Cüttərkibli və təktərkibli cümlələr

Baş üzvlərin iştirakına görə sadə cümlə iki növə bölünür: cüttərkibli cümlələr, təktərkibli cümlələr. Hər iki baş üzvün iştirak etdiyi cümlələrə cüttərkibli cümlələr deyilir.
Məsələn: Zəng vurulur. Dərs başlanır. Müəllim sinfə daxil olur. Şagirdlər ayağa qalxırlar və s. I və II şəxslərin tək və cəmində mübtədası nəzərdə tutulub, lakin buraxılan cümlələr də cüttərkibli cümlələr sayılır. Belə cümlələlərin mübtədasını xəbərdəki şəxs sonluqlarına əsasən asanlıqla bərpa etmək olur. Məsələn:
Dərslərimi oxudum. Kim? Mən.
Evə gedirsən?
Kim? Sən.
Sabah bizə gələrsiniz
Kim? Siz.
Dəniz sahilində dincəlirik       
Kim? Biz.

Cüttərkibli cümlələr ikinci dərəcəli üzvlərin iştirakına görəiki növə bölünür: müxtəsər, geniş. Yalnız baş üzvlərdən ibarət olan cümlələr müxtəsər cümlə, baş üzvlərlə yanaşı, ikinci dərəcəli üzvlərin də istirak etdiyi cümlələr isə geniş cümlə sayılır.
Məsələn: Qapı açıldı (müxtəsər). Qapı taybatay açıldı. (geniş). Cüttərkibli cümlələrin hamısı eyni zamanda şəxsli cümlələrdir. Qrammatikada «şəxs» dedikdə mübtəda nəzərdə tutulur.

Cüttərkibli cümlələrdə mübtəda ya iştirak edir, ya da asanlıqla bərpa olunur.

 

Təktərkibli cümlələr

Baş üzvlərdən birinin iştirakı ilə qurulan sadə cümlələrə təktərkibli cümlələr deyilir.

Təktərkibli cümlələr iki növə bölünür: xəbər əsasında formalaşantəktərkibli cümlələr, mübtəda əsasında formalaşantəktərkibli cümlələr.

Xəbər əsasında formalaşan təktərkibli cümlələr

Xəbər əsasında formalaşan təktərkibli cümlələrin üç növü var: şəxssiz, qeyri-müəyyən şəxsli, ümumi şəxsli.

Şəxssiz cümlə

Mübtədası olmayan və təsəvvür edilə bilməyən təktərkibli cümlələrə şəxssiz cümlələr deyilir.
Şəxssiz cümlələrin xəbəri III səxsin təkində olur. Belə cümlələrin xəbəri çox vaxt şəxssiz növdə olan feli xəbərlər və ya adlarla ifadə olunan ismi xəbərlər olur. Məsələn: Axşamdır. Sərhəddə sakitlikdir. Gözəl bir yaz günü idi. Məsələyə baxılacaq. Xəzərdə suitiyə az təsadüf edilir. Dediklərimə əməl olunur. Məktəbimlzdə idmana fıkir verilir və s.
Şəxssiz cümlələrin xəbəri feli frazeoloji birləşmələrlə də ifadə oluna bilir. Məsələn: Kişinin ona acığı tutdu. Ananın ona yazığı gəldi. Mənim ondan xoşum gəiir və s.
Şəxssiz cümlələr müxtəsər və geniş ola bilir. Məsələn: İstidir. Soyuqdur (müxtəsər). Bazarda bahalıqdır. Dünən mayın son günü idi (genis).

Qeyri-müəyyən şəxsli cümlə

İş və hərəkətin qeyri-müəyyən şəxsə aid olduğunu bildirən təktərkibli cümlələrə qeyri — müəyyən şəxsli cümlə deyilir.
Belə cümlələrin xəbəri, əsasən, fellə ifadə olunur və III şəxsin cəmində olur. Məsələn: Qapını döyürlər. Bizi gözləyirlər. Uşaqları yaxşı qarşılayıblar. Bizə kənddən yazırlar. Yaxınlığımızda yeni binalar tikirlər və s.
Qeyri-müəyyən şəxsli cümlələrdə çox vaxt elə bil, elə bil ki, sanki sözləri işlənir. Məsələn: Bu xəbərlə ona, elə bil ki, dünyanı bağışladılar. Sankı, onu görmürdidər. Qocanın qəlbində, elə bil, od qaladılar və s.
Qeyri-müəyyən şəxsli cümlələr, əsasən, geniş olur, çünki cümlədəki xəbərlə bağlı ikinci dərəcəli üzvlər də iştirak edir.

