Tamamlıq

Tamamlıq cümlədə əşya məzmunu bildirir, adlıq və yiyəlik hallarından başqa, qalan halların suallarına cavab verir. Tamamlıq kimi? nəyi? nə? kimə? nəyə? kimdə? nədə? kimdən? nədən? kim ilə? nə ilə? kim üçün? nə üçün? kim haqqında? nə haqqında? nə barədə? suallarından birinə cavab verir. Məsələn: Uşağı (kimi) çağır. Kitabı (nəyi?) aldım. Müəllimdə (kimdə?) maraqlı kitablar var. Biz onunla (kim ilə?) fəxr edirik Milli qəhrəmanlar haqqında (kim haqqında?) nə bilirsiniz? və s.
Tamamlıq daha çox isim və əvəzliklərlə ifadə olunur. Məsələn: Anar Turala dedi. Biz onu tanıyırıq və s. Məsdərlər və isimləşmiş başqa nitq hissələri də cümlədə tamamlıq olur. Məsələn: Yaşamağı atalardan öyrənin (məsdərla). Yaxşını pisdən ayırın (sifətlə). Gələnləri qarşılayın (feli sifətlə) və s.
Nitq hissələri ilə ifadə olunan tamamlıqlar quruluşca sadə olur (bax: yuxarıdakı nümunələrə). Söz birləşmələri, mürəkkəb adlar, feli sifət və məsdər tərkibləri ilə ifadə olunan tamamlıqlar quruluşca mürəkkəbdir. Məsələn: Elin sərvətini (nəyi?) göz bəbəyi kimi qoruyun. Vətənin keşiyində duranlara (kimə?) qayğı gərəkdir. Mətni düzgün oxumağı (nəyi?) öyrənin və s.
Tamamlığm iki növü var: vasitəsiz tamamlıq, vasitəli tamamlıq.

Vasitəsiz tamamlıq


Vasitəsiz tamamlıq ismin təsirlik halında olur, yalnız təsirli fellərlə bağlı olur və kimi? nəyi? nə? suallarından birinə cavab verir.
Vasitəsiz tamamlıq iki cür olur: müəyyənlik bildirən vasitəsiz tamamlıq, qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıq. Müəyyənlik bildirən vasitəsiz tamamlıq müəyyən təsirlik halda olan sözlər və birləşmələrlə ifadə olunur və kimi? nəyi? suallarına cavab verir. Məsələn: İclasda şagirdlərimizi (kimi?) təriflədilər. Məktubu (nəyi?) yola saldım. Arazın qardaşını (kimi?) Türkiyəyə oxumağa göndərirlər və s.
Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıq qeyri-müəyyən təsirlik halda olan sözlər və birləşmələrlə ifadə olunur, nə? sualına cavab verir. Məsələn: Uşaq su (nə?) istəyir. Bağban gül (nə?) əkir. Arxeoloqlar qədim insan məskənləri (nə?) tapıblar. və s.
Substantivləşən (isimləsən) işarə əvəzlikləri, yer zərfləri (ora, bura, içəri, irəli və s.) də təsirlik halda olduqda cümlənin vasitasiz tamamlığı olur.Məsələn: Ana bunu hiss etdi. İçərini diqqətlə yoxla. Buranı kim təmizləyib və s.
Qeyd Təsirlik halında olan söz zaman anlayışı birdirdikdə (nə vaxt?, nə zaman? suallarına cavab verdikdə) cümlənin zaman zərfliyi olur. Məsələn: Keçən yayı kənddə dincəlmişəm. Bu gecəni çox narahət yatmışam və s. Bu cümlələrdəki yayı gecəni sözləri nə zaman? sualına cavab verdiyi üçün onları tamamlıq yox, zərflik kimi qəbul etmək lazımdır. Onu da nəzərə almaq lazımdır ki, vasitəsiz tamamlıq həmişə təsirli fellərlə əlaqəhnir. Bu cümlələrdəki yayı gecəni sözləri isə təsirsiz fellərlə əlaqələnmisdir.
 
Qeyd: Qeyri-müəyyənlik bildirən (nə? sualına cavab verən) vasitəsiz tamamlıq eyni suala cavab verən mübtədaya oxşayır. Məsələn: Quzu (nə?) su (nə?) içir. Quş (nə?) dən (nə?) yeyir. Lakin bu cümlələrdəki quzu və quş sözləri mübtəda, su və dən sözləri isə tamamlıqdır. Bu cür tamamlığı nə? sualına cavab verən mübtədadan asanlıqla fərqləndirmək olar. Birincisi, belə tamamlığa müəyyənlik bildirən hal şəkilçisi artırmaq olur: Quzu suyu içir. Quş dəni yeyir. İkincisi isə, bu cür tamamlıq həmişə felin yanında işlənir və onun yerini dəyişdikdə (və ya əvvəlinə, o, bu işarə əvəzliklərini artırdıqda) həmin tamamlıq təsirlik halın şəkilçisini qəbul edir: Suyu quzu içir. Dəni quş yeyir (Quzu bu suyu içir. Qus bu dəni yeyir).

 Vasitəli tamamlıq


Vasitəli tamamlıqlar kimə? nəyə? kimdə? nədə? kimdən? nədən? kim ilə? nə ilə? kim üçün? nə üçün? kim haqqında? nə haqqında? nə barədə? suallarından birinə cavab verir.
Məsələn: Anaya hədiyyə aldtq. Biz onunla fəxr edirik. Uşaq üçün dərslik alın. Dastanlar haqqında nə bilirsiniz? və s.
Tamamlığın hər iki növü daha çox feli xəbərlə bağlı olur. Lakin vasitəli tamamlıq bəzən ismi xəbərlə də bağlı ola bilir. Məsələn: O, yaşca məndən kiçikdir. Səninlə işim var. Onda gözəl qabiliyyət var. və s.
Tamamlıq xəbərlə, əsasən, idarə əlaqəsi ilə bağlı olur.


Müəllif: Möhsün Nağısoylu  Zellabdin oğlu, filologiya elmləri doktoru, professor, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda şöbə müdiri, əməkdar elm xadimi.
Mənbə: Ali təhsilə hazırlıq kurslarının dinləyiciləri üçün dərs vəsaiti