubda bu da yazılmışdı ki, tezliklə kənddə ikinci məktəb də açılacaq.
Birinci və ikinci nümunələrdəki baş cümlələrdə mübtəda yoxdur, budaq cümlələr baş cümlələrdən doğan nə? sualına cavab verərək, buraxdmış mübtədanın əvəzində islənmişdir. Üçüncü və dördüncü nümanələrin bas cümləsində o, bu işarə əvəzlikləri (əvəzlik- qəlibləri) mübtəda vəzifəsindədir, ancaq məzmunları aydın deyil. Buna görə də baş cümlədən sonra gələn budaq cümlələr həmin əvəzlikləri izah edir, məzmunlarını aydınlaşdırır. Bu tipli mürəkkəb cümlələri sadələşdirəndə budaq cümlələr tərkib şəklində mübtəda yerində işlənir. Məsələn:
1. Doğma yurdumu görməyə getmək (nə?) irəyimdən keçir.
2. Kənddə olarkən ona camaatin burdan köçmək fikri olmadığı (nə?) aydın oldu.
3. Fərmanda elmə qayğt və diqqət artırılacağı (nə?) göstərilirdi.
4. Məktubda tezlikh kəndda ikinci məktəbin da açılacağı (nə?) yazılmışdı.
Mübtəda budaq cümləsi az-az hallarda baş cümlədən əvvəl də gəlir və ona əsasən, kim, kim ki bağlayıcı sözləri ilə bağlanır. Məsələn: Kim əməksevərdir, o, həyatda istədiyinə nail olur. Kim ki halal zəhmətlə yaşayır, o, həmişə başıucadır.
Mübtəda budaq cümləsi bəzən intonasiya ilə də baş cümləyə bağlana bilir.
Məsələn: İki gündür, bərk istidir. Birinci il idi, baba evdə tək yaşayırdı. Belə cümlələrdə baş cümlədən sonra ki bağlayıcısmı artırmaq mürnkündür: İkd gandür ki, bərk istidir. Birinci il idi ki, baba evdə tək yaşayırdı.

Xəbər budaq cümləli tabeli mürəkkəb cümlələr


Xəbər budaq cümləsi başcümlənin işarə əvəzlikləri ilə ifadə olunmuş xəbərini izah edir. Xəbər budaq cümləsı, əsasən, baş cümlədən sonra gəlir və ona ki bağlayıcısı ilə bağlanır.
Məsələn: İgid odur ki, basdığını kəsməsin. Arzum budur ki, tezliklə torpaqlarımız azad olunsun. Xəbər budaq cümləsi ismi xəbərin suallarına (nədir? necədir? neçədir? və s.) cavab verir. Baş cümlənin xəbəri daha çox odur, budur, elədir, belədir, o idi, bu idi, o oldu, bu oldu və s. sözlərlə ifadə olunur və budaq cümlə onların məzmununu aydınlaşdırır. Məsələn: Vəziyyəi elədir ki, daha geri çəkilmək olmaz. Fikrim belə idi ki, onunla açıq danışım Bir sıra problemlərimizin səbəbi bundadır ki, biz illərlə yalnız özümüzü düşünmüşük.
Xəbər budaq cümləsi də bəzən baş cümlədən əvvəl gəlir və ona kim, kim ki bağlayıcı sözləri ilə bağlanır. Məsələn:Kim məsələni birinci həll etdi, bu kitablar onundur. Kim çiçəkləri sevir, bu güldan onundur.
Qeyd: Xəbər budaq cümləsinin baş cümlədən əvvəl gələn növü mübtəda budaq cümləsinin oxşar növünə bənzəyir: hər ikisi kim, kim ki bağlayıcı sözlərinin körmyi ilə formalaşır. Lakin bunları asanlıqla fərqləndırmək olar Mübtəda budaq cümlələrində qarşılıq söz o əvəzliyi ilə ifadə olunan mübtəda olur ( va ya onu təsəvvür etmək mümkün olur), xəbər budaq cümlələrində isə qarşılıq söz — o xəbər vəzifəsində işlənir. Məsələn:Kim yarışda birinci oldu, o, Türkiyəyə gedəcək (mübtada budaq cümləsi). Kim yarışda birinci oldu. bu hədiyyə onundur (xəbər budaq cümləsi).

Tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələr


Tamamlıq budaq cümləsı ya baş cümlənin buraxılmış tamamlığınuı yerində işlənir, ya da baş cümlədə işarə əvəzlikləri ilə ifadə olunan tamamlığı izah edir. Tamamlıq budaq cümləsi daha çox baş cümlədən sonra gəlir və tamamlığın suallarına cavab verir. Məsələn: Hiss edirəm ki, təbiəti çox sevirsiniz, Əsgər onu da dedi ki, düşmənə layiqli cavab verməyə tam hazırıq. Birinci nümunənin baş cümləsində tamamlıq yoxdur, budaq cümlə bas cümlədən doğan tamamlığın sualına (hiss edirəm — nəyi?) cavab verir. İkinci nümunənin bas cümləsində isə tamamlıq işlənmişdir (onu), lakin onun izaha ehtiyacı vardır. Ona görə də budaq cümlə həmin tamamlığı izah edir, aydınlaşdırır.
Tamamlıq budaq cümləsi daha çox baş cümlənin feli xəbərinə aid olur və ona ki bağlayıcısı ilə bağlanır. Bəzən tamamlıq budaq cümləsi yalnız intonasiya ilə də baş cümləyə bağlanır. Məsələn: Biz istəyirik, bu məsələ sülh yolu ilə həll olunsun. Mən bilirəm, o niyə dərsə gəlmir.
Mübtəda və xəbər budaq cümlələri kimi, tamamlıq budaq cümləsi də bəzən baş cümlədən əvvəl gəlir və ona kim, kimi, kimə və s. bağlayıcı sözləri ilə bağlanır. Bu halda baş cümlədə işlənən qarşılıq söz cümlənin tamamlığı olur. Məsələn: Kim ki dərsə gecikmişdi, onu məktəbə buraxmırdılar. Kimə ki məktub göndərmişdik, ondan cavab almışıq.
Tamamlıq budaq cümlələri həm vasitəsiz, həm də vasitəli tamamlığın suallarına cavab verə bilər. Məsələn: Müəllim onu da bilirdi ki, (nəyi?) bu şagirdlərin çoxu kasıb uşaqlarıdır. Müəllim əmin idi ki, (nəyə?) Tural yarışda birinci yeri tutacaq.

Təyin budaq cümləli tabeli mürəkkəb cümlələr


Təyin budaq cümləsi baş cümlənin isimlə ( va ya isimləşmiş sözlərlə) ifadə olunmuş üzvünü təyin edir. Təyin budaq cümləsi baş cümlədən sonra gəlir və təyinin suallarına (necə? nə cür? hansı?) cavab verir. Baş cümlədə, əsasən elə, elə bir, bir, o qəlib sözləri işlənir və təyin budaq cümləsi vasitəsi ilə izah edilir. Məsələn: Bizə elə döyüşçü lazımdır ki, hər bir çətinliyə hazır olsun. Mən o tənqidi sevirəm ki, işin xeyrinə olsun. Müəllimlik elə bir sənətdir ki, xalqın taleyində mühüm rol oynayır və s. Bu nümunələrin hər üçündə budaq cümlə baş cümlədən sonra gələrək, ona ki bağlayıcısı ilə bağlanmışdır. Birinci nümunədə budaq cümlə bas cümlənin mübtədasına(döyüşçü), ikinci nümunədə tamamlığına(tənqidi), üçünücü cümlədə isə cümlənin xəbərinə(sənətdir) aiddir. Nümunələrdəki budaq cümlələr baş cümlədəki elə, o, elə bir qəlib sözlərini izah edir. Bəzən baş cümlədə qəlib söz işlənmir, lakin təsəvvür edilir. Məsələn: Bu dağlarda otlar, çiçəklər var ki, min bir dərdin dərmanıdır. (Bu dağlarda, elə çiçəklər var ki...). Adam var ki, adamların naxşıdır (Elə adam var ki, ...)
Təyin budaq cümləsi nadir hallarda baş cümləyə yalnız intonasiya ilə də bağlana bilir. Məsələn: Kitab var, ələ almaq istəmirsən. Adam var, heç nəyi xoşlamır.