Ümumi şəxsli cümlə

Hərəkət və ya hökmün eyni zamanda hamıya aid olduğunu bildirən təktərkibli cümlələrə ümumi şəxsli cümlə deyilir.
Ümumi şəxsli cümlələrdə iş görən konkret şəxs kimi deyil, ümumi şəkildə nəzərdə tutulur. Məsələn: Əvvəl düşün, sonra danış. Yüz ölç, bir biç. Günü günə satmazlar. Cücəni payızda sayarlar. Bu günün işini sabahə qoyma. İmtahana vaxtında hazırlaşarlar.
Nümunələrdən də görundüyu kimi, ümumi şəxsli cümlələrin xəbəri II şəxsin təkində və III şəxsin cəmində olur. Ümumi şəxsli cümlələr ümumiləşmiş mənalar ifadə edir, buna görə də daha çox atalar sözlərindən, məsəllərdən və hikmətli sözlərdən (aforizmlərdən)ibarət olur.
Ümumi şəxsli cümlələr də, əsasən, geniş olur.

Mübtəda-əsasında formalaşan təktərkibli cümlələr

Mübtəda əsasında formalaşan təktərkibli cümlələrdə xəbər iştirak etmir. belə cümlələrə adlıq cümlə deyilir.

Adlıq cümlə

Əşyanın və ya hadisənin adını çəkmək yolu ilə onun varlığı haqqında məlumat veran təktərkibli cümlələrə adlıq cümlə deyılır.Adlıq cümlələrdə əşya və ya hadisənin varlığı bildirilir, lakin onun haqqında əlavə məlumat və ya hökm verilmir. Məsələn: Ay işığı. Durna qatarı. Sakit hir hava. Sahil bağı. Yenə həmin yer və s.
Adlıq cümlələr formaca ismi birləşmələrə oxşasa da, intonasiya bitkinliyi baxımından onlardan fərqlənir. intonasiyanın gücü ilə ayrı-ayrı sözlər də adlıq cümlə kimi işlənə bilir. Məsələn: Tufan! Dəhşət! və s.
Adlıq cümlələrdə mübtəda adlıq haldaolur, isimlə və ismi birləşmələrlə ifadə olunur. Adlıq cümlələr ən çox şerdə və dram əsərlərində işlənir. Adlıq cümlələrin köməyi ilə müəllif fikri daha təsirli və yığcam şəkildə ifadə edə bilir. Adlıq cümlələr də müxtəsər və geniş olur. Məsələn: Payız. Axşam. Nəğmələr (müxtəsər). Dağın ətəyində gözəl bir mənzərə. Geniş və zəngin naxışlarla işlənmiş bir zal (geniş) və s.

Bütöv və yarımçıq cümlələr

Fikrin ifadəsi üçün lazım olan bütün üzvlərin iştirak etdiyi cümlələrə bütöv cümlələr deyilir.
Bütöv cümlələrdə fikir aydın olur, əlavə sözə və ya cümləyə ehtiyac duyulmur. Məsələn: Payız gəlir. Ağacların yarpaqları tökülür. Havalar soyuyur və s. Indiyə qədər öyrəndiyimiz cümlələrin hamısı (həm cüttərkibli, həm də təktərkibli) bütöv cümlələrdir.
Dilimizdə bütöv cümlələrlə yanaşı, yarımçıq cümlələr də vardır. yarımçıq cümlələrdə bir və ya bir neçə üzv buraxılmış olur və asanlıqla bərpa edilə bilir. yarımçıq cümlələrdə həm baş üzvlər, həm də ikinci dərəcəli üzvlər buraxıla bilər. Məsələn:
1.   — Tamaşa xoşuna gəldi? — Hədsiz dərəcədə.
2. — Anar bu gün məktəbə gəlmişdi?
— Gəlmişdi.

3. — Bu cavan oğlanı tanıyırsan?
— Tanıyıram.

Birinci yarımçıq cümlədə hədsiz dərəcədə mübtəda və xəbər, ikincidə mübtəda, zaman və yer zərflikləri, üçüncüdə isə təyin və tamamlıq buraxılmışdır. yarımçıq cümlələrdə buraxılmış üzvləri əvvəlki cümlələrin köməyi ilə asanlıqla bərpa etmək olur. Məsələn, birinci yarımçıq cümləni bu şəkildə bərpa etmək olar: Tamaşa hədsiz dərəcədə xoşuma gəldi.

Yarımçıq cümlələr, əsasən, məişət üslubunda, dialoqlarda işlənir. Fikri qısa və sürətlə çatdınnaq üçün danışıq dilində yarımçıq cümlələrdən geniş istifadə olunur.

Müəllif: Möhsün Nağısoylu  Zellabdin oğlu, filologiya elmləri doktoru, professor, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda şöbə müdiri, əməkdar elm xadimi.
Mənbə: Ali təhsilə hazırlıq kurslarının dinləyiciləri üçün dərs vəsaiti

0 şərh