Zərflik budaq cümlələri


Zərflik budaq cümlələri baş cümlədəki hərəkəti müxtəlif cəhətdən izah edir və yuxarıda qeyd olunduğu kimi, bir neçə növə bölünür.
Tərzi-hərəkət budaq cümləsi baş cümlədəki hərəkətin necə icra olunduğunu bildirir və necə? nə cür? suallarına cavab verir.
Budaq cümlənin bu növü baş cümlənin feli xəbərinə aid olur və baş cümlədəki elə, belə işarə əvəzliklərini (əvəzlik — qəliblərı) izah edir. Tərzi-hərəkət budaq cürnləsi daha çox baş cümlədən sonra gəlir və ona ki bağlayıcısı ilə bağlanır. Məsələn: Elə yaz ki, hamı oxuya bilsin. İşini elə gör ki, tay-tuşdan geri qalma. Məruzəçi elə danışırdı ki, sözlərini yaxşı anlamaq olmurdu.
Tərzi — hərəkət budaq cümləsinin əvvəlində çox zaman elə bil, guya, sanki sözləri işlonir. Məsələn: Uşaq elə sevinirdi ki, sanki dünyanı ona bağışlamışdılar. Qız elə oxuyurdu ki, elə bil əsl artist idi. Budaq cümlənin bu növü daha çox müqayisə məzmunu bildirir.
Tərzi — hərəkət budaq cümləsi bəzən baş cümlədən əvvəl gəlir. Bu halda budaq cümlədə necə, necə ki bağlayıcı sözləri, baş cümlədə isə elə, eləcə də, o cür qarşılıq sözləri işlənir. Məsələn: Necə dəyirsiniz, elə də edək. İşə necə həvəslə başlamışdı, eləcə də qurtardı.
Zaman budaq cümləsi baş cümlədəki hərəkətin zamanını bildirir və nə zaman? nə vaxt? haçan? suallarına cavab verir.
Zaman budaq cümləsi həm baş cümlədən sonra, həm də ondan əvvəl işlənir. Baş cümlədən sonra işləndikdə ona ki bağlayıcısı ilə bağlanır. Bu halda bas cümlədə o zaman, o vaxt, onda sözləri işlənir və budaq cümlənin köməyi ilə izah edilir.
Məsələn: Kəndə onda çatdıq ki, hava qaralmağa başladı. Birlik o zaman olur ki, hər kəs vətəni öz anası qədər sevir. Biz o vaxt rahat ola bilərik ki, doğma Şuşada, Laçında ay-ulduzlu bayrağımız dalğalansın.
Zaman budaq cümləsi baş cümlədən əvvəl işləndikdə baş cümləyə o zaman ki, o gün ki, elə ki, nə vaxt bağlayıcı sözləri ilə bağlanır. Bu halda baş cümlədə, adətən, onda qarşılıq sözü işlənir.Məsələn: Elə ki müdir kürsüyə qalxdı, hamı susdu. Nə zaman ki yığışıb kəndə gəldin, onda mən rahat nəfəs ala bilərəm. O gündən ki oğlundan ayrı düşüb, onu gülər üzlü görməmişik. Nə vaxti sinifdə birinci olarsan, onda sənin də şəklin şərəf lövhəsinə vıırular.
Zaman budaq cümləsinin baş cümlədən əvvəl gələn bu növü baş cümləyə bəzən ki bağlayıcısı ilə də bağlanır. Məsələn: Evdən çıxmaq istəyirdim ki, qapı döyüldü. Film təzəcə başlanmışdı ki, işıqlar söndü.
Yer budaq cümləsi baş cümlədəki hərəkətin icra olunduğu yeri bildirir və haraya? harada? haradan? suallarından birinə cavab verir.
Yer budaq cümləsi həmişə baş cümlədən əvvəl gəlir və ona yer anlayışı bildirən müxtəlif bağlayıcı sözlərlə (haraya, haraya ki, harada, harada ki, haradan, haradan ki, o yerə ki, o yerdə ki, o yerdən ki, bir yerə ki, bir yerdə ki, bir yerin ki) bağlanır. Baş cümlədə isə bağlayıcı sözlərə uyğun olaraq oraya, orada, oradan qarşılıq sözləri işlənir və budaq cümlənin köməyi ilə izah edilir. Məsələn: Hara gedirəm, orada səni görürəm. Haraya desən, ora da gedəcəyəm. Bir yerə ki  səni dəvət etməyiblər, ora getmə. O yerdə ki ağsaqqalı eşitmirlər, orada din, bərəkət olmaz.
Baş cümlədəki qarşılıq sözlər bəzən işlənmir, lakin onları bərpa etmək mümkündür. Məsələn: Harada birlik var, dirilik də var (Harada birlik var, orada dirilik də var).
Kəmiyyət budaq cümləsi baş cümlədəki hərəkətin (bəzən də əlamətin) miqdarını bildirir və nə qədər? sualına cavab verir. Kəmiyyət budaq cümləsi də yer budaq cümləsi kimi, həmişə baş cümlədən əvvəl gəlir və ona bağlayıcı sözlərlə bağlanır. Budaq cümlədə nə qədər, hər nə qədər, nə qədər ki bağlayıcı sözləri; baş cümlədə isə onlara uyğun olaraq o qədər, o qədər də, bir o qədər, bir elə qarşılıq sözləri işlənir. Budaq cümlə həmin qarşılıq sözləri izah edir, aydınlasdırır. Məsələn: Nə qədər dəsən, o qədər oxuyaram. Nə qədər ki tapsırmışdınız, bir o qədər odun yığmışıq. Yazda nə qədər işləmişdiksə, payızda iki o qədər işləməli olduq. Bu misallarda budaq cümlələr baş cümlədəki hərəkətin miqdarını bildirir. Kəmiyyət budaq cümləsi bəzən baş cümlədəki əlamətin miqdarını bildirir. Məsələn: Dağ nə qədər sərin idisə, aran bir o qədər isti idi.
Göründüyü kimi, bu cümlədəki budaq cümlə baş cümlədəki əlamətin (aranın isti olmasının) miqdarını bildirir.
Kəmiyyət budaq cümləli tabeli mürəkkəb cümlələrdə bəzən baş cümlədə qarşılıq söz (o qədər) işlənmir, lakin təsəvvür edilir və onu bərpa etmək mümkündür. Məsələn: Nə qədər çox oxusan, çox bilərsan (Nə qədər çox oxusan, bir o qədər çox bilərsən).
Səbəb budaq cümləsi baş cümlədəki hərəkətin və ya əlamətin səbəbini bildirir, niyə? nə üçün? nəyə görə? nə səbəbə? suallarından birinə cavab olur.
Səbəb budaq cümləsi həmişə baş cümlədən sonra gəlir və ona ki, çünki, ona görə ki, ondan ötrü ki bağlayıcıları ilə bağlanır. Məsələn: Uşaq sevinirdi, çünki atası bu gün uzaq səfərdən qayıdırdı. Şair fəxr edirdi ki, xalq ona ürəkdən inanır. O, məzuniyyətdən yarımçıq qayıtdı, ona görə ki, evdən teleqram almışdı. Buranın havası sərindir, çünki dənizə yaxındır. Birinci üç nümunədə budaq cümlə baş cümlədəki hərəkətin səbəbini, sonuncu misalda isə əlamətin səbəbini bildirir.
Məqsəd budaq cümləsi baş cümlədəki hərəkətin məqsədini bildirir, niyə? nə üçün? nəyə görə? nə məqsədlə? suallarından birinə cavab olur.
Məqsəd budaq cümləsi də səbəb budaq cümləsi kimi, baş cümlədən sonra gəlir və ona ki bağlayıcısı ilə bağlanır. Baş cümlədə, adətən, ona görə, ondan ötrü bağlayıcıları (qəlib sözlər) işlənir. Məsələn: Ana ona görə məktəbə gəlib ki, oğlunu kəndə aparsın. Bu zəhməti ondan ötrü çəkirik ki, gələcəkdə xoşbəxt yaşayaq. Müəllimlər keçmiş dərsi ona görə təkrar edirlər ki, şagirdlər mövzunu daha yaxşı öyrənsinlər.
Məqsəd budaq cümləli tabeli mürəkkəb cümlələrin baş cümləsində qəlib söz işlənməyə də bilər. Məsələn: Kəndə xəbər göndərdi ki, onu gözləməsinlər. İclasdan yarımçıq çıxdım h, qatarı qarşılayım.
Səbəb və məqsəd zərflikləri bir-birinə oxşadığı kimi, səbəb və məqsəd budaq cümlələri də bir-birinə yaxındır. Budaq cümlənin bu iki növünü fərqləndirmək üçün ilk növbədə mənaya diqqət yetirmək lazımdır. Belə ki, səbəb budaq cümləsi səbəb məzmunu, məqsəd budaq cümləsi isə məqsəd anlayışını bildirir. məlum olduğu kimi, məqsəd həmişə qarşıda durur, səbəb isə keçmişə aid olur.
Deməli, səbəb budaq cürnləsinin ifadə etdiyi iş baş cümlədəki işdən əvvələ aid olur. Məsələn: Uşaq sevinirdi, çünki sinifdə birinci olmusdu. Göründüyü kimi, uşaq əvvəlcə oxuyub birinci olub, sonra isə bu səbəbə görə sevinibdir. Məqsəd budaq cümləsinin ifadə etdiyi iş isə baş cümlədəki işdən sonraya aid olur. Məsələn: Uşaq ciddi çalışırdı ki, sinifdə birinci olsun. Bu cümlədə isə uşağm qarşısma qoyduğu məqsəd ifadə olunub — o hələ qarşıdadır, yəni baş cümlədəki işdən (çalışmaq) sonraya aiddir.Budaq cümlənin bu iki növünü aşağıdakı əlamətlərə görə də fərqləndirmək olar:
1. Məqsəd budaq cümləsinə nə məqsədlə? sualını vermək olur. səbəb budaq cüməsinə isə bu sualı vermək düzgün deyil.
2. Səbəb budaq cümləsinin xəbəri felin xəbər şəklində (müxtəlif zamanlarda),məqsəd budaq cümləsinin xəbəri isə daha çox felin əmr şəklində olur.
3. Səbəb budaq cümləsi feli sifət tərkibi və qoşma şəklində, məqsəd budaq cümləsi isə məsdər tərkibi və qoşma şəklində sadələşir. Məsələn, yuxarıdakı iki cümləni belə sadələşdirmək olar: Uşaq sinifdə birinci olduğu üçun (nə səbəbə?) sevinirdi. Uşaq sinifdə birinci olmaq üçün (nə məqsədlə?) ciddi çalışırdı.
Şərt budaq cümləsi baş cümlədəki hərəkətin şərtini bildirir və hansı şərtlə? sualına cavab verir.
Şərt budaq cümləsi, əsasən, baş cümlədən əvvəlgəlir vəona əgər,hərgah bağlayıcıları və -sa2 şəkilçisi ilə bağlanır. Məsələn: Atan gəlsə, əminə zəng et. Yağış yağsa, məhsul bol olar. Əgər yaxşt oxusan, əlaçı olarsan.
Şərt budaq cümləsi bəzən baş cümlədən sonra gələrək, ona ki bağlayıcısı ilə bağlanır. Bu halda baş cümlədə bu şərtlə,bir şərtlə, o şərtlə qəlib sözləri işlənir. Məsələn: Bir şərtlə razı olaram ki, işə vaxtında gələsən. Ana bu şərtlə oğlunu sənət məktəbində oxumağa icazə verdi ki, axşamlar evə gəlsin.
Şərt budaq cümləsi bəzən baş cümləyə yalnız intonasiyanınköməyi ilə də bağlanır. Məsələn: Bir gün azdır, iki gün qal
Şərt budaq cümləsi baş cümlənin ümumi məzmunu ilə bağlı olur və sadə cümləyə çevrilmir.
Qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb cümlələrdə baş və budaq cümlələrin məzmunu bir-biri ilə qarşdaşdırdır.
Budaq cümlə baş cümlədən əvvəl gəlir, ona –sa2 şəkilçisi və da, ədatları və ya nə qədər bağlayıcı sözü ilə bağlanır. Məsələn: Nə qədər yalvarsaq da, qonaq yeməyə oturmadı. Qış girsə də, havalar xos keçirdi. Bu mənim üçün nə qədər ağtr olsa da, onu bağışlamalıyam.
Qarşılaşdırma budaq cümləsi baş cümləyə hərçənd, düzdür, doğrudur bağlayıcıları ilə də bağlanır. Bu halda baş cümlədə qarşılaşdırma bağlayıcıları (amma, ancaq, lakin) işlənir. Məsələn: Düzdür, o, dərsi yaxşı bilmirdi, ancaq mən ona «yaxşı» qiymət verdim.
Qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb cümlələri xüsusiləşmiş zərfliklərin köməyi ilə sadə cümləyəçevirmək mümkündür. Məsələn: Müəllim yorgun olsa da, dərsi həvəslə danışırdı — Müəllim yorğun olmasına baxmayaraq, dərsi həvəslə danışırdı.

Mürəkkəb cümlənin təhlil qaydası


1. Cümlənin məqsəd və intonasiyaya görə novü (nəqli, sual, əmr, nida) müəyyən edilir.
2. Cümlənin quruluşu göstərilir. Əgər cümlə nıürəkkəbdirsə, tabesiz və ya tabeli olması müəyyən edilir.
3. Mürəkkəb cümlənin tərkib hissələri olan sadə cümlələr müəyyənləşdirilir. Cümlənin bağlayıcılı, yoxsa bağlayıcısız olması göstərilir. Cümlə tabesiz mürəkkəb cümlədirsə, onıtn tərkib hissələri arasındakı məna əlaqələrigöstərilir və hər bir tərkib hissə ayrıca — sadə cümlə kimi təhlil edilir. Əgər cümlə tabeli mürəkkəb cümlədirsə, baş və budaq cümlə müəyyən edilir, budaq cümlənin növü göstərilir, baş və budaq cümlə sadə cümlə kimi təhlil edilir.

 Tabesiz mürəkkəb cümlənin təhlilinə aid nümunə

Torpaq qızır, qar əriyir, çaylar bulanır.
Nəqli, bağlayıcısız, üç tərkib hissədən ibarət səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlədir.
Torpaq qızır — nəqli, sadə, cüttərkibli, müxtəsər, bütöv cümlədir.
Qar əriyir — nəqlı, sadə, cüttərkibli, müxtəsər, bütöv cümlədir
Çaylar bulanır — nəqli, sadə, cüttərkibli, müxtəsər, bütöv cümlədir.

Tabeli mürəkkəb cümlənin təhlilinə aid nümunə

Uşaq məktəbə gecikmişdi, çünki avtobus yolda xarab olmuşdu.
Nəqli, bağlayıcılı, iki tərkib hissəli tabeli mürəkkəb cümlədir.
Uşaq məktəbə gecikmişdi — baş cümlə, avtobus yolda xarab olmuşdu — budaq cümlədir.
Uşaq nə üçün (nə səbəbə?) məktəbə gecikmişdi. Səbəb budaq cümləli tabeli mürəkkəb cümlədir.
Budaq cümlə bas cümləyə çünki bağlayıcısı ilə bağlanmışdır.
Uşaq məktəbə gecikmişdi — nəqli, sadə, cüttərkibli, geniş, bütöv cümlədir.
Avtobus yolda xarab olmuşdu — nəqli, sadə, cüttərkibli, geniş, bütöv cümlədir.
Müəllif: Möhsün Nağısoylu  Zellabdin oğlu, filologiya elmləri doktoru, professor, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda şöbə müdiri, əməkdar elm xadimi.
Mənbə: Ali təhsilə hazırlıq kurslarının dinləyiciləri üçün dərs vəsaiti

0 şərh